Xəmməd Alı. İgidlik yalnız köntöy sözü sinirməməklə ölçülməyib. El adına ünvanlanan hədyana qətiyyətlə verilən cavab da mərdlik hesab edilib.

Doşan Qurban Sarvana odun satmağa gedirmiş. Bir araba odun satıb kasıblığına vermək fıkrindəymiş. Muğannının altında arabasını saxlayır, atı açır; bir az dincəlmək istəyir. Hava ağarışdaşanda yolda bir odun arabası görünür. Doşan Qurban Xəmməd Alını tanıyır. Onunla zarafat eləmək fıkrinə düşür və araba yaxınlaşanda səsləyir:

– Ayə, ay adam, haralısan?

Xəmməd Alı saymazyanalıqla:

– Faxralıdanam, – deyir.

– Doşan Qurbanı tanıyırsanmı?

– Niyə tanımıram!

– Ona denən ki, ay köpəyoğlu, odun gətirməyə söz vermişdin. Niyə gətirmirsən?

Doşan Qurban sözünü tamamlamamış qulağının dibindən bir güllə keçir:

– Ayə, qurumsaq, belə, köpəyoğlu da varsan, it oğlu da. Sən  nə karəsən ki, faxralılara söyəsən!

Doşan Qurban vəziyyəti belə görüb özünü nişan verir. Xəta sovuşur. Xəmməd Alının əsəbləri sakitləşir. İki eloğlu bir doyunca gülüşürlər…

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabı

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur