Qara Maşadılardandır. İgidliyinə, qorxmazlığına görə ona Dəli Eyyub deyiblər. Dostluqda da çox sədaqətli olub.

Qasımlı Səməd ağa igid, mərd, hazırcavab adamlara həmişə ehtiram göstərirdi. Dəli Eyyubun adl-sanı ona da çatıbmış. Günlərin birində Dəli Eyyubu qonaq çağırır. Dəli Eyyub Mehdi ağanın, Əmirxan ağanın da iştirak elədiyi qonaqlığa Ayvaz oğlu Yolçu və Qalayçı oğlu İmaməli ilə bərabər gedir. Burda üçünə də böyük ehtiram göstərilir. Həmin gündən nişanə kimi bir şəkil qalıb…

Dəli Eyyub həmişə hoya yetən, kəsdiyi çörəyin qədır-qıymətini bilən kişi olub…

Dəli Eyyub Türkiyənın Çıldır  elində qonaq imiş. Söhbət zamanı qulağı alır ki, kürdlər Çıldırın 1000 başdan çox qoyun-quzusunu aparıblar. Oğrular çox olduğuna görə çobanlar ehtiyat eləyib qorxub, onların dalınca getməyib. Dəli Eyyubun başı götürmür ki, beş-altı “qotur kürd” bir elin dövlətini talayıb getsin: “Kürd gədələri bu qələti qanları ilə yuyacaq!” Ev yiyəsi, qonum-qonşular nə qədər minnət eləyib dil töksələr də Dəli Eyyub inadından dönmür. Kəndin beş-altı nəfər cavanı da ona qoşulur, atlanıb çapoyunçuların qabağını kəsirlər. Atışmada kürdlərdən öləni ölür, qalanı qaçıb canını qurtarır. Sürü geri qaytarılır…

***

Mantaşov ovu çox sevərmiş. Vaxtaşırı ova gedər, ürəyi istəyən kimi istirahət edər, təbiətin gözəlliklərindən zövq alarmış…

Fidoy, Manataşovu yenə Ov calasına qonaq çağırır. O, hörmətli qonağının şərəfinə təşkil elədiyi ziyafətə adlı-sanlı dostlarını da cəm eləyir. Bu məclisdə Dəli Eyyub da işirak edir…

Ova hamı gedir. Vəhşi heyvanlar qəflətən qonaqların üstünə cumur. Pəzəvəng bir ayı Mantaşovu aymalayıb altına salır. Qonaqlar da, yerli adamlar da təntişir. Dəli Eyyub sərrast atəşlə ayını vurur, Mantaşovu ölümdən qurtarır. Mantaşov ona minnətdarlıq eləyir, məclisdə yanında oturdur. Dəli Eyyubun bu cəldliyi, sərrast atıcı olması Mantaşovun diqqətindən yayınmır. Fidoydan xahiş edir ki, dörd-beş nəfər də seçib Dəli Eyyubla bərabər onun yanına göndərsin. Dəli Eyyub beş il Mantaşovun cangüdəni olur…

***

Fidoyun Peterburqdan qonaq gəlmiş bacısı qızını götürüb qaçırırlar. Qızı qaçırdanlar Fidoyun hökumət adamı olduğunu nəzərə alıb tez-tez yerlərini dəyişirmişlər. Elə bu səbəbdən də onları tapmaq mümkün olmurmuş. Zavallı Fidoy qızın sorağını heç yerdən ala bilmir. Qohumlarının onu qınayacaqlarını düşünəndə canına üşütmə düşür. Çarəsiz qalıb Dəli Eyyuba ismarıc göndərir, ondan kömək istəyir. Dəli Eyyub Yolçu Ayvaz oğlu ilə bərabər Fidoyun xahişini yerinə yetirməyə söz verir…

Onlar soraqlaşıb qızı qaçırdanların izinə düşürlər. Çatan kimi Dəli Eyyub zəhmli səslə qışqırır: – Ölümünüzü istəmirsinizsə silahlarınızı yerə tökün!

Dəli Eyyubu tanıyan oğlanlar silahlarını atıb qaçırlar. Eyyubla Yolçu qaçırdılan qızı dayısına çatdırır. Fidoy sevindiyindən kövrəlib ağlayır…

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur