Mətləb Eldar oğlu Həsənov

SAZDA GƏZƏN BARMAQLARIN BİRDİ, BİR

Bu gün Borçalı deyəndə ilk növ­bədə yada düşən saz olur, bir də ünlü ustadlar. Axı, qədim türk yurdu olan bu mahal neçə-neçə ünlü sənətkarlar ye­tirib. Təkcə XX əsrdə yaşayıb yarat­mış ustad aşıqların adlarını çək­mək kifayətdir ki, burada aşıq sənətinin necə dərin köklərə malik olduğu haq­da aydın təsəv­vür yaransın. Sadıq Sul­ta­nov, Xındı Məmməd, Əmrah Gül­məm­mədov, Hüseyn Saraçlı, Əli­xan Qarayazılı, Kamandar Əfəndiyev, Aslan Kosalı, Əhməd Sadaxlı, Gülabı Xındı Məm­məd­oğlu və daha kimlər… Hər biri də adını sənət tarixində qızıl hərflərlə yazmış böyük ustadlar. Elə ustadlar ki, aşıq sənətindən söz düşəndə mütləq xatırlanırlar. Özü də təkcə Borçalıda yox, sazın-sözün qədir-qiymətinin yüksək tutulduğu hər yerdə – Azərbaycanda, Türkiyədə, Cənubi Azərbaycanda, Dağıstanda, bir sözlə, harda türkün ruhu dolaşırsa, orda bu müqəddəslərin ruhu həmişə minnətdarlıqla xatırlanır, sənətdəki xidmətləri ehtiramla yad edilir.

Xalq şairi Zəlimxan Yaqub nahaq yerə demir ki, “Borçalı aşıqları ifadəsi mənim üçün həyat sözü, tale sözü, tanrı sözü qədər əziz, şirin və müqəddəsdir. Mən gözümü açıb bu dünyaya gələndə qulağıma gələn xoş sədalar içində, bəlkə də, elə ən müqəddəs ifadələrdən biri “Borçalı aşıqları” ifadəsi idi. Bu sözü mən hələ bu aşıqların üzünü görməmişdən əvvəl lap uşaqlıqdan babalarımdan eşitmişəm və heyrətlə o günü gözləmişəm ki, görüm aşıqların özünü, boy-buxununu, şəxsiyyətini, eşidim səslərini, duyum ürəklərini, sevim çaldıqları havaları, yaddaşıma köçürüm yazdıqları şeirləri.”

Bəli, xalq şairinin ürəyindən keçən bu azrular hər birimizin ürəyindən keçib vaxtilə, yaşadığı hissləri hər birimiz yaşamışıq. Elə mən özüm də bu arzuların qanadında, bu hisslərin təsirində böyüyənlərdənəm. Gözümü açandan elimizi-obamızı sazlı-sözlü görmüşəm. Borçalının ağır ellərindən olan doğma Faxralımı sazın-sözün beşiyi kimi tanımışam. Bu kənddə kimlər saz çalıb, söz qoşmayıb?! XX əsrin əvvəllərində Türk dünyasının böyük ustadı Aşıq Şenlik Faxralıda olub və bu elin şəninə söz qoşub, “Görüm Faxralının biri olsun beş”, – deyib. Neçə-neçə el şairi və ustad aşıqlar yetişdirib mənim doğma Faxralım. Bu gün də burada sənətin layiqli davamçıları var. Necə deyərlər, böyük ustad Aşıq Şenliyin alqışı Tanrı dərgahında qəbul olunub, hər sahədə Faxralının biri beş də olub, on beş də. Neçə-neçə gənc taleyini aşıq sənətinə bağlayıb, xalqımızın bu ölməz sənətini yaşatmaq kimi nüqəddəs bir missiyanı öz üzərlərinə götürüblər. Onlardan biri də Mətləb Həsənovdur.

Mətləb Eldar oğlu Həsənov 1977-ci il dekabr ayının 29-da Bor­çalıda – Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Bu kənddə də orta təhsil alıb: 1984-cü ildə Faxralıdakı 1 saylı orta məktəbin birinci sinfinə daxil olub, 1994-cü ildə orta təhsilini başa vurub. Uşaqlıqda qəlbən aşıq sənətinə bağlandığından orta məktəbi bitirdikdən sonra bu sənətlə daha yaxından maraqlanıb, daha doğrusu, sənətin sirlərini peşə­kar­lardan öyrənməyə can atıb. Bu məqsədlə də 1995-ci ildə aşıq Bəhramın yanına gedib və bir müddət onun yanında şəyird olaraq sənətin incəliklərini öyrən­məyə çalışıb. Sonradan sənətlə bağlı əlaqələri bir az da geniş­lənib, ustad aşıqlarla tanış olub, Gədəbəyli aşıq Məlik və aşıq Ca­hangir Quliyevlə, Xındı Məmməd yadigarı Aşıq Gülabıyla (Allah rəhmət eləsin!) məclislərə, el şənliklərinə gedib.

Mətləb hazırda Ukraynanın Dnepropetrovsk şəhərində ya­şayır. Aşıq üçün doğma mühitdən, ustad sənətkarlardan ayrı düş­mək, təbii ki, çətindir. Amma Mətləb qürbətdə olsa da, sa­zın­dan bir an da olsa ayrılmır, öz üzərində daha çox işləyir. Ukray­nada və Rusiyanın bir çox şəhər­lərində yaşayan soydaşlarımızın məclislərində, toy şənliklərində özünün sazıynan-sözüynən kö­nül­ləri oxşayır, qürbətdəkilərin Vətən həsrətini az da olsa azaltmağa çalışır.

Mətləbi xeyli vaxtdır izləyirəm. Saz havalarını gözəl çalır. Ürə­yə­ya­tımlı avazı var. “Vətənin qıraqda qalan yeri” Borçalını, doğma Fax­ralımızı gözəl tərənnüm edir. Vaxtı ilə şerlərimin birində yazmşam ki:

Sazda gəzən barmaqların birdi, bir,
Barmaqların gəzişməsi sirdi, sirr.
Donmuşam yerimdə, olmuşam əsir,
Gətir Səməndəri sən dilə, dindir.

Aşıq Mətləb! Sazda gəzən barmaqların var olsun, könülləri oxşayan şirin avazın var olsun.

Mətləb ailəlidir, üç övladı var. İnanırıq ki, o, bu gün Və­tən­dən, doğ­ma Faxralıdan uzaqda yaşasa da, elini-obasını unutmur, əksinə sazıyla bu yerlərin vəsfini dilə gətirir, yurda başucalığı qazandırır, övladlarını da Vətənə məhəbbət ruhunda böyüdür.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur