Şair Şaban haqqında

Şair Şaban: “Payız çiçəyi” (şeirlər, deyişmələr) kitabı

Şair Şabanın Bolnisi rayonunda çayxanası vardı. Ötən günlərin birində həmin çayxanada “Gürcüstan” qəzetinin, rayon maarif işçilərinin və şeirsevərlərin təşəbbüsü ilə şeir məclisi təşkil olunur. Məclisi aparmağı ustad Hüseyn Saraclıya həvalə edirlər. Hüseyn Saraclı biləndə ki, Qara Qəriblə deyişəcək, etiraz edərək deyir: “Mən xırmana yığılmış dərzi döyürəm. Qara Qərib  isə həm dərzi xırmana yığır, həm də döyür”. Belə olduqda şeirsevərlər deyişmək üçün şair Şabanın razılığını alıb, Qara Qəribin dalınca adam göndərirlər. Qara Qərib gəlib şair Şabanı məşq edən görür. “Şaban, bu sənsən?” – müraciətindən sonra belə deyir:

Gəl sənə söyləyim, ay şair Şaban,
Vədəsiz açılan yaz olmaz-olmaz,
Yaşılbaş sonadır göllər bəzəyi,
Qarğa suda çimsə, qaz olmaz-olmaz.

Şair Şaban

Çox doğru deyirsən, ay Qara Qərib,
Zimistan çağında yaz olmaz-olmaz.
Buzlayıb dərələr, donanda göllər,
Tərk olar sonalar, qaz olmaz-olmaz.

Qara Qərib

Əlinin dəstindən içməyən kəs də,
İnsanı şeytandan seçməyən kəs də,
Girəndə meydana tablamaz bəhs də,
Aylarla düşünüb yaz,olmaz-olmaz.

Şair Şaban

Özündə hünəri görməyən kəs də,
Girib meydanlarda durarmı bəhsdə?
Qüvvətli şairlər xasımlar üstə,
Gedəndə qeyrəti az olmaz-olmaz.

Qara Qərib

Yaxşı bax Qaranın sən havasına,
Qoç oğlu qoç gərək qoç davasına,
Nahaqdan toxunub batma yasına
Qəm basar qəlbini, saz olmaz-olmaz.

Şair Şaban

Mən Şabanam şairliyin bəhsində,
Ötən bir bülbüləm gül həvəsində,
Güllər Pərisinin nəticəsində,
Şair meydanında naz olmaz-olmaz.

Deyişmə davam edir. Qara Qərib yenə qabağa düşür:

Qara Qərib

Şaban, danışma daldada,
Meydan aç, mərdi-mərdana!
Kükrəyib dəryalar kimi,
Qayna, daş mərdi-mərdana!
Yer titrəsin, göy kişnəsin,
Nərə çəkib dayangınan,
Dağıt düşmən qalasını,
Qoyma daş, mərdi-mərdana!

Şair Şaban

Qurmuşam nər meydanında,
Mən savaş, mərdi-mərdana.
Sallam düşmən qalasından,
Kərpic , daş, mərdi-mərdana.
Yaxan keçibdir əlimə,
Tufan qopsa buraxmaram,
Vurub salaram meydanda,
Bu gün baş, mərdi-mərdana.

Qara Qərib

Mən sənə səcdə qılaram,
Sannı bir şair olasan.
Çıxasan ər meydanına,
Düşmənə qarşı durasan.
Tutasan Ərən güləşi,
Kürəyin yerə vurasan
Çəkəsən əyri qılıncı,
Düşə baş, mərdi-mərdana.

Şair Şaban

İstədim bilmək təbimi,
Zehnində olmadı kəsər.
Nuh tufanı tuğyan edər,
Düşmən mənə etsə əsər,
Meydanını tərk eyləsəm,
Tərlan könlüm məndən küsər.
Tələsiyib nər oğlanla,
Oldun tuş, mərdi-mərdana.

Qara Qərib

Əzəldən yoxla özünü,
Tez özünü atmagınan.
Şələndə yoxdursa əgər,
El başını qatmagınan.
Danışaraq hərzə-hədyan,
Rüsvayçılığa çatmagınan.
Qaram deyər: nəsihətdi,
Durma, qaç, mərdi-mərdana.

Şair Şaban

Şabanam, qeyzə gələrəm,
Vardır hünərim davada.
Gözləginən, bülbülünü,
Tərlanım çalar havada.
Qoymaram qanad açmağa,
Sarını  bullam yuvada.
Zülfüqarım qan istəyir,
Gəl savaş, mərd-mərdana.

Qara Qərib bu yerdə deyişməni bir az da “dərinləşdirir”:

Qara Qərib

Ay Şaban, şairlik zorunan olmaz,
Cadalar bağlıdır, keçə bilməzsən!
Şairlik hesabı yaman bəladır,
Şərbəti zəhərdir, içə bilməzsən!

Şair Şaban

Verrəm cavabını al, Qara Qərib
Aslanlar yolunu kəsə bilməzsən!
İçmişəm badəni, o Pirim verib,
Hərcayı danışma, nəsə bilməzsən!

Qara Qərib

Mən sənə söz dedim, aylar il oldu,
Dolandı yaşımız yetmişə doldu.
Dediyim bağlama cavabsız qaldı,
Səpməsən toxumu biçə bilməzsən.

Şair Şaban

Döğrudur, meydanda davamız oldu,
Ərən güləşində rəng-ruhun soldu.
Qarlı qasırğamdan gözlərin doldu,
Vermişəm payını, küsə bilməzsən!

Qara Qərib

Olmaya Qaranı qoca görürsən?
Baxıb öz boyunu uca görürsən?
Od kimi alışıb tezcə sönürsən,
Naşısan, gövhəri seçə bilməzsən!

Şair Şaban

Mən Şabanam, çox xasımlar görmüşəm,
Bir zərgərəm ləli-gövhər seçmişəm.
Hünərim var, meydanına gəlmişəm,
Yel olub yanımdan əsə bilməzsən!

Bu deyişmədən sonra Qara Qərib ətrafa göz gəzdirir. Köhnə dostları şairin ətrafına toplaşmışdılar. Onlar Qara Qəribin inciməsindən narahat idilər.

Qara Qərib kiçik inciklikdən sonra Şair Şabanın rayon mərkəzindəki çayxanasına gəlmirdi.  Xeyli vaxt idi ki, kəndlərdən, rayonlardan çayxanaya toplaşan sazdan-sözdən söhbət açan əziz dostlarından ayrı düşmüşdü. Şairin inciyən qəlbi kövrəlir və Şair Şabana belə deyir:

Əziz dostlar yada düşər,
Ayrı saldın sən, ay Şaban.
Ac bir toyuq deyiləm mən,
Sən ataydın dən, ay Şaban.

Dost-tanışa yanaşardım,
Deyər-gülər danışardım,
Şirin-şirin qonuşardım,
Qəlb olardı şən, ay Şaban.

Mədəd, Bayram, Sarı qardaş,
Deyərdi: de yavaş-yavaş.
Gəl mənimlə qurma savaş,
Beygünaham mən, ay Şaban.

Şükür, Musa, Hümbətinən,
Qonuşardıq ləzzətinən,
Şirin novraq adətinən,
Düşdü aram gen, ay Şaban.

Atımı şad çapammaram,
Şah Əlini tapammaram.
Şirin söhbət yapammaram.
Eylədin bir qan, ay Şaban.

Çopur Əli qəlbim açdı,
Könlümə bir işıq saçdı,
Eşqim coşub aşdı-daşdı,
Verdi ruha can, ay Şaban.

Seyidnən Məşədi Əli,
Düşər yada, ollam dəli,
Barışaram, desən bəli,
Qonuşaram mən, ay Şaban.

Qanan kəslər qəlbə dəyməz,
Dəyib əlif qəddin əyməz,
Əzib ruhun bada verməz,
Qoymaz yana-yana, ay Şaban.

Mən sənə bir söz demədim,
Sinən üstə göz demədim,
Nə əyri, nə düz demədim,
Olmaz haqqı dan, ay Şaban.

Qaram deyər həqiqətdən,
Dərsin alıb təbiətdən,
Xoşum yoxdu bu adətdən,
Nədir karın, din, ay Şaban.

Şair Şaban xəyala dalmışdı. Sanki rəqibinin suallarına cavab axtarırdı. Qara Qərib sözlərini bitirdikdən sonra Şair Şabanın qəlbində xalası oğluna yenidən mehr hissi yarandı. Çöhrəsində mərhəmət duyulan Şair Şaban ona belə cavab verdi:

Döndərmə üzünü xalan oğlundan,
Xasımlar xasımı sənsən, Qaram, sən.
Eşidənlər bilir sinə dəftərsən,
Dövrünün Qasımı sənsən, Qaram, sən.

Nərlər meydanında yaşa dolmusan,
Şairlər çökdürüb, xərac almısan,
Ellərin dilində dastan olmusan,
Növbahar nəsimi sənsən, Qaram, sən.

Şabanam, dünyaya gələnlər qalmaz,
Görünməz yollara gedənlər gəlməz,
Ustadlar qəlbinin yanğısı sönməz,
Ötən sazlar simi sənsən, Qaram, sən.

Məclis əhlinin qəlbində razılıq hissi baş qaldırdı. Şairlər arasında yaranan əmin-amanlıq hamının qəlbindən oldu. Ağsaqqal, qarasaqqal stol arxasında əyləşdi. Pürrəngi çaylar süzüldü, şirin söz-söhbət başlandı. Şairlər halal-hümbət edib ayrıldılar.

Mənbə: Şair Şaban – “Payız çiçəyi“, Bakı 1999.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur