Alman dili üzrə istedadlı müəllim, peşəkar pedaqoq, vətənpərvər ziyalı İmaməli Qurban oğlu Babaşovun mənalı həyatına və pedaqoji fəaliyyətinə həsr olunmuş bu kitabda onun keçdiyi həyat yolu qısa da olsa işıqlandırılmışdır.

Dünyada heç bir sərhəd, sədd tanımayan, ucalardan-uca, müqəddəslərdən-müqəddəs şərəfli adı müəllim daşıyır. Öz şagirdlərinə qələm tutmağı, bilik, məlumat əldə etməyi, oxuduğumuz kitabları bizə sevdirməyi öyrədən əziz, doğma, mehriban müəllimlər olubdurlar. Belə müəllimlərdən biri də əsrin üçdə birindən çox Gürcüstan SSR-nin Dmanisi (Başkeçid) bə Bolnisi rayonlarındakı bir neçə orta məktəbində işləmiş İmaməli Babaşov olmuşdur.

O, 1933-cü ildə Gürcüstan SSR, Bolnisi rayonunun Faxralı kəndində çox çox qədimlərdən məskunlaşan, böyük nəsillərdən biri olan Babaşlı nəslində dünyaya göz açmışdır. Üç yaşında anası Şahpəri Oruc qızını itirən İmaməli və bacısı Güləsər çox ağır uşaqlıq həyatı keçirmişlər.

İmaməli müəllim 1940-cı ildə Faxralı orta məktəbinin 1-ci sinfinə daxil olur və 1951-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirir. Ailənin maddi vəziyyətinin ağır olması onun iki il Faxral kəndindəki “Qələbə” kolxozunda işləməsinə səbəb olur və ailəyə maddi köməklik göstərir.

Uşaqlıqdan müəllim olmaq arzusu ilə ürəyi çırpınan gənc İmaməli 1953-cü ildə qəbul imtahanlarını uğurla verib Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun alman dili fakultəsinə daxil olur, 1957-ci ildə həmin ixtisasın tam kursunu bitirir, atasının ahıl yaşda olmasını nəzərə alıb təyinatını Gürcüstan SSR Maarif Nazirliyinə alır və Borçalıya qayıdır.

Ömrünün 35 ilə yaxınını pedaqoji sahəyə həsr edən bu nurlu şəxsiyyətin yetirmələri bu gün Azərbaycanda, Gürcüstanda və xarici ölkələrdə müxtəlif vəzifələri icra etməklə İmaməli müəllimə baş ucalığı gətirirlər. O, müəllimlik peşəsinə sonsuz sevgisini hər zaman müdrik müəllimlərin belə fikri ilə izah edirdi ki, “Müəllim ucalıq, saflıq, mənəvi paklıq rəmzidir. Bu ad mübarizə, qəhrəmanlıq və zəfərin adıdır. Müəllim ömrü bir çıraqdır. Bu çıraq öz şöləsini yetişdirdiyi gənc nəslin qəlbində yandırır, doğma xalqının maariflənməsi yolunda alovlanır”.

İmaməli müəllimi başqalarından fərqləndirən ən üstün cəhət onun yüksək əxlaqi və milli-mənəvi dəyərləri özündə cəmləşdirən qeyri-adi şəxsiyyət, sözün həqiqi mənasında öz orijinallığı ilə sayılıb-seçilən əsl insan olması idi. Zəngin daxili mədəniyyəti, heyrətamiz obyektivliyi, həmişə haqqın və haqlının tərəfində olması və xeyirxahlığı ilə fərqlənirdi.

İmaməli müəllim bu dünyaya pak gəldiyi kimi, ləyaqətli bir ömür yaşayaraq bu dünyadan pak da köçdü.

Bu kitabda İmaməli müəllimin keçdiyi həyat yolu, pedaqoji fəaliyyəti haqqında məlumat ilə yanaşı, həmçinin yaxın ünsiyyətdə olmuş şagird və tələbə yoldaşlarının, həmkarlarının, alimlərin, ziyalıların, qohumlarının, həmyerlilərinin və keçmiş şagirdlərinin unudulmaz xatirələri yer almışdır.

Kitabdan bəzi foto şəkillər aşağıda təqdim olunur:

    

    

Mənbə: Kitabın tərtibçiləri Əmirxan Babaşov, Məhəmməd Babaşov

Kitab, “Ziya” NPM-də 2015-ci ildə nəşr olunmuşdur.

 

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur