Folklor

Xalqın əvəzsiz söz xəzinəsi olan şifahi xalq  ədəbiyyatı ayrı-ayrı bölgələrin, kəndlərin özümlü folklorundan ibarətdir. Yaşantıları yüz-yüz illərlə söz yaradıcılığına cığırdaş olan Faxralının da özünəməxsus söz yaddaşı – söz yaradıcılığı ümummilli folklordan bəhrələnmiş, eyni zamanda onun çoxşaxəli inkişafına, məzmun baxımından  zənginləşməsinə az da olsa təsir göstərmişdir. Bu anlamda yüz-yüz illərin sınağından çıxan, yaşadılan Faxralı folklorunu Azərbaycan folklorunun tərkib hissələrindən biri kimi qəbul edə bilərik; bənzərsiz bayatıları cinaslar üstə qurulduğundan klassik nümunələr səviyyəsindədir, oxşamaları şirinliyi ilə seçilir, epik janra aid nümunələri istər əhatəli məzmunuyla, istərsə də variantlı olmasıyla, unudulmaqda olan sözləri, ibarələri yaşatmasıyla… səciyyəvidir. Zülmdən qurtarmaq istəyənlərin daşa, quşa dönməsi əfsanələrin çox-çox qədim zamanlarla səsləşməsinin və deməli, Faxralının tarixinin qədimliyinin təsdiqidir.

Ümumiyyətlə, Faxralının folkloru “söz sənətinin başlanğıcı” (M. Qorki) olan ümummilli folklorda təmsil olunmağa layiqdir.

 

İsmayıl ilə Qızyetərin dastanı

İsmayıl Oruc oğlu əmisi qızı Qızyetəri sevirdi. Qızyetərin əmisi Məşədi Usub qızı ona vermirdi. Qızla oğlan qorxularından heç yerdə görüşə bilmirdi. Nə yaxşı ki, onlara can yandıran varmış; bir imanlı qarı onların sirr sözlərini bir-birinə çatdırırdı. Bir ümidə sığınmış cavanların qəlbi dəmirçi körüyü kimi alışırdı. Günlərin birində Qızyetəri zorla Şəki Söyünə nişanlayırlar. Zavallı sevənlər neyləyə bilərdilər? Məşədi onlara zülm eləmişdi. Aşır oğlu Allahverdinin Şəki Söyünlə qohumluğu da işi xeyli çətinləşdirmişdi.

Məşədi Usub Qızyetərin Şəki Söyünə könlü olmadığını bilirdi, Ona görə də Qızyetəri ciddi nəzarətdə saxlayırdı; İsmayılla Qızyetərin günü göy əsgiyə düyülmüşdü.

İsmayıl nə müddətiydi ki, Qızyetəri görə bilmirdi. O, sevgilisinə ismarıc eləyir ki, qızlarla sabah dağa, gül-çiçək yığmağa o da gəlsin, qoşulub qaçaq. Sonrası da nə olar-olar. Üstəlik bir namə də göndərir:

Gedib deyərsiniz o nazlı yara,
Səhərdən çıxarıq dağlar başına.
Bülbüləm, fəryadım dağlar əridir,
Məskənini salsın bağlar başına.

Görünsə gözümə çarpaz ətəklər,
Yetirrəm özümü bil ki o dəmlər.
Dözsün, gözlərindən axmasın nəmlər,
Dolanaq batanda tağlar başına.

Seyraqublar doğru xavar gətirsin,
İsmayılın həsrətini bitirsin.
Qızyetərin cavabını yetirsin,
Çağ olsun damağı, çağlar başına.

Qızyetər naməni oxuyanda ürəyi titrəyir. Bəs nə bilmişdin? – sevgilisindən ismarıc gəlmişdi. O, araçıya bildirir ki, qoy İsmayıl narahat olmasın, gələcəyəm.

İsmayıl səhərin gözü açılmamışdan “Yovşanlı” ya çıxır. Bir azdan qızlar görünür. İsmayıl Qızyetəri onların arasında görməyəndə ürəyi qana dönür. Məlum olur ki, Qızyetəri Məşədi Usub buraxmayıb. Biçarə İsmayıl dərd əlindən girinc olsa da ümidini sabaha bağlayır; nə çoxdu Allahın sabahları. Qızyetər səhərisi gün də gələ bilmir. İsmayılın sevdalı könlü qübar eləyir:

Dizdə taqət yoxdu, gözdə də qara,
Gözləməkdən yollarını bir qızın.
Bəxtəvər başına, günbəzi kəmər,
Nə qucmusan bellərini bir qızın.

Tükənibdi səbrim, gəlmir qərarım,
Gündən günə artır dərdim, məlalım.
İlqarına xilaf çıxdı maralım,
Şana tutub tellərini bir qızın.

Oturmuşdum Dələverin üstündə,
Biri gəldi Qızyetərin şəstində.
Sənəyi belində, dolça dəstində,
Dərəsiyəm güllərini bir qızın.

İlqar verən ilqarına düz olsun,
İstəmiyən əlli olsun, yüz olsun.
Öz sözümüz aramızda düz olsun,
Dolanaram çöllərini bir qızın.

İsmayılın başı çəkər qovğalar,
Sevgi sevən sevgisiynən ucalar.
Çata bilməz bizə heç vaxt qarğalar,
Mən tutanda əllərini bir qızın.

Nə isə, Şəki Söyünün toyu ələ alınır. Bu xəbər İsmayılı varından yox eləsə də özünü toxdada bilir. Sevgisi yolunda hər əzaba qatlaşmağa hazır olan bu cavan yenə həmin imanlı qarıya yalvarıb-yaxarır ki, gedib Qızyetərdən bir soraq gətirsin. Əhdindən dönməyibsə, toy gecəsi xəlvətə salıb damın dalına gəlsin, qoşulub qaçaq…

…Qardaşliq evindən şax gələn vaxtı Qızyetər fürsəti fota verməyib damın dalına keçir. İsmayıl onu görəndə gücü birəbeş artır. İki sevgili atlanıb üzü Türkiyəyə yol alır…

İsmayılla Qızyetər minbir zillətlə gəlib çıxırlar Qars vilayətinə. Sən demə, onların qonaq kimi qaldıqları kənd Baş Sarıköy kəndinə yaxınmış. Bu, 0 Baş Sarıköy kəndidi ki, Faxralıdan gəlmiş iki qardaş da bu kənddə yaşayırmış: Hacı Sarı ağa və Hacı Bayram.

Hacı Sarı ağaya xəbər çatır ki, qonşu kəndə Borçalıdan qonaq gəlib. Torpaq həsrəti onun ürəyini kövrəldir, eli yadına düşür. Oğlu Məhəmmədi həmin kəndə göndərir ki, qonaqlardan müfəssəl bir xəbər gətirsin. Məhəmməd İsmayılla görüşüb kəlmələşir, onun Faxralıdan, Güllər nəslindən olduğunu öyrənir.

Oğlunun gətirdiyi xəbər Hacı Sarı ağanın ürəyini telləndirir. Sevindiyindən bilmir neylesin. Məhəmməd nəfəsini dərməyə belə imkan vermir, İsmayılın yanına göndərir ki, onları qonaq gətirsın:

– De ki, biz də Faxralıdanıq, Avış öyündən. Mənim başım götürməz ki, eloğlum başqa yerdə qalsın. Bizə gəlsinlər, burdan beləsi mənim boynuma düşür.

İsmayılla Qızyetər Hacı Sarı ağanın sözlərini eşidincə şad olurlar, gəlirlər Baş Sarıköyə. Hacı Sarı ağa bu iki cavanın qəzyəsindən xəbər bilən kimi bir molla gətirdib onların kəbinini kəsdirir.

Sizə kimdən xəbər verim – Şəki Söyündən. Şəki Söyün eşidir ki, İsmayıl Qarsdadı. Qarsa göndərri ki, valiyə şikayət eləsin. Vali Şərif bəy İsmayılla Qızyetəri divana gətizdirir. İsmayıl işi başa düşür, bilir ki, Şərif bəy onları Borçalıya qaytarmaq niyyətindədi. Ona görə də üzünü Şərif bəyə tutub deyir:

Baş götürüf vətənimdən gəlmişəm,
Aman bəyim, məni geri yollama.
Canımı bu yolda qurban vermişəm,

Aman bəyim, məni geri yollama.

Şərif bəy İsmayılın üstünə qışqırır:

– Necə yəni geri yollama? Sən başqasının nişanlısını götürüb qaçmısan, cəzanı da çəkməlisən.

Uzaq yollar qədər etdi dizimə,
Türk çuğulu iy salıbdı gözümə.
Bir insaflı məhəl qoymor sözümə,
Aman bəyim, məni geri yollama.

Şərif bəyi od götürür: – Ayə, pəzəvəng, gəmidə oturub gəmiçi ilə davamı eləyirsən? Sən nə haqla türkə çuğul deyirsən?

İsmayıl axıracan mərdana dayanmağı qərara alır:

– Şərif bəy, bir quş bir qanada sinər. Fikirləşdim ki, öz dinim-dilimsiniz, məni ətəyinizin altında saxlayarsınız. Məni geri yollasanız qoluma qandal vurub Sibirə sürgün eləyəjəklər. Gəl mənim qanıma bais olma:

Səni and verirəm imana, dinə,
Qoyma ki, İsmayıl dərdindən dinə.
Allah qonağıyam, Allah eşqinə,
Aman, bəyim, məni geri yollama.

Şərif bəy insafa gəlir:

– Oğlan, sözlərin mənə təsir elədi. Görürəm mərdliyinlə bərabər söz qoşmağın da var. Bizim bu mahalın Qəzəli adlı bir aşığı var, onu bağlasan, şikayətçiləri qaytarıb səni burda saxlayacam, bağlaya bilməsən səni dalınca gələnlərə qatıb el-obana, qaytaracam, orda başına nə gələr-gələr. İsmayıl razılaşır. Çapar Aşıq Qəzələlini çağırmağa getməyində olsun, sizə xəbər verim Hacı Sarı ağadan. Hacı Sarı ağa səfərdən qayıdanda ona xəbər verirlər ki, bəs, İsmayılı Şərif bəy çağırtdırıb. O, birbaşa gedir Şərif bəyin yanına. Çatanda görür ki, Aşıq Qəzəli ilə İsmayıl deyişməyə hazırlaşır. Hacı ağa narazı baxışlarla İsmayılı süzür. İsmayıl gülümsünür, yəni narahat olma, Qəzəliyə bac vermərəm. Hacı Sarı ağa deyişmənin şərtini öyrənincə toxdayır. Deyişmə başlanır.

Qəzali:

Çətin meydanlara girib–çıxmışam,
Ustadam, qarşımda duran olmuyuf.
Urufatdan tutdum sual-cavabı,
Hələ cavabımı verən olmuyuf.

İsmayıl:

Qəzali, özünü atma irəli,
İndi cavabını alar, gedərsən.
Elə bir girdaba salaram səni,
Sazın da burada qalar, gedərsən.

Qəzali:

Unutma ki, dəvə çəkməz adım var,
Yaxın durma, yandıraram, odum var.
Basılmaram, imdadım var, dadım var,
Hünər meydanıma girən olmuyuf.

İsmayıl:

Faxralıdan gəlmişəm ki, bac alam,
Bu yerlərdə meydan açam, ucalam.
Hacıların duruşundan güc alam,
Əcrini burdaca bular, gedərsən.

Qəzali:

Qəzəliyəm, alışmağa qorum var,
Diz çökdürrəm, qüvvətim var, zorum var.
Balıq kimi ovlamağa torum var,
Qoşa qollarımı buran olmuyuf. 

İsmayıl:

İsmayılam, leysan ollam qoruna,
Qüvvəm çoxdu, güc gələrəm zoruna.
Oz tayların düşəsidi toruna,
Hikkəcllən alışıb yanar, gedərsən.

Hacı Sarı ağa irləi çıxıb deyir ki, indi də İsmayıl qabağa düşsün. Hamı raziglaşır.

İsmayıl:

Aşıx, bilirsənmi nə hikmətdi o,
Agah ol ki, onun sənnən işi var.
Əlinə düşəni xırd edər, onun
Neçə damağı var, neçə dişi var?

Aşıq Qəzəli cavab verə bilmir, daşdan səs çıxır, Qəzəlidən yox, – qalır gözlərini döyə-döyə.  Şərif bəy bığlarını eşib İsmayıla xitabən dillənir:

– Davam elə, oğlum.

Arxayın getsə də mənzillər kəsər,
Nə zaman istəsə onda da əsər.
Yanı nə çəpərdi, nə də ki hasar,
Əcayıfdı, dörd irəngli daşı var.

İsmayıl başına yağdırar dolu,
Qırx səkkiz qapıdı, yeddidi yolu.
İyirmi d6rd bədəndi, otuzdu qolu,
Üç yüz altmış altı gözün üçcə qaşı var.

Hamı İsmayıla afərin deyir. Elə bil dünyanı Hacı Sarıya bağışlayırlar. Şərif bəy İsmayılı yanına çağırır:

Oğlum, mən fikrimdən daşındım. Deyəsən sən haqq aşığısan. Haqq aşığına da mədəd eləmək savabdandı. Daha səni cəbrnən geri yollamaram. Ürəyin nə qədər istəyirsə, burda qala bilərsən.

Sonra üzünü Şəki Söyünün nisvəndinə tutaraq:

Bu iki cavan mənim ətəyimə sığınıb, özləri də bir-birini sevirlər. Onlara zulum eləmək günahdı. Get, de ki nə özləri gəldi, nə də Şərif bəy verdi.

Şəki Söyünün adamı kor-peşman qayıdır Faxralıya…

Nağıl, dastan dili yüyrək olar deyiblər. İsmayılla Qızyetər Hacı Sarı ağanın verdiyi torpaqda ev tikib yaşayırlar.

İllər keçir, Güllər Pərisi qardaşının həsrətinə dözə bilmir, İsmayıla bir namə göndərir. Namə gəlib Qarsa çatır. İsmayıl naməni alanda onu xoş, doğma bir ətir vurur. Sən demə, Pəri göndərdiyi namənin içinə gül-çiçək ləçəkləri də qoyubmuş. Doğma yurdun gül-çiçəyinin ətri onun ürəyini nar kimi sıxır, könlü el-obasna sarı atdanır. Bacısının sözləri də, illərlə ətrinə tamarzı qaldığı gül-çiçək də onun həsrət gözlərində beş gilə göz yaşına dönür:

Qarsa doğru baxıb-baxıb ağlaram,
Yapmışam könlümdə qalalar, qardaş.
Urəyimi çalın-çarpaz dağlaram,
Çökər gözlərimə qaralar, qardaş.

Eşqin badəsini yaman içifsən,
Faxralıdan Alosmana köçüfsən.
Qohumdan, simsardan niyə keçifsən,
Divan işə baxıb aralar, qardaş.

Qoburnat incidir, qoymayır yatam,
Zorum-gücümmü var onlara batam?
Neyləsin qardaşlar, neylesin atam,
Həsrətin bağrımı paralar, qardaş.

Pəriyəm, bu dərdə dözə bilmirəm,
Həsrəti yollardan üzə bilmirəm.
Sən gəzən yerlərdə gəzə bilmirəm,
Gəlməsən bacılar saralar, qardaş!..

İsmayıl məktubu da götürüb Hacı Sarı ağanın yanına gedir:

– Hacı, səndən dünyalarca razıyam. Qəriblikdə mənə arxa-dayaq oldun. Əməyini halal elə. Kəndə qayltmalıyam. İndilik bircə xahişim var. Gedək Şərif bəyin yanına. Bəlkə mənə bir kağız verə, orda məni çox incitmiyələr.

Hacı Sarı ağa eloğlusunun xahişini yerinə yetirir, birlikdə Şərif bəyin yanına gəlirlər. İsmayıl dil-ağız eləyir:

– Şərif bəy, hamınız bilirsiniz ki, mən başqa bir adamın nişanlısını qaçırtmışam. Neçə illərdi mənə yaxşılıqlar elədiniz. Sizdən dağlarcan razıyam. Daha burda qala bilmirəm. Ancaq qayıdanda məni çək-çevirə salacaqlar. Sənin mərdliyini, eyliyini də ölüncə unudan döyüləm. Mümkünsə, mənə bu işdə də kömək eləyin.

Şərif bəy ani fikrə gedib deyir:

– Oğlum, sən bizim qonağımızsan, Hacının də xətrini çox istəyirəm. O ki, gedirsən, səndən köməyimi əsirgəmərəm.

Şərif bəy İsmayılla Qızyetəri silahlı adamların müşayiəti ilə Lüksemburqa yola salır…

Hadisə köhnəlmişdi. Elin ağsaqqaları araya barışıq salır…

 

Əfsanələr

Cənnət bulağı

Kasıb bir qarının aman-zaman körpə nəvəsi naxoşlayır. Nə illah eləyirlərsə ona bir çarə tapılmır. Qarıya məsləhət görürlər ki, “O üz”ə Divsiz gölünün arxasına getsin. Orda hər dərdə əlac eləyən bir loğman var, zavallı uşağa əlac eləsə ancaq o eləyə bilər.

Qarının minəyi olmadığından naçar qalıb nəvəsini də dalına şələləyir, düşür yolun ağına. Avand uğurlu bir qonşusu qarının arxasınca bir dolça uğur suyu atır…

Yaş səksənin astanasında, yol da ki, yoxuş biçarə qarı əməllicə yorulur. Köməyinə yetəsi bir Allah bəndəsi ümidiylə dönüb arxaya boylanır. Xeyli uzaqlarda bir atlı görünür. Dərdəcar qarı onu gözləməyi qərara alır. Bir hovurluğuna dincini almaq istəyir. Susuzluqdan təpimiş dodaqlarını yalayır. Nəvəsinin də iniltisi kəsilmir ki, kəsilmir.

Bu imanlı qarı əl açıb Allaha yalvarır:

– Ey bütün köməksizlərin pənahı! Mən bu gün-savaxlığam, ban bu tifılə rəhm elə!

Birdən… qarı yaxınlıqda su şırıltısı eşidir. Bir qədər çaşır. Bu hənədəvərlərdə çeşmə, bulaq olduğunu nə görmüşdü, nə də eşitmişdi…

Qarı su səsinə tərəf gedir. Yox, bu, qarabasma-zad deyildi. Yerdən su poqquldayırdı. O, tələsik nəvəsinə bir ovuc su içirdir. Sonra ovuclayıb özü də içir. İlahi, bu nə möhüzəymiş, nə sehriymiş! – nəvənin iniltisi xırp kəsir, bət-bənizi, rəngi-rufu düzəlir. Bu əsnada atlı da gəlib çatır. Bulağı çeşməni görəndə o da quruyub qalır…

Qarı bir nəvəsinə baxır, bir də dum-duru göz yaşını xatırladan bulağa. Pıçıltıyla:

– Şükür kəramətinə, Xudaya!, -deyir.

Dönüb bulağa bir də baxır: – Cənnət suyuymuş suyun, ay bulax!

Bu pıçıltı çölə-düzə yayılır, binələrdə əks-səda verir: “Cənnət suyuymuş suyun, ay bulax!”

O gündən bu bulağın adı qalır Cənnət bulağı. Cənnət bulağı Qaraxaç yayalağında indi də çağlamaqdadı…

 

Cənnət bulağı (variant)

Aralıqda binələnən el ağsaqqalı bərk xəstələnir. Ağrı onu əldən salır. Heç kim ona əlac eləyə bilmir.

İllər yormuş bir loğman onun dərdinin adını deyir, dərmanının çətin tapılacağını da bildirir: Dərmanı cövhər sulu bulağın üstündə bitən çəhrayı rəngli güldü. Xəstə o bulağın suyunda o gülü çay əvəzi dəmləyib içməlidi.

Elin cavanları həmin gülü axtarmağa yollanır. Fəhmli cavanlardan biri gülü də, həmin gülün yanındakı bulağın suyundan da gətirib gəlir. Loğman gülü görüncə gülümsünür; həmin gülüymüş.

El ağsaqqalı sağalır. Onun şəfa tapdığı bulağın adı qalır Cənnət bulağı…

 

Daş çoban

Çox-çox qədim zamanlarda bu həndəvərlərdə bir çoban qoyun otarırmış. O çağlarda nə Dibsiz varmış, nə də Keçiqıran. Çoban da, sürü də susuzluqdan çox əziyyət çəkirmiş. Çoban Allaha yalvararaq ondan imdad istəyir, su olarsa qurban kimi bir ağ, bir də qara qoç kəsəcəyinə and içir. Çobanın əhdi yerinə yetir; hər qoça görə Tanrı bir göl yaradır: Dibsiz göl, Keçiqıran göl. Çoban andına əməl eləmir – qoçları kəsmir. Allah onu sürüsü ilə birlikdə daşa döndərir.

 

Keçiqıran

“Yastı qar”dan yuxarıda adsız bir göl varıymış. Bu göllərin həndəvərləri nəhayətsiz otlaqlardı. Aran Borçalıdan bir ağa hər ay burda binələnər, davarmı, mal-qarasını burda otartdırar, bol mənsil götürərmiş.

Bu ağa çox əzazil, qaniçən bir adamıymış. Nökərlərinə, qulluq, çularına “göz verib işıq vermirmiş”, hər xırda suça, diqqətsizliyə görə onlara zülüm verdirərmiş. Arxacdan beş dana oğurlandığına görə danaçını qaniçən itlərin qabağına atdırıbmış. Belə xasiyyətinə görə ona Zulum ağa deyərmişlər.

Zulum ağanın mağmın, dili özündə olan bir çobanı varmış. Yetim, yiyəsiz-suavsız bir adam olduğuna görə Yetim Çoban adıyla tanınırmış. Bir gün Yetim Çoban sürünü Dibsiz gölün həndəvərinə yayır. Özü isə yapıncısını sərib bir hovurluğuna dincini almaq istəyir; gecə “ağzımurdarlar” arxaca təpgi elədiyindən yuxusuymuş. Qoyunlar xarpa-xarpla otlayırmış. Bir qədər aralıda həzin ney səsi gəlir. Yetim çoban pıçıldayır: “Naxırçıdı. Yenə dərdindən çalır”. Urəyi kövrəlir Yetim çobanın, doluxsunur…

O, xəyaldan ayrılıb sürüyə tərəf boylamr. Gözlərinə inana bilmir: sürü gölə tərəf qaçışırdı. Sürünün arxasınca cumur. Təkələr göldə boğulmuşdu. Suyun üzündə qoyun leşləri görünürdü. Yetim Çobanın harayı, Bozdarın ulartısı dağlara yayılır. Yetim Çobanın “urvası uçmuşdu”. Soyuqdan yox, qorxudan titrəyirdi; Zulum ağa onu zulum günlərə qoyacaqdı. Qaçıb getməyə, başını daldalamağa heç bir simsarı yoxuydu. Qaçıb getsə də Zulum ağanın çaparları onu tapıb qaytaracaqdı. Naxırçı ona toxtaqlıq verməyə söz tapa bilmirdi…

Zulum ağanın qara-qışqırığı eşidilir…

Yetim çoban əllərini göyə açır: – Allahım! Məni Zulum ağanın zulumuynan öldürməkdənsə, itlərinə yem eləməkdənsə qara daşa döndər!..

Möcüzə baş verir; Yetim çoban da, Bozdar da, davar da bir anın içindəcə daşa dönür.

O gündən o adsız gölə – Yetim Çobanın daşa dönməsinə baiskar olan gölə “Keçiqıran” (keçilər qırılan) göl deyirlər…

 

Qoşa bulaq

Öz tükünün üstə dolanan kasıb bir kişi aranda mənsil yığa bilmədiyi üçün hər il sonralar Qoşa bulaq adlandırılacaq yerdə binələnərmiş. Adına Mağmın Əli deyirlərmiş.

Mağmın Əlinin su sonası kimi iki növrəstə qızı varmış. Bu qızlar hər gün inək sağınından sonra çox da iti axmayan nazik sulu dağ çayında çimib sərinlənərmiş.

İsti günlərin birində iki bacı bir-birinə qoşulub yenə çaya enir, Dörd yana boylanırlar ki, birdən yoldan-izdən keçən olar. Heç kim görünmədiyindən soyunub çimirlər…

Dünyanın dürlü-dürlü qayğılarından uzaq olan bacılar daşın üstündə oturub qurulanada analarının səsini eşidir:

– Nərgiz! Bənövşə! Hardasınız, a günü qaralar? Gəlin, buzoylar mıxçada qalıb axı!

Qızlar tələsik geyinməyə başlayanda gözləri qarşı yaxada dayanıb onlara baxan qıvçax geyinmiş iki bığıburma cavana sataşır. Qızlar ismətdən donub qalırlar. Beş-altı saniyə ötür…

Oğlanlar dərəyə tərəf enirlər.

Nərgiz bacısını köksünə sıxıb əllərini göyə açır:

Ey gözəgörünməz! Qoyma ki, el içində rüsvay olaq! Ata-anamızın xəcil-xəcalət olmasına imkan vermə!..

Oğlanlar dərəni keçib dayanırlar; qızlar yoxuydu. Göy üzündə iki göyərçin dolaşırdı qızlar göyərçinə dönüb göyə çəkilmişdi…

Mağmın Əli hər yanı axtarır, hər yana soraq salır, qızlarından xəbər tuta bilmir. Kişi dərddən üzülüb canını tapşırır. Onun məzarı üstündə iki göyərçin lələk tökür…

Qızyetər hər gün mal sağınından sonra dağ çayının sahilinə enir. Həmişə qızlarının qurulandığı yerdə dayanır, göz yaşları quruyunca ağlayır. Onun göz yaşlarından iki yanaşı bulaq yaranır – “Qoşa bulaq”…

 

Qaradağ

Ağbabada yaşayan Məmməd kəndin ağasının qızına vurulur. Qız onu bəyənmir. Bu sevda dilə-dişə düşür. O, tay-tuş içində xəcalətli qaldığından Aynişanı götürüb qaçır, Borçalıya üz tutur. Qara xaçdan aşıb gecə-gündüz at sürür, gəlib çıxır Faxralıya, sonralar Qara dağ adlandırılacaq dağın ətəyinə. Qızın əl-qolunu açır. “Daha hara qaçasıdı ki?” düşünür. Ocaq qalamaq üçün quru odun yığmağa gedir. Bir az keçmiş Aynişanın harayını eşidir. Sən demə, o, Məmmədin əlindən qaçmaq fikrinə düşübmüş. Gəldikləri yolla deyil, dağ-daşdan aşıb uzaqlaşmaq istəyirmiş. Təntidiyindən ayağı büdrəyir, özünü saxlaya bilmir, dağdan uçur. Aynişan ölür…

Məmməd sevdiyi qızın ölümündən sarsılır. “Sinəmə qara dağlar çəkdin, a dağ!” – pıçıldayır və əlini xəncərinə atır…

Bu pıçıltı bir sorağa, səs-sədaya dönür. O vaxtdan bu dağın adı Qaradağ qalır…

Mənbə : Rəşid Faxralı –  “Oğuz eli Faxralı”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur