Aran köçü yaxınlaşanda qoyun sürüləri “O üz” deyilən arxaclardan aşağılara endirilər, qoyun-quzu qırxınları məhəllələrdə toy-bayram şənliyini xatırladardı. Sürülər dəyələrin yaxınında daş xalxallara yığılar, sağmal qoyun ayrı, toğlu, quzu, qoç ayrı qırxılardı. Gənc çobanlar bir-biri ilə cəhli-bəhsə girər, kimin çox qoyun-quzu qırxması hünər hesab edilərdi. Bəzən də  sürü sahibi tərəfindən mükafatlandırılardı. Bu mərasimdə üşaqların da öz vəzifələri vardı. Qırxılan qoyun-quzunu qaytarar, qırxınçılara qulluq edərdilər.

Qırxınçılara gündə üç dəfə yemək verilərdi. Yaşlı adamlar deyərdilər ki, qırxın zamanı kəsilən heyvanın əti həm dadlı, həm də bərəkətli olur. Bu mərasimdə qısır qoyun və toğlu kəsilər, iri qulplu qazanlar asılardı. Burada da toy süfrəsi kimi təmiz süfrələr sərilər, əsl mənada şülənlər verilərdi.

Qırxın zamanı iri qoçların, cins və quyruqlu qoyunların quyruğunun üstünə (belinin yarısı boyu) yundan naxış qoyulardı, çobanlar buna “küvək” deyərdilər. İmkanlı şəxslərin qoyun-quzu, qoç və toğlularının alnı, quyruğunun üstü və beli xınalanardı. Xına, xına daşlarından hazırlanar, ərinmiş yağla qarışdırılardı. Bu üsulla hazırlanan xına həm də yağışa davamlı olar, aylarla getməzdi.

Tarixi ənənə olaraq arançılar köçə bir ay qalmış yaylağa gələr, bütün ailə üzvləri cəm olar, birlikdə dincələrdilər. Qadınlar arançılara xüsusi xidmət göztərərdilər. Kişilərin aran zəhmətləri, ailə, mal-qara üçün qış tədarükü etmələri, xırman döymələri, ot, ələf yığmaları ağır zəhmət kimi qiymətləndirilərdi. Arançılar isə öz növbəsində yaylağa ağır sovqatla-arabalar dolu qarpız, yemiş, növbənöv meyvə gətirərdilər. Əvvəlcə dağ kəndlərində (Cücəkəndi, Soyuqbulaq, Yırğançaq) olan dost-tanışların ailələri üçün xüsusi pay ayrılardı. Sonra qonşular və uşaqlara aran sövqatı paylanırdı. Aran köçünə kimi soyuq bulaqların üstündə məclislər qurular, yeyib-içmənin arası kəsilməz, sazlı-sözlü məclislər aşıb-daşardı. İndi yüz illik zamanların arxasında qalsalar da Borçalıdan Qaranın, Faxralı kəndindən Aşıq Poladın, Aşıq Orucun, Aşıq Hasanın, Dost Pirməmmədin, Qul Allahqulu və Şair Nəbinin, onlarla digərlərinin insanların ürəklərini ofsunlayan saz çalmaq, ifa məharətləri və hikmətli qoşmaları xatirələrdən silinmir.

Bu müdrik el sənətkarları yaxın keçmişimizin müxtəlif illərində öz müasirləri ilə eyni dövürdə dünyaya qonaq gəldilər, ağır toy məclisləri yola saldılar, yaylaqlarda sərin bulaqlar başında çiçəkli-çəmənli dağların hüsnünə qoşmalar oxudular, tarixləri tamam oldu, müasirləri ilə birlikdə dünyadan köçdülər,  zaman-zaman ellə gəlib, ellə dünyanı tərk edən saz-söz ustadlarını xatırlayanda söz sərrafı Aşıq Ələsgərin müdrik misraları yadıma düşür:

Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların dağlar.

Nəsillər dəyişsə də elin-obanın müqəddəs ənənələri davam edərdi. Arançılar yaylağa gələn kimi qohum-əqraba bir məhəllədən, başqa məhəlləyə aran sovqatı aparar, yaşlı qocaların, xəstələrin adı anılardı. Nişanlı oğlan və qızlara xonçalar tutulardı. Oğlanlar bəy sayağı bəzənər, vəznəli çuxa və qız evindən göndərilmiş əlvan corablar geyərdilər. Bellərinə gümüş kəmər və gümüş xəncər bağlar, başlarına əmlik quzu dərisindən tikilmiş qıvrım saçaqlı papaq qoyardılar. Papağın tükləri daha da qıvrım olmaq üçün qoyun südü ilə yağlardılar. Belə hallarda imkanlı ailələrin oğlanları daha ədalı olardılar.

Cavan arançılar yeyib-içib rəngləri bir qədər durulduqdan sonra səfalı yerləri gəzər, uca zirvələrdə, daha çox görünən yerlərdə daşdan qarovullar uçaldardılar (150-200 il tarixi olan belə qarovullar indi də qalmaqdadır).

Bu daş abidəni ucaldanlar bəlkə də vaxtilə kor-koranə hərəkət etmiş, tarixi əhəmiyyətini və mənasını dərk etməmişlər. VI-VII əsrlərin Gültəkin yazılı abidələrində göstərilir ki, türklər hər dəfə müharibədən zəfərlə dönəndən sonra qəhramanların şərəfinə daşdan “qaravul” ucaldarmışlar. Abidədə deyilir:

279. “Mən Arkuy qaraul ucaltdım, Mən düşmənləri məğlub etdim…” /s.93/

“Bu dağlar ulu dağlar,
Çeşməsi sulu dağlar,
Burda bir qərib ölmüş,
Göy kişnər, bulud ağlar”,

Dağdan arana köç ərəfəsində ölülərin ruhu da yad edilərdi. Faxralı kəndinin yaylaqda 2 qəbiristanlığı vardı. Ölənləri orada da dəfn edərdilər. Qadınlar quymaq, halva çalıb, fəsəli, qatdama bişirib, aran sovqatı da götürüb, məhəllə-məhəllə qəbir üstə gedər, nisgillər təzələnər, göz yaşları ilə yaxınların ruhunu yad edərdilər.

Beləliklə vaxt-vədə gəlib çatar, dağlar öz vəfalı qonaqlarından üz döndərər, ellər arana üz tutardı. Köçhaköç başlardı, el cavanları, yaşlı qocalar dağlara, ulu babalardan qalan müqəddəs yurd yerlərinə üz tutub, kövrək hislərlə deyərdilər:

Dağlar marala qaldı,
Otu sarala qaldı,
Soyuq bulaq, göy yaylaq
O da marala qaldı.

Aşıq Ələsgərin, Aşıq Alının, Şair Nəbinin “Dağlar” haqqında qoşmaları xatırlanar, çiçəkli, çəmənli yaylaqlarla vidalaşar, hər kəs ürəyində bir unudulmaz xatirə aparardı. Arada köç yurtdan tərpənəndə yaşlı qocalar ulu əcdadlarını yada salar, son dəfə üzlərini başı çənli-dumanlı dağlara çevirər, ümüdsiz-ümidsiz dərindən köks ötürər, nəmli gözlərini silər və dodaqaltı deyərdilər:

Ay ariflər cavanlığım,
Ötdü dağlarda, dağlarda.
Ceyranlar ovlayan ovçu,
Yatdı dağlarda, dağlarda. 

Sarı yalın güllü yazı,
Sinəsində qoyun-quzu,
Ömrümün yanan ulduzu,
Batdı dağlarda, dağlarda. 

Zülfü düşər kürəyinə,
Sazım yatar ürəyinə,
Neçə gözəl istəyinə,
Çatdı dağlarda, dağlarda. 

Gözəllərin qoşa-qoşa,
Bal, qaymağın gəldi xoşa,
Süsən-sünbül, tər bənövşə
Bitdi dağlarda, dağlarda. 

Dost-tanışlar düşdü pərən,
Yoxdu daha yol göstərən,
Aşıq Alı hanı görən?
İtdi dağlarda, dağlarda.

Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur