Faxralı məscidi

XIX əsrin əvvəllərində Faxralıda məscidin olmaması din xadimlərini narahat edirdi. Iman yolunun yolçularının Allahın evində ibadətlə məşğul olmamaları camaat arasında dinin nüfuzunun, təsirinin getdikcə azalmasına səbəb ila bilərdi. Kəndin ağsaqqaları, sözüötgün kişiləri onların təklifinə dəstək verirlər və 1905-ci ildə məscidin himinə ilk daşlar qoyulur…

Məscidin tikintisində canında, dizində taqət, ürəyində təpər olanların hamısı iştirak edir, məscidin inşası üçün “hərə bir daş gətirir”. Faxralılar dini etiqadları naminə hər əzaba qatlaşırdılar. 1907-ci ildə o dövr üçün qənaətbəxş hesab edilən məscid binasının tikintisi başa çatdırılır.

Məscid Cümə məscid adıyla tanınır (ilk zamanlar məscidin adı Göy məscid olub). Məscidin ilk axundu İranda mükəmməl dini təhsil almış Molla Maşadı Hüseyn olub (Dəryahlı nəsilindəndir). Sonra onu Güllərin Molla Oruc əvəz edib.

Faxralıda dini etiqadına görə sünnülər də var, şiələr də.

Məscidin girişi

Nəsillər arasında şiələr çoxluq təşkil etdiyindən birinci Göy məscidin tikintisinə başlanılıb. Sünnilər üçün məscidin olmaması sünniləri də narahat etməyə başlayıb və indiki kənd sovetinin yaxınlığında sünni məscidinin əsası qoyulub. Məscidin tikintisində sünnilər iştirak etsələr də, tikintinin əsas hissəsini Endirlər öz üzərinə götürüb. Elə onların rəhbərliyi ilə də məscidin tikintisi başa çatdırılıb və xalqın istifadəsinə verilib.

Sünnü məscidinin axundu 1889-1893-cü illərdə İstanbulda təhsil almış Şirrətdinin Molla Mahmud əfəndi olub.

Faxralının ilk mollası Molla Məhəmməd olub ki, onu da 1830-1835-ci illərdə Göyçə mahalından koxalılar dəvət ediblər.

Rus imperiyası İslam dinini “gözüm çıxdıya saldığı” vaxtlarda Sünnü məscidi uçub-dağılıb, Cümə məscidi isə kolxozun anbarına çevrilib. O illərdə məsciddən azan səsi gəlməsə də camaat şəriətin tələblərindən uzaq düşməyib, ən ağır təqiblər də faxralıların imanını döndura bilməyib.

Rəhmətə gedənləri

  • Molla Əli Namaz,
  • Molla Müzəffər,
  • Molla Qırıx Mustafa,
  • Molla Cabbar,
  • Molla Haqverdi,
  • Molla Hasanalı,
  • Molla Əsədulla,
  • Molla Qara (Aşırlı),
  • Molla Xoca

urvatlayıb haqq evinə tapşırıblar. Camaatın qulağı Quran səsinə tamarzı olmayıb…

Məscidin ətrafı Sabir Budaqovun vəsaiti, kənd sovetinin sədri Sədrəddin Namazovun rəhbərliyi ilə 1986-cı ildə hasara alınıb…

100 yaşlı Cümə məscidi həm də tarixi abidədir…

Faxralıda “İmanın kamil olsun!”, “İman yiyəsi olasan” kimi xeyir-dualar da var; imanla yaşayanlar işıqlı adamlardı.

Faxralılar həmişə imanla, inamla yaşayıb.  Hökumətin islam dininə qarşı sıyırdığı qılıncın iti vaxtlarında da bu ağır eldə Quran səsi eşidilib; faxralılar ölənlərini urvatla dəfn eləyiblər.

 

 

Keçmiş SSRİ-nin respublikaları müstəqillik əldə etdikdən sonra dini qadağalar ləğv olundu. Dini qadağaların ləğv olunmasından istifadə edərək, məscidləri yenidən təmir edib və xalqın istifadəsinə vermək lazım idi.

Yararsız hala düşən Sünni məscidi bərpa edilərək əvvəlki formasına salındı.

Cümə məscidinin isə əsaslı təmiri və bəzi hissələrinin yenidən tikilməsi nəzərdə tutulurdu. Bu işlərin görülməsi üçün xeyli pul vəsaiti lazım idi. Həmin vəsait kəndimizin sakinlərindən və kənarda yaşayan imkanlı eloğullarımızdan toplandı. Pul vəsaiti toplandıqdan sonra, məscidin əsaslı təmiri üçün lazım olan tikinti materialları alındı və məscidin əsaslı təmirinə başlanıldı. Tikinti işlərinin aparıldığı zaman Gürcüstanm dini qurumları tərəfindən müxtəlif bəhanələrlə məscidin tikintisi xeyli müddət dayandırıldı. Bir cox sənəd və sərəncamlar toplandıqdan sonra məscidin tikintisinə yenidən icazə verildi və məscidin əsaslı təmir işləri başa çatdırıldı.

Artıq məscidlərimiz bütün dini tədbirlərin və mərasimlərin keçirilməsinə hazırdır.

Bütün bu görülən işlərin ərsəyə gəlməsində və məscidlərimizin bərpa olunaraq istifadəyə verilməsində Faxralı camaatı ilə bərabər Hacı Validə xanımın (təmir xərclərinin bir hissəsini öz üzərinə götürmüşdür), Hacı Molla Adilin və molla Sahibin əməyi çox olmuşdur.

Bir zamanlar gənclərimiz müxtəlif müsəlman ölkələrinə təhsil almağa getdikləri halda, 1920-ci ildən başlayaraq gənc və yaşlı nəslın nuümayəndələri həmin ölkələrdə olan ziyarət ocqlarına, əsasən də Həcc ziyarətinə gedirlər. 1920-ci ildən bu günə kımi müqəddəs Həcc ziyarətinə aşağıdakı şəxslər getmişlər:

  • Hacı Məmmədalı (Koxallı);
  • Hacı Molla Oruc (Hacı öyü);
  • Hacı Həsən (Molla Qurbanın atası);
  • Hacı Mirzə Axund Ələsgər (Koxallı);
  • Hacı Əhməd Məmmədalı oğlu (Məkkədə vəfat edib və orada dəfn olunub);
  • Hacı Məhəmməd Məmmədalı oğlu;
  • Hacı Bayram Allahverdi oğlu (Aşırlı);
  • Hacı Həmid Məmmədalı oğlu (Kərimov);
  • Hacı Islam Mustafa oğlu (Güllər);
  • Hacı Validə xanım Imamalı qızı;
  • Hacı Bahar xanım Allahyar qızı;
  • Hacı Rəşid Məmişdan oğlu (Hüseynov);
  • Hacı Simarə xanım Nəsib qızı;
  • Hacı Molla Adil (şair Nəbinin nəvəsi);
  • Hacı Mahmud Namazov (Molla öyü);
  • Hacı Lamiyə xanım (Molla öyü);
  • Hacı Molla Sahib (Alğullar).

2015-ci ildə dövlət səviyyəsində molla Hacı Molla Adilə Bolnisi rayonu üzrə “Axund”, Molla Sahibə isə Cümə məscidinin “İmamı” rütbəsi verilmişdir.

Mənbə : Rəşid Faxralı – “Oğuz eli Faxralı” və
Allahverdi Kərimov – “Faxralı kəndinin tarixi haqqında yaddaş kitabçası“

 

İnam və iman yeri – Faxralı məscidi

Hər bir cəmiyyətdə milli və mənəvi dəyərlərin qorunması həmin cəmiyyətin inkişafı ilə mütləq şəkildə əlaqəlidir. Çünki hər bir xalq özünəməxsus dəyərlərin daşıyıcısıdır. Azərbaycan xalqı da tarixən öz milli, əxlaqi və mədəni dəyərləri ilə böyük inkişaf yolu keçib. Qədim Borçalı mahalı isə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tarixən milli və mənəvi dəyərlərimizin qorunub saxlanılmasında mühüm rol oynayıb.

Bildiyimiz kimi, İslam dini humanist bir dindir və tarixən yayılmış bütün ərazilərdə aid olduğu xalqın milli və mənəvi dəyərlərinə hörmətlə yanaşıbdır. İslam dini böyük mənəvi dəyərləri özündə birləşdirir, insanların bir-biri ilə mehriban yaşamasını, daim təkmilləşməyi, öyrənməyi tövsiyə edir. Məsələ burasındadır ki, bizim milli dəyərlərimizin təməlində dayanan əsas meyarlar dinimizdə də öz əksini tapıb. Bu dəyərlərin kökü İslamdan xeyli əvvələ gedib çıxır. Göytürklərdən bəri biz təkallahlığı qəbul etmişik, bütlərə tapınmamışıq, heç kəsin haqqına toxunulmamasını istəmişik. Buna görə də biz İslamı dərin anlamla qəbul etdik və tarix də göstərir ki, İslamın yayılmasında, formalaşmasında və inkişafında türklərin böyük rolu olub. Bundan əlavə, bizim milli dəyərlərimiz sayılan böyüyə hörmət, qadına verilən böyük dəyər və sair İslam dini yarandıqdan sonra bu dində də öz əksini tapıb. Bu faktlar bizim xalqın nə qədər humanist dəyərlərə malik olduğunu sübut edir. Bütün bunlar onu göstərir ki, bizdəki dəyərlər İslamdan xeyli əvvəl var idi və bu din yayıldıqdan sonra dəyərlərimiz daha da kamilləşdi, daha geniş şəkildə təbliğ olunmağa başlandı. Bu gün ölkəmizdəki tolerantlığın əsas kökü də bizim dəyərlərimizdən qaynaqlanır. İslam dini isə bu dəyərlərimizin daha təkmil və kamil formalaşmasına öz təsirini göstərib. Bu mənada, İslam dini dəyərlərimizlə, dəyərlərimiz isə dinimizlə bir vəhdət təşkil edir.

İslam dininin üç əsas simvolu vardır ki, onlardan da birini məscidlər təşkil edir. Əvvəlcə onu qeyd edim ki, məscidlər bir ibadət ocağı olmaqla yanaşı, həm də milli və mənəvi dəyərlərimizin təbliğ olunduğu yerlərdir. Hələ uzaq keçmişdən xalqımız məscidlərdən təkcə ibadət ocağı kimi deyil, həm də elm öyrənmək, vətənimiz üçün mühüm məsələləri müzakirə etmək və qərarlar vermək, birisinə yardım etmək və sair kimi məsələlərdə istifadə edib. Bildiyimiz kimi, məscid (ərəb. مسجد‎‎ – “səcdə yeri”) islam dinində müsəlmanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulmuş memarlıq tikilisidir. Məscid namaz qılınan məkanı ifadə edir. Xüsusi ərazidə olan günbəzli və minarəli bina üslubunda tikilir. Bir çox hallarda daxili həyətə malik olur. Minarələrin sayı birdən doqquzacan ola bilər. Daxili ibadət zalının divarları təsvirsiz olmalıdır. Ancaq divarlarda Qurandan ərəb dilində sətirlər yazıla bilər. Məscid Məkkə istiqamətində tikilməlidir. İbadət zalında Məkkə istiqamətindəki divarda mehrab adlanan boşluq olur. Mehrabdan sağda bir qədər yüksəkdə minbər qurulur, oradan vaiz dindarlara xütbə oxuyur, yaxud müraciət edir.

Xalqımızın çoxminillik tarixi var və çox əsrlərdir ki, İslam dininə itaət edirik. İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri və dəyərləri hamısı birlikdə bizim milli sərvətimizdir. Biz fəxr edə bilərik ki, xalqımız çox dəyanətli xalqdır və zaman-zaman, əsrlər boyu cürbəcür məhrumiyyətlərə məruz qalaraq bütün bu adət-ənənələri unutmayıb. Nə vaxt ki, rəsmi dairələr bunu qadağan edib, yaxud da buna mənfi münasibət göstərib, insanlar bunu qəlbində, öz ailəsində, evində yaşadıblar. Hətta bizim bəzi fədakar insanlar bu adət-ənənələrimizi yaşatdıqlarına görə çox əziyyətlər çəkiblər, bəzən də məhrumiyyətlərə, cəzalara məhkum olublar. İslam sülh dinidir, mehribanlıq dinidir, dözümlülük dinidir, tolerantlıq dinidir… Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalq yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir. Biz azərbaycanlılar- bu, sonralar gələcək bütün nəsillərə də tövsiyə olunur- heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq.

Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Elə günümüzdə də bu müsbət tendensiya özünü qoruyub saxlayır. Azərbaycan xalqı 70 il kommunist rejimində ateist təbliğatın aparıldığı bir şəraitdə yaşasa da, heç zaman öz dini dəyərlərini unutmayıb, onları gizli də olsa yaşadıb.Bu bir reallıqdır ki, bu gün Gürcüstanda təkcə İslam deyil, eyni zamanda digər dinlərin nümayəndələri də bizimlə birgə, bərabər, yaşayır, sərbəst, heç bir məhdudiyyət olmadan öz dini inanclarını icra edirlər. Bu onun fəaliyyət göstəricisidir ki, ölkəmiz dünyada tolerant ölkə kimi tanıdır. Elə bu səbəbdən də Gürcüstandakı tolerantlıq ənənələrini də milli-mənəvi dəyərimiz hesab etmək olar. Ona görə də tolerantlıq bizim əsrlərdən gələn milli xüsusiyyətimiz sayılır. Bu gün Gürcüstanda bir təriqətdən olanlar digərlərinin əqidəsinə hörmətlə yanaşırlar. Məscidlər bütün məzhəbdən olanlar üçün ümumidir. Təkcə dində deyil mill, siyasi və s. məsələlərdə də bu dözümlülük qorunur. Məsələn, antisemitizm bəşəriyyətin bəlası olsa da, Gürcüstanda bir dənə də olsa bu cür hal müşahidə edilməyib. Hazırda Gürcüstanda onlarla xalqın nümayəndəsi dostcasına yaşayaraq öz milli mədəni xüsusiyyətlərini qoruyurlar. Hər bir dini, milli qrup da öz növbəsində ümumi milli mənəvi dəyərlərin formalaşmasına töfhə verir.

Bu dəfə mən oxuculara dil içində dilini, din içində dinini yaşadan, qədim Borçalı mahalının başı çox bəlalar çəkmiş, bir əsrdən artiq yaşı olan memerlıq abidəsi, Faxralı məscidi haqqında məlumat verəcəm. Məscid XIX əsrdə, 1902 – 1905 – ci illərdə inşa olunub. Göründüyü kimi, bu möhtəşəm memarlıq abidəsinin inşasından yüz ildən artıq vaxt keçib. Bu vaxtacan zamanın çox sınaqlarına məruz qalıb, ancaq günümüzə qədəq gəlib çatıb. Zaman – zaman bu məsciddə bir çox din adamları islam təriqətlərini təbliğ ediblər. Onlardan Dəryahlının Xudu oğlu Molla Hüseyn, Göyüş öyünün Şeyx İsgəndər, Şeyx Molla Qurban, Şirrətdinin Molla Mahmud Əfəndi, Güllərin Molla Oruc, Şeşəpapaqların Molla Mahmud, Yahaların Şeyx Səlim, Alğulların Molla Bayram, Güllərin Molla Əli, Koxallının Axund Əsgər, Molla öyünün Əli Namaz, Qasımıllının Molla Namaz və s. başqa – başqa yerlərdə dini təhsil alıb kəndimizdə islam dinini təbliğ etmişlər.

Bu gün də kəndin yas və dini mərasimlərini Bütün Qafqazın Müsəlmanları İdarəsinin rəsmi təyin etdiyi Bolnisi rayonun müftisi Adil Nəbiyev və Faxralı kənd məscidinin imamı Hacı Sahib Qurbanov icra edir. Hacı Sahiblə söhbətləşərkən o, bildirdi ki, sovetlər dövründə məscid yararsız hala düşmüş, ondan anbar kimi istifadə olunmuşdur. Acınacaqlı vəziyyətdə olan məscid dağılmaq təhlükəsi qarşısında qalmışdır. Nəhayət, qədirbilən Faxralıların sayəsində 2009-2010-cu illərdə məscidin klassik memarlıq üslubu qorunmaq şərti ilə, qismən də olsa əsaslı təmiri həyata keçirilmişdir.

Bildiyimiz kimi, Məhəmməd peygəmbərin dövründə tikilmiş bir neçə bina İslam memarlığının ilki hesab olunsa da, ilk məscid Mədinədə inşa olundu. 632-ci ildə Məkkədə Kəbə yenidən bərpa olundu ve rekonstruksiya olundu. VIII əsrdən başlayaraq artıq memarlıqda insan və heyvan rəsmlərinin təsvir olunması qadağan olundu. İlk vaxtlarda islam memarlığında daha sadə binalar inşa olunardı, daha çox peğəmbərin evinin forması təkrarlanardı.

Qeyd edim ki, Faxralı məscidinin nəzərə çarpan xüsusiyyətlərindən biri onun sadə olmasıdır. Hər rəngli daşların harmoniyası diqqətli nəzərlərdən qaçmaz. Məscidin göyə ucalan tək minarəsi İslam dünyasının qələm incəliyində və gözəlliyində ən gözəl nümunələrdən olmağa davam edir. Əzan oxumaq üçün vaiz, minarənin başına daxili pilləkənlə qalxır. Məscidin minarəsi məscidə bitişikdir. Binanın daxili memarlıq nümunələri – sütunlar kaşi ornamental bəzəklər, pəncərələr arasındakı məsafələr, karnizlər və s. relyef stilizə olunan nəbati ornamentlə tərtib olunub.

Daxili bəzək işlərində naxış bolluğu heç də təsadüfi deyil. Çünki o zaman müsəlman incəsənəti ənənəsinə görə, canlı varlıqların, xüsusilə insan təsvirinə qadağalar vardı. Bunun nəticəsində ornament təsvirlərin rolu yüksəlmişdi. Məlum olduğu kimi, ornament müsəlman memarlığında dərin məna kəsb edir. Xüsusilə də, islam tikililərinə qeyri-adi əzəmət və gözəllik bəxş edir. Bu gün də Faxralı məscidi Borçalıdakı çoxsaylı məscidlər arasında öz qədimliyi, möhtəşəmliyi ilə seçilir və memarlıq abidəsi kimi tanınır.

Məscidin iki əsas giriş qapısı var: kişilər və qadınlar üçün. Məscidin dam örtüyü səkkiz sütun üzərində dayanaraq üçlü örtük quruluşuna əsasən örtülmüşdür. Minarəsi dam örtüyünə bağlı şəkildə təxminən divarın üst səthindən 7 metr yüksəklikdədir. İbadət zalının orta hissəsində oval şəkilli pilləvari səs əksetdirici oyuq inşa edilmişdir. Məscidin tavanı düzbucaq örtüklüdür. İki qapının üzərindəki kitabələr, iki quş (göyərçin) rəsmi və divara bərkidilmiş xırda başdaşına bənzər yazılı xitabə məscidin tarixindən xəbər verir. Məscid şərq və cənub tərəfdən 5 pəncərə, şimal tərəfdən isə 2 pəncərə ilə işıqlandırılmışdır. İbadət zalının mərkəzində yerləşən əsas daşıyıcı 2 sütun bütöv dam örtüyünün yükünü daşıyır. Bundan başqa məsciddə imam-xətib üçün hücrə (otaq) nəzərdə tutulmuşdur. Məscidin biri böyük, digərləri kiçik olmaqla 7 günbəzi var.

Məlumdur ki, İslam memarlığı — islam ölkələrində formalaşmış, fərqli üslublara malik olub dini, mədəni, siyasi xarakter daşıyır. Bu memarlıq nümunələrinə həm dini, həm də dünyəvi müəssisələrin binaları daxildir. İslam memarlığı müxtəlif müsəlman dövlətlərinin ənənələrini özündə cəmləşdirir.

Kompozisiya baxımından məscidlər aşağıdakı tiplərə bölünür:

Frontal kompozisiyalı məscidlər — Frontal kompozisiyalı məscidlər ancaq vahid baş ox boyunca inkişaf etmiş fəza əlaqalərinə malikdir. Bu məscidlərin bəzi tipi kümbəz örtüklü tirli taxtapuşlu konstruksiyadan asılı olaraq görünüş ifadə edir.

Portal kümbəzli kompozisiyalı məscidlər — Bu tip məscidlərdə əsas elementlər olaraq kürəvi kümbəzi və portal kompozisiyasını daşıyan kvadrat, yaxud düzbucaqlı prizmatik həcm qəbul edilir. Portal – kümbəzli kompozisiyaya malik məscidlərdə baraban üzərində qaldırılmış kümbəz portalla bərabər nisbətdə ayrılır.
Sütunlu kompozisiyalı məscidlər — Xristianlığın Bazilik məbədlərindən fərqli olaraq sütunlu məscidlərdən ibadət edənləri mehraba istiqamətləndirən mərkəzi ox olmur. Nizamlı düzülmüş sütunlar bir-birindən bərabər məsafədə yerləşirlər.

Fars memarlığı üçün daha çox konusvarı kərpic sütunlar, böyük tağlar xarakterikdir. Adətən belə tağlar bir neçə sütun üzərində dayanır. Tikintidə daha çox ulduzşəkilli və xaçşəkilli piltələrdən istifadə olunurdu.
Osmanlı memarlığında isə Bizans, Suriya və Fars memarlığının təsiri hiss olunur. Bu memarlıq üslubu XV—XVI əsrlərdə Bursa və Ədirnədə ilkin olaraq formalaşdı. Osmanlılar daha çox daxili genişliyə malik tikililər timəkdə mahir idilər. Böyük günbəzlərinin olması osmanlı memarlığının xatakterik cəhətidir. Ümumən Osmanlı memarlığı özündə fərqli üslubları birləşdirir.

İslam memarlığının əsasını aşağıdakii elementlər təşkil edir:
Günbəz — dairəvi, çoxbucaqlı və ellipsvarı bina və qurğuların üstünü örtmək için istifadə edilən yarım kürə şəklindəki memarlıq və mühəndislik elementi. Günbəz vasitəsilə əlavə dayaqlar qoymadan çəx böyük sahənin üstünü örtmək mümkündür. Vertikal düşən yükdən günbəz konstruksiyalarda sıxılma gərginliyi yaranır və ağırlıq kənar dayaqlara düşür. Qüllə — məscidə girişə yaxın bir yerdə xüsusi qoyulmuş divar, mərmər və ya taxta lövhə, həyətdə mehrab əvəzi.

Göründüyü kimi, Faxralı məscidi Osmanlı nemarlığı üslubunda inşa edilmiş bir tarixi memarlıq abidəsidir. Bu memarlıq abidəsinin yarımçıq qalan hissəsinin tamamlanması isə qəlbində Allah sevgisi olan biz Faxralıların payına düşür. Gəlin heç olmasa, ömrümüzün qalan hissəsində yaddaşlarda və tarixdə qalacaq bir savab iş görək. Quranın 49 – cu surəsinin 13 – cü ayəsində deyilir: “ Müsəlmanlıqda ayrı – seçkilik yoxdur. Müsəlman adını daşıyanların, islam dininə qail olanların hamısı qardaşdır. Müsəlmanlıqda üstünlük yalnız Tanrıdan çəkinməkdir. Allahdan çəkinənlər nə özlərinə zülm edərlər, nə də başqalarına. Tanrıdan çəkinənlər həm özləri üçün, həm də başqaları üçün faydalıdırlar. İnsanların xeyirlisi, insanlar üçün ən faydalı olanlardır.”

Hacı Sahib onu da bildirdi ki, bu gün Gürcüstanda təkcə İslam deyil, eyni zamanda digər dinlərin nümayəndələri də bizimlə birgə, bərabər, yaşayır, sərbəst, heç bir məhdudiyyət olmadan öz dini inanclarını icra edirlər. Bu onun fəaliyyət göstəricisidir ki, ölkəmiz dünyada tolerant ölkə kimi tanıdır. Elə bu səbəbdən də Gürcüstandakı tolerantlıq ənənələrini də milli-mənəvi dəyərimiz hesab etmək olar. Ona görə də tolerantlıq bizim əsrlərdən gələn milli xüsusiyyətimiz sayılır. Bu gün Gürcüstanda bir təriqətdən olanlar digərlərinin əqidəsinə hörmətlə yanaşırlar.

Məscidlər bütün məzhəbdən olanlar üçün ümumidir. Təkcə dində deyil mill, siyasi və s. məsələlərdə də bu dözümlülük qorunur. Məsələn, antisemitizm bəşəriyyətin bəlası olsa da, Gürcüstanda bir dənə də olsa bu cür hal müşahidə edilməyib. Hazırda Gürcüstanda onlarla xalqın nümayəndəsi dostcasına yaşayaraq öz milli mədəni xüsusiyyətlərini qoruyurlar. Hər bir dini, milli qrup da öz növbəsində ümumi milli mənəvi dəyərlərin formalaşmasına töfhə verir. Sonda Osmanlı memarlığının nümunələrindən sayılan, Faxralı məscidinin fəaliyyəti ilə bağlı onu deyə bilərəm ki, məscid hər kəsin üzünə açıqdır və istər dini ayinlər, istərsə də dini bayramlarımız milli və mənəvi dəyərlərimizə, İslam ənənələrinə uyğun olaraq təşkil olunur və keçirilir.

Mənbə: Çingiz Haley oğlu Qasımov, 08.12.2017-ci il.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur