Nəslin şəcərəsi

Şəcərə, 2004-cü ildə nəslin nümayəndəsi Etimad Bayram oğlu Eyvazlı tərəfindən hazırlanmışdır.

Etimad Eyvazlı qeyd edir ki, bu nəslin ulu babası Ayvaz kişi XVIII əsrdə Anadoluda yaşamışdır. Onun oğlu Hüseyn cavanlar arasında anlaşılamaz münaqişənin düşmənçilliyə çevrilməməsi üçün atası Ayvazın yaxın dostu və qan qardaşı Həmidi bəyin məsləhətilə Oğuz eli Faxralıya pənah gətirmişdir. Onun Faxralıda 3 oğlundan 3 nəsil : Ayvaz öyü, Hasan öyü, Əhməd öyü  yaranmışdır. Bu nəsilə Ayvaz öyü və ya Hüseynli nəsli də deyirlər. Nəsil, Faxralıya Dəryahlı nəslindən sonra 2-ci məskunlaşan nəsildir.

 

Nəsil barədə Hüseynqulu Məmmədlinin qeydləri

Eyvazöyləri (Kələli, Hasanöyü, Hüseyn uşağı), Şirrətdi, İmannı, Osmanlı Süleyman (Yekə Xançal), Osman Dəşdəmir.

Vaxtilə Türkiyənin Çıldır mahalından Faxralıya köçüb – gəlmələri və əjdadlarının səlcuq-türkmən mənşəli olmaları haqqında ehtimallar vardır.

Bu tayfaların sünnü olmaları, inqlabdan əvvəlki dövrlərdə ziyalıların Türkiyədə təhsil almaları, əfəndi adı ilə vətənə dönmələri də fikrimizi təsdiq edir.

Mənbə : Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

 

Nəsil barədə Rəşid Faxralının qeydləri

XVIII əsrin 30-cu illəriydi…

Şirətdilər Anadoluda yaşayırdı. Ayvaz kişinin oğlu Hüseyn el-obanın sayılıb-seçilən cavanlarındanıydı. Atasının qan qardaşı Həmid bəy ona bir kəhər bağışlamışdı və Hüseynin qaşqa kəhəri çıdırlarda digər atları nalından qopan toz-dumana bələyirdi…

… Kənddə toy varıydı. Toya toplaşanlar göz qırpmadan cırırçılar gələsi yola sarı baxırdı. Iki at – qaşqa və qara kəhər bir-birinə macal vermədən irəli çıxmağa can atırdı. Hüseyn kəhərin yalmanına yatmışdı. Qəflətən qara kəhərin dizləri yerə gəldi, onu güllə ilə vurmuşdular. Hamı çaşıb qalmışdı. Aradan aylar ötəndən sonra məlum olacaqdı ki, gülləni Kürd Musa Hüseynə atırmış, Şükrünün atına dəyib, ötən həftə güləşdə alt olduğu cavanı aradan götürmək istəyirmiş…

Qənirsiz gözəl olan Bikəni Şükrü də sevirdi, Hüseyn də. Bunu elatda hamı bilirdi. Qəlbinə şeytan girənlər ağanı inandırmışdılar ki, Hüseyn Şükrünü Bikəyə görə öldürmək istəyirmiş, gülləsi yayınlb. Ağa da “iki ayağını bi başmağa dirəyib” Hüseynin yaxasından yapışmışdı və nə yolla olur-olsun onun cəzalandırılmasına çalışırdı, məqsədinə çatmaq üçün pul-parasına da qızırğanmırdı. Oğlunun qazamatlarda çürüməsini istəməyən Ayvaz kişi əl altından qan qardaşına ismarıc eyləyir ki, bəs, vəziyyət belədir. Həmdi bəy çox götür-qoydan sonra Hüseynin Anadolunu tərk etməsini məsləhət bilir: “Köyümüzün ağası qansız adamdı. Qisas almasa bağrı çatlayar”…

Hüseyn Borçalıya köçür, Faxralıya pənahlanır…

Şirətdilərin Ayvazın oğlu Hüseynin törəmələri indi Ayvazöyü (Kələli, Söyünnü) adıyla tanınır.

Mənbə : Rəşid Faxralı –  “Oğuz eli Faxralı”

 

Nəslin kök qohumları

  • Ayvaz öyü-Kələli,
  • Hasan öyü,
  • Əhməd öyü,
  • Qara Söyünlər,
  • Omarlar,
  • Abdı öyü,
  • Gön Alılar,
  • Usub öyü,
  • Osman Süleymanlar,
  • Yerəbaxanlar,
  • Kor Söyünlər,
  • Qara Musalar,
  • Emin öyü,
  • Şərif öyü,
  • Eyib öyü,
  • Əfəndi öyü,
  • Bacanlar

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur