Faxralıda döyüş vaxtı kürəyindən yara alana pis baxıblar; sağ qalan urvatını itirib, ölən urvatsız dəfn edilib.

Allahverdi kişinin madar balası döyüşdə ölübmüş. Bir ömürlük dərd yükündən ikiqat olan Tükəzban oğlunun üstünə döşənərək saçını yolur, üzünü cırır. Oğlunun köynəyinin yaxasını cırıb sinəsindəki yaraya baxmaq istəyir.

Sinəsində yara tapa bilməyəndə kürəyinə baxır. İki güllə yarası görən ananın gözlərinin yaşı quruyur. O, hüzr yerinə gələnlərə yalvarır ki, dağılışıb getsinlər. Allahverdiyə də deyir ki, biqeyrət oğulun meyidini atası tək basdırmalıdı. Belə oğulu el dəfn eləməz. Adımıza ləkə, nəslimizə şərəfsizlik gətirmiş bu vecsizin meyidini apar, harda istəyirsən orda da basdır. Atanın oğlusansa, yerini heç kimə, mənə də demə. Südümü ona halal eləmirəm!..

Mənbə : Rəşid Faxralı –  “Oğuz eli Faxralı”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur