Nazxanım Rüstəm qızı Hümbətova ilə görüş 

Faxralı kəndinin tarixi, nəsilləri barədə məlumat toplamaq üçün 23.12.2014-cü il tarixdə Lökbatana, Nazxanım nənənin yaşadığı ünvana yollandım. Nazxanım nənə kiçik oğlu Mahirlə birlikdə yaşayırdı. Mən onun digər oğlu Əli Məmmədovla görüşüb Nazxanım nənənin görüşünə gəldim. O, mənim kim və hansı nəsildən olduğumu öyrəndikdən sonra boynumdan qucaqladı və üzümdən öpdü.

Gəlişimin səbəbini ona dedikdə, o, bir anlıq fikirə getdi və illərdən bəri hafizəsində saxladığı acılı-şirinli xatirələrdən danışmağa başladı. Əvvəlcə özü barədə danışdı:

–  Hə, bala, mən 21 yanvar 1919-cü ildə anadan olmuşam. Atam, Balaməmmədli nəslindəndir və Faxralınln adlı-sanlı kişilərindən olub – Rüstəm Hümbət oğlu Məmmədov. Hansı ki, sonralar ona Qaçaq Rüstəm də deyiblər. Mənim 4-5 yaşım olanda atam rəhmətə gedib. Mən atam haqqında anamdan və əmim İsmayıl Hümbət oğlundan eşitmişəm.  O, sovet dönəmində kəndin ilk bolşeviklərindən olub. Çox təmiz, vicdanlı bir insan olub. Bu səbəbdən onu ilk Faxralı kənd sovetinin sədri təyin ediblər. İşlədiyi müddətdə, çox xeyirxah işlər görüb. Onlardan biri – Faxralıya ilk yolun çəkilməsi onun adı ilə bağlıdır. Ona kimi xalqımız çox əziyyət çəkərdi.

Nazxanım nənə atası haqqında danışdıqca, göz yaşlarına hakim ola bilmirdi. Xatirələri danışdıqca istər-istəməz kövrəlirdi.

Sonra Nazxanım nənə atasının ata və at yarışlarına çox böyük marağı olduğunu dedi. Hətta onu da dedi ki, atasının Sakt-Peterburqda  hansısa muzeydə at üstündə şəkli də vardır. Həmin portireti kəndimizdən Ayvazov Şura öz gözləri ilə görüb.

Mən, soruşduqda, “Bəs, nə üçün Rüstəm baba qaçaq olub?”. Onda o dedi:

–  Bala,  “mərdi, qova-qova namərd edirlər” – deyərlər. Atamın həmin dövrdə öz vəzifəsinə uyğun etdiyi müsbət işlər, bir çoxlarının xoşuna gəlmirdi. Hətta onun yaxın köməkçisi …

Bu arada Nazxanım nənə duruxdu və ah çəkdi.

–  Yox, adını çəkməyəcəyəm.  Allah insaf versin, şeytana! Atam, həmin adama nə qədər yaxşılıq edərdi. Lakin, o, “niyə Rüstəm, kənd sovetinin sədri seçilib?”. Elə bu səbəbdən, atam barədə yuxarı orqanlara “donos”, yalan dolu məktublar göndərirdi. Çox keçmədi, bu səbəbdən atamı işdən çıxartdılar və Tbilisidə həbsxanaya saldılar. Bunda sonra bizə qarşı həqarətlər başlanıldı. Atam həbsxanada ola-ola bu barədə eşitdikdə, özünü Kür çayına ataraq türmədən qaçdı və gəlib öz qisasını aldı… Sonra o, “qaçaq” oldu və Türkiyəyə keçdi. Müəyyən qədər vaxt keçib ara sakitləşəndən sonra atam Türkiyədən Faxralıya qayıtdı.

Bəs, Siz atanızı nə vaxt itiribsiniz? sualıma Nazxanım nənə belə cavab verdi:

–   Atam, 1924-cü ildə  Faxralılar Yaylaqdan qayıdarkən Sərçəved kəndində ermənilər ilə baş verən  bir insidentdə öldürülüb – dedi və qəhər onu boğdu.

 Sonra, hörmətli oxucular, Nazxanım nənənin Faxralının nəsilləri barədə dediklərini olduğu kimi nəzərinizə çatdırıram:

–  Bala, “Kərim evi” ilə “Qəmbərli evi” bir kökdəndir.

–  “Bayrışlar”, “Mahmudlar” və “Şair Nəbi evi” nəsilləri bir kökdən – “Keçili” nəsilindəndir.

–  “Qara Əhmədli evi (Əhmədalılar)”, “Xudatlar”, “Cuqqular”, “Xosurlar”, “Hüseynqulular” eyni nəsildəndirlər.

–  “Kələşdi” nəsli Cəfərlidən gəlib.

–  “Budaxlı” Faxralıda ən qədim nəsildir. Onlar da “Dəryahlı”, “Mamedoğlu”, “Hasanlılar” nəsilləri ilə eyni kökdəndirlər.

–  “Məmiş evi” nəsli “Nağılar” nəsli ilə eyni kökdəndir.

–  “İmanlı” nəsli “Göyüş evi” nəsli ilə eyni kökdəndir.

–  Faxralı kəndinin əsasını 3 qardaş qoyub. Bunları  “Musalar”ın Musa kişidən eşidib. Qardaşlardan biri “Əzgilli”, “Taxta körpü” ərazisinə, digəri “Aşağı təpələr” deyilən yerlərə sahib olublar. 3-cü qardaş isə ölüb.  Faxralı adını qardaşdan biri digərinə “fağır” olduğuna görə qoyub. Faxralının indiki ərazisi Kəpənəkçilərin yurdu olub. Qardaşlar onları buralardan qovublar. Həmin qardaşlardan “Budaxlı” nəsli yaranıb.   

 Mən Nazxanım nənədən Faxralıda yaddaqalan, igid, qorxmaz, adlı-sanlı, hörmətli kişiləri barədə soruşanda o, aşağıdakı şəxsləri sadaladı:

–  Rüstəm;

–  İbrahim Məmmədov;

–  Musa (Cimilərin İsmayıl);

–  “Alqullar” nəslindən “Ağ Gədə”;

–  “Yahalar” nəslindən Qara Namaz, Hüseynəli;

–  Maşadıferan – fiziki cəhətdən çox güclü adam olub – dedi;

–  Qumara İsmayıl – çox cəld, çevik, həm də komik adam olub;

–  “Hasanlı” nəslindən Təhməzqulu – adlı-sanlı, səxavətli insan olub;

–  “Hasanlı” nəslindən Bayraməli – çox qoçaq adam olub;

–  Mehdi oğlu Veysəl – adlı-sanlı adam olub;

–  Molla Qurban – adlı-sanlı adam olub;

–  “Zurablı”nın Zurab – qorxmaz kişi olub. Onun oğlu Musa – sərrast atıcı olub;

–  “Yahalar”ın Abbas – çox güclü adam olub, güləşdə onu yıxan olmayıb;

–  “Aşırlı”nın Bayraməli – xalqa çox kömək edib, xeyirxah insan olub;

–  və s.

 Mən Nazxanım nənənin əllərindən öpərək ayrıldım. Onunla 3 saata yaxın söhbət etdim. Lakin onun danışıqlarından heç yorulmadım. Bu NƏNƏ, sözün əsl mənasında canlı ensiklopediyadır. Onun hafizəsində  Faxralı barədə hələ nə qədər açılmamış səhifələr varmış. Həmin səhifələri yazıya köçürüb gələcək nəsillərə ötürmək hər birimizin borcudur – deyə daxilən fikirləşirdim.

Nazxanım nənənin 96 yaşı tamam olanda onu yaxınları, qohumları, eloğulları təbrik etdilər. Azərbaycanın ATV kanalından da Nazxanım nənə şərəfinə təbrik məktubu oxundu.

Rəşid Hüseynov (Amaşlı)

www.faxrali.com

21.01.2015-ci il

 

P.S. Nazxanım nənə 28.11.2017-ci ildə 98 yaşında vəfat edib. Allah rəhmət etsin!

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur