Faxralıda verilən sözə həmişə əməl edilib. Bu ağır eldə sözvermə andiçmə kimi qəbul olunub, verilən söz həmişə yerinə yetirilib. Verdiyi sözə əməl etməyənlərə görə Çərçi oğlu Hümbətin taleyinə çox daşlar dəyib; iki yaxın qohumunu – yeznəsini və yeznəsinin qardaşını öldürüb, qaçaq olub…

Qaçaq həmişə öz igidliyinə, cəsarətinə, sığındığı elin camaatının mehr-məhəbbətinə küsənir. Onu haqlamaqda olan təhlükəni vaxtında duymayan qaçağın yeri ya Sibir olur, ya qəbir…

Qaçaqlıq Çərçi oğlu Hümbətə çox şey öyrətmişdi. O, həmişə yatmazdan qabaq atını bir qədər aralıda örükləyərdi. Duyumlu təcrübəsi ona diqtə edirdi ki, izinə düşənlər əvvəl-əvvəl ata sarı gedir. Tutmaq, öldürmək istədikləri qaçağı atın yan-yörəsində axtarır. Onda sərvaxt, ehtiyatlı qaçaq atın kişnərtisindən, fınxırtısından, ayaqlarını torpağa döyəcləməsindən bilir ki, üstünü təhlükə almaqdadı.

İndə də atının ayaq səslərini duydu. Cığıra sarı baxdı. Gələn yaxın dostu idi.

– Ay Hümbət, Qudurudan Solomonun oğlu İşxan səni öldürmək niyyətindədi, bu işə görə ona xeyli pul vəd  eləyiblər.

Hümbət dillənmədi, ötən həftə Girəcəkdə ona güllə atanın kimliyini indi bildi. Bu günəcən gümanlar onu şam kimi əridirdi; gümanı min yerə qaçırdı, çoxlarından şübhələnirdi. “Nə yaxşı tələsik qərar çıxartmadım. Yoxsa nahaq qan tökülərdi. Sonra xəcalətdən əriyərdim”, – düşündü. “Yaxşı, ay İşxan köpəyoğlu, mən olmayım başqa bir faxralılı olsun, niyə unutdun ki, bu elin oğlunu muzdla öldürmək fikrinə düşənin anası ağlar qalır. Tamahın sənə baha başa gələcək. Sən özün öz ölümünü satın gəzirsən!”, .. Hümbət əsəbilikle atına sıçradı…

…Qudurruya çatanda atdan endi. Yolda-izdə heç kim görünmürdü, Bir qədər irəliləmişdi ki, kolluq tərəfdən üzü tüklü, üst-başı kol-kosda didik-didik olmuş bir cavan oğlan çıxdı. Hümbət onu görüb ayaq saxladı. Oğlan qəflətən qarşılaşdığı adamı görən kimi çaşdı, əməlli-başlı qorxdu. Getdikcə rəngi avazıyırdı. Onun nələr çəkdiyini anlayan Hümbət “Qorxma, niyə qorxursan”, – dedi. “Yol adamıyam, İşxanın evinin yerini soruşuram.”

Oğlan dillənmədi. Ayaqları titrəyirdi. Hümbətin ona yazığı gəlsə də üstünə çəmkirdi: – Karsanmı? Səndən söz soruşuram.

Oğlan kəkələyə-kəkələyə dilləndi: – Gedək, göstərim…

Solomon doqqazlarının qabağında tay-tuşlar ilə söhbət edirdi. At fınxırtısı eşidəndə dönüb səs gələn tərəfə baxdı. Hamısı Hümbətin zəhmli baxışlarından çəkinib kirişdi. Hümbət qanına qaltan eləməyə gəldiyi dığanın atasını tanımadığından ortalığa “İşxan hanı?”, – dedi. Solomon yerindən təfçinib qorxu içində dilləndi:

– Evdə yoxdu. Xeyirdimi? Gələndə nə deyim?

– Denən ki, başından yekə qələtdər eləməsin! Çərçi oğlu Hümbəti öldürmək hər gedənin işi deyil. Mən sözümü deyib gedirəm. Qoduğunu ayağına bağla ki, sonra meyidini qucaqlamayasan. Hümbət ötkəmliklə dilləndi və atını mahmızladı…

Solomon da, həmsöhbətləri də at gözdən itənə kimi yerlerindən tərpənmədilər.

***

Nəbi Hümbətin qoluna girib bir tərfə çəkdi:

– Ay Hümbət, dünən Şulaverdə idim. İşxan draxtındı sənin kölgəni qılınclayırdı. Allah təkliyin, köməksizliyin üzünü qara eləsin, tək idim deyə cavabını verə bilmədim.

Hümbət alnını ovuşdurub maraqla soruşdu: – Nə deyirdi ki?

Guya onun qabağından qaçıbsan.

Hümbəti od götürdü, əlləri titrədi. “Bu xəbər yayılsa el-obada deməzlərmi ki, ay Çərçi oğlu, adını bir qatar dəvə çəkə bilmir. Nə günə qalıbsan? Demək, ağlı başına gəlməyib. O, ölməlidi! , – düşündü və bacısını səslədi: – Mən gedirəm, dediklərimi yadından çıxartma.

Balaxanımın gözləri dolmuşdu. Onu qəhər boğurdu. Qardaşının boynuna sarıldı, pıçıltıyla, “Uğurun xeyir olsun!”, –  dedi və içəri keçdi. İçəridən bacısının kövrəkliyə bələnmiş səsi gəlirdi:

…qar daşı,
Qarlı dağdan qar daşı.
Naşı var-dövlət gəzər,
Mən gəzərəm qardaşı.

Hümbət səsə sarı boylandı; bayatı onu da kövrəltmişdi. Lakin bu kövrəklik heç zaman dediyi sözü udmayan Hümbəti yolundan eləyə bilməyəcəkdi. O, at1n1n qantarğasından tutub yola çıxdı. Sərin-sərin yel əsirdi…

***

İşxan burdan keçməli idi. Vaxt  ötdükcə səbri daralırdı. Cücən bulağının şırıltısından savayı heç nə eşidilmirdi. Ehtiyat elədiyi bircə şey vardısa, o da atı idi: “Çər dəymiş kişnəsə bu dığa duyuq düşüb yolunu dəyişər”. Dönüb atını örüklədiyi səmtə boylandı. At, yiyəsinin nələr düşündüyünü duyubmuş kimi, iştaha ilə otlamağındaydı…

Həzin-həzin əsən yellər bir-birinin qoynuna sığınmış ağacların xırdaca budaqlarını titrədirdi. Getdikcə səbri daralırdı. Xeyli vaxt idi gözləyirdi…

Narahatlıqla yola bax1rd1. Nə gələn vardı, nə də ki gedən. Dünyanın bu gözəlliklərindən elə bil hamı üz döndərmişdi. Yığnağı, şamartısı aylarnan əskik olmayan bir yerin səssizlik içində sıxılması taleyinə qaçaqlıq yazılmış Hümbətin ürəyini qana döndərmişdi…

…Uşaq idilər. Yazın lala vaxtı idi. Elə bu yerlərə bənzəyən binələrində bacısı Balaxanımla nərgiz-bənövşə yığırdılar. Həndəvərlərində kimsə yox idi, “qu desən qulaq batardı”. Ara-sıra ötüşən quşların səsindən savayı heç nə eşdilmirdi. Qəflətən bir güllə səsi gəldi. Hümbət başını qaldırıb o tərəfə boylandı.  Tanımadığı yaraqlı-yasaqlı bir kişi idi. Uz-gözündən nur tökülürdü. Kişi: – Kimin oğlusan, a bala?, – soruşdu.

Hümbət ürkəkliklə “Çərçinin”, – dedi və gözünü silahlı adama zillədi.

Pahoo! Qardaşım oğlusan ki. O da bacındımı?, – əliylə Balaxanımı göstərdi. – Atana de ki, Kəpənəkçi Alı kişi sənə salam göndərdi. Bu ovun da girt yarısı sizin qismətinizdi.

Hümbət tələsik dilləndi: – Özümüz dünən yemişik, hələ kəndə də yolladıq.

– Onda atana denən axşam bizim biniyə gəlsin, əcələ işim var.

Alı kişi gülümsünüb uzaqlaşdı…

Hümbət sövq-təbii, xəyaldan ayrıldı. Qəflətən gözləri yolla yaxınlaşan qaraltıya sataşdı. “Odur”, – pıçıldadı. Bayaqdan bəri yolunu gözlədiyi ermənini qəflətən vurmaq istəmədi. “Yaxın gəl, qurumsaq, gözün gözümə baxsın. Öldürüb külliya pul almaq istədiyin adamı lap yaxından gör. Sənin ölüm yerin buraymış!…”

Aralarında 10-15 addımlıq məsafə qalırdı. Hümbət səbrini basa bilmirdi. Barmaqları beşaçılanın qundağını əzişdirirdi…

Qəflətən yola çıxdı. Bunu gözləməyən atlı çaşdı; tanıdı Hümbəti. Patrondaşlı, yaraqlı-yasaqlı adamın zəhmi onu basmışdı. Hümbət onu boya-boy süzdü və gecdən-gec dilləndi: – Solomonun oğlu İşxan sənsənmi, əə?

Yekəpər, yöndəmsiz atlı halını pozmadan “Mənəm”, – dedi. Hümbət hiss elədi ki, bundan o yana səbrini saxlaya bilməyəcək. Gözlərini İşxanın gözlərinə zillədi:

– Muzdlu nökərin aqibəti ölüm olur, dığa! Sən mənə girəcəkdə güllə atmaqla, Şulaverdə qarama danışmaqla ölümünə özün fərman veribsən. İndi Çərçi oğlu Hümbətin gülləsiylə öləcəksən!

İşxan əlini silahına atmaq istədi. Hümbət ona aman vermədi. İşxan atdan yenə aşırıldı…

***

Qarşıdan gələn qaraltılardan fəhmələndi. “Otryad” onu izləyirdi və güman ki, yenə tapşırıq almışdılar. Üzü Təhməzə tərəf gedirdilər. O, ləngimədən atdan düşdü. Atının qartarğasından çəkib Qıcıların Musanın doqqazına yaxınlaşdı. Çaxçaxı səssizcə açıb həyətə girdi. Musa kişi sərvaxt adam idi; kiminsə həyatə girdiyini duymuşdu…

– A bala, sən qurd ürəyimi yeyibsən? Tez ol, içəri keç. Bizdə qalarsan, işıxlaşana kimi də it-qurd yoldan-izdən uzaqlaşar, çıxıb gedərsən. Evə yox, meşəyə! Atını Göy qayaya tərəf göndərtdirəcəyəm. Ona kimi Şalvızoğlunun qızı Allah verəndən azuqə tədarükü də görər.

Hümbət dillənmədi. Yorulmuşdu. Gözlərindən yuxu tökülürdü..

***

Cərçi oğlu Hümbətin öhdəsindən gələ bilməyən rəis bu işi başqa tədbirlə həyata keçirməyi qərara almışdı. O, Hümbətə yaxın adamlarla görüşüb söhbətləşmişdi. Üzə çıxarsa – bu, silahı yerə qoyub təslim olmaq demək idi öldürdüyü adamların qanına görə cəzalandırılmayacağına zəmanət verirdi. Güman eləyirdi ki, Çərçi oğlu Hümbət bu vədlərə aldanacaq…

Rəisin təklifini eşidəndə bir anlıq fikrə getmişdi. Özündən əvvəl üzə çıxanların aqibətini xatırlamışdı. “Hər qul öz qismətini yeyər”, – düşünüb gözucu beşaçılanına baxmışdı, ağır-ağır dillənmişdi: – Nəçənniklə görüşərəm. Ona çatdır ki, görüşümüz Qızıl qayanın girəcəyində olacaq, iki gündən sonra, günorta üstü…”

Qızıl qayanın gircəyinə vədələşdikləri vaxtdan xeyli qabaq gəlmişdi. Bir az aralıda dayanıb hər tərəfi nəzərdən keçirdi. Gözünə şübhəli heç nə görünmədi. İri gövdəli bir ağacın daldasına çəkilib dayandı. Yol burdan aydınca seçilirdi…

Bir-birinə dəyə-dəyə dörd atlı gəlirdi… Rəis atdan düşdü. Bığlarına tumar verib ətrafa göz gəzdirdi; ehtiyatlanırdı…

– Atlardan düşün. Harda olsa indilərdə gələr. Mən bunlara yaxşı bələdəm. Söz verdilərsə, əməl edirlər.

Silahlılar atdan düşüb yolun qırağına çəkildilər. Biri silahını döşünə basmışdı. Hümbət bunların hamısını müşahidə edirdi. Əsəbiliklə pıçıldadı: “Yaxşı, rəis, sən sən ol, mən də mən!”. Və bir göz qırpımında yola çıxdı, düz rəisin qənşərində dayandı. Dördü də quruyub qalmışdı, maraq dolu nəzərlərlə Hümbəti süzürdülər, Gecdən-gec “Çərçi oğlu Hümbət mənəm. Danışığa silahlı gəlməzlər. Sizi yanıma minnətçi göndərdiyiniz kişiyə görə öldürmədim”, – dedi və gəldiyi kimi də uzaqlaşıb meşənin dərinliklərində qeyb oldu. Rəisin əsəbdən əlləri titrəyirdi, ovu əldən çıxmış ovçular kimi yanıb-yaxılırdı. Başlarının üstündən iki güllə keçdi. Tələsik atlanıb uzaqlaşdılar. Ağacların kövrək budaqları aramla titrəşirdi…

* * *

Qızıl qayanın gircəyindəki görüş rəisi dilxor eləmişdi. O, Hümbətin görüşməyə razılıq verdiyini eşidəndə bu qaçağı tora saldığına inanmışdı. İndi ümidləri puça çıxırdı. Dünənki yığıncaqda onu boşboğaz adlandırıb ciddi xəbərdarlıq eləmişdilər…

Rəis gözlədiyi adama – Nuru oğlu Söyünə yer göstərib ağır-ağır dilləndi:

– Hümbəti, görünür, yanındakı adamların silahlı olması çaşdırıb. Ora Hümbətə görə deyil, başqa qaçaqlara görə silahlı getmişdik, görüşdən sonra Kəpənəkçidə kiçik bir əməliyyat aparacaqdıq. Mənim başqa məqsədim olsaydı orda pusqu qurdurardım, dörd yox, on dörd adam aparardım. Cavanlığına, igidliyinə heyfim gəlir. Ona de ki, üzə çıxsın. Verdiyim vədin yenə yiyəsiyəm. Bağışlanması öz yerində, istəsə ona vəzifə də verilər.

Nuru oğlu Söyün nəsə demək istədi. Rəis ona aman vermədi: – İki gündən sonra cavabını gözləyirəm…

Söyün kişi rəisin sözünə inanmaq istəyirdi. İstəyirdi ki, Hümbət də ev-eşiyinə yığışsın, rahat nəfəs alsın, digərləri kimi o da ailəsinin dolanışığına çalışsın. Elə bu istəyinə görə də rəisin təklifıni Hümbətə çatdırmağa razılıq verdi:

Sözünüzə inanmağım gəlir. Amma arada hiylə-fıian olsa…

Rəis ayağa qalxdı. Gəlib həmsöhbətinin qənşərində dayandı:

– Ağlına belə fikirlər gətirmə. Kişi kimi söz verirəm. Nuru oğlu Söyün gözlərini rəisin üzünə, dikib ağır-ağır:

– Bəli, biz də kişiyik, – dedi və kabinetdən çıxdı…

***

Çərçi oğlu Hümbət üzə çıxmışdı. Rəis dediyinə əməl eləmişdi; hökumət Hümbəti bağışlamışdı, o, özünün razılığı ilə milis nəfəri təyin edilmişdi. Sən demə, bu, qurğu imiş. Çərçi oğlu Hümbəti mərdi-mərdanə, kişi kimi yumşalda bilməyənlər onu qulluğa təyin etməklə aradan götürmək istəyirmiş. Bu, Hümbətin ödənci ömür olacaq səhvi idi. Ocaq istilik də verir, çox yaxında duranı yandırır da. Hümbətin yaxınlaşdığı “ocaq” məkr, hiylə, namərdlik ocağı idi və bu igid, qorxmaz qaçaq bunu nəzərə almamışdı. Rəisin vədlərinə, riyakarlığına inanmışdı…

…Çərçi oğlu Hümbəti Tiflisə nazirliyə çağırmışdılar. Guya cəsarətli, nümunəvi, fədakar əməkdaşların müşavirəsi olacaqdı, müşavirədən sonra yaxşı işinə görə nazir ona da dövlət təltifi təqdim edəcəkdi. Məlumat elə ustalıqla çatdırılmışdı ki, o, deyilənlərdən zərrəcə şübhələnməmişdi. Hələ rəis Hümbətə “Bütün əməkdaşlarımız sənə həsəd aparır, cavan oğlan”, – demişdi.

Qapının ağzında dayananlar iki-bir, üç-bir söhbətləşirdi. Yüksək rütbəli bir zabit onlara yaxınlaşıb:

Silahınızı təhvil verin, çıxanda götürərsiniz. Nazirin qəbuluna müşavirəyə silahlı getmək qadağandır, – dedi.

Hamı kimi Hümbət də tabel silahını növbətçi zabitə təhvil verdi. Az sonra onu tutdular. Tələm-tələsik aparılan istintaq yekunlaşdırıldı ona ağır dərəcəli ittiham verildi…

Çərçi oğlu Hümbətə güllələnmə hökmü kəsildi…

***

Qardaşının belə ölümü Balaxanımı yandırıb-yaxırdı: “Qeyrət üstə ölsəydi, lap elə atışmada ölsəydi bu qədər yanıb-yaxılmazdim.” O, çətinlikdə də olsa qardaşını tora salanlardan binnin kimliyini öyrənə bilmiş, qaradşının qanına qan alacağına and içmişdi.

Hümbətin xətrini istəyən faxralılar məqam düşən kimi Balaxanımın andını yerdə qoymadılar…

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur