Fatma Əliyeva (Aslan) aşağıdakı kitabların müəllifidir:

  1. ???
  2. “Göy üzündə gəzən bulud”
  3. “Təki ümidlər ölməsin…”

 

KÖNÜL ÇIRPINTILARININ ŞEİRƏ DÖNÜŞMƏSİ

Bir qadının sısqa çiyinləri bu böyüklükdə dərdin yükünə necə tab gətirir?

Bu sualı bir neçə il öncə, Fatma Aslanın “Göy üzündə gəzən bulud” adlı ilk şeirlər kitabının Tiflisdə “Varlıq” mədəniyyət mərkəzindəki təqdimatında səslən­dir­mişdim və təqdimat mərasimindən sonra televiziya­lardan birinə ayaqüstü verdiyim kiçik müsahibədə də mikrofonu mənə doğru tutan jurnalistin təkidiləmi, xahişiləmi yenidən təkrarlamalı olduğumu indi də xatırlayıram və istinad nöqtəsi kimi yola həmin sualdan çıxmağı daha doğru sayıram.

Fatma Aslanla tanışlığımın qəribə bir tarixçəsi var və həmin tarixçəni burada vermədən keçmək istəmirəm. İllər öncə Faxralıda şair Rəşid Faxralının şeirlər kitabının təqdimatı keçirilirdi. Mərasimə dəvət olunanlar onun haqqında xoş sözlər söyləyir, məktəb şagirdləri şeirlərini səsləndirirdilər. Aparıcı növbəti çıxış edən şəxsin adını səsləndirsə də, nədənsə mən buna diqqət vermədim və sadəcə onun məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi olduğunu eşitdim. O, Rəşid Faxralının şeirlərini peşəkar tənqidçi-ədəbiyyatşünas kimi təhlil etdi və əmin bir şəkildə mərasim iştirakçılarının diqqətini özünə cəlb etməyi də bacardı. Mərasimdən sonra biz dostlarla tədbirin gedişini, tədbidəki çıxışlara münasibət bildirər­kən, mən həmin müəllimənin çıxışını çox bəyəndiyimi, lakin kim olduğunu bilmədiyimi hamımızın rəğbət bəslədiyimiz rəhmətlik Arif Əliyevə və şair Rafiq Hümmətə söylədim. R. Hümmət təəccüblə: “Tanımırsan­mı? Fatma Arif müəllimin bacısıdır”, – dedi. Buna Fatma xanımla mənim ilk tanışlığım da demək olar və ilk tanışlığımızda mən onun bir ədəbiyyat sevdalısı, bir şeir-sənət bilicisi olduğuna inandım. Sonralar onun başqa-başqa söz adamlarının yaradıcılığı barədə ətraflı araşdırmaları,  çıxışları ilə tanış olduqca ilk təəssüratımın məni aldatmadığını da fəhm etdim. Və mən Fatma Aslanın timsalında söz sənətimizin mahir bir bilicisi ilə tanış olduğumu anladım.

Bir qədər sonra isə Fatma xanıma başqa bir baxış bucağından da baxmalı oldum. O, bu dəfə qarşıma başqa bir keyfiyyətdə, başqa bir ampluada – incə qəlbli şair kimi çıxdı.

Fatma Aslanın “Göy üzündə gəzən bulud” adlı ilk kitabının təqdimatı paytaxt Tiflisdən sonra onun doğma kəndi Faxralıda da keçirildi və mən onun ailəsi ilə tanış olmaq imkanı da qazandım. Sadə ziyalı ailəsindəki səmimiyyət, istilik, şəfqət ilk baxışdaca sezilirdi və mən ürəyimdə “Belə bir mühitdə Fatma elə şair də olmalı idi” kimi bir qənaətimi də formalaşdırdım. Və bu qənaətimin üstünə “bu adam könül çırpıntılarını şeirə döndərməsə dura bilməz” kimi bir düşüncəmi əlavə etməkdən də özümü saxlaya bilmirəm.

Budur, artıq Fatma xanım “Təki ümidlər ölməsin” adlı ikinci kitabını da oxucularına təqdim edir.
Biz dünyanın müxtəlif yöndən çəkilmiş yüzlərlə şəklini görmüşük. Xəritə, qlobus, kosmosdan çəkilmiş dürlü-dürlü fotolar dünyanı bizə coğrafi baxımdan, fiziki şəkildə tanıdır və biz yeni yaranan texnoloji yöntəmlərlə dünyanı daha yaxşı tanımağa başlayırıq. Bu dünyanı tanımamızın bir yoludur. Bu şəkillərdə dağlar da var, çaylar da var. Amma… Dünyanı tanımaq üçün bizim qarşımızda başqa bir yol da açılır. Bu, bir şair könlündən süzülən duyğular vasitəsilə tanıdılan dünyadır. Biz bu dəfə bir şair könlünün cızdığı dünya ilə üz-üzə qalırıq. Bəli, Fatma Aslan dünyanın poetik şəklini çəkməyə cəhd edir, dünyanın poetik obrazını yaratmağa çalışır. Poeziyanın əbədi obrazına çevrilmiş dünya haqqında öz sözünü demək istəyindən özünü saxlaya bilmir.

Fatma xanımın şəklini cızdığı dünyanın coğrafiyası genişdir, rəngarəngdir. Bu dünya qarşımızda gah ruhi-mənəvi bir donda boy verir, gah da Vətənin – Borçalının, Göycənin, Təbrizin hüzünlü şəkli kimi görünür. Bu dünya şeirdən şeirə bir doğma yurd yeri kimi, könül duyğularımızın tərcümanı bir telli saz kimi, sevinci-kədəri qoşa qardaş olan bir ağrılı ürək kimi və ya bir könül sirdaşı kimi şəklini dəyişir. Fatma “dünyanın şəklini gözümə çəkim” deməklə, dünyanın gözəlliklərini – kiçik böcəyindən tutmuş zümrüd meşəsinədək könlünə köçürmək istəyir. Axı, gözün könül aynası olmasını biz binayi-qədimdən bilməmiş deyilik. Şairin söz vasitəsilə cızdığı dünyanın, məsələn, dağların kiçik bir şəklini örnək verməklə bu dünya ilə tanışlığımızı davam etdirək:

Beşiyimdi, bələyimdi bu dağlar,
Bir qönçəydim, açmamışdım o çağlar.
Könlüm ömrün baharını soraqlar,
Şahidimdir bu çəmənzar, bu çeşmə.

Fatma xanımın kitabının bir bölümü erkən itirdiyi qardaşı Arif Əliyevə həsr etdiyi şeirlərdən ibarətdir. Bu şeirlər təkcə bir bacının könül çırpıntıları olmaya gərək? Nədən ki, bu cür düşünmək Arif Əliyev şəxsiyyətini bir ailənin, bir ocağın çərçivəsinə salmaq kimi anlaşılardı. Arif bəy təkcə bir ailənin, bir kəndin itkisi deyil; bir elin, bir xalqın, böyük bir coğrafiyanın təəssübkeşi olan bir kişinin vaxtsız vəfatı böyük ictimai məzmuna malikdir. Və orasını da qeyd edim ki, Arif Əliyev şəxsiyyətinin bütövlüyü sözü ilə əməlinin üst-üstə düşməsi, haqsızlığa qarşı anında ötkəm bir şəkildə cavab verməsi, millət və xalq adına etdikləri və etmək istədikləri ilə təsdiqini tapırdı. Bu üzdən mən Fatma xanımın ona həsr etdiyi şeirləri fərdi düşüncənin məhsulu kimi qəbul edə bilmirəm, həmin şeirləri Arifi müəllimi tanıyanların ümumi düşüncəsinin sonucu və ya fərdi düşüncənin ictimailəşdirilməsi hesab edirəm. Aşağıda verəcəyim bir bənd şeir təkcə Fatmanın qardaş itkisinin bəlgəsi deyil, həm də Arif bəyi yaxından tanıyanların könül çırpıntılarının şeir şəklində görüntüsüdür:

Can sirdaşım, səndən ayrı düşəli,
Günüm göy əysiyə düyülüb gedib.
Ürəyim dərdimin dəyirmanında,
Qovrulmuş buğda tək üyünüb gedib.

Fatma xanımın kitabının digər bölümü yaxşı tanıdığı, ruhən bağlı olduğu insanların poetik portretlərindən, yəni onlara həsr etdiyi şeirlərdən ibarətdir. Bu poetik portretlərdə təsvir olunan insanlar arasında şairin özünə mənəvi ustad bildiyi tarixi şəxsiyyətlərin, məsələn, ustad Məhəmməd Füzulinin, yaxından tanıdığı sadə insanların obrazları canlandırılır.

Kitabda şairin bayatı janrında qələmə aldığı şeir parçalarının verilməsi isə bu poetik topluya bir başqa gözəllik qazandırır.

Kitabın digər bir bölümündə Fatma xanıma həsr olunmuş şeirlər toplanıb və həmin şeirlərdə Fatma xanım övladlarını sevən bir ana, şagirdlərinin ən kiçik uğuruna sevinən bir müəllim, Vətəninə vurğun vətəndaş, bir yaradıcı insan kimi poetik şəkildə təqdim olunub.
Artıq fikirlərimi toparlamağın və sonda könül çırpıntılarına şeir donu biçən Fatma xanıma yeni yaradıcılıq uğurları diləməyin məqamı yetdiyi düşüncəsi ilə bu kiçik qeydlərimi yekunlaşdırıram.

Kitabın PDF formatında tam versiyasına buradan tanış ola bilərsiniz.

Afiq MUXTAROĞLU

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur