Yaylaqlarda məhəllələrə arançıların gəlməsi bir bayrama dönərdi. Arançılar yaylağa bəzən atla, bəzən də araba ilə gələrdilər. Aranda qalan və ailəsi üçün qış tədarükü görən hər bir ailə başçısı çalışırdı ki, heç olmazsa iki, üç dəfə yaylağa, ailəsinə sovqat aparsın. İmkanı olmayanlar da yaylağa gedən qohum-əqrabadan uşaqlarına “torba” göndərərdilər. Belə hallarda ailənin aldığı 5-10 kiloqramlıq “torba”nın və ya bir qarpızın sevinci yerə-göyə sığmazdı. Bir qayda olaraq “torbaların” və ya qarpızın üstünə, kimə çatacaqsa, onun və göndərənin adı yazılardı.

Böyüklərdən çox arançıların həsrətini körpələr çəkərdi. Uşaqlar hər gün tezdən Qaranlıq dərənin qılınc yerinə, bəzən də Dəvə qoruğunun yalına çıxar, yolları gözlərdilər.

Soyuqbulaq, Cücəkəndi, Yırğançaq kəndlərinin yaylağa uzanan yollarından atlılar görünəndə, uşaqlar bir səslə “arançı gəlir ehey… arançı gəlir” deyə səs-səsə verərdilər. Bütün məhəllələrə xəbər çatdırardılar. Ərlərini gözləyən cavan gəlinlər, qadınlar dəyələrdə yır-yığış edib, səliqə-sahman yaradardılar. Elə ki, atlılar yaylağa çatdı, uşaqların bəzisi sevinər, bəziləri də məyus-məyus atlıların yanına düşüb geri dönərdilər. Əmisi, dayısı, atası gələn uşaqlar isə ata mindirilərdi. Arançılar məhəlləyə çatan kimi xurcunlar atdan endirilər, irili xırdalı sovqat “torbaları” çıxarılar, qohum-əqrabaya paylanardı. Məhəllədə kimin unu qurtarsa bir-birinə əl tutar, borc verərdilər. Xahiş-minnətsiz ehtiyacları təmin edilərdi. Bu minvalla üç ay yayı yaqlaqda sərin bulaqların üstündə, göy çəmənliklərin qoynunda keçirərdilər.Körpə uşaqların yanaqları qızıl gül kimi allanar, qabıq qoyar, soyuğa, ayaza dayanmayanın əlləri, dodaqları çatlardı. Xəstələr şəfa tapar, cana-hala gələrdilər. Ağır qoyun sürülərinin sahiblərinin çobanları “O üz”dən – Dibsizdən, Qaraarxaçdan, Qızılqoçdan ayda iki-üç dəgə qoyun-quzu kəsib xozeyinlərinin ailələrinə göndərərdilər. Məhəllələrin ağsaqqaları və cavanlarıda istədikləri vaxt yığılıb mal, qoyun kəsər, alışma edib, ev-ev paylardılar.

1934-cü ilə qədər Axalsıx və Zalqa rayonlarından Lazlar (xırtızlar) aran köçünə yaxın, atla, uzunqulaq və qatırla meyvə (alma, armud, meyvə qurusu, tut bəhməzi-doşab) gətirib yağla, pendirlə, qurutla dəyişər, bəzi hallarda isə pulla satardılar. Aran köçünə bir ay, iyirmi gün qalmış yaylaq əhli xırtızların gəlişini səbirsizliklə gözlərdilər. Bənövşəyi rəngi, ləzzətli dadı olan və xüsusi məharətlə hazırlanmış xırtız bəhməzinin isə demək olar ki, bütün məhəllələrdə alıcısı vardı.

Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur