Ümumi məlumat

Alimlər, insan ömrünü yaş həddindən asılı olaraq aşağıdakı mərhələlərə bölürlər:

“Cavan nəsil”     – 25 – 44
“Orta nəsil”        – 44 – 60
“Yaşlı nəsil”        – 60 – 75
“Qoca nəsil”       – 75 – 90
“Uzunömürlü”   – 90 – dan yuxarı…

Faxralı kəndində uzunömürlü insanlar çoxdur. Onları zaman-zaman araşdırıb Sizlərə təqdim edəcəyik.

 

Balaxanım nənə

Faxralı kəndinin ən uzunömürlü sakini (106 yaş) Musayevlər nəslindən olan Balaxanım nənədir.

Onun 7 övladı, 38 nəvəsi, 103 nəticəsi, 5 kötücəsi vardır.

Allahdan Balaxanım nənəyə uzunömür, can-sağlığı arzulayırıq!

 

Nazxanım nənə (Hümbət qızı Məmmədova)

Nazxanım Rüstəm qızı Hümbətova 21 yanvar 1919-cü ildə Faxralıda anadan olmuş, Balaməmmədli nəslindəndir. Atası Faxralınln adlı-sanlı kişilərindən olub – Rüstəm Hümbət oğlu Məmmədov (o, Qaçaq Rusdam kimi də tanınır).

O, Faxralıda təhsilin ilk dövrlərində latın qrafikası ilə dərs deyən müəllimələrdən biri olmuşdur.

 

Nazxanım xanım, 28.11.2017-ci ildə 98 yaşında vəfat edib.  Allah rəhmət eləsin!

 

Gülgəz Qurban qızı Əlizadə

Gülgəz nənə 1923-cü ildə Faxralı kəndində anadan olmuş və 2017-ci ildə 94 yaşında rəhmətə getmişdir. Koxallı (Kovxalı) nəslindəndir.

Allah rəhmət eləsin!

 

Qasım Məmmədhüseyn oğlu Qasımov

Qasım Qasımov (Amaşlı nəsli) 01.07.1928-ci il tarixində Gürcüstan respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Orta təhsillidir.

Əmək fəaliyyəti: Kəndin bulaqlarına xidmət göstərib (cuvar), dülgər və bənna peşə sahələrinə sahib olub.

Övladları: 2 oğul (Sədrəddin, Fəxrəddin), 2 qız. Hal-hazırda (2019-cu il tarixdə) Qasım babanın 91 yaşı var.

O, çox gümrah və sağlamdır.

Allahdan Qasım babaya uzunömür arzulayırıq!

 

 

Qasım baba ilə bağlı maraqlı hadisə:

Bir gün Qasım baba heyvanlarını çölə otarmağa aparıbmış. Onu yolda kənd sakinlərindən biri görür və salam verərək odun dalınca meşəyə gedir. O, qayıdan zaman Faxralıda Miyirdiş deyilən qayanın yaxınlığında bir nəfərin yerə yıxılmış vəziyyətdə olduğunu görür. Sonradan məlum olur ki, həmin adam ürək çatışmazlığından əziyyət çəkirmiş və bu səbəbdən rəhmətə gedib.

Adamın yaşlı olması və Qasım babanın həmin gün bu yerlərdə görünməsi, ölənin Qasım baba olması şübhəsi yaradıbmış.

Bu bəd xəbər qısa bir müddətdə kəndə yayılır. Rəhmətə gedən adamı Qasım baba bilib onun cənazəsini Qasım babanın evinə gətirirlər. Kənd adətinə uyğun olaraq yas tədarükü görülür və “ağlaşma” təşkil edilir. Qasım babanı istəyən ən yaxın qadınlar növbə ilə cənazənin üzərində ah-nalə edirlər. Bu zaman Qasım babanın həyat yoldaşı Əsli nənənin gözləri ölənin ayaqlarındakı qırmızı rəngli çulkuya sataşır. O, həmin an diksinir və bu adamın əri olmadığını qışqıraraq deyir.

Məlum olur ki, ölən adam Qasım baba deyilmiş. Tez cavanlardan biri Qasım babanın dalınca Miyirdişə gedir, onu tapır və hadisəni qısaca ona danışır.

Qasım baba evə gələndə matəm tədbiri toy-bayrama çevrilir.

Sonra ölən adamın kimliyi dəqiqləşdirilir, yaxınları tərəfindən cənazə evlərinə aparılır və “el qaydası” ilə dəfn edilir.

Hadisəni Qasım baba belə nəql edir:

P.S. Hadisə 25.03.2001-ci ildə baş verib. Rəhmətə gedən adam Qorğaların Astan baba olub, meşəyə oduna gedibmiş, qoca olmaqla bərabər ürəkçatışmazlığından əziyyət çəkirmiş.  Allah ona rəhmət eləsin!

 

Digər uzunömürlülər

Haqqında ətraflı məlumatımız olmadığı uzunömürlülərin siyahısı aşağıda göstərilir. Onlar barədə əlavə məlumat əldə etdikcə saytda yerləşdiriləcəkdir.

  • Ələkbərov Ələkbər (anası Xanım) – 102 yaş
  • Babaşov Məmmədəli İsmayıl oğlu – 101 yaş (ləqəqbi: Kürdoğlu, 1892-cil ildə Faxralı kəndində anadan olub, 1993-ci ildə rəhmətə gedib)
  • Babaşov Mənsur İsmayıl oğlu – 95 yaş
  • Babaşov Mehralı Süleyman oğlu – 92 yaş
  • Balamədlinin Allahverdi – 100 yaş
  • Aşırov Məhərrəm – 90 yaşdan yuxarı
  • Ayrımların Ənvər – 90 yaşdan yuxarı
  • və s.

Qeyd: Məlumatlarda qeyri-dəqiqlik ola bilər. Sizlərdən xahiş edirik bu barədə [email protected] ünvanına məlumat göndərəsiniz. 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur