Nə qədər ki, dizində taqət vardı, Aşıq Orucun güzarı vaxtaşırı Qarabağa da düşürdü. Bir dəfə şəyirdlərindən biri ondan soruşur ki, ay ustad, buraları bəyənmirsənmi ki, toyların lala vaxtı Qarabağa gedirsən?

Aşıq Oruc köksünü ötürür:
– Məni torpaq, yurd çəkir ay oğul. Babalarım öz zamanında Qarabağda yaşayıblar. Qarabağ adı gələndə ürəyim tellənir, könlüm qubarlanır. Gedib babalarımın qəbrini ziyarət edirəm.

Babam Qasım cavanlığında özünə görə güləşən adam olub. Hər oğul ürək eyləyib onun meydanına çıxmazmış. Toyların birində babam yenə də meydana çıxır, yenə meydan boyu gərdiş eləyir. Bir az keçmiş Əhməd adlı bir cavan ürəklənib meydana atılır, Qasımla qurşaq yapışır. Bir qədər dartışandan sonra babam bu pələpötür cavanın kürəyini yerə vurur. Cığallıq düşür. Onlar yenidən güləşəsi olurlar. Qasım Əhmədi yenə yıxır. Ara qarışır. Söz-söhbət böyüyür, ağsaqqallar araya düşür…

Əhmədin yekəxanalığı, orda-burda sözünü addatması Qasıma əsər eləyir. O, Əhmədə həddini tanıtmağı qərara alır. Günlərin birində gözdən-könüldən uzaq bir yerdə qarşılaşırlar. Mübahisə dava-dalaşla, dava-dalaş ölümlə nəticələnir. Qasım Əhmədi öldürür.

O illərin qan düşmənçiliyini hökumətdən də başqa tərəflərin özləri həll edirdilər. Qasım bir müddət hökumətdən, Əhmədin yaxın qohumlarından yayına bilib. Belə güzəran onu tamam-kamal bezdirib, üzə çıxmaq istəyib. Lakin, ağsaqqalar qoymayıb. Axırda bu nəsil Qasımın taleyi xətrinə Qarabağdan Qazaxa köçüblər.

Qasımlı (Qasımlı, Şamratdı) nəsli də Aşırlı və Alqazaxlar nəsilləri kimi Qazax ərazisində yaşayırmışlar. Onların da köçməsi Kür çayının daşması ilə bağlı olub və Faxralıya köçüblər.

Mənbə : Rəşid Faxralı –  “Oğuz eli Faxralı”, Bakı – 2002.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur