Faxralı ulu babalarımızın məskən saldığı, öz gözəl ənənələrinin xatirələrini yaşadan bir kənddir. Müdrik qocalar, el ağsaqqalları və ağbirçəkləri kəndin adını “Fağır Alı”, bəzən də “Fəxr Əli” (Həzrət Əlinin Fəxri, islamın təbliğatçısı) kimi mənalandırmış, Qazaxın sonralardan Dağ Kəsəmən kəndinə birləşmiş Faxralı kəndi, bəzən də Goranboy rayonunun Faxralı kəndi ilə eyni kökdən olduğunu nəql etmişlər.

Faxralı toponiminin yözumu aşağıdakı ehtimallardan ibarətdir:

Birinci yozum Alı adı ilə bağlıdır. Ağsaqqalların, kəndin tarixi ilə maraqlananların dediyinə görə Faxralının ərazisində ilk ocağı XVII əsrin əvvəllərində Qarabağdan gəlmiş Alı və Hüseyn qardaşları çatıb. Bu nəslin ağsaqqalı öz “tükünün üstə dolanan” fağır bir adam olan Alı imiş. O dövrlərdə bu və ya digər nəsil, sonralar böyüyüb el-elat olanda da nəslin ağsaqqalının adı ilə anılıb. Bu anlamda Molla Əhmədli təpəsində məskunlaşmağa başlayan və məskunlaşan nəslin Fağır Alılar  – faxralılar  kimi anılması, tanınması inandırıcıdır. Qəbir yerləri – qəbristanlıq onların bu ətraflarda uzun müddət yaşadıqlarını təsdiq  edir. Bu tarix XVII əsrin əvvəlləri ilə səsləşir…

İstər sonralar Faxralı adı ilə tanınacaq eldə, istərsə də ətraf elatlarda əhalinin artımı bu artımla bağlı mal-qaranın, davarın çoxalması oturacaq yerlərinin darlığına səbəb olur. Belə bir şəraitdə Fağır Alılar nəslinin sözüötgün ağsaqqalının -Alının (o, ulu babasının adını daşıyıb) məsləhəti ilə nəsil Haça qayanın ətəklərinə köçüb. Bu yerdəyişmə 1725-1730-cu illərdə olub və elə bu səbəbə görə də Faxralının adı 1728-ci ilə aid “Tiflis əyalətinin müxtəsər dəftəri”nə düşə bilməzdi…

XVII əsrin 40-cı illərində Alı və Hüseyn qardaşları ilə imirhəsənlilər arasında münaqişə düşür. Münaqişə böyüyür və şəri silah kəsir. Bu dava-dalaşda Alı və Hüseyn qardaşlarının qohum-əqrabasından dörd nəfər, imirhəsənlilərdən iki nəfər ölür. Bu qan davası düşmənçiliyə çevrilə bilərdi. Qohum-əqrəbasının taleyinə sayğılarla yanaşan Alı imirhəsənlilərlə yaxın münasibətdə yaşamağın (daha qədim tarixə malik olan imirhəsənlilər say etibarı ilə xeyli çox idilər), bu qanlı olaydan sonra eyni örüşdə mal-qara, davar saxlamağın  çətin olacağını anlayır və isinişdikləri, el olduqları yurdlarından – Haça qayanın ətəkələrindən bir qədər uzaqlaşmağı məsləhət görür…

Gürcü qaynaqlarına istinad edən Hüseynqulu Məmmədli Səməndər Məmmədovun tərtib etdiyi “Faxralı kimi ağır elim var mənim” kitabına yazdığı ön sözdə xatırladır ki, XV əsrin II yarısında, daha dəqiq olaraq 1474-cü ildə türklər Gürcüstanı işğal etdikdən sonra Mahmud bəyi Faxralı sancaqlığına vali (sahibkar) təyin etdilər. Bu fakt Faxralının tarixinə güman işığı salır: “Əgər söhbət bizim Faxralıdan gedirsə, onda bu elin tarixi 5 əsrdən çoxdur, bu el bir sancaqlıq (el-elat) kimi 1474-cü ilə qədər hakim idarəçilik tərəfindən rəsmən tanınıb”.

Gürcü tarixçi-alimlərinin hazırladığı bir xəritə diqqəti çəkir. Türkiyənin də ərazisinin bir hissəsini əhatə edən, XVII əsrin siyasi görümünü verən bu xəritədə Türkiyə ərazisində P a r x a l i adlı yaşayış məntəqəsi də qeyd olunub. Əvvəla, kənd xəritəyə düşübsə, deməli, xırda deyilmiş. Digər tərəfdən, gürcü dilinə vaqif olanlar bilir ki, bu dildə “f” səsi “p” səsi kimi, “i” səsi “ı” səsi kimi tələffüz olunur və yazılır. P-f, i–ı fonetik hadisəsini nəzərə alsaq, çox da ciddi olmayan Faxralı-Farxalı-Parxali addəyişməsinin səbəbini bilərik. Kəndin mövcudluğu XVII əsrə aid xəritə ilə təsdiqlənirsə, onda onun əzəli tarixi XIV-XVI əsrlərlə səsləşməlidir. Deməli, XIV-XVI əsrlərdə Türkiyənin ərazisində Faxralı adlı yaşayış məntəqəsi olub!

Bu ad oxşarlığı təsadüfidirmi? Belə təsadüfləri qəbul etməyən tarix təsdiqləyir ki, eynilik həddində belə bənzərlik ancaq miqrasiya ilə bağlı olur. Bəs adı gedən eyniliyə səbəb olmuş miqrasiya necə baş verə bilərdi?

I güman: Türkiyədən Faxralıya (istər hərbi yürüşlər zamam, istərsə də qan davası zəminində indiki Faxralının həndəvərlərində məskunlaşan nəsillər bu əraziyə öz dədə-baba kəndlərinin adını verib);

II güman: Faxralıdan Türkiyəyə (ya qan davası zəminində, ya da yaxşı güzəran axtarışı ilə əlaqədar bu və ya digər nəslin Türkiyəyə köçməsi, birinci gümanda qeyd edildiyi kimi, məskunlaşdığı əraziyə yeni ad verməsi). Birinci güman daha inandırıcı görünür.

Ağsaqqalların, kəndin tarixi ilə ciddi maraqlananların dediyinə görə, Faxralıya ilk sakinlər Qarabağdan gəlib  – dəryahlılar. Dəryahlıların Qarabağa Türkiyənin Faxralı kəndindən köçdüklərini gümanlasaq necə? Tarix bu suala cavab verməsə də gümanımda həqiqət çalarları var. Dələver adı da eyni talelidir.
Türkiyənin Çıldır mahalında, Zurzunanın yaxınlığında D ə l ə v e r kəndi var. Faxralıda suyu qurumuş dərə indinin özündə də D ə l ə v e r adlanır. Dələver dərəsinin mənbələrinə yaxın ərazilərdə qədim-ortaçağ yaşayış məskənlərinin xarabalıqları qalmaqdadır. Bu ad oxşarlığının təsadüf olduğuna inanmaq çətindir. Zənnimizcə, bu eynilik də miqrasiyanın nəticəsidir. Güman olunur ki, bu miqrasiya da geniş, bol otlu otlaqlar axtarışı ilə bağlı olub, əhalisi köçən kənd sonralar xarabalığa çevrilib…

Borçalı XVIII əsrin onalarında Avar xanı Ummanın (İbrahim xanın qaynıdır, bəzi mənbələrdə Ümmə xan kimi anılır), Dağıstan xanı Çolaq Surxayın nizami ordu hissələrinin hücumlarına da məruz qalıb, XVIII əsrin axırlarında Qaşqa Sərdarın quldur dəstələrinin basqınlarına da. İstər Ummə xanın, istər Qaşqa Sərdarın, istərsə də Çolaq Surxayın Borçalıya basqınları ləzgi talanlan adı ilə tarixləşib.

Ləzgi talanlarına Faxralı da məruz qalıb.

Yaranışından ad-sanına saymazlıq edənlərin “alımını vermiş” faxralılar bu talanı elin adına baş töhməti bilirlər və qisasın zamanını gözləyirlər. “Düşmən düşməndən yüz ildən sonra qisas alır, deyir elə bil bu günkü gündü” – Faxralı deyimidi…

…Çapar xəbər gətirir ki, Umma xanın silahlı dəstəsi Faxralıya tərəf gəlir. Elin ağsaqqalları talançılan kəndin kənarında qarşılamağı məsləhət bilirlər. Hər nəsildən iki-üç nəfər olmaqla yaradılan silahlı dəstə Bolus gəzdəyı‘ndə pusqu qurur. Bolus gəzdəyı’nə yaxınlaşan talançılar faxralıların qəfil həmləsi ilə qarşılaşır; talançılar əl-qol açana kimi el təpərli hünərvər oğulların kəsərli qılıncları “öz işini görür”. 

Mənbə : Rəşid Faxralı –  “Oğuz eli Faxralı”  kitabı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur