Faxralıda toy adət-ənənələrinin böyük tarixi kökü vardır. Bu tarixi həqiqəti araşdıran Faxralının dəyərli oğlu Hüseynqulu Məmmədli tarixə səyahət edərək öz dövründə gördüyü, eşitdiyi toy adət-ənənələrini böyük ustalıqla “Görüm Faxralının biri olsun beş” əsərində qələmə alaraq bu günkü nəsillərə ərmağan etmişdir. Həmin adət-ənənələrin bir qismi hal-hazırda yenə də Faxralıda qorunub saxlanılır.

REDAKTOR

“Oğul toyu, qız toyu görəsən”, – xeyirxah adamlar, dostlar, qohumlar belə xeyir-dua verər, belə dilək edərdilər bir-birinə. Payız olanda isə bu diləklər, arzular çin olardı. Toylar başlardı, elçilər ayaq açardılar qız qapılarına. “El köçüb, adət köçməyib” – deyərək sözə başlatdılar. Niyə belə deyərdilər, el də yerində idi, adətdə yerində idi. Heç kəs dərindən mənasına məhəl qoymazdı. Qədimdən bəri bu sözlər dildə-ağızda gəzər, öz hökmünü göstərərdi.

Yaşlı qocalar belə nəql edərdilər ki, qədim zamanlarda hər tayfanın doqqazında – çadırına, alaçığına, binəsinə yaxın böyük daşlar qoyurlarmış. Elçi daşları adlanarmış bu daşlar. Elə ki, bir el ağsaqqalı, ağbirçəyi gəlib oturdu bu daşın üstündə, daş sahibi başa düşərdi ki, “döyülən qapı” onunkudur. Tayfada bir neçə ərgən-yeniyetmə qız olanda maraq daha da artarmış. Görəsən yenə hansı qızın baxtı açılıb, parlayan bəxt ulduzu kimindi? Qohumlara-qonşulara tez xəbər yayılardı. Adətən belə elçilər axşam üstü gələrdi. Tayfanın ağsaqqalları, ağbirçəkləri tərəfındən hörmətlə qarşılanar, evə dəvət olunardı. El arasında belə ilk görüşə “ağız aramaq” da deyərdilər.

İlk görüşdə razılıq verilməzdi. Qızın nənə-babası, tayfa ağsaqqaları müəyyən bəhanələr gətirər (qızın uşaq olması, qohum-əqrəbanın fıkrinin öyrənilməsi və s.) elçini qaytarardılar. Elçilər bir neçə gündən sonra bir nəfər deyil, bir neçə nəfər yenə gələrdilər. Hətta elə vaxtlar olurdu ki, bu get-gəl, ayaq döymə aylarla çəkərdi. Nəhayət razılıq alınar, elçilərə şirin çay və ya bal şərbəti verilərdi. Və qıza ilk hədiyyə olaraq kalağay bağışlanardı. Bir neçə gündən sonra isə 10-15 nəfərin iştirakı ilə nişan taxılar, qıza üzük, başqa hədiyyələr verilərdi. Bu hədiyyələr içində mütləq güzgü olmalı idi. Güzgü xoşbəxtlik rəmzi hesab edilirdi. Uzun müddətli get-gələ səbəb isə adətən qız və oğlanın yad tayfadan olması zamanı yol verilirdi. Əksər hallarda oğlanı qohumdan evləndirərdilər. Əmiqızı, dayıqızı, xalaqızı və s. kənara çıxmazdılar. Belə deyərdilər ki, yaxın qohumların nigahını göydə mələklər kəsib. Bir də belə bir fıkir vardı ki, süddü qoyun sürüdən çıxmamalıdır, başqasına qismət olmamalıdır. Oğlumuz da var, qızımız da var, yad qapılan döyməyə ehtiyacımız yoxdur.

Qızın da yaxşı, pis olmasını bilmək üçün müyyən meyarlar mövcud idi. El arasında çox zaman ”anasına bax, qızını al” deyərdilər.

Qızı ata-ana seçərdi. Oğlanın, qızın rəyi çox zaman nəzərə alınmazdı. Yad tayfadan qız alanda qızın qoçaqlığı, ata-anasnın rahat, sakit, xeyirxah adam olması əsas sayılardı. “Filankəsdə bir qız var, dili-ağzı özündə, yıxılı evin dirəyidi” deyə ağız dolusu“ təriflənərdi.

Yaxın qohumlar arasında, xüsusən gənc ailələrdə sövdalaşmaya da tez-tez rast gəlmək olardı. Belə sövdalaşma – əhdi-peyman əsasən hər iki ailədə uşaqlar dünyaya gəlməzdən qabaq bağlanardı. Şərtlə-şərdilər ki, kimin qızı olsa dostunun və ya qohumunun yeni dünyaya gələn oğluna versin.

Belə qohumlaşmaya el arasında “deyikli”, “ad etmə”, ya da ‘beşik kərtmə” deyərdilər.

Qız 13-14 yaşa çatan kimi nişan taxılar, sonra da təzə qohumlar arasında gediş-gəliş başlardı. Bütün bayramlarda nişanlı qızın adı anlardı. Toy mərasiminə qədər iki dəfə qıza paltar aparardılar. Dəbdəbə ilə qız evinə qarpız, yemiş, üzüm verilərdi. Kəndə səs yayılardı ki, fılankəsin qohumları qız evinə 30-40 səbət üzüm aparıb. Nişanlı oğlan və qız evləri Novruz bayramını səbirsizliklə gözlər və xüsusi hazırlıq görülərdi. Elə ki, bayram gecəsi oldu, oğlan ətrafına tay-tuşunu yığar, məhəllədə, tayfada olan gənclər ya müxtəlif, növ-növ şirnyyatdan yaylıq bağlar, ya da boğazına qırmızı kalağay bağlanmış əmlik quzu aparılardı.

Gənclər qız evinə çatanda parta-part tüfəngdən atəş açar, qız evinə xəbərdarlıq edərdilər.

Toydan qabaq nişanlı oğlan və qızın bir-biri ilə görüşməsinə, söhbət etməsinə yol verilməzdi. Onlar uzaqdan-uzağa bir-birilərini görə bilər, yaxud da oğlan öz bacısından qıza sifariş göndərər, ürək sözlərini çatdıra bilərdi. Uzaqdan-uzağa oğlanla qızın göz–qaş işarəsi zamanı bəzən ciddi anlaşılmazlıqlar da olurdu. 70-80 il bundan əvvəl 80 yaşını keçmiş rəhmətlik nənəm Səkinə gənclərə belə bir məzəli əhvalat danışardı və deyərdi ki, yaxın qonşumuz və qohumumuz olan Məmmədhəsən öz əmisi qızı Səkinəyə nişanlı idi və onların yaxından görüşməsinə imkan verilmirdi. Bir gün təsadüfən Məmmədhəsən uzaqdan damın üstündə duran Səkinəni görür. Qız əvvəlcə Məmmədhəsənə gözlə-qaşla nə isə demək istəyır. Sonra qız iki əlini boğazının altına tutur və oğlana işarə edir. Məmmədhəsən nişanlısının bu hərəkətlərindən bərk qəzəblənir. Dərhal evə qayıdır. Nişanlısından imtina etdiyini anasına bildirir. Anası səbəbini soruşur, oğlan bildirir ki, bu gün təsadüfən uzaqdan qızı görüb, qız əli ilə ona işarə edib və iki əlini boğazının altına tutaraq bildirib ki, boğazının altından yara sallansın, sonra da başına qaralayıb. Məmmədhəsənin anası əvvəl təşvişə düşür, qızın yanına adam göndərir. Məlum olur ki, qız işarə ilə oğlana demək istəyib ki, ona o zaman dəbdə olan muncuqdan hazırlanmış boyunbağı alsın. Bu hadisə 150-160 il bundan əvvələ aid olsa da, o dövr nişanlı gənclərin vəziyyətini göstərən hadisədir.

Nadir hallarda qızın ata-anasından xəlvət nişanlı qız və oğlanın görüşü də olurdu. Oğlan qızın xalasını, bibisini, yaxın qohumlarından birini dilə tutar, görüş üçün şərait yaradılardı. Oğlan şirniyyat və müxtəlif hədiyyələrlə qızın görüşünə gedərdi. Belə gizli görüşə “qız yanına getmək” deyərdilər.

Elə ki, vaxt-vədə çatdı, toy tədarükü görülərdi. Toylar adətən payızın sonunda başlardı. Əvvəlcə hər iki ailə razılığa gələr, toyun vaxtını təyin edərdilər. Sonra başlıq və toy xərci haqqında söhbət gedərdi. Söhbət zamanı ağsaqqallarla yanaşı, adətə görə oğlanın və qızın dayılarından biri də iştirak edərdə. Hər iki vəkil toyda qiymətli hədiyyə alardı. Qız vəkili qıza damazlıq ya bir düyə, ya da bir neçə qoyun verməli idi. Başlıq haqqı (süd pulu) nəqd pul, toy xərci – ətlik mal, düyü, yağ, un, çay, qənd, və s. alınardı. Qohumlar arasında ən çox qıza veriləcək paltar və gümüş kəmər üstə söhbət gedərdi. Gümüş kəmərsiz köçən gəlin kənddə tək-tək olardı. Yalnız həddindən artıq imkansız ailələr gümüş kəmər ala bilməzdilər. Kəmərin biri isə bir inəyin haqqına başa gələrdi. Qızıl üzük, sırğa, başqa zinət əşyaları haqqında söz-söhbət belə olmazdı.

Danışıqlar başa çatandan sonra ümumi razılıq əsasında qıza paltar aparılardı. El arasında buna “paltar kəsdi” deyərdilər. Paltar kəsdiyə çağrılan qadınlara qonaqlıq təşkil edilərdi. Əvəzində isə onlardan “qayçı kəsməz” adı ilə pul yığılardı. Yığılan pul qıza çatardı. Bu adət Faxrallda indi də qalmaqdadır.

Toya yalnız bəylə gəlinin ailəsi deyil, bütün qohumlar, sağdış və soldışların ailələri hazırlaşardı. Yaxın qohumların yaşlı və cavanlarına, subay oğlan və qızlarına təzə paltar tikilər, nəmərlər və hədiyyələr hazırlanardı.

Sağdış və soldışlar toya bir ay, iyirmi gün qalmış qonaqlıq təşkil edər, qız və oğlanı növbə ilə qonaq çağırardılar. Sonra da bu qonaqlığı qohumlar davam etdirər, onlara dadlı-ləzzətli yeməklər verərdilər. Çox zaman bu mərasim bir aydan artıq davam edərdi. Köçməzdən bir-iki gün qabaq isə qızın dayısı (vəkili) onu rəfiqələri ilə birlikdə qonaq çağırar, yemək təşkil edər və bir neçə saat toy çaldırardı. Bu qonaqlıq “saz çıxarma” adlanardı. Beləliklə, toy qabağı oğlanla qız yaxşıca cana-hala gələrdilər.

Qeyd etdiyimiz kimi, sağdış və soldış evində də toy üçün tədarük görülər, oğlana və qıza “şax çıxarmaq”dan ötəri irili-xırdalı şamlar alınar, lopa ağacı hazırlanar, şax bəzəmək üçün müxtəlif növlü meyvə, şirniyyat, bəzəkli yumurta tədarük edilərdi. Oğlanın və qızın bəzən də iki sağdışı və iki soldışı olardı. Belə hallarda toy daha dəbdəbəli keçərdi. Dörd evdən şax çıxardı.

Toya başlamazdan bir neçə gün əvvəl oğlan evindən qız evinə yemək, toy xərci aparılardı. Hamıya məlum olsun deyə, toy xərcini və yeməyi qara zurna müşayət edərdi. Toy azuqəsi arabaya yüklənər, ətlik mal arabanın dalına bağlanardı. Oğlan vəkili toy xərcini və yeməyi özü aparardı. Danışıq zamanı oğlan evi tələb olunandan az un, düyü, yağ apardıqda, yaxud ətlik malın çəkisi aşağı olduqda bəzən söz-söhbətlər baş verərdi.

Qız evinin toyu oğlan evinin toyundan əvvəl başlardı və üç gün üç gecə davam edərdi. Birinci gün hazırlıq olardı, həm də qızın və rəfiqələrinin əllərinə, ayaq barmaqlarına xına yaxılardı, buna “xına yaxdı” deyərdilər. Qız toyuna yalnız qadınlar dəvət olunardı. Toyun ikinci günü yığnaq, axşam qız mağarı olardı. Üçüncü gün isə qızın sağdışları və soldışları şax çıxarardılar, həm də qızlara yemək verilərdi. Şax qaranlıq düşəndə, əllərində şam, cərgə ilə düzülmüş və bir-birinin qolundan tutan qızların müşayəti ilə qız evinə gətirilərdi.

Qız toyunda əsas fəallıq qızlarda, qadınlarda olardı. Həm gündüz məclisinə, həm də mağara qızın yengəsi rəhbərlik edərdi. Ancaq qadınlar adət üzrə üzü duvaxlı, əllərində dəsmal oynardılar. Səbəb də o idi ki, zurnaçılar dəstəsi kişilərdən ibarət olardı. Mahir oyunçular seçilər, beli gümüş kəmərli, əli xınalı gəlinlərin, nişanlı qızların üzünə kalağay örtülər, yengə əllərindən tutub meydana çıxarardı. Oyun agar ritmli havalarla başlardı.

“Ağır qaradonlu” havasında meydana çıxarılan əli dəsmallı oyunçular əvvəlcə qarşı-qarşıya gələr, musiqinin ahənginə uygun ayaqlarını tərpədər, sonra hər iki əllərini yanlarında yavaş-yavaş aşağı-yuxarı hərəkət etdirər, daha sonra əllərini bellərinə qoyar üzbəüz,bir-birinə yaxınlaşar, əvvəl əllərinin birini, sonar da digərini yuxarı qaldırıb başlarının üstündə dəsmal oynadardılar. Bu qədim havaya ən çox yaşlı və orta yaşlı qadınlar oynardılar. Sonra da toyda qadınların əsil oyun yarışları başlardı. Mahir oyunçuların öz sevdikləri havaları vardı. Qız toylannda “Aman Pəri”, “Ağız a Yetər“, ”Ağır qaradonlu”, ”Yüngül qaradonlu”, “Arazbarı“, “Gəl məni də apar, a dilican”, “Urfanı’ və s. onlarca birbirindən təsirli havalar çalınardı. Yengə nişanlı qızlara da geniş meydan verərdi. llk növbədə onların oynamaları oğlanların yaxın qohumları (bacısı, anası, xalası, bibisi) tərəfındən xahiş edilər, nişanlı qızlar oynarkən oğlanın qohumları tərəfindən “quyruqlanardı”. Daha doğrusu, üzlərinə örtülmüş kalağayın ucuna pul, qollarına böyük kalağay, bəzən də bahalı parçadan donluq bağlanardı. Beləliklə, bir qız toyunda bəzən 15-20 nişanlı qız quyruxlanar, toyda   iştirak edən nişanlı qızların heç biri tay-tuşu qarşısında məyyus qalmazdılar.

Bəzi hallarda qadınlar, qızlar da yallı gedərdilər. Yallıya təcrübəli oyunçular başçılıq edər, orta yaşlı qadınlar ağzı yamşaqlı, cavanlar üzü örtülü olardı. Yallı havasını sazandalar xüsusi zövqlə çalar, havadan-havaya keçərdilər.

Həmin günün axşamı qız mağarı olar, eyni adətlə səhərə qədər davam edərdi.

İstər qız, istərsə oğlan evində toy mərasimi zurnaçıların müşayiəti ilə səhər tezdən hələ adamların bir hissəsi yuxuda ikən “sabah sazının“ sədaları ilə başlardı. Sazandalar qara zurnada bu havanı elə məharətlə çalardılar ki, bütün yatanlar oyanar, qonşular uşaqdan-böyüyə toy qapısına axışardı.

Qız evində toy mərasimi başa çatan kimi oğlan evində davam etdirilərdi. Burada da birinci gün ümumi şənlik, ikinci gün yığnaq və oğlan mağarı, üçüncü gün cıdır və axşam bəylərin müşaiəti ilə sağdışların, soldışların şaxı, gəlin və onun cehizi gətirilərdi.

Oğlan evində də üç gün zəhər tezdən “sabah cazı” havası ilə başlanan toylar gecəli-gündüzlü davam edərdi. Burada əsas meydan güləşənlərə verilərdi.

Yuxarıda qeyd etdiyimiz kimi, birinci gün toy çalınar, yaxın qohumlar, dost-tanışlar yığılar, cavanlar oynar, güləşər, axşamlar mağar başlardı.

İstər qız, istər oğlan mağarı böyük, qara damlarda, mal tövlələrində keçirilərdi. Axşamdan başlanan mağar səhərə qədər davam edərdi. İkinci gün bir neçə saat fasilədən sonra sazandalar yenə gələr, qara zurnanın səsi kəndə yayılardı. Günortadan sonra oğlanın sağdışı və soldışı evlərində qonaqlıqlar başlar, sazandalar çalar, cavanlar məclisi qızışdırardılar. Oğlan toylarında kəndin say-seçmə, qoldan qüvvətli cavanları bir ənənə olaraq meydana çıxar, var-gəl edər, özlərinə bərabər güclü və basılmaz xasım istərdilər. İndi o aylar, illər xatirələrə dönüb. Bir dəfə də olsun arxası yerə dəyməyən, rəsmən pəhləvanlıq edən və müasirlərindən fərqlənən həddindən artıq iri gövdəli Feran, el toylarında meydanlara sahib kəsilən Abdıoğlu Bədəl, Tanıquluoğlu Həsən, Baytallıların Alval, Budalıların Alı, Yahyahların Rəhim, Qazaxlıların Hətəm, Qasımlıların Köşə Bayram və onlarla tökmə bədənli, pəhləvan cüssəli, yenilməz gəncləri zaman-zaman “əcəl aldı, yer gizlədi”, kimisi sonralar Sovetlər imperiyasının haqsız qəzəbinə uğradı, kimisi 1941-1945-ci il almanlara qarşı müharibəyə getdi, bir daha geri dönmədi, kimisi də vaxtsız dünyadan köçdü.

Güləş arası hərdən yallı başlardı. Yallıya kəndin sayılan cavanları başçılıq edər, yallı başı seçərdilər. Yallı başı iki nəfərdən ibarət olardı. Hərəsi cərgənin bir başında, əllərində yumşaq çubuq oyun zamanı cərgənin pozulmasına yol verməzdilər. Yallı çəkərkən kim cərgəni pozsa yallı başı çubuqla onun ayaqlarına amansızcasına döyərdi. Yallı zamanı bəzən ürəklərində şəxsi ədavətləri olan gənclər ədavətlərini büruzə verərdi. Və bütün tayfa ayağa qalxardı.

Oğlan toyunun ikinci günü yığnaq olar, nəmər verilərdi. Məclisə isə evbaşı bütün kənd dəvət olunardı. Əsas yemək plov və bozartma ət hesab edilərdi. Havalar yaxşı olanda yemək açıq havada, həyətdə münasib yerdə, yağmurlu, qarlı rüzgarda isə böyük damlarda, bəzən də üstü örtülü talvarların altında təşkil olunardı. Yerə uzunu 1045 metr olan qabaq süfrələri (yerdə toxunma) sərilər, iki nəfərə bir fətirin üstünə plov tökülər və bir qab ət qoyulardı. Plov və ət yalnız əl ilə yeyilərdi.

Toy kağızını kənd kovxası paylardı. Kovxanın “səlahiyyətləri” böyük idi. O, toy kağızı paylar, oğlanın və qızın sağdışları, soldışları evindən şax gətirər, məclisdə verilən nəmərləri səsləndirər və qarşısına qoyduğu siniyə yığardı. 1941-ci ilə qədər kənddə bu vəzifəni Mazan Qurban adlı ayaqdan yüngül, nurani bir qoca icra edərdi.

Toyda nəmər yığan kovxa qarşısına sini qoyar, sininin üstü qırmızı kalağayla, yaxud da qırmızı atlasla örtülərdi. Sininin içərisində şirniyyat qoyulardı. Məclisdə iştirak edənlər nəmər verdikcə kovxa nəmərin miqdarını və nəmər verənin adını uca səslə elan edər, “filan-kəsin evi abadan 100 manat, çox bərəkət, oğlunun, qızının toyuna qismət olsun” deyərdi. Və bütün nəmər verənlər belə xalqa çatdımlardı.

Toya gözəllik verən ənənəvi mərasimlərdən biri də şax çıxarmaq idi. Şax 70–80 sm uzunluğunda ağaclardan hazırlanardı. Eyni ölçüdə olan 4 ağac parçası stol ayaqları kimi dörd künc yuxarıdan və aşağıdan bir-birinə bağlanırdı. Ağac sütunlara 4-5 sm uzunluqda çubuqlar keçirilirdi. Bu çubuqlar konfet, yumurta, alma və digər dadlı təamlarla bəzənərdi, baş hissəsinə iri alma və rənglənmiş yumurta keçirilərdi. Şaxın ətrafında yuxarıda qeyd etdiyimiz kimi, qız şaxında qızın rəfiqələri, oğlan şaxında isə oğlanın dostları, həmyaşları 40-50 nəfər, bəzən də daha çox qol-qola verər əllərində şam, bəy durardılat. Bəylər sağdış və soldış evindən qızın və oğlanın evinə qədər şam yandırar, cərgəni pozmadan yol gedərdilər. Şaxın və bəylərin qabağınca lopa aparılardı. Lopa 5-6 metr uzunluğunda düz ağacların (sırıx) ucuna ya əski, ya da mal peynindən hazırlanmış kərmə bağlamaqla hazırlanardı. Lopanın sırığının yuxarı hissəsinə nazik, bir metrlik çubuq, çubuğun ucuna isə alma keçirilər, yol boyu almaya atəş açılardı, kim hədəfi vursa idi ona mükafat verilərdi.

Cavanlar şaxm qabağını bir neçə yerdə kəsər, güləşər və toy sahibindən nəmər alardılar. Şax bəy qapısına çatanda bəylərdən nəmər yığılardı. Adət üzrə ilk nəməri bəyin sağdışı və soldışı salar, sonra da qalan bəylər növbə ilə hərəkətə gələrdilər.

Qız şaxı da eyni adət üzrə gətirilər, rəfiqələr əlləri xınalı bir- birinin qoluna girər, cərgə ilə düzülər, şam yandıra-yandıra sağdış-soldış evindən qız evinə kimi cərgəni pozmadan qara zurnanın müşayiəti ilə oynaya-oynaya gedərdilər.

Oğlan mağarının səhərisi, yəni üçüncü gün günortadan sonra cıdır başlardı. Cıdır üçün ən yaxşı atlar seçilər, hədiyyələr aynlardı. Cıdır 45 km məsafədən gələrdi. Sürəkdə bəy qapısına birinci çatan atın boynuna kalağay bağlanar, bəzən də erkək bağışlanardı.

Yaşlı qocalar nəql edirdilər ki, keçmiş zamanlarda kəndin varlı adamlarının sürək zamanı atını keçmək böyük münaqişəyə səbəb olarmış. Hətta bəzi dikbaş, “qan-qan” deyən adamların atlarını cıdırda keçən adamlar arxadan atəşə tutularmış, ya da bir neçə gün keçəndən sonra atı ilə birlikdə xəta yetirilərmiş.

Tarixi qaynaqlardan aydın olur ki, keçmiş toylarda Borçalıda cida oyunu da dəbdə olub. 1915-ci ildə Tula əhərində Kəpənəkçi Emin Ağa Acalov haqqında nəşr edilmiş kitabda, rus jurnalisti Kanevski yazır ki, Emin Ağa bir toy məclisində cida oyunu zamanı 12 nəfər rəqibinə qalib gəlmiş və bir nəfər gənc rəqibini isə cida ilə elə vurmuşdu ki, həmin zərbədən rəqibi atdan yıxılmış və uzun müddət müalicəyə məruz qalmışdı. Emin Ağa isə toy sahibi tərəfindən bu qələbəyə görə yüksək mükafatlanmış, hətta toy sahibinin qadını göstərdiyi igidliyə görə ona yeganə qızı ilə evlənməyi təklif etmişdi.

Görünür, at üstü cida oyunu Borçalıda get-gedə unudulmuş, sonralar toy şənliklərində təsadüf edilməmişdi.

Cıdır olan günün axşamı qız köçərdi. Əvvəlcə cehiz gətirilərdi. Keçmişdə cehiz bir neçə dəst yorğan-döşək, gəbə, kilim, çuval, böyük və kiçik xurcun, farmaçdan ibarət olardı. Əlavə mis qabqacaq (sənək, müxtəlif həcmli qazanlar, sinilər, sərinç, badya və s.) verilərdi. Qızın ailəsi cehizə damazdıq mal da əlavə edərdi. Cehizin üstündə qızın vəkili oturar, oğlan qapısına çatanda nəmər almamış arabanı boşaltmağa icazə verməzdi.

Gəlin köçərkən oğlan evinə çatana kimi cavanlar tərəfindən bir neçə dəfə toyun qabağı kəsilər, nəmər alınardı.

Bu havaya “gəlin atdandırması” deyilərdi. Hava ağır və təsirli oldüğü üçün çalınarkən qızın ata–anası, yaxın qohumları özlərini ələ ala bilməyib ağlayardılar.

Köç qabağı gəlin bəzədilərdi. Məşşatələr çağrılar, gəlinə xüsusi bəzək verər, toy paltarı geydirərdilər. Gəlinin belinə gümüş kəməri ya bəyin kiçik qardaşı, ya da yaxın qohumlarının yeniyetmələrdən biri bağlardı.

Qız yengəsi qızın cehizinin üstünə oturar və gəlin olan otagi arxadan bərk bağlar, oğlan evinin nümayəndələrindən “qapi basması” nəməri almamış nə cehizin, nə də gəlinin evdən çıxarılmasına raziliq verməzdi. Nəmər aldıqdan sonra qız yengəsi də oglan yengəsi ilə bərabər gəlinin qollarından tutaraq ata evindən xeyir-dua ilə çıxarar, bəzədilmiş faytona (keçmişdə gəcabəyə) mindirərdiiər. Gəlinin yanıda oturan yengələrdən biri əlində güzgü tutardı. Əlavə edək ki, gəlin yaxın məsafədən gətiriləndə onu bəylər müşayiət edər, əvvəlinci cərgədə əli şamlı qızlar, sonrakı cərgədə isə bəy duran əli şamlı oğlanlar gedərdi. Qız oğlan evinə gələndən sonra sağdışların və soldışların səlahiyyəti bitərdi.

Elə ki, qız oğlan evinə çatdı, qaynana qızın ayağının altına boşqab atardı, qız faytondan düşən kimi ayağı ilə boşqabı sındırardı. Daha sonra qapıda bir müddət qara zurna məhəlləni başına götürər, qohumlar, qonşular sıra ilə oynayar, ortaya qaynata, qaynana çıxarılardı. Onlar oynayarkən başlarından şabaş tökülərdi. Gəlin bəy evinə girən zaman ayağının altında erkək kəsilər, o, ayaqlarını qana bulardı. Yaşlılar xeyir-dua verərdilər. Gəlinin başından aşağı çəngə ilə pul, konfet, şirniyyat, qənd tökərdilər. Körpə uşaqlar bir-birinə dəyə-dəyə yığardılar.

Bəy otağının yanında oğlan və qız yengəsi səhərə kimi gözlər, səhər qızın bəkarətli olmasına şahidlik edər, ata-anaya, qaynanaya, qaynataya göz aydınlığı verərdilər. El adətinə görə, qiz köçəndən sonra bir neçə gün ata evindən qıza xüsusi yemək hazırlanıb göndərilərdi.

Toy valideynlərin arzu etdiyi kimi, ürək dolusu sevinciə başa çatdıqdan sonra ata-analar sazandalara – qara zurnada 6 gün 6 gecə fasiləsiz gözəl el havalarını xüsusi zövqlə ifa edən Sadix və Vəli kişiyə, dəfı özünə, özü dəfinə yaraşan Kaxı Məhəmmədin oğlu Əhmədə razılıqlarını bildirib, xüsusi hədiyyələrlə yola salardılar.

Bu el toyunun bir tərəfi idi. İkinci və daha maraqlı tərəfi aşıq məclisləri idi (Aşıq məclisləri bölməsinə keçid).

Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur