Dədə Qorqudşünas-alim, Hüseynqulu Məmmədli “Görüm Faxralının biri olsun beş…” tarixi  əsərində Faxralı kəndinin təxminən 800 illik yaşayış yeri olduğunu fərz edir. O, bunu kəndin ərazisində XII, XIV və XVI əsrlərə aid tapılmış islam qəbirüstü abidələrinin olması ilə bağlı qeyd edir.

Buntürklərlə bağlı həmin əsərdə qeyd edilir ki, Faxralı kəndindən 5-6 km aralı məsafədə yerləşən qışlağın keçmiş zamanlardan “Sərginə” və həmin qışlağa yaxın, nə zamansa istifadə edilmiş əski fıliz yatağının “Sargineti” adını daşımasıdır. Bu barədə kitabın “Tarixi keçmişimizə bir baxış” bölməsinədən daha ətraflı tanış ola bilərsiniz. Belə fərz olunur ki, Makedoniyalı İskəndər tərəfındən məhz Buntürklər Msxet dağlarından sıxışdırıldıqdan sonra Tiflisdən 60-70 km uzaqda basqa bir əraziyə köçmüş, oranı da əvvəlki yurdlarının adı ilə adlandırmışlar. Xatırladaq ki, qədim türklərdə yeni yurdu köhnə yurdun adı ilə əbədiləşdirmək tarixi bir ənənə kimi yaşamışdır. Sərginə və başqa qışlaqların ərazilərində indi də qalan qəbir üstü qoç və at, dəvə heykəlləri Becanoğuzaran (həmin yerə Bejanazaran da deyirlər) qışlağında, Yemşənli adlanan qalın meşələrlə örtülmüş ərazidə qəbir üstü daşlara həkk olunmuş qopuz çalğı aləti, ox, yay, ov səhnəsinin təsviri, yallı, Saxundur qışlağında 8 sütunlu Alban kilsəsi və digər etnoqrafik tarixi yadigarlar türk tayfalarının bu yerlərin əzəli sakinləri olmasını deməyə imkan verir.

1392-ci ilə aid olan bir gürcü mənbəyində Gürcüstanda olan bəzi kəndlərin siyahısı verilmişdir. Bu siyahıda Darbaz, Xaçisopeli, Orbeti, ilə yanaşı Sərginə də xaraba ərazi kimi göstərilir. Buradan belə nəticə çıxarmaq mümkündür ki, monqol istilası zamanı Sərginə tamamilə dağıdılmış, sonrakı yüzilliklərdə isə bura mal-qoyun saxlamaq üçün qışlaq kimi istifadə olunmuşdur (S.S.Kakabadze, “Грузинский документ Института Народов Азии “, Москва, 1967, стр. 147).

Bir sıra tarixi, etnoqrafik əlamətlər göstərir ki, keçmişdə indi Faxralı kəndinin əhatə etdiyi ərazilərdə 20-yə yaxın xırda-para kənd olmuşdur. Bu fərziyəni indi də Şahbuzlu, Çaldağı, Miyirdiş, Təhməz, Xəmmətli, Tənəkli, Sərginə, Saxundur, Becanoğuzaran və digər qışlaqlarda qalan qədim qəbirdaşları da təsdiqləyir. Hal-hazırda bu qəbirstanlıqların əksəriyyəti keçilməz meşəliklərlə örtülmüşdür.

Xatırladaq ki, bu vaxta qədər gürcülər bu məzarların hansı xalqa mənsub olmasını müəyyənləşdirmək üçün qonşu xalqların tarixçilərinə, arxeoloqlarına imkan yaratmamışlar. Hətta yerli əhalinin dediklərinə görə, müharibədən sonra gürcü mütəxəssisləri Borçalının Kirəşli Muğanlı kənd qəbirstanlığı yaxınlığında qazıntı aparmış, burada qədim türk tayfalarına aid abidələrin qalıqlarını aşkar etmişlər. Və dərhal da aparılması mümkün olmayan əşyaları və qəbir daşlarını yenidən torpağa basdıraraq yerli əhali üçün bu ərazini “qadağan zona” elan etmişlər.

Mənbə: Hüseynqulu MəmmədliGörüm Faxralının biri olsun beş…”  kitabı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur