Rəhmətlik Səkinə nənəmdən tez-tez eşidirdik ki, Mahmud dayım əli açıqlıqda dayısı Məməş Məhəmmədə, at saxlamaqda isə atası Bayram kişiyə oxşayırdı. Doğrudan da dayım yaxşı say-seçmə atlar saxlardı. Söz düşəndə də deyərdi ki, at igidin qardaşıdı. Koroğlunu Qıratsız, Şah İsmayılı Qəmərtaysız, Qaçaq Nəbini Bozatsız təsəvvür etmək olmaz.

O, 1933-cü ildə Şülaver bazarından iki at almışdı. Bu atların mindoyuna əl çatmırdı. Yalmanları yerə dəyirdi. Heç birinin belinə ayaq dəyməmişdi. İlxıdan təzə ayrılmışdılar. Dayım atları adlı-sanlı adamlardan almışdı. Atları ipə-sapa yatırmaq çətin idi. “Boğdurub” bellərinə yəhər qoymaq üçün xeyli əziyyət çəkməli olduq. Atamın səsi bağlı idi. Dilə-dişə düşməmək üçün bir ilə yaxın atları binədə, dağda saxlamalı olduq. Bu atlardan birinin rəngi göy (bulud rəngində) idi. Belinə ayaq qoyanda quş kimi yerindən tərpənirdi. İki-üç atla yanaşı gedəndə özündən qabağa atlı buraxmazdı. Cilovunu yığışdırmaq olmazdı. Toylarda cıdır zamanı hamı bilirdi ki, kəlağayını göy at alacaq. Atda qəribə instinkt vardı, elə bil ki, dil bilirdi, uzaq mənzildən – binədən, bağdan, bazardan gələndə evə cathaçatda təkrar-təkrar kişnərdi. Bununla da nigarançılığı aradan qaldırardı. Ev adamlarını, hətta, yaxın qohumları belə tanıyırdı. Orüşdə, otlaqda kənar adam ona yaxın düşə bilməzdi.

Rəhmətlik anam həmişə deyərdi ki, göy atın ayağı sayalıdı Evimizə, ailəmizə xoşbəxtlik gətirib. Göy at bu qapıya gələndən bəri atan dildən-ağızdan düşüb. Yaman deyənlərimiz azalıb. Dolanacağımız da allaha şükür heç kəsdən əksik deyildir.

Göy at doğdu, törədi. Hər il bir bala verdi. Özü boyda, özü hünərdə balaları böyüdü. Adam bir baxdıqca bir də baxmaq istəyirdi. Atam bu cins atın balalarından birini də könüllü olaraq kolxozun ilxısına bağışlamışdı. Bu atın da bir neçə balası yetişmişdi.

Dünyanın belə əmin-amanlıq vaxtında Finlandiya ilə, sonra Almaniya ilə müharibə başladı. Azərbaycanlıların bəxtindən müharibənin ilk illərində Borçalıda Rayon Partiya Komitəsinin birinci katibi Sirunyan (1938-1942), Lüksemburq (Bolnisi) Rayonunda isə hərbi komissar Variyan adlı ermənilər işləyirdilər. Bu iki nəfər daşnaq tör– töküntüləri vəzifələrindən istifadə edərək Azərbaycan kəndlərində bir nəfər belə başı papaqlı qoymadılar, yaşı düşəni də, düşməyəni də müharibəyə göndərdilər. Çox güman ki, yerlərdə törətdiyi vəziyyətləri nəzərə almış Gürcüstanın Mərkəzi Partiya Komitəsi 1942-ci ildə Sirunyanı vəzifədən azad etmişdi.

Lüksemburqda isə Variyamn azərbaycanlılara qarşı törətdiyi ağır millətçilik qəsdi elə vəziyyət yaratmışdı ki, bu qəsdi hiss edən, müxtəlif yaşlı 70 nəfər Faxralı çağrışçısı səfərbərlikdən imtina etməli oldular. Onlar hərbi komissarlığa getsələr də 1943-cü ildə Turşbulaq deyilən yerdə nümayişkaranə maşınlardan düşdülər və meşələrə üz tutdular. Çox təəssüf ki, ailə başçısı olan bu adamların bəzılərinin aqibəti faciə ilə nəticələndi.

1943-cü ildə Borçalıdan Lüksemburqa, Variyanın yerinə hərbi komissar göndərilən polkovnik İslam Ağayev (əslən Gəncə şəhərindən idi) sonralar Azərbaycan Maarif Nazirliyində mənimlə bərabər işləyərkən danışırdı ki, Variyan 1943-cü ilə qədər Lüksemburq rayonunda bütün erməni və gürcü kəndlərinin hərbi mükəlləfiyyətli şəxslərinin əvəzinə azərbaycanlıları səfərbərliyə almışdı. Hətta, əslən Saraçlı kəndindən olan, yetimxanada böyümüş və Azərbaycan dilində bir kəlmə də olsun bilməyən M.Məmmədovun rayonda İcraiyyə komitəsinin sədri kimi məsul işdə çalışmasını gözü götürməyən Variyan onu müharibəyə göndərməyə nail olmuşdu.

Variyanın hərbi komissar işlədiyi vaxtda nəinki Azərbaan kəndlərində səfərbərlikdən kənar adam qalmadı, hətta kolxozlarda minik və qoşqu atları da qalmadı. Xatırımdadı, 1942-ci ildə kolxozun ilxısından cəbhə üçün gözə gəlimli atlar seçirdilər, atamın kolxoza bağışladığı göy atın iki bəlasından biri kəməndə yatmadı, çəpərdən atıldı, payaya keçdi. Göy atı da, sağ qalan ikinci balasını da hərbi komissarlığa, oradan da müharibə xəttinə göndərdilər. Sonra da kolxozçularda olan atlar yığıldı. Atamın yeganə köməyinə yarayan göy atdan da səfərbərlik yan keçmədi. Nəhayət, öz atımızı və kəndlimiz rəhmətlik Polad oğlu Yusifin atını mən aparıb hərbi komissarlığa təhvil verdim. Atam çox kədərləndi, anam da aram-aram göz yaşları tökdü. Kənd cavanlanın, qohum-əqrabasını cəbhəyə yola salanda da belə ağlamışdı…

Həyatda müharibələr kimi gözlənilməz hadisələr çox olur. 1944-cü ildə elə göy atın cəbhədən qayıtması da gözlənilməz idi. Necə gəlmişdi, kim gətirdi əsla xəbərimiz olmadı. Bir gün həmyerlilərimiz xəbər gətirdilər ki, göy atı qonşu erməni kəndində (Xaçında) rayonda torpaq şöbəsinin müdiri işləyən Siraçyanın altında görüblər. Atam xəbər tutan kimi atın izinə düşdü. Gecə-gündüz rahatlıq bilmədi. Elə bil ki, itkin qardaşından xəbər gətirmişdilər. Anam sevindiyindən nəzir-niyaz dedi, yetimlər sevindirdi. Belə deyirdilər ki, göy at bir gecə “hərbi libasda” yəhərli, yüyənli, rayon ərazisində partizanların əlinə keçib, uzun əziyyətdən sonra atı tutublar, partizan dəstəsinə rəhbərlik edən rayon torpaq şöbəsinin müdiri Siraçyan atı öz şəxsi istifadəsi üçün aparıb. Siraçyan atın qaçmasından qorxaraq onu ciddi nəzarət altında saxlamışdı.

Siraçyan atamı şəxsən tanımasına baxmayaraq bir müddət atı qaytarmaq istəmədi. “At, ata axşama sənin atın 1942-ci ildə gedib hərbi komissarlıqda da bildiriblər ki, at Tiflisdə hərbi hissəyə təhvil verilib, sənin atın oradan necə qayıda bilər”, – deyə imtina etmək istədi.

Bolnis Xaçın ilə Faxralını 20 km-ə yaxın məsafə ayırır, bir o qədər də Faxralı ilə rayon arasında məsafə var. Atam təklif etdi ki, “Xaçın kəndindən və ya rayon mərkəzindən atı açaq buraxaq, əgər at bir baş Faxralı kəndinə, mənim qapıma getsə atı qaytarmalısan, başqa yerə getsə at da sənin olsun, əlavə atın dəyərini də sənə verəcəyəm”. Şərtə razılaşdılar. Göy at mübahisələri özü həll etdi. Buraxılan kimi dört nala qalxıb, ildırım sürətilə gözdən itdi. Bir saat keçməmişdi ki, özünü Faxralıya yetirdi, kişnəyə-kişnəyə özünü davazadan içəri saldı. Qəribə mənzərə yarandı. Anam göy atın yalmanını qucaqlayıb hönkür-hönkür ağladı. Qardaşı Mahmudu, əmisi oğlanları Həsəni, Məhəmmədi, Qənbəri, Hüseyni, bacısı oğlanları Mehralını, Atakişini, Məmmədi, Həmidi, dayısı oğlanları Musanı, Qaranı, Dünyamalını, Əlləzi, kəndin yeni-yetmə igidlərini soruşdu, göy atdan: “Bəlkə onları qanlı-qadalı səngərlərdən keçirmisən, odlu alovlu tufanlardan çıxarmısan, Göy at! Bəlkə yaralı yalmanına yatan cavanlardan kiminsə alqanına bulanmısan, kimsəni bəlkə uzaqdan görmüsən, tanımısan Göy at, bəlkə fərari qaçaqlar ayırıb səni cəbhədən, vətən deyib gəlmisən”. Göy at günahkar adamlar kimi dillənmədi. Qohum-əqraba cəbhədən qayıtmış bir “əsgər” də qarşıladılar. Gördüyü əzab-əziyyətləri, keçdiyi döyüş yollarını qəlbində pünhan saxlayan, qəmini, kədərini heç kimə danışmağa iqtidarı olmayan, dinməz, söyləməz, dilsiz “əsgəri”.

Alman faşistlərinə qarşı döyüşlərdən yaralı qayıtmış İsrafil Məmmədovu 1944-cü ilin payızında qonşu Saraçlı kəndinə gedərkən öz ildırım sürətli qaçışı ilə qaçaqların güllə boranından xilas etmək üçün, görünür, Göy atı allah özü göndərmişdi cəbhədən.

İsrafil Məmədov cəbhədən qayıtdıqdan sonra Saraçlı kəndində kolxoz sədri seçilmişdi. Bir səhər tezdən atamdan Göy atı bir günlüyə ona verməyi xahiş etdi. O, axşam çox həyəcanlı qayıtdı. Və bu dəhşətli hadisəni, Göy atın onu ölümdən xilas etməsini, böyük minnətdarlıq hissi ilə danışdı.

Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur