Təhməzqulu oğlu İman təqiblərdən baş götürüb Türkiyəyə keçmişdi, Məsim oğlu İlyas əsirlikdən qaçıb Türkiyəyə gəlmişdi. Taleyin gərdişi ucbatından hər ikisi Vətəndən iraqda yaşayırdı.

Günlərin birində bu qan düşmənləri İstanbulda qarşılaşır. Belə bir təsadüfü heç birisi arzulamazdı. Məsimoğlu İlyas İmanı görəndə duruxur: “Varı varımdan çoxdu, pulu pulumdan. Özü də məndən güclüdü. Mənə istədiyi yamanlığı eləyə bilər. Yanımda hoyuma yetəsi kimim-kimsənəm də yoxdu” – düşünür. Onun haldan-hala düşməsi İmanın gözündən yayınmır. Yaxınlaşıb İlyasla səmimi görüşür:

– Ağlına ayrı fikirlər gəlməsin. Qan düşməniydik, düşmənçiliyimiz Faxralıda qaldı. Qəriblikdə bir-birimizə eloğlu kimi arxa-dayaq olmalıyıq. Yoxsa dədələrimizin goru bizə qarğışçı olar!..

Mənbə: Rəşid Faxralı –  “Oğuz eli Faxralı”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur