Nəsil barədə Hüseynqulu Məmmədlinin qeydləri

Faxralıda Həsənli nəslinə Hasannı və ya Hasanlı da deyirlər.

Bu tayfanın qədim mənşəyi Cənubi Azərbaycanla bağlıdır. Burada Hasanlı adlı qədim şəhər xarabası də vardır. Avroba arxeoloqları tərəfindən aparılmış qazıntı işləri nəticəsində Azərbaycan tarixinə aid zəngin maddi-mədəniyyət qalıqları aşkar edilmişdir. Tapılan “Qızıl kasa” isə dünya alimləri tərəfindən yüksək dəyərləndirilmişdir.

Tarixi sənədlər göstərir ki, Hasanlılar vaxtı ilə çox döyüşkən olmuş, ona görə də tayfanın gəncləri döyüşlər zamanı xüsusi dəstə halında İran ordusunun önündə getmişlər. Beləliklə də növbəti hücumların birində tayfanın bir hissəsi İranın hakimiyyəti altında olan Qafqazda, Gəncədə, bir qismi isə Gürcüstanda – Faxralı kəndində məskunlaşmışlar. Bu tayfanın Faxralıda yaşayan nümayəndələri əsrimizin 20-30-cu illərindən əvvəl zəngin var-dövlət və geniş torpaq sahibi olmuş, bir qədər nadinc tayfa sayılmışdır.

Aranda-binədə, Ermənistan dağlarında (Qaraqoçda) onlara məxsus xüsusi yurd yerləri, otlaq sahələri var idi. Başqa nəsillərdən heç kəs icazəsiz onların ərazisinə ayaq basıb ziyan verə bilməzdi.

Hasanlıların son sülaləsinə mənsub olan, tayfa ağsaqqalı Təhməzqulu kişi 1929-30-cuillərə qədər Faxralı kəndinin kattası olmuşdur. Hasanlı tayfası 1929-31-ci illərdə Sovet dövlətinin “qolçomaqları bir sinif kimi ləğv etmək” haqqında çağırışından sonra demək olar ki, tamamilə represiyaya məruz qaldı. Hətta bu tayfanın qızları ilə ailə quran Musa Pənah oğlu da sürgün edildi və digərləridə belə əsassız ittihamlardan yaxa qurtara bilmədilər.

Köklü bir tayfanın nümayəndəsi olan Musa Pənah oğlu hələ 1927-ci ildə Dağ Borçalının Soyuqbulaq kəndində həmişəlik məskunlaşmasına və yurd-yuva salmasına baxmayaraq Hasanlılardan evləndiyinə görə iki dəfə/1931,1937/ həbsə məruz qaldı. Son dəfə isə 1937-ci ildə həbsə alındı, Sibirə sürgün edildi və bir daha geri qayıtmadı. Beləliklə Hasanlı tayfasından günahsız bir qadın da 4 oğul, 3 qız övladları ilə zamanın ədalətsiz hökmü qarşısında baş əyməli oldu. Ancaq heç vaxt sınmadı, ilk növbədə övladlarını ləyaqətlə, kişi qeyrəti ilə böyütdü. Oğlanlrına orta və ali təhsil verdi.

Sovet hökümətinin bu ailəyə etdiyi zülm və həqarətlərə baxmayaraq Mehman xanımın böyük oğlu Sədi 1941-1945-ci illərdə alman faşistlərinə qarşı gedən müharibədə sədaqət və ləyaqətlə vuruşdu. Zabir rütbəsində, orden və medallarla cəbhədən qayıtdı. Sonralar maarif sahəsində çalışdı, bir daha təsdiq etdi ki, “ot kökü üstə bitər”. Sədi müəllim təqaüdçü, istefada olan hərbiçi veterandır. Mehman xanımın son beşiyi Tahir Pənahov  fizika-riyaziyyat elmlər doktorudur. İnşaat mühəndisləri universitetində çalışır. Dövrün-zamanın bütün ağırlıqlarına mərdliklə dözən Mehman xanım analıq vəzifəsini şərəflə yerinə yetirdi, böyüdüb boya-başa çatdırdığı övladlarının uğurlu ailə sevinclərini gördü. Ləyaqətlə oğlanlarını evləndirdi, qızlarını köçürdü. Vaxtilə dəfələrlə duz-çörəyini kəsdiyim Mehman xanıma allah rəhmət eləsin. Sovet hökümətinin zaman-zaman insanları nahaqdan qan dəryasında boğan pislikləri özünə qaldı (Bax: Kitabın 1931-1937-ci il hadisələr bölməsinə).

Mənbə : Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

 

Nəsil barədə Rəşid Faxralının qeydləri

Hasanlılar adıyla tanınan nəsil XVIII əsrin əvvəllərinə kimi İranda yaşayıb. Hüseynqulu Məmmədli qeyd edib ki, “Cənubi Azərbaycanda Hasanlı adlı qədim şəhər xarabalığı var”. Bu qeydə əsaslansaq, Hasanlı nəslinin bu şəhərlə bağlılığını, ulularının vaxtilə bu şəhərdə yaşadığını güman etmək olmazmı? Belədirsə, onların Faxralıda məskunlaşmasına səbəb nə ola bilərdi?
Gön Alıların Qulu bu nəslin ağsaqqallarının dediklərinə istinadən bildirir ki, Hasanlılar Faxralıya Gəncədən gəliblər. Bu, məlum faktdır. Bəs, Hasanlılar İrandan Gəncəyə niyə, nə zaman, tarixin hansı dönəmində köçüblər?

Bəzi məlum məqamlar bu suala işıq salır:
Hasannı nəslinin cavanları da öz dövründə gözəl at çapmaları, qılınc işlətmələri ilə seçilib. Hərbi yürüşlər ərəfəsində onların əksəriyyəti ordu sıralarına cəlb olunurdular.

Gəncənin gencə düzləri, gözişlədikcə uzanan meşələri, sərin çeşmələri, ayna gölü, şiş qayaları, papaqsalan dağları bu cavanların ürəyini telləndirir. Hərbi yürüşdən sonra Hasan, Təhməz, daha bir neçə nəfər burda qalmağa qərar alırlar. Onlar Gəncə ətrafında məskunlaşırlar. Az müddətdən sonra yerli cavanlarla aralarında ciddi münaqişə düşür. Hasannılar qan davasının hələ çox çəkəcəyini nəzərə alıb köçməyi qərara alırlar.

Faxralı Hasanlılara səxavətlə qucaq açır…

Mənbə : Rəşid Faxralı –  “Oğuz eli Faxralı”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur