Tarixi sənədlər göstərir ki, həqiqətən də Nadir şah Gürcüstanı istila edərkən Borçalıdan hücuma keçmişdi. O da tarixi faktır ki, 1752-ci ilin iyunun 10-da Hacı Çələbinin oğlu Ağakişi bir müddət ordusu ilə birlikdə Borçalıda dincəlmişdi.

Yaylaqda, qışlaqda demək olar ki, belə söhbətlər hər gecə gedərdi. Onu da nəql edərdilər ki, guya Nadir şahın Gürcüstana ilk hücumu zamanı qoşunu ciddi müqavimətə rast gəlmiş və bir müddət Borçalıda dincəlməli olmuşlar. Bu zaman müvəffəqiyyətsizlikdən qəzəblənən ordu Azərbaycan kəndlərində qarətçiliyə və soyğunçuluğa da əl atmışlar. Həm də qoşun üçün İrandan dəvə karvanları ilə gətirilmiş ərzaq və atların yem ehtiyatı tükənmişdi. Bu zaman yarım köçəri yaşayan Borçalı kəndlərindən könüllü-könülsüz ərzaq, ot, alaf, arpa və s. toplanmışdı. Belə hallarda çox zaman zorakırlığa yol verilmiş, yerli əhalinin mal-qoyun sürülərinə ciddi ziyan dəymiş, hətta müqavimət göstərən cəsur oğlanlar, qızlar da əsir alınmış, doğma el-obadan didərgin salınmışdı.

Yaşlı qocalar danışardılar ki, belə talanların birində Faxralı kəndinin Baytallı tayfasdan da bir nəfər qız aparmışdılar. Qeyd etmək yerinə düşər ki, vaxtilə ağır var-dövlər sahibi olan bu tayfanın oğlu və qız övlatları olduqca nəhəng və qüvvətli olmuşdu. Tayfanın şəxsən tanıdığım 1941-ci ilə qədər yaşamış cavan oğlan və qızlarını, yaşlı qocalarını xatırlayanda gözüm önündə qədim Oğuz övladları, “Dədə Qorqud” dastanının cəngavər qəhrəmanları canlanır. Faxralının cavan oğlan və qızları hündür boylu, enli kürəkli, qüvvətli, eldə-obada sayılan gənclər olmuşdu. Rəvayətə görə, Nadir şahın sərkərdəsi tərəfindən kəniz kimi aparılan qız da qardaşlarından geri qalmaz, güc və hünər sahibi imiş. Bir rəvayətə görə, qızın adı Sənəm, başqa bir rəvayətə görə isə Qızyetər imiş. Oda maraqlıdır ki, tayfada, qohum-əqraba adlarında sonralar hər iki ad davam etdirilmişdir.

Qocalar danışırdılar ki, Sənəm qardaşları ilə güləşərgən həmişə üstün gələrmiş, guya iki əli ilə damın kərənini qaldırar, qardaşlarının çarığını dirəyin kəzinə qoyar, sonra kərəni buraxarmış, qardaşları saatlarla çalışıb dirəyin kəzindən çarığı çıxara bilməzmişlər. Onu da rəvayət edirlər ki, bir gün ailəyə qonaq gəlir. Varlı ailə qonaq üçün erkək kəsib doğrayıb qazana töküllər, bişirilməsinə nəzarət etməsini isə Sənəmə tapşırarlar. Ət qazanda bozarmağa başlayanda Sənəm ayaq üstə qazana bir divan tutur ki, axırıncı tikə qalır. Sənəmin atası gəlir ki, ətin duzunu yoxlasın, qazanın ağzını açanda qız gülümsəyir. Məsələ aydın idi. Kişi işin nə yerdə olduğunu dərhal başa düşür. Tez oğlanlarını çağırır, yenidən bir erkək kəsib ocağa asırlar. Deyilənə görə, bu qız ata-anasının və qohumların ən istəklisi imiş, ona görə heç kəs onun xətrinə dəyməzmiş.

Belə deyirdilər ki, Nadir şahın döyüşçüləri mal-qoyun qənimət apararkən kəndin qışlaqlarına da əl atmışdılar. Və burada da onlara qeyrətlə müqavimət göstərən Sənəmlə rastlaşmışlar. Burada Sənəm əsil cəngavər kimi hünər göstərib, bir müddət qarətçilərlə vuruşub, heç halını da pozmadan İran əsgərlərinə hərbə-zorba gəlib. Vəziyyəti belə görən sərkərdələrdən biri döyüşçülərinə əmr edib ki, qıza xəta yetirmədən diri tutsunlar. Döyüşçülər ona yaxınlaşıb əl atmaq istərkən qız hər ikisinin yaxasından tutub baş-başa vurur, hərəsi bir tərəfə yıxılır və başları partlayır. Sərkərdə daha da hiddətlənir, qalan yaraqlılardan kimə əmr edirsə heç kəs qıza yaxınlaşmağa cəsarət etmir. Ancaq bir nəfər döyüşçü özündə hünər tapıb, qılıncı sıyırıb qıza hücum etmək istəyir, qız isə kinayəli-kinayəli bir oğlana, bir də sərkərdəyə baxıb deyir: “Əgər şah ordusunun bir köçəri qıza gücü çatmırsa onda nə hünərlə torpaq basa-basa müharibə etməyə gəlmisiniz. O ki, qaldı sizin qışlaqları, kəndləritalamağınız, onu nizami ordu yox, yol kəsən quldurlar, haramılarda edə bilər. O heç də böyük hünər deyil”. Elat qızının bu sərras sözləri sərkərdəyə bərk təsir edir, vəziyyəti belə görən döyüşçülərdən isə bir neçə nəfəri qızı yenidən mühasirəyə alıq, hücum çəkərək qollarını daldan bağlayır, əldə etdikləri qənimətlə birlikdə Sərginə adlanan qışlaqdan uzaqlaşırlar.

Bir mənzil getdikdən sonra onu ata mindirirlər. Qız yol boyu bütün keçdiyi əraziləri gözdən keçirir və bütün əzablara dözür. Halını belə pozmadan bir kəlmə də olsun danışmır.

Qoşun əldə etdiyi qənimətlərlə Araz sahillərinə gəlib çatır. Burada atlara dinclik vermək üçün düşərgə salıb dincəlməli olurlar. Sərkərdə öz əsabələrinə əmr edir ki, əsir gətirdikləri qızı onun çadırına gətirsinlər. Qızı gətirirlər, qollarını açırlar. O bir daha yaxından qızın qəddi-qamətinə, gözəlliyinə nəzər salır. Ecaskar qadın gözəlliyi və zərifliyi ilə birləşən qəzəbli baxışlar, ox kimi qara qabarmış kirpiklər, gərdənə dökülmüş, iki gün daranmamış şəvə kimi qara pərişan hörüklər sərkərdəni heyrətə gətirir. O bir anlığa sakit xəyal aləminə dalır. Gözünün önündən mədrəsədə təhsil aldığı illər keçir. Gənclik xatirələri ürəyində baş qaldırır. Sevə-sevə oxuduğu Əbül-Qasım Zəməhşərinin /1075-1144/  “Əl-Kəşşaf” əsəri, bu əsərdə təsvir olunan türk gözəlləri bir daha xəyalında canlanır. İxtiyarsız halda vaxtilə kitabdan əzbərlədiyi və çox sevdiyi cümlələri dodaq altı təkrar edir: “Türk üzlülərdən tanrı qəm-kədərini əsirgəsin, ayın on dördü kimidir onlar, önlərində xəzinələr xərclənəcək və altunlar veriləcəküzlər bu üzlərdir. Türk gözəllərinin üzlərində insanı kəndindən keçirəcək gözəlliklər vardır. Bunlardan dolayı başqa gözəllərə baxmayın, gözlərinizi bu türk gözəllərinə çevirin. Tanrının yaratdığı neçə-neçə gözəlliklər bunlardadır. İnsan onlara baxanda tanrının qüdrətinə heyran qalır. Onların saçları gür və uzun, belləri incədir. Oylaki soyunduğu zaman vücudlarına tökülən saçlardan bir əlbəsəyə bürünə bilərsən”.

Sərkərdə fikirdən ayrılır, tez özünü ələ alır, qərara gəlir ki, nəzakətli davransın, qıza xoş üz göstərsin. Ona yer göstərib oturmağı təklif edir. Onun igidliyindən, gözəlliyindən söz açır və onu bütün döyüşlərdə özü ilə aparacağını, hətta xanımlarının böyüyü təyin edəcəyini bildirir.

Qız sərkərdənin niyyətini başa düşür, özünü elə göstərir ki, guya o da sərkərdəyə meyl edir. İlk anlarda aralarında “mehribanlıq” yaranır. Qız topuqlarına dəyən qara, yoğun höyüklərinin ucunu əlləri ilə sığallaya-sığallaya sərkərdədən umu-küsü edir, yoxsul kəndləri talamaqda yaxşı iş görmədiklərini, rəhmsizlik etdiklərini söyləyir.

Nəhayət, sərkərdə qıza evlənmək təklif edir, qız razılığını bildirir. Şərt qoyur ki, arada hörmətsizlik olmasın, ona bir neçə gün vaxt versin, uzaq yol gəliblər, özünə gəlsin, adətlə molla gətirib kəbin kəsdirsin, sonra bərabər yaşasınlar. Əks halda razı ola bilməz. Sərkərdə qızın təklifi ilə razılaşır və əmr edir ki, qıza ayrı çadır hazırlansın. Beləliklə, sərkərdə öz çadırında, qız isə öz çadrında gecələməli olur. At üstü uzaq səfərdən yorulmuş sərkərdə və onun qoşunu, eləcə də keşikçilər bərk yuxuya gedirlər. Keşikçilərin yatmasını həyacanla gözləyən qız ehtiyatla yerindən qalxır, yuxuya getmiş keşikçini güclü əlləri ilə boğazından yapışıb elə boğur ki, səsi belə çıxmır.Keşikçinin cəsədini çadıra çəkir, özü isə cəld keşikçinin paltarını geyinir, onun xəncərini, qılıncını götürüb bir neçə gün əvvəl sərkərdənin əmri ilə atasının ilxısından qənimət üçün ayrılmış diliboz cinsindən olan atlarına yaxınlaşır, at qızı nəfəsindən tanıyır. Qız cəld, yubanmadan ata minib qoşundan uzaqlaşır. O gəldikləri yolla deyil, hər yerdə dağlar, meşələrlə yol gəlib bir neçə gündən sonra Faxralı qışlağına çatır. Vətənə qayıtmaqda atın instinkti xüsusi rol oynayır. Gecə ikən qohum-əqraba ilə görüşür, bir müddət onun gəlməsi gizli saxlanılır, hətta valideyinləri elüzəri yas saxlayır, özlərini qəmli-kədərli göstərirlər.

Ara sakitləşib, təhlükə sovuşduqdan sonra isə qız üzə çıxır, tanış-bilişlərə başına gələn əhvalatı danışır. Və qəhrəmanlığı dildən-dilə, ağızdan-ağıza düşür.

Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur