Şairsən, önündə başımı əyim, 
Gedim Faxralıya səndən nə deyim?
Səadət Buta

Aşıq Orucla (Qasımıllı nəslindəndir) Çıldirlı Aşıq Şenlik arasında bir sənət dostuluğu var idi. Bir gün Aşıq Orucun güzarı yenə Çıldıra düşür. İki sənətkar olanlardan-keçənlərdən danışır, şirin bir ev məclisi keçirirlər. Səhər açılır, hamının üzünə xeyirli sabahlar açılsın, Aşıq Şenlik əziz qonağını seyrangaha aparır ki, dostu bu tərəfləri könül xoşluğu ilə seyr eləsin, ürəyi açılsın…

Aşıq Şenlik vurduğu quşları Aşıq Oruca göstərib yarızarafat, yarıgerçək deyir:

– Əfəndim, mən necə bir kamandaram? Sizlərdə mənim kimi atıcı ovçu varmı?

Aşıq Oruc bu qəfil sualdan çaşsa da özünü itirmir. Aşıq Oruc “Sözün gerçəyini zarafatda deyərlər” – düşünüb gülümsünür:

– Ustad, Sizə çatan olmasa da tətik çəkənlərimiz az deyil…

Vaxt gəlir, vədə yetişir, Aşıq Oruc Aşıq Şenlikdən rüsxət alıb Faxralıya qayıdır.

1913-cü ilin mart ayında Aşıq Şenlik Aşıq Orucun vasitəsilə Yahaların Seyx Səlimin toyunu aparmağa dəvət alır.

Toydan sonra Aşıq Şenlik şəyirdi ilə Molla Mahmud Əfəndinin evində qalası olurlar. Toydan sonrakı ovqat söhbətində Aşıq Oruc Çıldırdakı söhbəti Molla Mahmud Əfəndiyə danışır. Molla Mahmud Əfəndi el təəssübü çəkən kişi olub. O, əlaltından kəndin mahir atıcılarına ismarıc göndərir ki, işıqlaşmamış burda olsunlar, ova gedəcəyik. Ov da elə işdi ki, gərək bənd-bərəni qaranlıq ikən kəsəsən…

Aşıq Şenliyin şəyirdi xoruzların birinci banında bayıra çıxmaq istəyir. Ayağını qapıdan çölə qoyanda həyətdə gəzişən yaraqlı adamları görür. Tez otağa qayıdır, həyəcanla “Ustad, kazaklar evi dövrələyib”, – deyir.

Şəyirdin səsini eşidən Molla Mahmud qonağını sakitləşdirir:

– Ustad, narahat olmaym, uşaqlar ova hazırlaşıb. Siz də bizimlə gedəcəksiniz.

Aşıq Şənlik, deyir:

– Əfəndim, mən sizin yaraqla ata bilmərəm.

Molla Mahmud qanrılıb çiyni üstündən geri baxır:

Dal otaqda yükün dalında zağlı bir Osmanlı beşaçılanı var, onu gətir ver qonağımıza.

Yazağzı olduğundan gözə dəyən qar qalaqları səhərin alatoranında elə bil süd gölüydü. Aşıq Şenliyin ürəyi gördüyü gözəlliklərdən vəcdə gəlmişdi…

Aşıq Şenliyi bərədə oturdurlar:

– Ustad, ov düz qənşərindən keçəcək. Bir qədər sərvaxt ol!

Musa ilə Abbasa da tapşırırlar ki, gözdə-qulaqda olsunlar, Aşıq Şənlik ovu vura bilməsə onlar vursun. De, sürək başlayır. Səs-küy, haray-həşir meşəni başına götürür…

…Aşıq Şənlik onda gözünü açır ki, bir əlik ona yetir-ha-yetirdi. Beşaçılanı atışa hazırlayana kimi əlik başının üstündən süzüb keçir. Aşıq Şənlik əliyin arxasınca baxa-baxa qalır. Abbasla Musa yalı aşmaqda olan əliyi nişan almaq istəyəndə qonaq təəssüflə dillənir:

– Əfəndim, o bir quşuydu, uçub getdi. Güllə hayıfdı, boşuna atmayın.

Aşıq Şenlik sözünü bitirməmiş iki güllə açılır…

…Əlik can verirdi. Onun göz yaşları qonağın ürəyini qana döndərmişdi. Aşıq Şənlik əliyin başını kəsmək istəyənə baxıb:

– Əfəndim, deyir. Bir qədər əl saxla. Qoy bu zavallı heyvanın qulağı eşidə-eşidə beş-üç kəlmə söz deyim, sonra kəsərsən:

GÖRDÜNMÜ

Səfalar seyrangahı binəva ahu,
Sarf qayalar ovgahında durdunmu? 
Sərin bulaq, göy yaylaqlar başında 
Dövran edib zövqü-səfa sürdünmü?

Bahar fəsli gəlib güllər açanda, 
Şəccarlar bar verib budaq atanda, 
Süsən sünbül, tər bənövşə bitəndə, 
Naxışı əlvan nabatdan dərdinmi?

Qanadsız quş idin irsi-çöllərdə, 
Dadına yetmədi əsən yellər də. 
Vəhşilərlə biyabanlı çöllərdə
Kufu orman hasarına vardınmı?

Ballı dərədən qaldırdı Göyü, 
Arzulayıb getdin Böyük günöyü. 
Palıddıda oldun ovçular payı, 
Mələkəlmövt güzarına vardmmı?

Kərim ağa baxıb-baxıb mat etdi, 
Hümbət ikram ilə tutmağa getdi. 
Tüfəngin sədası əflaka yetdi,
Cəngi qurmuş Nuh tufanı gördünmü?

Novruz, Bayramalı, həm Tanrıverdi, 
Məhəmməd, Hüseyn bərədə durdu. 
Zalım qızıl güllə belini qırdı,
Gülgəz qanın ağ qar üstə sərdinmi?

Sefıl Şenlik bu lisanı gördü xoş, 
Görüm Faxralının biri olsun beş.
Abbas tülək tərlan, Musa qızılquş, 
Əhli-mərfət kamandan gördünmü?

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur