Süpürgəni Mamara ver

Qırxıncı illərdə Söynalı xan (Hüseynəli xan, Poladdıdandı, əsrin əvvəllərində Bakıya gedib, inqilabi hərəkata qoşulub, M.S. Ordubadinin “Dumanlı Təbriz” romanında adı gedən Hüsüynəli xan onun prototipidir) kolxozun inzibatı binasında xidmətçi işləyirdi.

Onun işi kolxoz sədrinin xoşuna gəlmir. Kişi xaylağı o boyda idarədə nə səliqə-sahman yarada bilirdi ki. Günlərin birində kolxoz idarə heyətinin iclası çağrılır. Gündəlikdə bircə məsələ varmış: Söynalı xanın iş məsələsi. Kolxoz sədrinin göstərişi ilə duran-duran Söynalı xanın işdən çıxarılmasını, onun yerinə Mamarın təyin olunmasını təklif edir. Söynalı xan işin nə yerdə olduğunu anlayır. Axırda dözə bilmir, elə yerindəncə dillənir:

– Canım, bi nə həngamədi açırsınız, boş bir şeydən ötrü camaatın başını xarab eləyirsiniz. Belə işdən ötrü də bravlenni çağırarlarmı? Elə bircə kəlməynən deyərdiniz ki, ay Söyün xan, süpürgəni Mamara ver, mən də verəydim…

 

Qəbrstanlığa gəlmişəm

Cabbarın qənsəsinə xeyli adam toplaşmışdı. Payızın son ayı ola, bayır-bacadan da iş qurtara, əlbəttə ki, söhbət (Faxralıda yaşlı kişilər söhbətə gap deyirlər) saqqız kimi uzanasıdı, şər qarışana kimi də çəkəsidi.

Cabbarın qənsəsi ayrı aləmdi. Yalan olmasın, dünyanın dürlü-dürlü problemləri də burda müzakirəyə çəkilir, “həll olunur”, xırda məişət dedi-qoduları da. Nə isə, toplaşanlar görürlər ki, Namaz Ayvazov da bura gəlir. Biri deyir ki, gəlin onun hazırcavablığını sınağa çəkək: Onsuz da salam verəcək, heç kim onun salamını almasın, görək nə eyləyəcək. Maraq xətrinə bu təkliflə hamı razılaşdı.

Namaz yaxınlaşır. Adəti üzrə bir anlığa dayanıb toplaşanları süzür. Heç kimdən şübhələnmir, kəmali-ədəblə salam verir:

– Salam-əleyküm!

Dillənən olmur. Namaz güman eyləyir ki, onun salamını eşitdəyiblər. Bir də salam verir:

– Salam-əleyküm!

Yenə dillənən olmur. O, işin nə yerdə olduğunu anlayır. Əlini üzünə çəkib salavat çevirir:

– Bissimillah! Mən də elə bilerəm ki, Cabbarın qənsəsindəyəm. Sən demə, qəbrstanlığa gəlmişəmmiş!…

 

Bu yandan o yana “Salam-əleyküm!”

Aradan beş-altı gün keçir. Namaz yenə Cabbarın qənsəsinə gəlir. Ayaq saxlayıb toplaşanları süzür. Görür ki, o gün salamını almayanlar da var, başqaları da. Əli ilə ”təzələr” olan tərəfi göstərib deyir:

– Burdan o tərəfə salam-əleyküm!..

 

Birədən qan alıb filə vurmazlar

Hətəmin oğlu Mübariz motosikletlə İmirhəsən kəndinə tərəf gedirmiş. Gilliyin burnunda görür ki, bir yük maşını dayanıb, sürücü də maşının yan-yörəsində narahatlıqla gəzişir. Güman eləyir ki, maşın xarab olub. Kömək eləmək məqsədi ilə motosikli saxlayıb sürücüyə yaxınlaşır – Lələ Söyünüymüş.

– Nooluf, ay Söyün dayı? – Mübariz qayğıkeşliklə soruşur.

Lələ Söyün sevincək:

– Yaman yerdə axşamlamışam, bajoğlu. Maşının benzini qurtarıf. Maa bir-iki litir benzin ver, kəndə kimi gedə bilem, – deyir.

Mübariz gülümsünür:

– Ay Söyün dayı, dünya görmüş adamsan, heç eşidibsənmi ki, birədən qan alıf filə vururlar?..

 

Bunların atasına rəhmət

Hətəmin oğlu Mübarizin evi kəndin qəbrstanlığına bitişikdi. Günlərin birində Qarıv oğlu Oruc oğlu Bahaddin onunla zarafat eləmək istəyir. Camaatın gur yerində onu yanılayıb soruşur:

– Ay Mübariz, sən öz canın, düzünü de, ölülərnən nə təhər qonşuluq eləyirsən? Qorxmosanmı?

Mübariz də Mübarizdi axı, dünyasında sözə gəzinməyib:

– Ay Ziyəddin lələ, belə şeydən ötrü nə and veresən. Ölülərin atasına min rəhmət, çox rahatdılar. Sizlərdən maa ətər-xataf toxunmasın, onlardan çəkinmerem…

 

Medomost məsələsi

Yetim Əhməd kolxozun camışlarına qulluq eləyirdi. Allahdan olan kimi, həmin il qış çox sərt keçir. Bir gün alaf tamam qurtarır. Eşikdə qar dizə çıxa, heyvanlar ac, canıyanan da malabaxan ola, onda gör işin harasıdı. Camışlar acından axur gəmirir, böyürtüləri fermanı başına götürür. Səbri daralan Yetim Əhməd qar tığını dizləyə-dizləyə düz gəlir qənsələrə. Qaranəfəs girir kolxoz sədrinin kabinetinə. Əlüstü salam verib deyir:

– A Binnət müəllim, comuşdar ajınnan axur gəmirer. Belə getsə qırılajaxlar. Axırda da günahkar mən olajam. Ferma müdürünün nə vejinə, öz kefindədi. Ona deməkdən can boğaza yığılmışam. Əmr elə, alaf yollasın. Mənim də canım dincəlsin, comuşdarın da.

Binnət müəllim eynəyini düzəldib ağır-ağır dillənir:

– Əhməd dayı, bir-iki gün də səbr elə, təzə tayanın başı açılacaq. Vedomost tutub göndərərik.

Əhməd kişini od götürür:

– A sədr, nə danışdığındı? Qara comuş nə qaner vedomos nədi? Ona alaf lazımdı, alaf!..

 

Halalım olsun!

Yetim Əhmədin kiçik boylu, xırda sümüklü bir atı varıydı. Onu elə “ Gödək” deyə çağırırdı. Bir dəfə çaydan keçəndə sel-su atı aparır. Kişi yandığından bilmir nə desin:

– Get, a Gödək, get! İşdətdiyim də halalım olsun!

 

Ay dirildin haa!

Qırğa Bayramla Qara Bayramın möhkəm zarafatları varıydı. Həm də bərk dostuydular.

Qara Bayram ağır xəstəliyə düçar olur. Təbib-loğman onun xəstəliyinə çarə tapa bilmir. Bir axşamüstü Qırğa Bayram yenə qonşusunu yoluxmağa gedir. Otaqdakılar onu xəstənin yatdığı çarpayının yanına dəvət edirlər. Qırğa Bayram xəstənin “alt çənəsini kəsdirir” onu diqqətlə, uzun-uzadı süzür. Sonra içini arıtlayıb xəstəyə sarı əyilir:

– A Bayram!

Qara Bayram canını dişinə tutub dillənir:

– Haa!

– Ayə, məni tanıdınmı?

Öz canının hayında olan xəstə başını azca yana əyir, onu söhbətə çəkən adamı qıyğacı süzür. Dodaqları azca qaçır:

– Tanımadım.

– Kiməm?

– Kim olasısan, Şota döyülsənmi?

Qırğa Bayram eşitdiklərinin zarafat, yoxsa gerçək olduğunu anşıra bilmir. Adaşının xasiyyətinə yaxşı bələdiydi axı. Üzünü yana çevirib pıçıltıyla:

– Bu tanımaqla ay dirildin haa! – deyir.

Otaqda xəfif bir pıçıltı dolaşır…

 

İçəcəyəm!

Qara Allahyar spirtli içkilərə, əsasən də arağa meyilli adam olub. Oğul-uşağı, nəslin ağsaqqalları nə illah eləyirlərsə Allahyar şakərindən əl çəkmir ki, çəkmir. Axırda son çarə kimi onu Qurana and içdirməyi qərara alırlar:

– Sən xoşa-xoşnan içkini atmadın. Nə ağsaqqal saydın, nə qarasaqqal. İndi ki, belə oldu, qusullanıb Qurana əl basajaxsan. Səni içkidən tərgitməyin yolu budu!

Bu əhlikef kişi bir anlığa duruxur. Qurana and içməyin nə demək olduğunu yaxşı dərk eləyirdi:

– Allahınız olsun, maa belə zulum eləməyin, – deyə xahiş eləyir.

Onun xahişinə, yalvarışlarına məhəl qoyan olmur. Allahyarın əlacı kəsilir. Bir qədər fikirə gedib dillənir:

– Yaxşı, siz deyən olsun.

Qara Allahyar hamamlanır, qüsullanır. Gecdən-gec otağa daxil olur. Hamı sakitciliklə onun hərəkətlərini izləyir. Bir müddət keçir. Allahyar otaq boyu göz gəzdirib onu bu günə salanları tərs-tərs süzür. Və… şəstlə irəli gəlir, Quranı öpüb gözünün üstünə qoyur:

– Allah hamınızdan razı olsun, maa, mənim ailəmə canınız yaner. Əziyyət çəkib gəlifsiniz. Qurana əl basmağa da sizin xatrınıza razı oldum. Qulaqlarınızı açıb eşidin: bu Qurandı, bu haqqı, içəjəyəm. İnnən belə özünüzə, nə də maa zülüm eləməyin…

Qeyd: Bu əhvalatı Hallavarın oğlu Yusiflə bağlı olduğu da söylənilir.

 

Daa limonad verin

Hümbət öyünün (əslində Balaməmmədlinin) Məhəmmədin yaşa dolmuş vaxtlarıydı. Kişi qəflətən xəstələnir. Həkimlər ona spirtli içki içməyi qadağan eləyir. Araq-çaxıra nə qədər meylli olsa da Məhəmməd kişi məsləhətə boyun əyir – içmir.

Nəslin ağsaqqalı kimi Oqtayın nişanına onu da aparırlar. Qalayçıların Paşa adına layiq süfrə açır.

Yeri gəlmişkən,

İsmayıl kişi qudası Paşaya deyir ki, bizimkilər çox yeyəndi, ət-filan öz yerində, axşam da göy-göyərtini bol elə…

Yemək-içmək başlayır. Aşıq da məclisdəkilərin könlünü açır. O illərdə limondan hazırlanan “Limonnaya vodka” da varıydı və rəngi limonaddan qətiyyən seçilmirdi. Məclisin şirin yerində Məhəmməd kişi üzünü cavanlara tutub:

– A bala, maa limonad verin, – deyir.

Namaz ilə Şəmil gözləşir. Kişiyə limonad əvəzinə bir çappa stəkan “Limonnaya vodka” verirlər. Məclisdəkilər, elə Məhəmməd kişinin oğulları da hardan biləydilər ki, onun içdiyi limonaddımı, araqdımı. Məhəmməd kişi arağı limonad əvəzi içir. Təbii ki, heç kim heç nə unamır.

O, bu minvalla cavanlardan üç dəfə limonad istəyir. Cavanlar da ona hər dəfə limonad yox, araq verirlər. Məclisin sonuna yaçxin Məhəmməd kişi bığlarına ötəri bir qumanda verib ağır-ağır deyir:

– A bala, canınız sağ olsun, çox razıyam. Maa daa limonad verin…

 

Qapıma atnan gəlmə!

Obexe Vəliynən (Vəli Budaqov) Hümbətoğlu Məhəmməd möhkəm dost idilər. Bir-birlərinə qohumluqları da çatırdı. Aralarında xeyli yaş fərqi olsa da söhbətləri tuturdu.

Bir ili qış çox sərt keçir. Camaatın ot-alafı azalır. Hamı mal-qarasını birtəhər yaza çıxartmaq üçün alafını qənaətlə işlədir. Camaatın imkanı olsa da bu “ağ qarda, göy buzda” dağ kəndlərindən ot, aşağı kəndlərdən tay gətirmək çox çətin olardı.

Obexe Vəlinin də mal-qarası ot-alaf sarıdan korluq çəkir. Vəziyyətdən çıxmaq üçün ayrı çarə tapa bilmədiyindən hər axşam atını minib gəlirmiş Hümbətoğlu Məhəmmədin evinə; Vəlinin gözləri alıbmış ki, qohumunun hələ başı açılmamış bir ot tayası da var. Vəli hər axşam atını həmin ot tayasının yanına bağlayar, özü evə keçərmiş. Allah verəndən yeyib-içərmişlər. Bir gün Məhəmməd kişi fıkir verib görür ki, ot tayasının bir böyrü tamam-kamal yeyilib, taya yıxıl-ha-yıxıldı. “Obexenin atın1n işidi” – pıçıldayır. Səhərisi gün şər qarışan vaxtlarda doqqazlarına çıxır ki, Vəliynən yolda qarşılaşsın. Belə də olur. Məhəmməd kişi salam-kalamdan sonra ağır-ağır dillənir:

– A bala, a Vəli! Bilersən ki, xatrını çox isdiyirəm. Hər axşam başınnan beş kişi gətir, yeyin-için, burun-damaq eləsəm kişi döyüləm. Ama bir də bizə atınla gəlmə.

 

Çoxdan “moqida” oluf

Davanın ağır vaxtlarında “Qara kağız”lar gündə neçə evin qapısını döyürdü, neçə ocaq söndürürdü. Buna baxmayaraq, camaat yenə bağrına “daş bağlayıb” kolxozun işini aşırırdı, işdən vaxt eyləyib öz həyət-bacasını da becərirdi. O illərdə uşaqlar da yaşlarından qabaq böyüyürdü; hodağa gedirdilər, dərz bağlayırdılar…

Hümbət oğlu İsmayılın bacısı oğlu Ələkbər (Uzun Ələkbər) də davadaydı. Anası çətinlik çəksə də hər əzaba qatlaşıb ailəni birtəhər dolandırırdı. İri cüssəli oğlundan xeyli müddət kağız almır. Ananın ağlına min cür fıkir gəlir, rahatlığını itirir. Bir gün obaşdan toxdaqlıq adına qardaşı İsmayılın evinə gedir.

– A bajı, belə tezdən xeyirdimi? – İsmayıl narahatlıqla soruşur.

– Ay Simeel, Balaxanım doluxsunmuş halda dillənir. Canım od tutub yaner, ay Simeel. Ələhvərdən beş aydı kağız gəlmer.

İsmayıl kişi demisini odlayıb bir qullab vurur, acıqlı-acıqlı:

– Aaz, Qızıl qayada Ələhvər yekəlikdə fısdıx ağacı yoxdu, ondan nemesin gülləsi boşa keçməz. İndi oğlun çoxdan “moquda” (gürcü dilində ölüb deməkdir) oluf. Mən də deerəm görəsən bu tezdən atıla-atıla nəyə gəlif. Get o biri uşaxlara göz-qulağ ol!..

 

O da sənin kimi it döyülmü?

Hümbətoğlu İsmayıl təzə çarıq tikdiribmiş. Axşam evə gələndə soyunub çölə qoyur ki, iyisi-qoxusu dağılsın,

Əmisi uşaqlarının – Kök Namazın oğlu Səmədin, bir də Məhəmmədin hərəsinin bir səmə iti varıymış. Bu itlər gecə İsmayıl kişinin çarıqlarını aparır – hərəsi bir tayını. Məhəmməd kişinin iti çarığı didik-didik eləyir, Səməd kişinin iti isə çarığa toxunmur, elə həyətə atır.

İsmayıl kişi səhər durub görür ki, çarıqları yoxdu. Malı itənin imanı itər – deyiblər. Kişinin gümanı min yerə qaçır. Çarığı axtarırlar; orda çarıx, burda çarıx – gördüm deyən olmur. Nəhayət, bir tayını Səməd kişinin, o biri tayını isə Məhəmməd kişinin qapısından tapırlar. İsmayıl kişi əl ağacını götürüb düşür Məhəmməd kişinin itinin üstünə:

– Səmədin iti də sənin kimi it döyülmü? Niyə o tamahını boğub çarığa toxunmur, sən onu didik-didik eləyirsən?..

 

Bir qav ətdən iki qav sümük

Hümbətoğlu İsmayılı toya çağırırlar. Bir qayda olaraq “Cağrılan yerə ar, çağırılmayan yeri dar” eləməyən İsmayıl kişi gedir toya. Sabahısı gün dilixuruşdunun biri bu ayar ağsaqqaldan soruşur ki, toy necə keçdi. İsmayıl kişi üz-gözünü turşudub cavab verir;

– Pis keçmədi, a bala, ama bir qav ət vermişdilər, iki qav da sümük çıxdı.

 

Bəlkə əmim ölör?

Balaməmmədlinin Allahverdi kişi yaşı 120-ni haqlayanda ölüm döşəyinə düşür. Kişinin sağalacağına güman olmadığından ehsanlıq üçün bir inək alıb qardaşı oğlu Musaya tapşırırlar ki, otarsın, kişi keçinəndə kəssinlər. Allah vəkili, Musa heç nə demir. İnəyi örüşə aparır.

Bir ay keçir, ay yarım keçir, Allahverdi kişi ölümə təslim olmur. Musa da ki inəyi otarır, Günlərin birində gün çeşt yerinə qalxmamış inəyi örüşdən qaytarıb evə gətirir. Onu təəccüblə süzənlərə köntöy-köntöy baxıb acıqla: – Nəyə baxersınız? Bəlkə heç Allahverdi əmim ölmör, mən bu inəyi havağa kimi otarajam? – deyir.

 

Əngimnənmi vuroydum?

Əhmədin rəngi-rufu Güləsəri “açmır”. Hələ desən bir az qorxur da:

– A kişi, nooluf? Əhməd özünü birtəhər taxtın üstünə salır:

– Arvad, çaqqal “paqq” elədi, ürəyim “taqq” elədi, qorxmuşam.

– Bə niyə vurmadın? Ay rəhmətdiyin qızı, belimdə qatar, çiynimdə tüfəng, əlimdə qəmə, əngimnənmi vuroydum? – deyə acıqlanır.

 

Tülkününkü bir allaha qalıf

Kəndin çıxacağında Dəmirçi Əlləznən rastlaşan Molla Bayram marağını gizlədə bilmir:

– Nooluf, Hara belə, uğur ola?

Dəmirçi Əlləz soyuqqanlıqla dillənir:

– “Köndələnnər”də tülkü görmüşəm. Yuvasını da bələdləmişəm! Onu tutmağa gedirəm.

– Bu nə yarax-yasaxdı? Elə bil döyüşə gedirsən.

– Bu, köşəndi, qavaxcax tülküyə tüsdü verəjəm, çıxdı ki, cıxdı. Çıxmasa yuvanın ağzını qazmıynan qazajam, belnən genəldib torpağını atajam. Onda tülkü çıxmağa məcbur olajax. Sonra bu tüfəngdi, tülkünün canıdı.

– Pahoo! Daa denən ki, tülkününkü bir Allaha qalıf, –  deyə Molla Bayram gülümsünür…

 

Bu gələn kimdi?

Arıx Söyün arandan Qaraxaç yaylağına gəlirmiş. Onun mindiyi atı qan-tər içində görən Nədir (Şair Nəbinin oğlu) özünü saxlaya bilmir, bədahətən deyir:

Ayə, bu gələn Arıxdımı,
Ayağında çarıxdımı?
Altındakı yağır yavı,
Böyründəki nöyüt qavı,
Nə minifdi çərrəmişi
Baldırları qırıxdımı?..

 

Sənin xəstən olmaram

Payızın yaraşığı, şırqası toylardı. Faxralıya payız gəlmişdi; payız murazlıların fəslidi.

Toyların lala vaxtıydı. Əl-ayaq çöl-bayırdan yığıldığından toylar şamartılı keçirdi. Payızın sərinliyi, qorxacaq küləkləri toy damlarının hərarətini azalda bilmirdi. Sazlı-sözlü mağarlar ahıla da, cahıla da könül xoşluğu verirdi.

Mahmıddarın Şamilin qızının toyuydu. Allahdan olan kimi, toy ərəfəsində İlyaz müəllim (Ayvazov) xəstələnir, kəndin xəstəxanasında müalicə olunur. İlyaz müəllim “Nə olur-olsun toya getməliyəm, getməsəm qaranoyun xatrına dəyər”, – düşünür və kənd xəstəxanasnın baş həkimi Şərif Ayvazova heç nə demədən toya gedir…

Şərif həkim görür ki, əmisi oğlu İlyaz da toydadı. İş işdən keçmişdi, daha nə deyəsiydi ki, İlyaz müəllim hər ikisinin qohum olan Vəkil həkimlə yanaşı oturur. Bu, Şərifin diqqətindən yayınmır, müalicə olunan əmisi oğlunun araq-çaxır içəcəyindən ehtiyatlanır. Uzaqdan-uzağa da olsa deyir ki, ay İlyaz əmi,..birdən içib eləyərsən, haa! İlyaz müəllim:

– Yox, ay Şərif! Özüm bilirəm ki, iynə-dərmanla içki tutmur. Narahat olma, içmərəm, deyə Şərif həkimi arxayınlaşdırır.

Dörd yanın dost-tanış ola, arəstə məclis ola, aşıq da ki, duyğu. larına sığal çəkə, içmə görüm necə içmirsən. Bunu Şərif də hiss eləyir:

Ay İlyaz əmi, deyəsən yavaş-yavaş Vəkilin fitvasına gedir– sən…

Belə xatırlatma bir neçə dəfə təkrar olunur. İlyaz müəllim “kefi durulanda” dözə bilmir:

Nə zəhləmi tökürsən? Xata eləmədik ki, sənin xəstəxanana gəldik. İndi də sənin xəstən olmuram, Vəkilin xəstəsi oluram. 0 da sənin kimi bir həkimdi!..

 

Qara gəl, Yaylax!

Xosuroğlu Hümbətin qızı Dilbər Həcərin qızı Rozanın bacılığı idi. Rozanın toyuna az qalmış Həcər xala Dilbərin anası Gülxana ismarıc göndərir ki, qızın toyunu eləyirik, yaylıx tədarükündə ol.

Təzə bəy Qumbara ayamalı Məmməd idi. Xəbəri eşidəndə Xosuroğlunun “urvası uçur: “Öydə mer-meyvə, qampet-qalet yox, civdə də pul. İndi mən başıma haranın daşını salem?” Ümidi qapıdakı iki-üç arabalıq oduna gəlir.

Xosuroğlu öyrənir ki, sabah Şamratdının Əziz, Qasımıllının Rusdam, Xudatdarın Elman Sarvana odun satmağa gedirlər. O da qonşularına qoşulur. Səhər işıqlaşar-işıqlaşmaz yola düzəlirlər.

Xırda-xırda yağan yağış da onları uğurdan saxlaya bilmir.

İmirhəsənin çayını keçməli idilər. Əzizin arabası keçir, Elmanın arabası keçir, Xosuroğlunun arabası keçəndə su güclənir. Xosuroğlu nə illah eləyirsə, at yeyinləmir. Su arabanı atqarışıq, ağzına alır. Özü bir təhər sudan çıxır, hirsindən-hikkəsindən bilmir nə eləsin. Gücü qurucan sözə çatır:

– Qara gəl yaylax! Öyün yıxılsın, Qumbara! Ayə, a zalım oğlu, beş-on gün də savır eləsən dədənin küməsimi qaralacaqdı?..

 

Onlar da adamdı

Söyünquluların Yetər Bakıya – oğlu Hüseynqulunun evinə gəlibmiş. İş elə gətirir ki, nəvəsi Elxanın Şəki rayonundan olan dostu iki-üç gün dalbadal onlara gəlir. Bir dəfə Yetər nənə kirmişcə Elxandan soruşur:

– A bala, bu oğlan Faxralıdan kimlərdəndi?

Elxan cavab verir ki, ay nənə, bu oğlan Faxralıdan deyil, Şəkidəndir.

Yetər nənə qonağı diqqətlə süzür, mehribanlıqla dillənir:

– Neynək, a bala, neynək. Heç zad olmaz. Onlar da adamdı.

 

Fərqimiz yoxdu

Quvuş öyünün Tahar araq-çaxıra, kefinin duru vaxtı qumar oynamağa da meylli adamıydı. Siqaret çəkmək də ki, öz yerində. Əmisi Alaxançal Hasanla maması Əsmər sözü bir yerə qoyurlar ki, Taharı içki içməkdən, qumardan, lap elə siqaretdən də çəkindirsinlər; Tahara and içdirməyi qərara alırlar. Tahar çarəsiz qalıb qurana əl basır ki, bir il nə içki içəcək, nə qumar oynayacaq, nə də siqaret çəkəcək…

Günlərin birində Əsmərin qızı Bənövşə Arxacın üstündə Taharla qarşılaşır. Hal-əhval tutduqdan sonra Bənövşə canıyananlıqla soruşur:

– A Tahar, ağrın alem, nə təhərsən?

Elə bil Taharın döyənəyini basırlar. Təsbehini çevirə-çevirə candərdi gülümsünür, köksünü ötürüb deyir:

– Nə təhər olajam, a Bənöyşə bajı? Bu saat sənnən maa heç tavoot yoxdu. Mən də sənin bir tayın.

İçməmişəm, yimişəm

Taharın qadağa müddəti qurtarır. Yenə başlayır yeyib-içməyəı tay-tuşlarıynan xoş günlər keçirməyə. Qohum-əqrəba, ərki çatanlar onu yenə danlayıb, məzəmmətləsə də bu dəli-dolu cavan şakərindən əl çəkmir ki, çəkmir. Ona yenidən and içirdirlər, yena Qurana əl basır ki, bir il nəinki araq-çaxır, heç pive də içməyəcək.

Günlərin birində Tahar dəmlənir. Məhləyə pıçıltı düşür ki, bəs, Tahar andını basıb – piyandı. Bu xəbəri əmisi Hasan da eşidir, Əsəbdən kişinin var bədəni titrəyir. Çəpəri o üzə aşıb Taharı “axtaxanın genindən salıb, darından çıxardır”:

– Ayə, qurumsax! Quran saa oyur-oyuncaxdımı? And içmişdin ki, içmiyəssən, bə nooldu?

Tahar bu xəbəri əmisinə çatdıranın “yeddi arxa dönəninə” söyüb yazıq-yazıq dillənir:

– Ay Hasan əmi, vallah içməmişəm.

Hasan kişini od götürür:

– Nejə yanı içməmişəm, görmörəmmi ki dilin söz tutmor, ayağ üstə durammesan!

– Vallah içməmişəm, ay Hasan əmi, yimişəm. Bir litr çaxırı cəmə boşaldıf içinə əppək doğradım, qaşıxlıyıf yidim. Onun dəmliyidi…

Alaxançal Hasan bu cavabdan sonra Tahara nə deyəsiydi ki?..

 

Heç Allah qavıl eləməsin!

Usuv öyünün İsrafilin doqqazının qənşərində balaca bir tikili var. Adına “Ojax” deyirlər, yəni pir, niyyət yeri. Diləyi, niyyəti olanlar bu ojağa nəzir deyir, niyyəti yerinə yetənlər gətirib ora nəzir-niyaz qoyur.

Quvuş öyünün Tahar Qurruşa gedirmiş. Yolu Ojağın yanından düşür. Gözünə Ojaxda bir parıltı dəyir. Ayaq saxlayıb baxır xırda pullarıymış. Yaxınlaşıb götürür: 13 qəpik. O illərdə bir paçka “Prima”nm qiyməti 14 qəpiyiydi. Tahar acıqlı-acıqlı deyinir: – Heç Allah qavıl eləməsin. Bəs bunun 1 qəpiyini hardan alem ki bir paçka “Prima”ya çatsın?..

 

İçindən komsomol çıxar

30-cu illərin əhvalatıdı. Qara öyünün Bayramın könlünə un xaşılı düşür. Bilənlər bilir ki, un xaşılı bir az gec əmələ gələn xaşıldı. Mütəkkəyə dirsəklənmiş Bayram kişinin səbri daralır: “Nooldu, hazır olmadımı?” Arvadı xəmirli oxlovu göstərib deyir:

– Amanın qırıldımı? Görmösənmi hələ qarışdıreram!

Bayram kişi bığaltı gülümsünür:

– Bir az yavaş qarışdır, a patavasızın nüəsi, birdən içindən komsomol çıxar.

Çuxasını çiyninə atıb məhləyə çıxır çənə söhbətinə.

Səhərisi gün Bayram kişini qənsələrə çağırırlar. Kişi o gedən olur…

 

Torpaxla getsin!

Molla Asdan (ona Aslan Allahverdiyeviç də deyirlər) qəbristanlıqda baş daşlarının birinin üstündə oxuduğu “Yasin” surəsini xətm eləyib tələsik addımlarla qazılan qəbrin yanına gəlir. Dəfnin ləngidiyini görüb təəccüblə Molla Mustafanı (Əlizadə) süzür. Molla Mustafa onun nə demək istədiyini başa düşüb pıçıltıyla: “Meyid torpağa tapşırılandan sonra “Yasin” oxuyajam. Onda meyid qəbirdə qalxıb oturajax. Qəbir dayazdı, meyid oturanda başı qəbirin üstünə düzülən piltələrə dəyəjək. Qoy qəbri dərinləşdirsinlər”,– deyir.

Molla Asdan acıqlanır:

– Qəribə adamsan, vallah. Oturanıydısa öz xarabasında oturaydı, burda nə azar1 varıydı! Torpaxlat getsin!…

 

İki-iki ölərik

Dili xuruşdunun biri Molla Asdandan soruşur ki, dolanışın necədi. Molla Asdan köksünü ötürüb dillənir:

– Çətindi. Ayda bir adam ölür, bunnan nə təhər dolanım. Həmsöhbəti gülümsünür:

– Qəm eləmə, Asdan kişi. Sənin xətrinə daha iki-iki ölərik. İkisi də şaqqanaq çəkib gülür.

 

Kərki əhvalatı

Məmmədin kərkisi itir. Orda kərki, burda kərki tapılmır ki tapılmır. Kişini dərd götürür. Günü gündən saralıb- solur. Arvadı ərinin halını görüb ona təsəlli vermək istəyir:

– A rəhmətdiyin oğlu, bir kərki nəmənədi ki, ondan ötrü bu qədər dərdə-fərcə düşüfsən. Bir-iki günə kimi pensiyamız gələr, təzəsini alarsan.

Məmməd dərindən köksünü ötürüb ağır-ağır:

– Arvad, sənin belə işlərdən başın çıxmaz deyir. – Dərd kərki dərdi döylü, qorxoram xam adamın əlinə keçə, tərsinə bülöylüyə…

 

Özünüz nə qədər yeyifsiniz?

Allah Qumbaraya gözəl iştah vermişdi. Yeniyetmə vaxtlarında nə qədər yemək versələr də yenə gözünün pisini tökürdü: “Maa az verifsiniz”. Onun bu xasiyyəti ailədə hamını təngə gətirmişdi ·

Bir gün Qumbara mal sirəsinə gedir. Həmin gün anası bir cücə kəsir. Zavallı arvad canının dərdindən onun payını çox eləyir ki, axşam qulaqları dinc olsun. Qumbara maldan qayıdanda payını görüb yenə ağlamsınır.

– İndi nooluf, a ağlar-mələr qalasan? –  deyə anası onu bir-iki tarpaşdıyır.

– İndidəmi deyəjəksən payım azdı?

– Yox, payım az döyül. Ama maa bu qədər saxlıyanda gör özünüz nə qədər yiyifsiniz – deyə yenə cığallıq eləyir.

 

Getməzsən malın aj qalar

Bir gün Ayvaz öyünün Bayram müəllim yoldaşları Abbas Nuriyev, Abbas Abbasov (Yahalar) və Şükür Həsənov yeyib-içiflər. Dili xuruşdulardan biri Sona xalaya xəbər verir ki, Bayram müəllim filan yerdə filankəslərlə yeyib-içməkdədi.

Gecə Bayram müəllim evə qayıdanda Sona xala onu qaş-qabaqlı qarşılayır, əsibdən coşur:

– Saa yüz dəfə demişəm ki, içmə, içsən də tay-tuşlarınla iç.

Bayram müəllim işi başa düşür. Özünü o yerə qoymur:

– Ağlına gələni danışma. Adam baval yüməz. Binnət, Nədir, Qurvan tay-tuşum döyülmü? Onlarla içmişəm. Sona xala onun sözlərinə inanmır. Bayram müəllim bir az da hirslanir:

– O ki, inanmırsan, bu saat gedif Qurvanı bura gətirəjəm. Qoy, təsdiq eləsin ki, onlarla içmişəm…

Bayram müəllim özünü dayısı Qurban müəllimgilə yetirir, əhvalatı ona danışır:

– Gedək Sonanı inandır ki, sizinlə içmişəm.

Qurban müəllim tərəddüd eləyib getmək istəməyəndə Bayram müəllim kefini pozmadan deyir:

– Ot-alaf istəyirdin. Yerini eləmişəm. Münasib də qiymətə satır. İndi ki, getmirsən, qoy malın ajından qırılsın.

Qurban müəllimin çarəsi kəsilir. Bayram müəllimnən gedib Sona xalanı inandırır ki, bir yerdə yeyib-içiblər…

 

Amanın qırılerimi?

Qaleyçıların Şükür xəstəxanada müalicə olunurmuş. Bayram müəllim xətrini çox istədiyi bu cavan həmkarını yoluxmaq istəsədə işdən-gücdən vaxt tapa bilmir.

Bir gün Qənsələrin qabağında Şükürü də camaatın arasında görən Bayram müəllim şəstlə ona yaxınlaşır, acıqla:

Sən nə təhər adamsan, a Şükür. Amanın qırılerdımı, bir-iki gün də balnisada qaleydın. Savaxda-zadda yanına gələjiydim, – deyir…

 

Saa verəsi ha döyüləm

Avış öyünün (Alğulların) Söynalı (Hüseynəli) çobanıydı. O, kənddə sayılıb-seçilən kişilərdən olub. Ozünü ona nisvənd bilənlər davarını yenə ona etibar eləyir. Söynalı kişi də Əfgərrinin (əslində Dəryahlının) Niyazalı kimi yay girməmişdən yaylağa çıxacaqdı.

Bir gün səhər tezdən qızı açalağ-umalağ özünü yetirir atası evine. Çatan kimi anası Bəstinin (el arasmda Təpə Bəsdisi kimi tanınıb) üz-gözündən öpür. Təpə Bəsdisi qızını təəccüblə süzür:

– Nooluf, bu nə quloyşalıxdı eliyirsən? – deyə Təpə Bəsdisi qızını süzür.

Məlum olur ki, qızı inəklərini ona tapşırmaq fıkirindədi:

– Aranda mənsil yığa bilmiyəjəm. Bizim inəkləri də dağa apar, – deyə anasına yalvarıb-yaxarır. Təpə Bəsdisi bir az nəm-nüm eləyir. Ana ürəyidi, yumşalır, axırda razılaşır…

El arana qayıdanda Təpə Bəsdisi qızına ismarıc eləyir ki, gəlib yağını-qurudunu aparsın. Qızı pay-pürüşnən gəlir anasının yanına. Təpə Bəsdisi ona balaca bir yağ qarını, on-on beş dənə də qurud verir. – Buyy, a ana, üç inəyə elə bucuğazmı?, – qızı təəccüblə anasına baxır. Təpə Bəsdisi onu tərs-tərs süzür, əlini belinə qoyub dillənir:

– Bə nə bilmişdin, aaz? İnəkləri sağan mən, südü ilidən mən, çalan mən, nəhriyi çalxıyan mən, hazır mənsili saa verəsi ha döyüləm!..

 

Adamın ağzını çaparlar

Hallavar kişi 50-ci illərin əvvəllərində qonşu kənddə çobanıymış. Niyəsə qardaşı oğlu Haley də yanındaymış. Kənddən süzülüb gələn “Güləşəngi”nin çılğın sədası 12-13 yaşlı uşağı “silkələyir”. Onun umacaqlı baxışları əmisinin nəzərləri ilə toqquşur. Hallavar kişi bığaltı gülümsünür…

Xeyli vaxt keçir, Haley qayıtmır. Hallavar kişi narahat olmağa başlayır. Eləmə tənbəllik, qoyunları Allah umuduna qoyub özünü toyxanaya yetirir. Gəlib nə görsə yaxşıdı? – Haley meydanına çıxanı süpürləyib salır dizinin altına. Yıxılanlar aranı qatıb “qayışbaldır qarabalanı” əzişdirmək istəyəndə Hallavar kişi əl atır sırıxlısının altına, xəncərini çıxardıb tiyəsi ilə cığalların da, onlara havadarlıq eləyənlərin də ağzına vurur:– Ayə, qırışmallar, nə qayırdığınızdı? Bə demirsinizmi adamın ağzına çaparlar?!

 

Arvad, səni kursa yazıflar…

30-cu illərdə ortabab bir qulluq yiyəsinin də arvadını savadsızlığın ləğvi kursuna yazırlar. Beş südəmər körpəsini güc-bəlaynan saxlayan ana kursa getmək istəmir. ÇK-da kişiyə necə təppəcə gəlirlərsə, yazıq dili-dodağı təpimiş özünü yetirir evlərinə. Həyəcandan mətləbi qoşma ilə açıqlayır:

Səni kursa yazıb əli qurumuş,
Köhnədən-köşküldən geyin get, arvad!
Getməsən dərimə saman təpərlər,
Bir az əlli tərpən, yeyin get, arvad!…

 

Heç zaddan ötrü çıxartdılar

Keçəl oğlu Məhərrəm kənd Sovetinin sədri idi. Əlinin altında fırrama telefon, belində tapança, zəhm də ki öz yerində. “Selsovetin sözü zakondu” Keçəloğlu belə düşünürdü.

Günlərin birində yenə nalox yığanları danlayır, məsləhət, göstəriş verirdi. Elə bu zaman qoruqçulardan biri hövlnak içəri girir:

– Ay Məhhərrəm dayı, qonşu kəndin üç qoluzorlusu qoruğu otarer. Məhərrəm kişi bərk hirslənir:

– Necə yəni otarer? Bə sən nəyə lazımsan? Niyə çıxartmesan?

– Məni saymadılar, hələ üsdümə şeşələndilər də.

– Get denən çıxartsınlar, yoxsa axırı pis olar.

Qoruqçu gedir. Aradan bir müddət keçəndən sonra qoruqçu qayıdıb gəlir. Məhərrəm kişi tələsik soruşur ki, nooldu, mal-atı qoruqdan çıxartdılarmı?

Qoruqçu yazıq-yazıq:

– Yox, ay Məhərrəm dayı, çıxartmadılar. Üstəlik məni hədələdilər də.

Keçəloğlu Məhərrəm alnını ovuşdurur. Üzünü kuryerə tutub aclqla “Atı qapının ağzına çəkdir!” – deyir və pencəyini geyinib kabinetden çıxır.

…Bir gün camaat görür ki, Keçəloğlu Məhərrəm kabinetində oturmur. Dili yüyrəklərdən biri kişini sorğuya çəkir:

– Ay Məhərrəm dayı, savaxdan fıkir vererem, niyə kabinetinə getmersən?

Məhərrəm kişi bığaltı gülümsünür:

– Məni işdən çıxardıflar, a bala.

Camaat maraqla soruşur: – Niyə, a kişi? Kimin “qatırını hürküdüfsən?”

Məhərrəm kişi halını pozmadan dillənir:

– Heç zaddan ötrü. Bayaqkı dildən zirək oğlan söhbətin axırına çıxmaq istəyir.

– Elə işmi olar, ay Məhərrəm dayı? Heç zaddan ötrü də adamı işdən çıxardarlarmı?

Oğlanın sözləri Məhərrəm kişini haldan çıxardır:

– Nə qırsaqqız adamsan, ayə! İndi mən boyda kişi saa yalan ha danışası döyüləm. O günü qonşu kənddən qoruğumuzu otaran ikicə adamı öldürmüşdüm, ondan ötrü mən boyda adamı işdən çıxartdılar. Bu, boş şey döylü, bəs nədi? O kəndin iki dılğırından ötrü mən boyda kişini işdən çıxardan hökumətin başı boşdu, boş!..

 

Aylığı çağırmağa görə  aler

Xosuroğlu Hümbət səhər biçinindən gəlibmiş. Çay-çörəyini yeyib kolxozun biçininə getməli idi. Bu ara Duzdaxlı bulaqdan onu səsləyirlər:

–Ay Hümbət! Ay Xosuroğlu Hümbət!

Xosuroğlu eşitsə də dillənmir, xörəyini yeməyə davam edir. Yenə çağırırlar, yenə dillənmir. Arvadı Gülxan elə güman eləyir ki, əri çağırışı eşitmir: – Ay Hümbət! Savaxdan səni çağırellar, bir hay versənə?!

Xosuroğlu loxmasını udur, halını pozmadan dillənir: – Dəmirpapaxdı, hökumət ona aylığı elə adam çağırmağa görə verer. Qoy çağırsın!…

 

Tapmaca əhvalatı

Dəllək Əsəd ayar adamıydı. Onun incə zarafatlarından heç kim inciməzdi.

Bir gün Qazağ Alının oğlu Nədir üzünü qırxdırmaq üçün dəlləkxanaya gəlir. Atını Musayev İsmayılın dükanının yanındakı ağaca bağlayıb dəlləkxanaya girir. Salam-kalamdan sonra “Ay usta, üzümü qırx, toya gedəjəm”, – deyib papağını çıxardır.

Dəllək Əsəd Nədirin üzünü yenicə sabunlayıbmış ki, Aşağı təsərrüfata tərəf bir traktor keçir. At xəflənir, kəndiri qırıb üzü yuxarıya tərəf qaçır. Dəllək Əsəd gözlərini atın qaldırdığı tozanaqdan çəkib müştərisindən soruşur:

– A Nədir, tappa nədi,

Traktor tırr,
At kəndiri qırr,
Daşdı buruna tərəf cırr!

Nədir bu çalpaşıq tapmacadan heç nə anlamır:

– Nə bilem nədi, a rəhmətdiyin oğlu, əlində işini gör.

Dəllək Əsəd dillənmir, müştərisinin üzünü qırxıb qurtarır. Nədir ayağa qalxanda gözü ərik ağacına sataşır, atı orda görməyəndə Dəllək Əsəddən soruşur:

– Mənim atım nejoldu?

Dəllək Əsəd gülümsünür: – Nejolajax, bayaq saa dediyim tapmacanın cavabını tapmağa getdi.

 

Qırmızı qarğıdalı qiymata getmer

60-cı illərdə Keçilinin Hümbət (Hakoy Hümbət də deyirdilər) kolxozun qəbristanlığının yanındakı qarğıdalı sahəsinin qarovulçusu idi. Bir gün kolxoz sədri Binnət müəllim sahələri gəzəndə Hümbət kişiylə xeyli səmimi görüşür – əmizadəydilər:

– Çətinliyin varmı, əmioğlu? De, kömək eləyərik.

Hümbət kişinin çiyinlərindən sanki dag götürülür, nə vaxtdan bəri ürəyini üzən bir narahatlığı açıb kolxoz sədrinə deməyi qərara al1r:

– Çətinlik budu ki, mənim yerimi dəyişsən, pis olmaz. Elə bundan ötrü məxsusi yanına gəlmək istəyirdim.

– Niyə dəyişmək istəyirsən ki? Binnət müəllim təəccüblə soruşur.

Hümbət kişi papağını düzəldib ağır-ağır dillənir:

– Nə bilem, əmoğlu, deellər bazarda qırmızı qarğıdalı yaxşı qiymata getmer.

Binnət müəllim gülümsünüb uzaqlaşır…

 

Erkəyiniz çox arıxdı

Balamemmedlinin Mirzalı arıq adamıydı. Bu zəhmətkeş kişi əcələ işi olmasa kolxozun işindən qalmazdı…

Mürsəl Alı oğlunun briqadasını sahəyə aparan yük maşını Mollla Qurvanın bulağının üstündə dayananda Şandılın çəpərinin dibində xeyli adam toplaşıbmış. Fudbol Namaz da onların arasmdaymış. Maşının kuzovunda 10-15 qadını, bir də bircə kişini – Mirzalını görən bu ayar adamın dili dinc durmur:

– Uğur ola, hara gedirsiniz?

İşçilərdən biri bu çalpaşıq suala çalpaşıq da cavab verir:

– Ölü yerinə gedirik.

Fudbol Namaz gülümsünərək dillənir:

– Yaxşı yol, gedin, amma erkəyiniz çox arıxdı…

 

Niyə yuxudan oyadersan?

Əfgərrinin Niyazalının zarafatından heç kəs inciməzdi.

Niyazalı kişi xəstəxanada müalicə olunurdu. Bir dəfə tibb bacısı palataya girəndə görür ki, Niyazalı yatır. İynə vurmalıydı. Ona görə də xəstəni oyatmalı olur.

Yuxudan kal duran Niyazalı tibb bacısını təəccüblə süzür:

– Nooluf, a qızım?

Tibb bacısı mülayimliklə dillənir:

– Ay Niyazalı dayı, durun, iynənizi vurum.

Niyazah kişi əsəbiliklə:

– Əşşi, iynə əlində, qolum da burda, vurorsan vur, daa bunnan ötrü məni niyə yuxudan eliyirsən? – deyə cavab verir.

 

Necə ola bilər?

Kolxozun sədri Binnət müəllimin arvadı Gülpəri xalanın hinduşkaları itir. Nə qədər axtarsa da tapa bilmir. Təsadüfən yolda Fudbol Namazı görür:

– A Namaz, bəlkə bizim hinduşqalar sizin qapınıza gəlmiş ola?

Fudbol Namaz bığaltı gülümsünür. Bu sualın nə sual olduğunu anladığından zarafata salıb deyir:

– A Gülpəri bajı, nə təhər olor ki rayonun, şəhərin bütün ağbaşdıları sizə gələ bilər, sizin bir-iki qotur hinduşqanız bizə gələ bilməsin?.

Onu demərəm

Yahaların Usuf kişi Qənsələrin qabağında rastlaşdığı müəllimdən oğlu Şərifı soruşur:

– A məllim, bizim Şərif nə təhərdi?

Müəllimin üzü gəlib xətrini çox istədiyi ağsaqqala “zəif oxuyur” deyə bilmir, fikrini bir qədər yumşaq ifadə eləyir:

– Ay Usuf dayı, bir az çalışmalıdı.

Usuf kişi duruxur. Tez də özünü ələ alıb dillənir:

– Oxumağını demerəm, a məllim, deerəm uşaxdan-zaddan qorxuv-eləmer ki?..

İkisi də gülümsünür…

 

Mən birtəhər gələrəm

Qurban müəllim öz şəxsi “Pobeda”sında rayondan qayıdırmış. Qoçulu yoluna dönəndə maşını saxlayır ki, eloğlularından da üçdördünü kəndə aparsın. Maşın gözləməkdən bezib-yorulanlar itələşə-itələşə maşına doluşur. Qurban müəllim görür ki, iki nəfər də qabaqda, sürücünün yerində oturub. Heç nə demədən maşından düşür və:

– Siz maşını sürüb gedin, mən nəynən olsa gələrəm, – deyir.

 

Xatırınıza dəyməsin

Şamratdının Qiyas ev tikdirirdi. Özü qum dalıyca getmişdi. Arvadı Yasəmən ustalara səhər yeməyi hazırlayır – iki ustaya on yumurtanın qayğanağı. Güman edir ki, ustalar yeməyin hamısını yeyə bilməyəcəklər…

Yasəmən bir də baxır ki, ustalar yeməyin axırına çıxırlar. Dözə bllməyib deyir:

Xatırınıza dəyməsin, qayğanağın hamısını yeyəcəksinizmi?..

 

Nə xeyri?

Alı öyünün İmamalı kənd xəstəxanasına gedir. Xəstəxananın baş həkimi Şərif bu  ayar kişini hörmətlə qarşılayır, hal-əhvalını tutur:

– Noolub, ay İmamalı dayı? Olmasın azar?

Ay Şərif, başına dönüm, gözüm çıxer, maa bir əlac elə, – deyə İmamalı kişi dərdini həkimə danışır.

Şərif həkim tibb bacısına lazımi göstəriş verir. Dörd-beş dəqiqədən sonra İmamalı baş həkimin yanına gəlir. Səsində bir az qəzəb, bir az da giley olur:

– Sən nə təhər doxtursan, ay Şərif. Saa adam kimi dedim ki, gözüm ağrıyır, bu qız mənim qoluma iynə vurur. Qola vurulan iynədən gözə nə xeyir dəyəsidi?

 

Eşidən olmuyuf

Hətəmin oğlu Mübariz bir gün yenə səhər tezdən Qənsələrin qabağına çıxır. Həkim Şərif onu görüb zarafatla deyir:

– Ay Mübariz, hər səhər tezdən bu qədər yolu yuxandan aşağı gəlirsən, yorulmursanmı?

Mübariz gülümsünür:

– Həkim, qadan alem, mənim dərdimi çəkmə. Yuxardan aşağı gələnlərin hamısının geri qayıtmaq imkanı var. Aşağıdan yuxarı gedənlərin geri qayıtdığını nə görən olub, nə də eşidən.

Şərif Mübarizin cavabından sonra nə deyəsiydi ki. Axı, Mübariz yuxarı deyəndə kəndin qəbristanlığını nəzərdə tuturdu.

Mənbə: Rəşid FaxralınınOğuz eli Faxralı” kitabından götürülmüşdür

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur