Nağıların Məhəmmədin fərdilik vaxtlarında günahsız öldürülmüş qardaşının qanını alanda 15-16 yaşı olub…

Saraclıların özləri də etiraf edirdi ki, İsə çox əzazil adam olub. Qaraxaçın ətəyində qoyun otaran Nağıların Nəbinin tüfənginə İsənin gözü düşür, onu müxənnətliklə öldürüb silaha yiyələnir. Altı qardaşdan kiçiyi olan Məhəmməd and içir ki, Nəbinin qanını yerdə qoymayacaq.

Saraclının yaylağı ilə Faxralının yaylağını bir qılıc ayırır. İsənin yaylaqda olduğunu öyrənən Məhəmməd nə vaxtdan bəri içini gəmirən qisası qanla yumaq üçün xırman mövsümündən sonra yaylağa gedir. Heç kimə sirr açmır. Bilir ki, söz ağzından çıxdısa, yayılacaq. Onda istədiyini yerinə yetirə bilməyəcək. Yaylaqda eşidir ki, İsə beş-altı arabaçı ilə arana qayıdır. O da arana tərəf yol alır. Yırğançaxda izlərinə düşdüyü arabaçılara çatır. İsədən xahiş edir ki, yorulub, onu da arabasına mindirsin. İsə hardan biləydi ki, bu yeniyetmə bir tüfəngin tamahına görə qanına qaltan elədiyi Nəbinin qardaşıdı; Məhəmmədi də arabasına mindirir…

Dişi bağırsağını kəssə də məqam gözləyib. Yol uzandıqca ürəyi gizildəyib. Çarəsi yoxuydu – dözməliydi. “Tələsən təndirə düşər” – düşünüb və əli ilə qoltuğundakı silahını sıxıb…

Arabalar Boğazkəsənin alt tərəfindəki bulağın yanında dayanır. İsə su içmək üçün bulağa enir. Məhəmməd də onun ardınca bulağa sarı gedir, bulağın qənşərindəki ağacın dibində oturur. Qanlısı su içib geri dönəndə naqanını onun sinəsinə tuşlayır:

– Mən tüfəngini alıb özünü də öldürdüyün Nəbinin qardaşıyam. Faxralı nahaq qanı yerdə qoymur! – deyib tətiyi çəkir…

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur