Bəşəriyyətə ölüm gətirən müharibə illəri (1941-1945-ci illər)

1941-ci il iyun ayının 22-si alman faşistlərinin Sovet sərhəddinə hücumu barədə xəbər dünyanın hər yerinə yayıldı. Artıq bu müharibənin başlanması demək idi. Bu barədə SSRİ Xarici İşlər naziri V. M. Molotovun Sovet Xalqına radio ilə müraciəti böyük təşvişə və sarsıntıya səbəb oldu. Müharibənin nə demək olduğunu yaxşı bilirdik. Birdə ki, ikinci dünya müharibəsinin alovu çoxdan öz dəhşətli vahiməsi ilə dünyanı bürümüşdü.

  • 1931-1932-ci illərdə Yaponiya-Mancuriya müharibəsi,
  • 1935-ci ildə İtalya-Həbəşistan,
  • 1937-ci ildə Yaponyanın Cinə hücumu,
  • 1938-ci ildə İspaniyada Milli azadlıq hərəkatı faşizmə qarşı mübarizəsi

hamının nəzərini cəlb etmişdi. Beynalxalq aləmdə rahatlıq, əmin-amanlıq qalmamışdı. Faşist Almaniyasının müharibə siyasəti, dünyanı yenidən bölmək qəsdi bəşəriyyət üçün daha böyük təhlükə yaratdı.

Hitler Almaniyası,

  • 1937-ci ildə Avstryanı,
  • 1939–cu ildə Çexoslavakiyanı, Albaniyanı, Polşanı,
  • 1940-cı ildə Danyanı, Norvegiyanı, Ruminyanı

zəpt etdi. İtalyanın, Yunanıstanın, Yugoslavyanın sərhədlərinə soxuldu. 1938-ci ildə Yaponlar Xasan gölü rayonunda Sovet sərhədlərini pozdular. Daha sonra Finlandiya Sovet Dövlətinə qarşı baş qaldırdı və Sovet ordusu tərəfindən cavabını aldı. Ancaq buna baxmayaraq “Manerheym” istehkamının səsi-sədası səngiməmişdi ki, Almaniya Sovet Dövlətinin sərhədlərini pozdu və qəflətən hücuma keçdi. Bu hücum bir növ Sovet Dövləti üçün gözlənilməz oldu. Ona görə ki, hələ 1939-cu ildə Almaniya ilə Sovet Dövləti arasında müharibəyə qoşulmamaq haqqında müqavilə imzalanmışdı.

Mən, müharibə illərində

  • Arıxlı (1941-1942, 1944-1945)
  • Kolagir (1942-1943)
  • Faxralı (1943-1944)
  • İmirhəsən (1945-1946)

orta və VIII illik məktəblərdə tədris işləri üzrə direktor müavini və müəllim vəzifələrində işlədim.

Müharibə dövründə məktəblərdə işləyən müəllimlər iqtisadi çətinliklərə məruz qaldıqları kimi, tez-tez mənəvi təzyiq və sarsıntılarla da qarşılaşırdılar. lüksemburqda biri digərini əvəz edən maarif müdirləri Alavidze, Saladze, sonralar Dzizquri kimi məddahların özbaşınalığı, şəxsi ambisiyaları və azərbaycanlı ziyalılara ikinci dərəcəli şəxslər kimi yuxarıdan baxmalarını indi təsəvvürə gətirmək belə adama əzab verir.

Demək olar ki, maarif şöbəsində əsil mənada nəzarətsizlik hökm sürürdü. Məktəblərdə son dərəcədə dözümsüzlük yaranmışdı. Müəllimlərin, məktəb rəhbərlərinin ixtisası, təhsil fərqi nəzərə alınmadan təmənnalı iş yeri bir məktəbdən-başqa məktəbə köçürülürdü. Hər işi rüşvətxorluq və vəzifəli şəxslərin qanunsuz tələb və xahişləri həll edirdi. Məhz belə bir şəraitdə mən 1943-cü ildə Arıxlı orta məktəbindən kəndimizə – Faxralı orta məktəbinə dəyişdilməyə nail oldum. Orta məktəblərin ancaq adları vardı. Yuxarı siniflər fəaliyyət göstərmirdi. Bu illər nəinki bizim kəndimizdə, ümumən rayonda ən ağır illər idi. Müharibənin ilk 2 ilində Faxralıda əhali demək olar ki, çətinlik çəkməmişdi. Doğrudur, hələ 1939-1940-cı illərdə Gürcüstanda çörək qıtlığı olmuşdu, ancaq Faxralı əhalisi taxıl ehtiyatlarını üzməmişdilər.

Müharibə başlanan ili ən kasıb ailənin bir il, il yarım taxıl ehtiyatı vardı. Ağıllı və tədbirli kişilərin hərəsinin evində 2-3 tonluq taxıl anbarı dolu olardı. Taxıl ehtiyatı növbəti ilə də kifayət edərdi. Hətta quraqlıq, aclıq, çətin günlər üçün ehtiyat taxıl saxlanardı. İctimai təsərrüfatla yanaşı kolxozçuların fərdi təsərrüfatı da güclü idi. Hər ailənin xüsusi at arabası, inəyi, camışı, 30–40 baş qoyunu vardı. Yağ, pendir, yun, taxıl almaq üçün bazara möhtac olan ailələrə tək-tək rast gəlmək olardı. Atamın mal, qoyun saxlamağa həvəsi olmasa da, 1941-ci ilin yaymda 40 baş qoyunumuz, 2-3 inəyimiz, 4 atımız vardı. Ancaq müharibə başlanan ilk gündən çobanlar, naxırçılar müharibəyə səfərbər edildi. Qoyun sürüləri çobansız qaldı, hər kəsin malqaras1 qapısına qaytarıldı. Həmin bu iqtisadi güc, var-dövlət F axralıları iki-üç il sarsılmağa qoymadı. 70-80 yaşlı qocalar gəncləri, çobanları və naxırçıları əvəz etdilər, gecəli, gündüzlü mal-qoyun növbəsinə gedib, kotanm, cütün macından yapışdılar. Yer şumladılar, x1rman döydülər. Tarixdə görünməmiş qəhrəmanlıqlar göstərdilər.

Qocaların, qadınların, uşaqların fədakar əməyi nəticəsində müharibə illərində Faxralıda əvvəlki illərdən çox kənd təsərrüfatı mahsulları, taxıl, ət, süd istehsal edildi. Cəbhə xəttinə, hərbi hissələrə ağası kəsilmədən bağlamalar (isti paltar, corab, əlcək və s.) göndərilırdi.

Hərbi fondlara pul, ev əşyaları, mis qab, gümüş kəmər, qızıl hlük, sırğa və digər əşyalar yığıldı. Vətənin və ər oğulların xətrinə kimin qiymətli nəyi vardısa, heç şeyi əsirgəmədilər. Hər il milyon manatlarla kolxozçulara zayom satıldı, kolxozların və kolxozçuların hesabına tanklar və təyyarələr hazırlandı.

Belə ağır illərdə Faxralıda kolxoz sədri işləyən Mehrəli Həsənov öz vəsaiti hesabına cəbhəyə təyyarə hazırladıb hədiyyə etdi. Və hədiyyə üçün şəxsən İ.V.Stalindən şəxsi təşəkkür teleqramı aldı. Mehrəli Həsənov qabaqcıl kolxoz sədri kimi uzun illər Gürcüstan SSR Ali Sovetinin deputatı olmuşdur.

Xalqın fədakarlığına baxmayaraq kəndlərdə vəziyyət ildən-ilə ağırlaşırdı. Qara xəbərlər, ağır yaralı və əlillər, itkin düşənlərin ümidsizliyi növbə ilə kənd qapılarını döyürdü. 1943-cü ildə demək olar ki, kənddə 50-yaşa qədər bir nəfər başı papaqlı qalmamışdı. Bir qədər əvvəl qeyd etdiyim kimi, rayonda hərbi komissar işləyən və qonşu Bolnis Xaçın kəndindən olan Variyan əsil mənada Azərbaycan kəndlərini “kor qoymuşdu”. O əvvəl rayonda rəhbər vəzifələrdə işləyən bütün azərbaycanlıları səfərbərliyə almış, sonra da Azərbaycan kəndlərinə divan tutmuşdu. Çox təssüf ki, qatı millətçi və azərbaycanlıların qəddar düşməni olan Variyan 1943-cü ilə kimi bu millətçi əməllərini davam etdirə bildi, 1943-cü ildə isə cəbhəyə göndərildi.

Onun yerinə gəncəli, mayor İslam Ağayev gəldi, lakin artıq Azərbaycan kəndlərində demək olar ki, çağrış yaşlı bir nəfər də qalmamşdı. 1943-cü ilin payızında məcburiyyət qarşısında qalan hərbi komissarlıq 50 yaşlılardan ibarət bir qrupu səfərbərliyə aldı. Ancaq onların əksəriyyəti kolxozlarda çalışan briqadirlər və təsərrüfat üçün lazımı adamlar olduqları üçün Tiflisdən geri qaytarıldı. Onların sırasında rəhmətlik atam Məmməd Hüsenqulu oğlu da var idi.

Variyanın hərbi komissar işlədiyi üç il müddətində (1941-1943) onun qisasçılıq qəsdlərinə etiraz edən və çağrışdan boyun qaçıran gənclər də olurdu. İlk anlarda Faxralı və Kəpənəkçi meşələrində belə silahlı gənclərə az təsadüf edilirdi. Onu da qeyd edim ki, hərbi komissarlıqda hökm sürən milli ayrı seçkilik artdıqca meşələrdə qaçaqların sayı da gündən-günə artırdı.

Bu dəhşətli illəri bir də ona görə təkrar xatırladıram ki, hərbi komissar Variyanın ən ağır zərbəsi mənim doğma kəndim Faxralıya da dəydi. Getdikcə hiss olunurdu ki, onun bu kəndə qarşı xüsusi nifrət və qəzəbi varmış. Bu milli ədavətin səbəbini o zaman çoxları anlamırdı. Ancaq Variyan son dəfə 1943-cü ildə vəzifədən götürülməzdən bir az əvvəl yaş həddini nəzərə almadan Faxralıdan 70 nəfəri səfərbərliyə alması onun milli qəsdini bir daha təsdiq etdi. Hərbi komissarlıqda öz sıralarında başqa millətdən bir nəfərin də olduğunu görməyən həmin 70 nəfərin son dərəcədə qəzəbinə səbəb oldu. Onlar artıq hərbi hissələrə deyil, etiraz əlaməti olaraq yarı yolda avtobuslardan zorla düşüb meşələrə üz tutdular. Bu isə çox ağır faciələrə səbəb oldu. Belə qərəzli səfərbərliklərin nəticəsində bir baş cəbhə xəttindən və ya hərbi hissələrdən silahlı qaçanlar da az olmadı.

Hökumət isə gündən-günə qaçaqlara qarşı yerlərdə mübarizəni gücləndirir, partizan dəstələri təşkil edirdi. Xatırımdadı, 1943-cü ildə ilk dəfə qonşu Qoçulu kəndindən bir gənc Faxralı meşəsində vuruldu. Onun cənazəsini Faxralıdakı kənd klubuna gətirdilər. O, orta boylu, 23-24 yaşlarında cavan oğlan idi. Silahı yox idi. Əl ağacına qaçdığı ilk gündən nişanlar etmişdi. Xətlərdən məlum oldu ki, bədbəxt 40 gündür hərbi hissədən qaçıb. Daha sonra Faxralı Hüseyn Süleyman oğlu (Osmanlı Süleymanın oğlu) Cəfərli kəndində uzun atışmadan sonra qətlə yetirildi. O, tanış bir şəxsin evinin damında gizlənmişdi, cəsuslar onun yerini inzibati orqanlara bildirmişdilər. Gecəikən həmin ev mühasirəyə alındı, lakin Hüseyn təslim olmadı, son nəfəsinə qədər vuruşdu və həlak oldu.

Faxralı kəndindən digər bir gənc də Kəpənəkçi kəndinin yaxınlığında Yel dağı deyilən yerdə vuruldu. 0, da partizanlarla uzun müddət, sonuncu gülləyə qədər vuruşmuşdu və gülləsi qurtardıqdan sonra həlak olmuşdu. Bu Qazax Məmmədin oğlu Hüseyn idi. Olduqca cəsur və qeyrətli bir oğlan idi.

Bir-birinin dalınca baş verən bu qanlı faciələrdən sonra ailələrin təkidi ilə qaçaqların əsas hissəsi üzə çıxdı. Cəbhəyə, cərimə batalyonuna, müharibənin ön xəttinə göndərildilər. Onlardan biri də gənclik dostum Mürsəl Həmid oğlu Qubiyev idi. O, ata tərəfdən Hasanlılarla, ana tərəfdən isə Osmanlı Süleymanın oğlanları ilə qohum idi. Daha doğrusu hələ vaxtilə Türkiyəyə keçmiş Süleyman kişi Mürsəlin ana babası idi.

Dayıları Əhməd və İsabalı babaları ilə bərabər Türkiyəyə keçmişdilər. Bir qədər əvvəl qeyd etdiyim kimi, kənddə yaşayan dayısı Hüseyn isə hərbi çağırışdan imtina edərək meşəyə qaçmışdı. Görünür, Mürsələ də müəyyən təsir göstərmişdi. Ancaq Mürsəl çox cəsarətli, çevik, ölümdən qorxmayan oğlan idi. O, APİ-nin fizika fakultəsinin II kursunu əla qiymətlərlə bitirmişdi. 1941-ci ildə müharibə başlanandan sonra ali məktəbə qayıtmadı. Və qayıtmağın mənası da yox idi. Lüksemburq rayon Xalq Maarif şöbəsi tərəfindən rayonun Abdallı 8 illik məktəbinə direktor təyin edildi və bir il burada işlədi. 1942-ci ildə isə hərbi xidmətə çağrıldı. Lakin, o, məktəbdən hərbi komissarlığa deyil, meşəyə qaçaqların yanına getdi. Atası Həmid kişi oğlunun bu hərəkətindən çox narazı idi. Oğlu meşəyə qaçdıqdan sonra Həmid kişinin yeganə sirri, söhbəti mənimlə olurdu. O, tez-tez məni yanına çağırırdı, dərdli-dərdli oğlundan şikayət edirdi. 1942-ci ilin avqust ayında mərhum Həmid kişi ilə bərabər Abdallı kəndindən Mürsəlin kitablarını, yatacağını Faxralıya mən gətirdim.

Danışığından məlum olurdu ki, Həmid kişi oğlu ilə tez-tez görüşür, onu üzə çıxarmaq istəyir, ancaq Mürsəl “ipə-sapa yatmır”.

Həmid kişi Faxralı kəndinin kəndxudası Təhməzqulu kişinin bacısı oğlu idi. Başı çox bəlalar çəkmişdi, neçə-neçə qanlı hadisələr görmüşdü. Duzlu, məzəli söhbətləri, hazır cavablığı, güclü yumoru və müdriklüyü ilə kənddə məşhur idi. Onu hələ Şura hökümətinin ilk illərində (kollektivləşmə və qolçomaqlara qarşı mübarizə illərində) və ondan sonralar da Türkiyəyə keçmiş qohumlarına (Hasanlılara, qaynatas1 Osmanlı Süleymana) görə çox çək-çevirə salmışdılar, inzibati orqanlara çağrılmaqdan təngə gəlmişdi. Ona görə də başqa həmyerlilərinə nisbətən bərkə-boşa düşmüş adam idi.

1931-ci ildə “dövlət düşmənləri ” sırasında həbs edilib, güclü məntiqi, natiqliyi əsil mənada onun köməyinə gəlmiş, əsaslı dəlil və sübutların gücünə tez də həbsdən azad edilmişdi. Yaşlı adamlar danışırdılar ki, Təhməzqulu kişi həmişə Borçalıya mötəbər məclislərə gedərkən Həmid kişini də özü ilə apararmış. Bu və ya başqa səbəblərə görə hələ 1930–1931-ci illərdən Gürcüstanda Dövlət Təhlükəsizlik Nazirliyində işləyən, banditizmə qarşı mübarizəyə rəhbərlik edən çekist Naçkiyeba ilə Həmid kişi arasında yaxınlıq yaranmışdı. Naçkiyeba hər dəfə Faxralıya gələrkən Həmid kişini axtarar, onunla bir dost kimi hal-əhval tutar, görüşərdi.

1943-cü ildə artıq Gürcüstan Dövlət Təhlükəsizlik Nazirliyində işləyən Naçkiyeba yenə də qaçaqlarla mübarizə tədbirlərini gücləndirmək məqsədilə Faxralıya gəlmişdi. Həmid kişi ilə səmimi görüşdü, öpüşdülər. O, kənddə bütün qaçaqların ailələrini yığdı, ağsaqqalarla söhbət etdi, meşələrdə didərgin düşməyin mənasız olduğunu, qaçaqlığın aqibətinin heç vaxt ailəyə, oğul-uşağa xoşbəxtlik gətirmədiyini qeyd etdi və məsləhət gördü ki, hər kəs meşələrdə olan qohumu, qardaşı oğlu ilə söhbət etsin üzə çıxarsın. Əlavə etdi ki, nahaq qan töküliməsinə, bədbəxtliyə yol vermək olmaz. Qaçaqlar üzə çıxarsa hər birinin təhlükəsizliyini, xüsusən hərbi tribunala verilmədən cəbhəyə göndərilməsini təmin edəcəyinə söz verdi. Naçkiyebanın belə açıq və səmimi söhbətinin böyük təsiri oldu. Bu söhbətdən bir neçə gün sonra bir dəstə qaçaq silahlarını təhvil verib hərbi komissarlığa, oradan da cəbhəyə getdilər.

1943-cü il sentyabrın ortaları idi. Həmid kişi yenə məni evinə çağırtdırdı və dedi: “Bala, son ümidim sənə gəlir, gəlsənə gedək Mürsəli dilə tutaq, sənin sözünü eşidər”.

Həmid kişinin ayağının biri şikəst idi. Çəliyə söykənərək yeriyirdi. Gecə qaranlığında bərabər yola düşdük. Mən haraya gedəcəyimi belə soruşmadım. Kənddə qaçaqların evi, ailə üzvləri nəzarət altında idi. Kim hara gedir, kimlə gedir, izlənirdi. Əgər gündüz kənddən çıxsaydıq özümüz üçün ciddi problem yaradardıq.

Yenicə işıqlanırdı ki, Ballı dərə deyilən yerə çatdıq. Qarşıda üzbəüz qalın meşəlik idi. Təsəvvürə gətirmək olmazdı ki, qaçaqlar kəndin 4-5 km-də özlərinə məskən salıblar. Xırda bir ehtiyatsızlıq onları məhv edərdi. Hərəmiz bir qalın kolun arxasında gizləndik, Həmid kişi qalyanını çıxardıb doldurdu, sonra da çaxmaq daşını vurub, pambığı alışdırdı. Məlum oldu ki, bu Həmid kişinin xüsusi işarəsi imiş. Aradan az keçmişdi ki, Mürsəl qəfildən kolların arasından çıxdı. Doğru deyiblər ki, qaçaqlar quş yuxusu yatır. Biz görüşdük, öpüşdük, möhkəm umu-küsü, məzəmmətdən sonra üzə çıxmasını Mürsəlin boynuna qoyduq. Ancaq o çox əsəbi və həyacanlı idi. Məlum oldu ki, qaçaqlardan bir nəfər məni görərkən elə zənn edib ki, hökümət tərəfindən cəsusluq məqsədilə göndərilmişəm, ona görə də tüfəngini üzünə qaldırıb məni vurmaq istəyib, Mürsəlin dayısı Hüseyn bəd niyyəti dərhal başa düşüb, həmin şəxslə ciddi sözləşiblər. Demək “anam namaz üstə imiş”.

Həmin gecə gənclik dostum Mürsəl kəndə qayıtdı, bir neçə gün sonra isə müharibəyə göndərildi, bir daha geri qayıtmadı (Allah rəhmət eləsin) .

Qaçaqlar bir-bir üzə çıxandan sonra onların pərəni pozuldu. Aralarmda ciddi ayrılıq əmələ gəldi. Yuxarıda qeyd etdiyim kimi bir qismi üzə çıxdı. Mürsəlin dayısı Hüseyn əsgərlər tərəfindən vuruldu. Yahyalarm Rəhim öz qaçaq yoldaşları tərəfindən öldürüldü.

Üzə çıxanlardan biri də ata tərəfdən mənimlə qohum olan İlyaz Məmmədəli oğlu Məsimov (Faxralı) idi. O, doğma qardaşı Ayvazla birlikdə bir müddət qaçaqlıq etsə də bunun sonu olmadığını anlamışdı.

İlyaz Məmmədəli oğlu Məsimov (Faxralı)

1916-cı ildə F axrall kəndində anadan olub. Müharibə başlayanda hərbi çağırışdan imtina edərək qaçaqlıq edib. 1941-ci ilin sonunda üzə çıxıb və müharibəyə yollannıb. Dnepr sahillərinədək vuruşub, əsir düşüb. Məşəqqətli ömür yolu keçib, Polşada salınmış əsir düşərgələrində dəfələrlə ölümlə üzləşib. Müharibədən sonra vətəninə qayıtmayıb. M.Ə.Rəsulzadənin rəhbərliyi ilə təşkil edilən Müqavimət Hərəkatının üzvü olan bir azərbaycanlını doğma yurdunda işgəncədən, sürgündən başqa nə gözləyərdi…

O, qardaş Türkiyəni özünə ikinci vətən seçdi. Həm də onun əmisi İmamalı və digər qohumları çoxdan burada yaşayırdılar. İlyas da bir müddət Ilyas Faxralı – 20 ilə yaxın burada yaşadı, 1964-cü ildə isə ailəsini də götürüb Almaniyanın Münxen şəhərinə köçdü. O,1988-ci ildə yenidən Türkiyəyə qay1td1. Ömrünün sonunadək (2003-cü il) Ankarada yaşadı. Böyük oğlu İlmaz Antalyada, qızı Nəriman və kiçik oğlu Əfqan Almaniyanın paytaxtın Berlində yaşayırlar.

Daha sonra Güllər tayfasından Məcid Bayramalı oğlu yerli milis dəstəsi ilə atışmada həlak oldu. Məcidin atası Bayramah Xəlil oğlu Tiflisdə dövlət tərəfindən qətlə yetirilmişdi. Erkən yaşdan ata qayğısından məhrum olan Məcid kiçik yaşlarından ailənin qayğısını üzərinə götürmüş, qardaş və bacılarının böyümələrinin qeydinə qalmışdı. Məcid olduqca qeyrətli, qorxmaz və zəhmətkeş oğlan idi. Müharibə başlanana kimi kolxozda təsərrüfat briqadasına başçılıq etmişdi. Müharibənin ilk günlərindən isə ordu sıralarına səfərbərliyə alınmış, bir neçə dəfə döyüşlərdə iştirak etmişdi. Ancaq o da ön cəbhədən qaçıb gəlmişdi, bir müddət meşələrdə gizlənmiş, təsadüf üzündən həbs edilmiş, lakin yenidən rayon mərkəzindəki həbsxanadan qaçmışdı. Gecə ikən kəndə gəlmişdi. Ana babası mərhum Məşədi Hüseynin evində daldalanmağı qərara almış, izbəiz arxasınca düşən milis dəstəsi gecə ikən həmin evi mühasirə etmiş, səhər tezdən atışma başlamışdı. Və Məcid bu atışmada həlak olmuşdu. Beləliklə Faxralı meşəsində olan silahlı qaçaq dəstəsinin əsas hissəsi dağıldı. Artıq o qədər də təhlükəli olmayan və bir neçə baş girləyən adamlar qaldı.

Bununla belə Faxralı və Kəpənəkçi meşələrində inzibati orqanlar üçün daha təhlükəli və onlara ciddi silahlı müqavimət göstərən başqa dəstələr də vardı. Onlar Qarayazı və Borçalı qaçaqları idi. Bu dəstəyə müharibəyə qədər müəllim işləmiş Mahmud və Borçalının erməni kəndindən olan Mado rəhbərlik edirdi. Sonralar Mahmud və Mado yoldaşlarından ayrıldılar. Onlar dəfələrlə mühasirələrdən çıxdı, müxtəlif vaxtlarda atışmalarda dövlət mühafizə orqanı işçilərinə, partizan dəstələrinə, əsgər və milis nəfərlərinə çox ağır zərbələr vurdular, onlarla dövlət nümayəndələrini öldürdülər. Güclü və nizami dəstələrlə üzbəüz gəlib, əfsanəvi qəhrəmanlıq göstərdilər.

Mahmud və Madonun başqa qaçaqlardan fərqi onda idi ki, onlar qara camaata sataşmırdılar. Ən çox haqsızlıq edən kolxoz sədrilərinə, xalqı incidən, qəddar inzibati orqan işçilərinə divan tuturdular. Gecə ikən onların evlərinə gedir, yorğan döşəkdən çılpaq qaldıraraq cəzalandırırdılar. Ona görə də harada olmasmdan asılı olmayaraq əhali onları satmırdı. Yeri düşəndə dinc əhali tərəfindən ərzaq, paltar və s. ilə təmin olunurdular. Mahmudla Mado 4 ildən artıq qaçaqlıq etdilər. Müharibə qurtarandan az sonra Borçalı və Bolnisi rayonlarının milis dəstələri birləşərək bu iki nəfər qaçağın “ovuna” çıxdılar. Bir neçə gün axtarışdan sonra mühasirəyə düşən Mado öldürüldü, Mahmud isə qıçından ağır yaralandı, ancaq yaralı-yaralı mühasirədən çıxdı, çox keçmədi ki, qeyri-adi şəraitdə aldığı yara onun həyatına son qoydu.

Bütün bu faciələrlə yanaşı bir məsələ anlaşılmaz qaldı. Qeyd etdiyimiz kimi, Mahmud müharibədən əvvəl müəllim işləmişdi, Mado lsə yoxsul kəndli oğlu idi. Hər ikisinin də ictimayi keçmişinə görə Sovet dövləti ilə prinsipal narazılığı yox idi, bəs nə səbəbə onlar cəbhə xəttindən yaraqlı, silahlı qaçmışdılar? Ölümün qorxusundanmı? Yox! Çünki hər ikisi ölümün gözünə dik baxan, qorxmaz, cəngavər gənclər idi. Tüfənk atmaqda da ad-san çıxarmışdılar. Səbəb bu gün də sirr olaraq qalır…

Doğrudur, ilk illərdə bu döyüşçülərin cəbhə xəttindən qaçmalarının səbəbləri 1942-1943-cü illərdə alman ordusunun cəbhədə sürətlə irəliləməsi, Rusiyamn əsas şəhərlərinin işğal olunması, Moskvanm təhlükə qarşısında qalması kimi izah oluna bilərdi. Məlumdur ki, artıq mərkəzi aparat Kuybişev şəhərinə köçürülmüşdü. Leninqrad mühasirədə idi. Müharibə artıq Qafqaz dağlarında gedirdi. Döyüşən orduda nisbətən başı pozuqluq yaranmışdı. Vlasovun komandanlıq etdiyi diviziyanın almanların tərəfinə keçməsi, bəzi döyüşçülərin könüllü olaraq almanlara əsir düşməsi döyüşən orduda və yerli əhalinin bir hissəsində qələbəyə inam hissini itirmişdi. Ona görə də cəbhə xətti yaxınlaşdıqca döyüşən orduda olan bəzi şəxslər vuruşmaqdan, qan tökmədən çox, qaçmağı, canlarını ölümdən xilas etməyi çıxış yolu hesab edirdilər. Amma, Mahmud və Madonun müharibədən qaçmalarını və qaçaqlıqda göstərdikləri hünərləri heç vaxt başqa qaçaqlarla bir sıraya, bir çərçivəyə sığışdırmaq olmur.

1943-cü ildə hər gün “qara kağız” ailələrin qapısını döyür, qara xəbər gətirir, göz yaşlarına, ah-nalələrə səbəb olurdu. Qocalar, analar, gəlinlər, qızlar həsrətlə, ümüdlü-ümüdsiz yollara göz dikmişdilər.

Bir çox ailələrin də taxıl ehtiyatı qurtarmışdı. Aclıq, yoxsulluq ayaq açıb kəndi dolaşırdı. Mal-qara, ev əşyaları gəvə, xurcun, palaz dəyərinə dəyməzinə satılırdı. Taxılın bir kiloqramı 100 manata çıx mışdı. Kənddə sabun, duz, rayon mağazalarında parça, ayaqqabı tapılmırdı. Bəzi zirək qadınlar, müharibədən yaralı qayıtmış əlillər Bakıdan, Yerevandan suraqat, sabun, duz, kustar usulla əldə naxışlanmış parça gətirib alver edirdilər. Kənd qadınlarımın əksəriyyəti ipdən çanq hörür, altına rezin tikirdilər. Paltarı sabun əvəzi küllə yuyurdular.

Etiraf edim ki, ailəmizin ehtiyacını yüngülləşdirmək məqsədilə bir neçə dəfə mən də alverə baş qatdım. Həmyerlim və qohumum Mahmudov Binnət 1943-cü ildə Borçalı Pedaqoji Texnikumunda direktor işləyirdi, ondan ezamiyyə vərəqəsi götürüb iki dəfə Yerevan şəhərinə, bir dəfə də Bakıya getdim, ancaq hər səfərdə də ziyana düşdüm.

Heç zaman yadımdan çıxmayan Bakı səfərim isə mənə daha baha başa gəldi. Dayım Mahmudun cəbhədə yaralanıb Bakıya gətirilməsi haqqında məktub almışdıq. 1943-cü ilin yayında Bakı səfərində əsas məqsədimiz dayımı görmək idi. Bu niyyətlə də həyat yoldaşım Fatma Sultan qızı və yaxın qohumlardan digər iki nəfər qadınla Bakıya gəldik. Mən yenə də Borçalı Pedaqoji Texnikumunun direktoru Binnət Mahmudovdan ezamiyyə vərəqəsi aldım.

Bakıya çatan kimi məktubda göstərilən ünvan əsasında dayımı axtarmağa başladıq, ancaq həmin ünvanı tapa bilmədik və qayıtdıq. Bəzi şeylər almaq üçün müharibə vaxtı Bakıda çox məşhur olan “Kubinka” bazarına getdik. Və burada qəribə əhvalat baş verdi. Bir nəfər qarabəniz qadın qır-saqqız olub bizdən əl çəkmədi ki, sizdən heç nə istəmirəm, yalnız icazə verin falınıza baxım. Mən qadını qəti rədd etdim, yoldaşım və bizimlə birgə olan qadınlar xahiş etdilər ki, etiraz etməyim, görək nə deyəcək. Nəhayət razılıq verdim. Qadın ağzını açan kimi dedi ki, yaralı əsgər görməyə gəlmisiniz, ancaq onu bu gün tapa bilməməsiniz, sabah tapacaqsınız. Uzaq yerdən gəlmisiniz, geri qayıdanda dəmir yolunda başınıza iş gələcək. Evdə əmanət qoymusunuz, gedəndə bir daha onu görməyəcəksiniz, sizi göz yaşları ilə qarşılayacaqlar.

Etiraf edim ki, mən çox əsəbiləşdim. Yoldaşımı məzəmmət etdim ki, sən bu qan qaraldıcı cəfəngiyatı eşitməkmi istəyirdin?.. “Səhərisi gün bakılıların “Köhnə qala” adlandırdıqları qədim qalada, Bakının kənarında dayımı tapdıq və bir gün də yanında qaldıq. Sonrakı gün axşam çətinliklə Tiflis qatarına bilet aldıq, dördümüz də bir kupedə yerləşdik. Həyat yoldaşım yorulduğunu və yatmaq istədiyini bildirdi. Yuxarı yataq yerinə çıxdı. Biz üç nəfər aşağıda oturub söhbətə başladıq… Lakin, az keçmişdi ki, birdən həyat yoldaşım hövlənək: “qoymayın saçımı kəsdilər”, · deyə qışqırdı. Və yuxarıdan aşağı yuvarlandı. Biz əgər dərhal onu tutmasaydıq, yəqin başqa bədbəxtlik üz verərdi. Belə güman, şübhə içində nəhayət Tiflisə çatdıq. Tiflisdən Borçalıya gedən qatara minəndə çamadanımızı oğurladılar. Evə çatanda doğrudan da anam və qohumlarımız bizi göz yaşları ilə qarşıladı. Səbəbi də o idi ki, bakıya gedəndə evdə anamın himayəsində ilk oğlan uşağımız (9 aylıq körpəni) qoyub getmişdik, artıq bir həftənin içində körpə xəstələnib dünyasını dəyişmişdi. Açığını deyim ki, mən bütün həyatım boyu görücülərə, falçılara inanmamışam, indi də inamım yoxdur, ancaq bu möcüzə indiyə qədər məni düşündürür. Demək, falçının bizə söylədiyi etimallar düz imiş.

Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur