Eldar Hüseynqulu oğlu Məmmədov (elmlər namizədi)

QISA MƏLUMAT

Eldar Hüseynqulu oğlu Məmmədov 1949-cu il may ayının 5-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1955 – 1965-ci illərdə orta məktəbi bitirmişdir. 1965-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna (indiki ADNA) qəbul olmuş, 1969-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1969-1991-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsi nəzdində Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, qrup rəhbəri, bölmə və şöbə müdiri vəzifəsində işləmişdir. 1987-ci ildə iqtisad elmləri namizədi elmi dərəcəsi almaq üçün “Pedaqoji kadrların hazırlanmasının, planlaşdırılmasının və istifadəsinin təkmilləşdirilməsi məsələləri” mövzusunda dissertasiya müdafiə etmişdir. Eldar Məmmədov “2000-ci ilə qədər Azərbaycan SSR-nin məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsi sxemi” iki cildliyinin (Bakı 1982), “1985-2005-ci illərdə Azərbaycan SSR-də elmi-texniki tərəqqinin Kompleks Proqramı (regional bölmə)” (Moskva 1989) və s. Dövlət əhəmiyyətli fundamental elmi-tədqiqatların müəlliflərindən biri olmuşdur. Eldar Məmmədov Bakı, Moskva, Kiyev, Minsk, Alma-Ata, Tbilisi, Yerevan, Riqa şəhərlərində keçirilən simpozium və konfranslarda elmi mə’ruzələrlə çıxış etmişdir. Azərbaycan, rus, ingilis və erməni dillərində 80 elmi əsərin (o cümlədən bir kitab) müəllifidir.O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində idarə rəisinin müavini vəzifəsinədək yüksəlmişdir.

Mənbə : REDAKTORDAN

ALİM XALQIN SƏSİ, ƏSRİN SƏSİDİR

İstedad, qabiliyyət çox adamda ola bilər. Amma istedadın, qabiliyyətin üzə çıxması üçün lazım olan şərtlərdən biri və birincisi mühitdir. Bizim hörmətli Eldar əmioğlu da həmin əlverişli mühitdə formalaşmış, püxtələşmiş, savadlı, səviyyəli bir ziyalıdır.

Haqqında söz açdığım şəxs  1949-cu ilin may ayının 5-də Borçalı mahalının ağır ellərindən Faxralı kəndində müəllim ailəsində anadan olan istedadlı iqtisadçı alim Eldar Hüseynqulu oğlu Məmmədovdur.

O, 1955-ci ildə Faxralı  orta məktəbinin 1-ci sinfinə gedib. 1962-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb və təhsilini Bakı şəhərinin 208 saylı məktəbində davam etdirib. 1965-ci il­də ekstern yolu ilə Bakı şəhərinin 190 saylı məktəbini bitirib. Hə­min il M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İns­ti­tutuna daxil olub. 1966-cı ildə D.Bünyadzadə adına Azər­bay­can Xalq Təsərrüfatı İnstitutu təşkil edildikdən sonra II kursdan təhsilini həmin institutda davam etdirib və 1969-cu ildə oranı müvəffəqiyyətlə bitirib. İnstitutda oxuduğu dövrdə Xalq Təsər­rüfatının planlaşdırılması fakültəsinin tələbə elmi cəmiyyətinin sədri olub.

İnstitutu bitirdikdən sonra təyinatla Azərbaycan SSR DPK nəzdində Elmi Tədqiqat İqtisadiyyat İnstitutuna (ETTİ) işə  gön­dərilib. 1991-ci ilin oktyabr ayına kimi həmin institutda ki­çik elmi işçi, baş elmi işçi, qrup rəhbəri, sektor və şöbə müdiri vəzifələrində işləyib.

1971-1972-ci illərdə ETİİ-nin Komsomol komitəsinin katibi olub. İnstitutda işlədiyi müddətdə İnstitutun “Ən yaxşı gənc elmi işçisi” adı uğrunda  müsabiqədə 1979-cu ildə I yeri, 1980-ci ildə II-ci yeri tutduğuna görə  mükafatlandırılıb və həmin illər Azərbaycan LKGİ-nin  Oktyabr RK-nin Fərmanları ilə, 1981-ci ildə isə məhsuldar  elmi-tətdiqat fəaliyyətinə və ictimai həyatda aktiv iştirak etməsinə görə Azərbaycan LKGİ-nin MK-nin Fəxri fərmanı ilə təltif edilmişdir.

1987-ci ildə “Pedaqoji kadrların hazırlanmasının planlaş­dı­rıl­masının və istifadəsinin təkmilləşdirilməsi məsələləri” möv­zusunda dissertasiya müdafiə edərək Azərbaycan SSR EA İq­ti­sa­diyyat İnstitutu Elmi Şurasının 22 aprel 1987-ci il tarixli qərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görül­müşdür. SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komisiyasının 1991-ci il 2 oktyabr tarixli qərarı ilə ona “Əməyin iqtisadiyyatı və elmi təşkili” ixtisası üzrə baş elmi işçi elmi dərəcəsi verilmişdir.

1991-ci ilin oktyabr ayından 1993-cü ilin mart ayına kimi Azərbaycan Həmkarlar İttifaqının Mərkəzi Şurasında məsul vəzifədə çalışmışdır.

1993-1997-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində idarə rəisi vəzifəsində çalışmış, hal-hazırda isə həmin nazirlikdə şöbə müdirinin müavini vəzifəsində işləyir. Nazirlikdə işlədiyi müddətdə Res­publika NK tərəfindən təsdiq edilmiş 30-dan artıq dövlət əhə­miyyətli  proqram, qərar və digər normativ səndələrin lahiyə­lərini hazırlamışdır.

Gəlin görək Eldar müəllimi savadlı, səviyyəli, ziyalı kimi yetişdirən o mühit hansı mühit idi: Eldar müəllimə ziyalılıq atasından gəlib. Atası Hüseynqulu müəllim uzun müddət Faxralı orta məktəbinin direktoru və Bakı şəhərinə köçdükdən sonra 1963–1980-ci illərdə Azərbaycan SSR Maarif Nazirli­yi­nin aparatında məsul vəzifədə işləyib. O, gözəl ziyalı, qorqud­şünas alim idi. Allah rəhmət eləsin! Qorqud Ataya həsr olunmuş bir neçə sanballı kitabın müəllifidir.

Eldar müəllim nəinki iqtisadiyyatı, elə ədəbiyyatı da gözəl bilir, mədəniyyətimizi də, folklorumuzu da, tariximizi də. Həm də sazımızın-sözümüzün  vurğunudur. Ona ədəbiyyatımıza, folklorumuza məhəbbətin ulu nənəsi, el içərisində sözü mə­qamında deməyi bacaran, sinəsi sözlə dolu, dili bayatılı Səkinə xanım Alməmmədlidən və onun qızı, hamımızın nənəsi ağzı xeyir-dualı Yetər nənədən keçdiyini desək, yanılmarıq.

Onu da qeyd etməyi özümə borc bilirəm ki, Eldar müəllimin ədəbiyyatımıza, folklorumuza, tariximizə məhəbbəti bir də ondan irəli gəlir ki, o, gözəl ziyalı – alim Hüseynqulu müəl­limin, əmisi – şair Əli Səngərlinin və böyük qardaşı Respub­li­kanın Əməkdar Mədəniyyət işçisi, folklorşünas alim, sazımızın-sözümüzün keşiyində kişi kimi dayanan Elxan Məmmədlinin əhatəsində böyüyüb.

Eldar Məmmədovun bir iqtisadçı alim kimi fəaliyyəti barədə qeydlərimi axıra saxlamağıma  səbəb bu yöndə sadalaya bilə­cəklərimin kifayət qədər geniş olmasıdır. Bu sırada ən əvvəl qeyd etmək istərdim ki, E.Məmmədov külli miqdarda (Azər­baycan, türk, rus, ingilis, erməni dillərində nəşr olunmuş 120-dən çox) elmi əsərlərin, hesabatların, məqalələrin müəllifidir. O, ETİİ-də işlədiyi dövrdə “2000-ci ilə qədər Azərbaycan SSR-in məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsi sxemin iki cildliyinin, “Azərbaycan SSR-in məhsuldar qüvvələrinin yerləşdirilməsinin inkişafının müasir vəziyyətinin təhlili (1971-1985)” (Bakı,1982), ”Azərbaycan SSR-in məhsuldar qüv­və­lə­rinin yerləşdirilməsi və prespektiv inkişafının əsas istiqa­mətləri və sosial-iqtisadi şəraitin kompleks qiymətləndirilməsi” (Bakı, 1982), ”1985-2005-ci illərdə Azərbaycan SSR-də elmi-texniki tərəqqinin kompleks Proqramı” (Moskva, 1983) və “1991-2010-cu illərdə SSRİ-də elmi-texniki tərəqqinin kompleks Proqramı (Regional bölmə)” (Moskva, 1989) dövlət əhəmiy­yətli fundamental elmi tədqiqatların müəlliflərindən biri olmuş­dur. Doğrudur, alim üçün  öz elmi əsərlərinin başqası tərə­findən əhəmiyyətinə  görə  birinci və ikinci dərəcəliyə bölün­məsi xoşagələn deyildir. Amma mən  bu cəsarət tələb edən ad­dımı atıram, ona görə ki, əmioğlum tərəfindən nəhayətdə bağışlanacağımı  qabaqcadan bilirəm. Üstəgəl, bu əsərlərin siyahısı bir kitab məqaləsinə sığışan deyildir. Bundan başqa, mən iqtisadçı alim deyiləm. Ən nəhayət, belə bir bölgünü tarix özü aparmışdır. Belə ki, ictimai-siyasi, sosial-iqtisadi forma­siya dəyişmiş, Sovet İttifaqı süqut edəndən sonra yeni iqtisadi münasibətlər yaranamışdır. Böyük könül sultanı M.Şəhriyar şerlərinin birində deyir:

Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçalı sərkərdəsidir.
 Hökümüylə ordular ayağa qalxar,
 Şerin nəhrində daşlar da axar.

Alimlər də şairlər kimidir. Elm və milli maraqlar naminə gecə-gündüz  düşünür, yazıb-yaradır. Alim də xalqın səsi, əsrin səsidir. E.Məmmədovun yazılarına, çıxışlarına nəzər salanda adamın gözləri qaralır. Bütün bunlar xalqa, millətə, dövlətə, döv­lətçiliyə sədaqətlə xidmətin bariz nümunəsi, canlı göstə­ri­cisidir. Bir şeyi də qeyd etmək istəyirəm ki, Eldar Məmmədov elmi fəaliyyətlə məşğul olduğu və dövlət qulluğunda çalışdığı müddət ərzində Bakı, Ankara, Moskva, Minsk, Almata, Tbilisi, İrəvan, Riqa, Kiyev, Saratov, İtalyanın Turin, Almaniyanın Berlin və Şervin, Bolqarıstanın Borobes, Qırğızıstanın Çolpa-Ata,  Kiprin Nikosya şəhərlərində 50-dən artıq Beynəlxalq elmi simpozium, konqres, konfrans və seminarlarda iştirak edərək mə­ruzə ilə çıxış etmişdir. Ona görə  də Eldar Məmmədovun el­mi əsərləri sırasında indiki iqtisadi, sosial münasibətlər kon­tekstində də cazibədarlığın və əhəmiyyətini itirməyən az bir his­səsinin, eləcə də müstəqillik dövründə yazılanların altını cızmaq istəyirəm.

E.H.Məmmədovun iştirak etdiyi və məruzə ilə çıxış etdiyi konqres, simpozium, konfrans və seminarların göründüyü kimi, siyahısı böyükdür. Bu sıradan bəzilərini sadalayıram:

“Elmi-tətdiqatların və işlərin planlaşdırılması və idarə edil­məsi problemləri üzrə IV Ümumittifaq simpoziumu.” Moskva-Zveniqorod, 27-28 noyabr, 1977-ci il.

“Xalq təhsilinin aktual sosial-iqtisadi problemləri” Ümum­ittifaq konfransı. Moskva,14-16 noyabr 1979-cu il.

“Qazaxıstan SSR-in regional inkişafı” respublika konfransı. Alma-Ata, 22-28 noyabr 1989-cu il.

“Qafqaz: tarix, müasirlik və geosiasi prespektivlər” Bey­nəlxalq konfransı, Bakı, 15 aprel, 1998-ci il.

“Əməyin mühafizəsi üzrə Beynəlxalq Konqres.” Moskva, mart 1997-ci il.

“Uluslararası  İş Sağlığı və Güvənliyi Simpoziumu”. Ankara şəh., 5 may 2000-ci il.

“Əmək müfəttişliyinin funksiyasının inteqrasiyalaşdırıl­ması, təlimin effektivliyi” beynəlxalq konfransı. Bolqarıstan, Boro­vets şəhəri, 21-23 sentyabr 2003-cü il.

“Əməyin təhlükəsizliyi və mühafizəsi-2004” Beynəlxalq Konqresi. Moskva 3-4 noyabr 2004-cü il.

IV Uluslararası İş Sağlığı və Güvənliyi Bölgesel Konfrans. Ankara şəh., 15-17 noyabr 2005-ci il.

“Qarşılıqlı maraq doğuran sosial problemlərin həlli yönündə  MDB iştirakçı dövlətlərinin əlaqələrinin aktivləşdirilməsi” elmi-texniki konfransı. Qırğızıstan  Respublikası, Çolpon-Ata şəhəri 5-7 iyun 2008-ci il.

Beynəlxalq Əmək Təşkilatının “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində istehsalat zədəsindən sosial təminat sistem­ləri: islahatlar üçün meyllər, məsələlər və strategiyalar” mövzusunda  üçtərəfli seminarı. İtaliya, Turin, 11-17 fevral 2008-ci il.

Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin koordinatorları üçün “NIV/AIDS və iş dünyası” mövzusunda seminar, Moskva, Bekasovo, 21-23 oktyabr 2008-ci il.

Beynəlxalq Əmək Təşkilatının “Mərkəzi Asiya və Qafqaz ölkələrində maliyyə və iqtisadi böhran şəraitində əmək haqqının müəyyən edilməsi” mövzusunda üçtərəfli  seminarı. Kipr Respublikasının Nikosiya şəh. 2-3 noyabr 2009-cu il.

Almanyanın Berlin və Şevrin şəhərlərində Qafqaz Təraf­daşlıq Lahiyəsi çərçivəsində “Sosial dialoq” mövzusunda seminar. 17-23 yanvar 2010-cu il.

Bütün bunlar Eldar müəllimin gördüyü işlərin canlı mənzə­rəsini yaradır. Eldar müəllimin gördüyü işlərin az bir qismidi bunlar. Bu yazılar, çıxışlar həm də Eldar müəllimin savadının və səviyyəsinin göstəricisidir. Müdriklərimizdən biri yazır:

“Həqiqi alimlərin ömür və zəkalarının, həyat təcrübələrinin və ağır sınaqlarının məhsulu olan kitablar əbədi olaraq bütün bə­şəriyyəyin ixtiyarına verilmişdir. Hər kəs bu süfrədən istə­diyini götürə bilər”. Biz inanırıq ki, Eldar müəllimim gərgin zəh­mətinin, yuxusuz gecələrinin hesabına yaratdığı süfrədən çox insanlar yararlanacaq. “Fikir dənizinnən incilər çıxaran” be­lə ziyalılar xalqımızın tarixində əbədi olaraq qalacaqdır. El­dar müəllim həm də əqidəli və vicdanlı ziyalıdır. Ona yol gös­tə­rən və rəhbərlik edən də təmiz vicdanıdır. Xalq heç vaxt pak­lıq zirvəsinə doğru gedənləri unutmur. Çünki Xalqın da dayağı di­­rilər və durulardır.

Eldar müəllim həm də gözəl yol yol­daşıdır. Dəfələrlə Bor­ça­lının əsrarəngiz, füsünkar guşələrində, bulaqlar başında əylən­mişik.

Bizim Faxralı kənd orta məktəbinin direktoru Söhbəddin Məmmədov, mən, bir də Eldar əmioğlu bir yerdə  çoxlu  tarixi səfərlərimiz olub. Onlardan bir neçəsi mənə  unudulmaz təsir bağışlayıb. Faxralının  Təhməzbulağı deyilən yerində, Qarasu, Qızılqaya, Qoşabulaq və digər bu kimi əsrarəngiz təbiət guşələrində sürdüyümüz  səfa cənnətə bərabərdir.

Allah-Təala  Eldar müəllimi yaradanda ona,  maşallah olsun, gözəl boy-buxun, yeriş, duruş, baxış, ağıl-kamal  verib. Eldar müəllim  gözəl ailə başçısıdır.  İki  oğlu var. Eldar müəllimin həm elmi dünyagörüşünün genişlən­mə­sində, həm də cavan  qalmasında onun ömür-gün yoldaşı Mirvari xanımın zəhməti ölçüyəgəlməzdir.

Böyük şairimiz Zəlimxan Yaqub yazır:

…Ümid ölür xeyir şərə dönəndə,
Könül gülür yanaq zərə dönəndə.
İnsan oğlu peyğəmbərə dönəndə
Yol cənnətə, yol meraca açılır.

Eldar müəllim! Sizə cansalığı, yaradıcılıq uğurları arzula­yıram. Və arzu edirəm yolunuz cənnətə və meraca açılsın.

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur