Faxralıda “düşmənçilik” barədə aşağıdakı deyimlər vardır:

  • “Düşmənin mərdinə qurban olum!”.
  • “Kişinin düşməni də olar. Xoş o kışinin halına ki düşməni qeyrətli adam olsun”

Bu hadisə Faxralının tarixinin ilk çağlarında olub. Neçə illərdi ki, Qaçaq Muradın ev-eşiyi meşələr, yasdığı daş, yorğanı yapıncısıydı. Yaşı yetmişi aşanda obaya dönür. Günün günorta çağı düz qan düşməninin doqqazına gəlir. Çoxları pıçıldayır: Qan çəkir Muradı…

Qaçaq Murad yatağını, patrondaşını qan düşməninin ayaqları altına atıb deyir:

Daha yurdsuz yaşaya bilmirəm. Yurdumun həsrəti çəkib gətirdi məni. Bu da silahım. Qanım düşmənçiliyimizə görə yox, yurdumun mehri adına halalındı. Evimə gedirəm. Kişiliyin varsa, məni – silahsız düşmənini öz qapımda vur. Qoy qanım odu sönmüş ocağımın külünə qarışsın!..

Qaçaq Muradın düşməni də qeyrətdi adammış. Yurd kəlməsi onu titrədir, handan-hana dillənir:

– Dədəmi vurdun, qardaşını vurdum. Dayımı vurdun, fürsət üzümə gülmədi. Sən dağlara çəkildin, əvəz çıxa bilmədim. İndi öz ayağınla qapıma gəlibsən. Mən biqeyrət adam deyiləm. Əzizlərimin qanını dilini yandıran yurd, ocaq kəlmələrinə bağışladım. Sən ki dədə yurdunu canından əziz tutubsan, daha mənim sən adda qan düşmənim yoxdu. Silahını da götür, kişi ocağına silahıyla qayıdar…

Mənbə: Rəşid Faxralı –  “Oğuz eli Faxralı”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur