Gürcüstanda sovet hakimiyyətinin qələbqsindən keçən 70 ilə yaxın bir dövr ərzində burada yaşayan azərbaycanlıların bir qismi gah ağrılı, acılı, qəmli-kədərli günlərini yaşamış, gah da əzablı günlərini unudaraq, nisbətən rahat nəfəs almağa imkan tapmışlar. On illərlə davam edən belə sakit anlarda kəndlər abadlaşdırılmış, yeni məktəb binaları, klublar, mədəniyyət ocaqları, gözəl, yaraşıqlı şəxsi mənzillər tikilmişdir. Əhalinin yaşayıb-yaratmaq, abadlığa fikir vermək həvəsi artmışdı. İlbəil kəndlər böyümüş, durmadan əhalinin sayı artmışdı. Oğul evləndirib, qız nişanlandırmışlar. Hər il təntənəli milli bayram şənliklərini keçirmişlər.

Tarixi qaynaqlarda qeyd edildiyinə görə, hələ vaxtilə 1880-cı ildə 170 tüstüdən (evdən), 1040 nəfər əhalidən ibarət olan Faxralı kəndi 1980-cı ildə 1000 evə, 12-13 min əhaliyə çatmışdı. Kənddə bir orta, 2 səkizillik, bir ibtidai məktəb, xəstəxana, zəngin kitabxanalar var idi.

Kənd təsərrüfatının yeni idarə olunması yolunda (kolxoz, sovzoz) böyük nailiyyətlər qazanılmışdı. 1930-cu ildən keçən 61 il müddətində biri-digərini əvəz edən kolxoz (sovxoz) rəhbərləri

  • İsrafil Əlizadə,
  • Mehrəli Həsənov,
  • İsrafil Məmmədov,
  • Binnət Mahmudov,
  • Əli Xəlilov,
  • Əli Əliyev,
  • Kərim Kərimov,
  • Uğurlu Hüseynov,

kənd sovetinin sədrləri

  • Fətəli (Tiflisli),
  • Yusif kişi (Hasanxocalı),
  • Bədəl Abdı oğlu,
  • Namaz Alpaşa oğlu,
  • Əhməd Məmmədov (Saraçlı),
  • Qara Nəbiyev,
  • İsa Hüseynov,
  • Suleyman Şahnazarov,
  • Musa Həsənov,
  • Əli Xəlilov,
  • Binnət Mahmudov,
  • Sədrəddin Namazov,
  • Aslan Əliyev

hər biri öz növbəsində müxtəlif illərdə nəsil-nəcabətınin adına layiq kəndin qayğısına qalmışlar. Kəndin iqtisadi, mədəni yüksəlişi üçün bütün mövcud olan imkanlardan istifadə etmişlər. Kolxozu (sovxozu) nəinki rayonda, hətta respublika miqyasında ən qabaqcıl təsərrüfat sırasına çatdırmışlar.

Hələ 1938-ci ildə mərhum Mehralı Həsənov Gürcüstan Ali Sovetinin deputatı seçilmişdi. 1964-cü ildən sonra briqadir rəhmətlik Eyvaz Məmmədov yüksək əmək göstəricilərinə görə Gürcüstan hökumətinin nümayəndələrinin heyətinin tərkibində keçmiş Sovetlər Birliyinin Mərkəzi Komitəsinin fevral plenumunda iştirak etmişdi. Rəhmətlik Həsən Qurbanov Moskvada Kənd Təsərrüfatı nailiyyətləri sərgisinin iştirakçısı olmuşdu.

Keçmiş kolxoz sədrlərindən biri Əli Xəlilov 1971-ci ildə “Şərəf nişanı“, sovxozun fəhləsi mərhum Məmməd Məmmədov, Dünyamalı Byramov namuslu əməyinə görə “Lenin ordeni“nə, kolxozun sədrləri Kərim Kərimov, Uğurlu HüseynovQırmızı əmək bayrağı” ordeninə layiq görülmüşlər. Dünyadan vaxtsız getmiş Nəbi Hüseynov, Tükəzban Tanrıverdiyeva, Tamam Nuriyeva, Minayə Zamanova müxtəlif vaxtlatda Gürcüstan Ali Sovetinə deputat seçilmişlər.

Vaxtilə Faxralı kəndi hörmətli qonaqları, adlı-sanlı adamları ilə fəxr etmişdi. XIX əsrdə vaxtilə Çıldırlı aşıq Şenlik iki dəfə Faxralıda olmuşdu. Borçalıya olan ata-baba məhəbbətini ləyaqətlə yaşatmış Senlik Türkiyədə Borçalı qaçaqlarının cəsarətini, qorxmazlığını, cəsurluqlarını öz qoşmasında bədii sənət zirvəsinə qaldırmışdı:

Kor İsmayıl deyilən ətdən qaladı.
Hökm eləsə min qazagı dağıdı.
Onun üçün sarı qazax yağıdı.
Qıymazlar qırmızı fəsə, əfəndim…

Aşıq Şenlik son dəfə Faxralıda olan zaman kəndin qeyrətli, vurub-tutan, sərrast güllə atan övladları ilə ova getmiş, qeyd edildiyi kimi, onların məharətinə tərif qoşmuş, dastan səviyyəsinə qaldırmışdı:

Sejil Şenlik bu lisanı gördü xoş.
Görüm Faxralının biri olsun beş.
Abbas tülək tərlan, Musa qızıl quş,
Əhli mərfət kamandarı gördünmü…

Ov zamanı gözəl bədii mənzərləri seyr edən şair, ovda iştirak edən bütün gənclərin fərdi xüsusiyyətlərinin bədii obrazlarını yüksək məhəbbətlə tərənnüm etmişdi. Təbiətin cazibədarlığını, hay-haraylı ov səhnəsini də təsvir etmişdi. Və insanı heyran qoyan ov səhnəsinin, demək olar ki, dastanda bədii tablosunu yaratmışdı.

Təsadüfü deyil ki, vaxtilə Faxralının adlı-sanlı oğlu şair Nəbi Oruc oğlu Aşıq Şenliyin ölümünü öz yaxın qohum-qardaşının ölümü kimi qarşılamışdı. Şair Nəbi Şenliyə həsr etdiyi qoşmasında onun ölümünü böyük türk dünyası, türk mədəniyyəti üçün ağır itki hesab etmiş, zəngin şer dünyasını yüksək qiymətləndirmişdi:

Bir çıraq yanırdı Çıldır elində,
Qaranlıq eylədin cahanı Şenlik.
İsgəndər bac aldı dərin dəryadan,
Başacan varmadı bu fani Şenlik…

O qürbət ellərdə endi əzabın,
Dinin İslam dini, Quran kitabın,
Dedilər zəhərdi əcəl şərabın,
Atəşə yandırdın cahanı Şenlik…

– deməklə Şenliyin ölümü ilə bir yanar çırağın söndüyünü, şer sənət dünyasının matəmə, yasa qərq olunduğunu göstərirdi. Mərhum Şair Nəbi böyük vətənpərvər şair kimi də öz eli-obası, kəndi ilə fəxr etmişdi. O, Faxralı kəndindən olduğu üçün dəfələrlə qürur hissi keçirmişdi. Kəndinin şərəfini, şöhrətini qoşmalarında tərif edərkən onu türk dünyasının böyük, əzəmətli şəhərlərinə bərabər tuturdu:

Nəbiyəm, dərsimi oxudum kamil,
Kəndin ustad olsa mən ollam qayil.
Yolun düşsə təşbehdı İstanbul,
Faxralı kimi ağır elim var mənim.

Şair başqa bir deyişməsində öz ilhamının gücünü, qüdrətini qarşısını almaq mümkün olmayan daşqın selə bənzədir. Meydanında 30 min şair də olsa cəkinmədiyini göstərir. Tərəf müqabilinə Faxralı kimi ağır elə mənsub olduğunu xatırladır.

Mən Nəbiyəm bu cahanın bülbülü,
Otuz min şairə yetirrəm dili.
Borçalı mahalı, Faxralı eli,
İnad olsa, eşqim daşar sel indi…

Halə 1930-cu illərdə Vəli kişinin, Sadığın qara zurnalarının, dünyadan vaxtsız getmiş Kaxı Məhəmmədin oğlu Əhmədin, sonralar rəhmətlik Alıxanm dəfinin xoş ahənginin Gözəl dağına səs salan sədaları neçə-neça yeniyetmə oğlan və qızların uğurlu taleyini birləşdirmişdi. Faxralı kəndinə məxsus zərbli “cıdırhəngi’ ” havası ilə dəliqanlı gənclər cıdır meydanında, sürək yarışlarında, ata türklərin “bayqu” adlandırdıqları şənliklərdə atlarını sınaqdan keçirmişlər. Və toy evindən qiymətli nəmərlər almışlar.

“Güləşəngi”nin sərt, zəhmli, lakin şən və həyacan doğuran havası altında neçə-neçə bahadır qeyrətli, məğrur, yenilməz oğlanlar öz güclərini, qüvvələrini nümayiş etdirmişlər.

Vaxtilə Faxralının fəxri sayılan el sənətkarları, mərhum aşıq Poladın, aşıq Həsənin məharətlə məclislər aparmaları haqqında xatirələr xalqın yaddaşında bu gün də qalır. Aşıq Həsən, aşıq Dünyamalı (Dəllək Dünn),  Sarvan Bayram uzun illər şair Nəbini məclislərdə müşayət etmişlər. Onların ləyaqətli davamçıları aşıq Nəsib, aşıq Müsəllim, aşıq Mürsəl toylara, məclislərə, el bayramlarına yaraşıq vermişlər.

1950-1980-cı illərdə Faxralının mədəni və iqtisadi inkişafı qibtə olunacaq dərəcədə yüksəldi. Kənd əhalisi bir-birilərinin bəhsinə gözəl, iki martəbəli evlər ucaltdılar, normal yaşayış tərzi başlandı. Kənd yollarına asfalt örtük çəkildi. Kolxozda (sovxozda) güclü texniki baza yaradıldı. Hər qapıda bir yüngül minik maşını (“Moskviç “, “Jiqulı”,  “Pobeda “, “Volqa”) dayanırdı.

1980-cı ildə orta məktəbdə paralel siniflərdə oxuyan şagirdlərin sayı da artdı. Kəndin bela mədəni yüksəlişində o vaxtlar Bolnisi rayonunda İcra Komitəsinin sədri işləmiş mərhum Əli Əliyevin yadda qalan xidmətləri oldu.

Türkiyəsdən, Bakıdan, Azərbaycanın digər rayonlarından vaxtaşırı kəndə gələn qonaqlar ənənə halını aldı.

Azərbaycanın xalq şairi, dünyadan vaxtsız getmiş Səməd Vurgun və Osman Sarıvəlli (1953-1955), şair Hüseyn Hüseynzadə (1956), görkəmli alimlər – pedaqoji elmlar doktoru professor Əlyar Qarabaglı, filologiya elmləri doktoru, professor Kamran Məmmədov, elmlər namizədi Əhəd Hüseynov, filologiya elmləri doktoru, professor Pənah Xəlilov, filologiya elmləri doktorları, professor Kamil Vəliyev, Arif Məmmədov, filologiya elmləri namizədi Paşa Əlikərim oğlu, iqtisad elmlər namizədi Cəmil Quliyev müxtəlif illərdə Faxralı ziyalılarını əziz qonaqları olmuşdular.

Xalq şairi mərhum Hüseyn Hüseynzadə 1956-cı ildə Faxralıda keçirdiyi təkrar olunmayan gözəl anları sonralar belə xatırlayırdı:

Oldum Faxralıda, oldum bir payız,
Məni qarşıladı neçə oğul, qız,
Hanı Musa kişi, Binnət qağamız?
Zamanın hökmünə neyləyə billəm?!

Şair bu şeirində dünyadan vaxtsız getmiş dostlarının adını xatırlamış, Faxralının elliklə qonaqpərvərliyini əbədiləşdirilmişdi.

Bir neçə il sonra professor Şəmistan Mikayılovun iş yoldaşları  və  dostları, pedaqoji elmləri doktorları Əjdər Ağayev, Rəfiqə Mustafayeva onun qonaqları olmuşlar. Əjdər Ağayev onlara göstərilən mehribançılığı və qonaqpərvərliyi həmin anda sədaqətli və qədirbilən ürəyi də şerə çevrilmiş və bu gözəl misralar yaranmışdı:

Faxralıya qonaq gəlib qalmasam,
Qonum-qonşu haray salar, el qınar.
Misri üstə Koroğludan çalmasan,
İncə barmaq, sədəfli saz tel qınar.

Meşə yaşıl, dağlar uca, su sərin.
Ela iç ki, göynəməsin dişlərin,
Ləzzətini duyanmasan bu yerin,
Dağlar titrər, çaylar dasar, çöl qınar.

Havasından ciyər dolu nəfəs al,
Hara getsən Şəmistanı yada sal.
Unudarmı bu ilqarı de xəyal?
Bil unutsa, dostlar qınar, qəlb sınar.

Təhməz bulaq donur qəlbdə, dodaqda,
Bülbülmüdür cəh-cəh vurur budaqda,
Laləyə bax, nərgizə bax bu dağda,
Toplamasan göz yorular, əl qınar.

Mən bu qoşmanı ona görə bütöv kitaba daxil edirəm ki, bu, Faxralı haqqında ən ilhamla, ürəkdən deyilmiş şeridir. Bu barədə öz fikrimi hələ vaxtilə Əjdər müəllimə də minnətdarlıq hissi ilə bildirmişdim. Həmin qoşmanı vaxtaşırı Borçalı aşıqları məclislərdə də həvəslə oxuyardılar. Burada qoşmanın geniş yayılmasına bir səbəb də vaxtilə onun ”Sovet Gürcüstanı ” qəzetində nəşr edilməsi idi. Əjdər Ağayev Samistan Mikayılov haqqında xatirələrində qoşmanın meydana çıxması ilə bağlı iz salan xoş anları bir daha yenidən qədirbilənliklə xatırlayır və gözəl dəqiqələri də yada salır. Əjdər müəllim xatirəsinin bir yerində qeyd edirdi ki, ona xəbər gəlir ki, aşıqlar məclislərdə də yazdığı qoşmanı oxuyurlar. Bir gün əslən Faxralıdan olan qocaman ədəbiyyat müəllimi, tədqiqatçı folklorşunas Hüseynqulu Məmmədov ona deyir ki, Faxralıya 17 şer yazılıb, mənim qoşmam bunların ən yaxşılarından biridir. Əlbətdə, çox sevindim.

Təəssüf ki, Faxralının dəbdəbəli, qayğısız günləri indi çox geridə qalıb. 1985-ci ildə keçmiş SSRI hökumətinin partiya rəhbərliyinə gələn M.S. Qorbaçov tarixin təkərini geriyə çevirdi. Sovetlər ölkəsi ağır, iztirablı günlərlə üz-üzə qaldı. Qorbaçov illərinin faciələri Faxralıdan da yan keçmədi. İndi artıq Faxralı 70-80-cı illərdəki ağır elli Faxralı deyil. Kənd bütövlükdə siyasi-iqtisadi böhranların məngənəsində ağır günlərini keçirir. Vaxtilə yağılara boyun əyməyən, qeyrətli övladları ilə tanınan kənd, indi torpaqdan məhrum vəziyyətdədir. Torpaqdan, əkin-biçindən məhrum edilən kəndli isə sudan sahilə atılmış balıq kimidi. Gənc ailələrin çoxu torpaqdan məhrum edildikləri üçün işsizlik və ehtiyac üzündən keçmiş ittifaqın bütün ərazilərinə dağılmışlar. Hazırda Rusiyanın Kalininqrad, Saratov, Astraxan, Tula, Moskva şəhərlərində Faxralı gəncləri ailəliklə bir məhəllə təşkil edəcək qədər artıb. Moskvanın hər küçəsində, dalanında, bazarlarında faxralılarla rastlaşmaq mümkündür. Moskva ətrafı şəhərlərdə, Peterburqda, Sibirin ən ucqar yerlərində Faxralı gəncləri iş axtarır, gümrah keçirirlər. Amerikadan, Almaniyadan digər inkişaf etmiş dövlətlərdən Faxralı gənclərinin səs-sorağı gəlir. Əgər bu vəziyyət davam edərsə xarici dövlətlərin ərazisinə səpələnmiş vətən övladlarının oğul və qızları bir arxa dolanandan sonra dinini, dilini, milliyətini va elini, obasını yaddan çıxaracaqlar.

Hazırda Gəncədə, Bakıda. Sumqayıtda, Mingəçevirdə ailəliklə yaşayan Faxralı gənclərinin sayını hesaba almaq mümkün deyil.

Kənddə qalan əhalinin 70-80 faizi, ata-baba yurdlarına keşik çəkən qoca kişilər və qadınlardı. Son məlumata görə, kənddə 400-dən artıq mənzil sahibsizdi. Mənzillərin qapılarına qara qıfıllar vurulub. 1988-ci illə müqayisədə əhalinin sayı 2000 nəfərə qədər azalıb.

Əsas orta məktəbdə 1988-1989-cu dərs ilində 4 birinci, 5 on birinci Sinif olduğu halda, cari ildə (2000-2001-ci ildə) 2 birinci, 2 on birinci sinif fəaliyyətdədir. Bu isə yeni dünyaya gələn körpələrin sayının ilbəil azalması, kəndin tənəzzülü deməkdi. Əgər bu prosesin qarşısı alınmasa məktəblərin gələcəyi də kəndin gələcəyi kimi təhlükədədi.

Dövrün, amansız zamanın yaratdığı bu faciə varlını da, kasıbı da, şəhərliııi də, kəndlihi də bir Faxralı sakini kimi düşündürməlidir. Sürətlə davam edən tənəzzülün qarşısını almaq üçün yollar axtarılmalıdır. Kimliyindən asılı olmayaraq, hazırda 4- 5 övladının şəhərlərdə, Rusiya kəndlərində necə yaşamasından asılı olmayaraq fəxr edənlər, ağız dolusu danışıb sevinənlər (ata-analar) gün gələcək ki, ata-baba yurdunun kimsəsizliyini hiss edəcək, o zaman isə artıq gec olacaq. Vaxt varkən dərindən düşünməli, keçmişə ata-ana ruhuna hörmət etməli, kəndin gələcəyinin qeydinə qalınmalıdır.

Beynəlxalq hüquq normalarına müvafiq ara vermədən kəndin keçmiş adının qaytarılması, torpaqların talanmasının qarşısını almaq məsələsini’ mədəni yollarla fasiləsiz Gürcüstan hökuməti qarşısında qaldırmaq lazımdı.

İnsan üçün vacib həyat, yaşayış mənbəyi olan torpaqlar qanun əsasında Faxralı əhalisinə qaytarılmalıdı. Bu problemin ədalətli həlli kəndin dağılmaq təhlükəsinin qarşısını alar. Gənclərin, yeniyetmələrin ata-baba yurduna bağlanmasına şərait yaradar. Unutmaq olmaz ki, torpaq kəndin iqtisadi sabitliyinin ən vacib sahəsidi. Ya tarixi min illiklərə gedib çıxan Faxralının tədricən dağılıb (Bala Darbaz kəndi kimi) məhv olmasına göz yummalı, ya da inqilabdan əvvəl kəndin ixtiyarında olan torpaq sahələrinin kənd əhalisinə qaytarılmasına səy göstərilməlidir.

Başqa yol yoxdur. Kəndin gələcək varlığı bu məsələlərdən,  bır də sağlam fikir və düşüncədən asılıdır.

Əziz oxucular, dostlar, tanışlar, eloğulları, mən illər boyu yaddaşımda yaşatdığım və bəzən də eşitdiyim, gördüyüm bu əhvəlatları asanlıqla, ağrısız-acısız yazıya köçürməmişəm. Bəzi məqamları yada salarkən elə anlar olub ki, təzyiqim qalxıb, ürək sıxıntıları keçırmişam. Hazırda elə bir zamanda yaşayırıq ki, nə keçmiş haqqında düşünmək, nə də bu günün ağrı-acılarına dözmək asanlıqla başa gəlmir. Xatırladım ki, mənim müasirlərim, gözəl, xeyir əməlləri ilə yad edilən insanların çoxu artıq bu dünyadan köçüb. Bu ayrılıqların əbədi həsrətini, əzablarını da çətinliklə yaşayıram. Və bu əzabları hiss etməyən, həyatın mənasını gündüz yeyib-içib gecələr sakit yatan, yalnız fitnə-fəsadlar törətmək haqqında düşünən adamlara da yazığım gəlir. Doğma kəndimin gündən-günə artan problemləri də ürəyimdən agır daş kimi asılaraq mənə əzab verir. Bunlarla yanaşı bəzi ünsürlərin nəsil-nəcabətindən baş alıb gələn xəbisliyini, bədxahlığını nəzərə almadan ilk dəfə doğma kəndim haqqında bu xatirələrimi qələmə almağa cəsarət etdim. Yəqin ki, bu qeydlərim kimlərinsə istəyini təmin etməyəcək. Nə isə məlumat çatışmamazlığı olacaq, ola bilər ki, tarixi faktlarda qeyri-dəqiqliyə yol verilib, bu da mümkündü. İlk təşəbbü olduğu uçün ağıllı oxucuların bağışlayacaqlarına ümid edirəm.

Digər tərəfdən bəzi tarixi hadisələrin yada salınmasında və şəkillərin əldə olunmasında xeyirxah dostlarıma, eloğullarıma, xüsusən rəhmətlik Pənah Mahmudova, gənclik dostum Hacı Həsənov, Yolçu Əlizadəyə, Sədi Pənahova, Səməndər Məmmədova, oğlum ElxanEldar Məmmədovlara, eyni zamanda kitabın çapa hazırlanmasında fəal iştirak edən Fikrət Məmmədova, Rəşid Hüseynova (Amaşlı), Eyvaz Məsimova və kitabın nəşr edilməsinə kömək edən Arif Əliyevə, nəvəm  Elnura minnətdarlığımı bildirirəm, xoş arzularım və xeyir-dualarım onların üstündən heç zaman əksik olmasın. (Amin!)

Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur