Qabil Vaqif oğlu Abdıyev

MÜQƏDDƏS YOLUN YOLÇUSU

2012-ci ilin payızı idi. Eşitdim ki, “Lider” tele­viziya kanalında gənc aşıq­ların müsabiqəsi gedir. Düzü, son illərdə az qala telekanallar arasınd bəhsə çev­rilmiş müxtəlif musiqi yarış­malarını izlə­məkdə o qədər də həvəsli deyiləm. Çünki belə yarışmalarda çox zaman əsl sənət bir qıraqda qalır, təşkilatçıların əsas məqsədi anacaq SMS-lə tamaşaçıların cibinə gir­mək olur. Amma bununla belə, söhbət aşıq­dan, xalqımızın ən qiy­mətli mədəni sərvəti olan aşıq sənə­tindən gedən­də, biganə qala bilmirəm. Yarış SMS-lə də olsa, verilişi sona qədər izləyir və bəyəndiyim sənətçini bacardığım qədər dəstəkləyirəm. Bu dəfə eşitdiyim xəbər isə mənim diq­qəti­mi ikiqat cəlb etmiş, hətta, mən deyərdim ki, bir qədər də həyə­can­landırmışdı. Axı, bu yarışmada mənim eloğlum da iştirak edir­di. O, yarışmada Borçalını, Borçalı aşıq mühitini təmsil edəcəkdi. O Borçalını ki, adı tarixə qızıl hərflərlə yazılmış böyük ustad sə­nətkarlar yetirib və bu nəhənglərin sənət yolu bu gün etibarlı əl­lərdədir. Və bu yarışmada Qabil bir daha sübut etməliydi ki, Bor­çalı aşıq mü­hiti sevimli şairimiz Zəlimxan Yaqub demiş, “həmişə diri və duru­dur”.

Borçalı aşıq mühitiylə bağlı yazılarının birində Xalq şairi Zəlimxan Yaqub belə deyir: “Bəlkə də dünyanın heç yerində, heç bir dilində iki söz aşıq sözüylə Borçalı sözü, Borçalı ifadəsi ilə aşıq ifadəsi qədər şirin və gözəl şəkildə birləşməyib. Borçalı deyi­lən kimi, istər-istəməz o torpağı, o kökü, o mahalı, o yaddaşı du­yan, bilən, sevən adamların yadına aşıqlar, aşıq deyilən kimi isə Borçalı düşür. Bunlar suda şəkər əriyən kimi bir-birinin bətnində ərimiş ifadələrdir. Balnan pətək kimi, çiçəklə arı kimi, qartalnan qaya kimi, zirvəynən qar kimi, dağ kəliylə buz kimi, göylə durna kimi bir-birinə yaxın, bir-birinə doğma ifadələrdir”.

Böyük şairimizin də qeyd etdiyi kimi, Borçalı deyəndə saz, saz deyəndə Borçalı yada düşür. Və bir Borçalı balasının da qatıl­dı­ğı saz yarışmasına mən necə biganə qalardım. Bütün dostları və ərkim çatan eloğluları da səfrəbər etdim ki, hamılıqla bu gəncə dəstək olaq. Qabil də ki, sağ olsun, ona göstərilən etimada layiq oldu, ümidlərimizi doğrultdu. Hər həftə yarışmaya yeni ifalarla çıxdı, bir-birini təkrarlamayan çıxışlarıyla böyük tamaşaçı rəğbəti və dəstəyi qazandı. Elə bu rəğbət və dəstək də üç ay davam edən yarışmada məhz Qabilin qalib olmasına gətirib çıxardı. 2012-ci il dekabrın 24-də yekunlaşan müsabiqənin qalibi kimi, Qabil “Qızıl saz” mükafatına layiq görüldü. Onun bu qələbəsi hamımızı sevindirdi. Çünki bu, sadəcə Qabilin qələbəsi yox, Borçalı aşıq mühitinin qələbəsi, onun doğulub boya-başa çatdığı Faxralı kən­dinin növ­-bəti başucalığıdır. Qabilin bu qələbəsinə görə bütün Bor­çalılara və faxralılara çox sağ olsunlar deyirəm. Ona görə ki, sözün həqiqi məna­sında əsl birlik nümayiş etdirdilər.

Bəs, bayaqdan haqqında danışdığım Qabil kimdir? Gəlin onun qısa, lakin mənalı ömür yoluna birlikdə nəzər salaq.

İlk öncə onun tərəfindən sözləri İlham Borçalıya mənsub olan mahnıya qulaq asaq:

 

Qabil Vaqif oğlu Abdıyev 1988-ci il avqustun 16-da Bor­çalıda – Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1995-ci ildə Faxralıdakı 1 saylı orta məktəbdə birinci sinfə gedib, 2006-cı ildə orta təhsilini başa vurub.

Hələ uşaqlıqdan saza-sözə, aşıq sənətinə meyilli olan Qabil 2003-cü ildə aşıq Bəhram Əliyevin yanında şəyirdliyə başlayıb. Qısa müddətdə ondan çox şeylər öyrənməyə müvəffəq olub. 2008-ci ildə eyni zamanda texniki-peşə məktəbinə də daxil olub və bir il burada oxuyub. Ancaq yenə də sazından ayrılmayıb. Ək­sinə, Bakıda olması onun sənət əlaqələrinin daha da genişlən­mə­sinə imkan verib. Burada aşıqlardan Kövrək Murad, Tərmeyxan, Cahangir Quliyev və rəhmətlik Gülabıdan dəyərli məsləhətlər alıb, bilmədiklərini onlardan öyrənib. Özünə güvən­dikdən sonra el şənliklərinə, toylara çıxmağa başlayıb.

Qabil Abdıyev gənc olsa da, artıq aşıq kimi özünü təsdiq edə bilib. Gözəl barmaqları, könül oxşayan səsi var. Bir də aşıq üçün ən vacib olan ədəb-ərkan sahibidir. Böyük ustad Aşıq Ələsgər necə də gözəl deyib:

Aşıq olub diyar-diyar gəzənin,
Əzəl başda pür kamalı gərəkdir.
Oturub-durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdir.

Qabil məhz mərifət elmində dolu olan gənc sənətkardır. Onun gələ­cəyinə böyük ümid bəsləyirəm. İnanıram ki, o, Borçalı aşıq mühitinin layiqli davamçılarından biri kimi hələ bundan sonra neçə-neçə uğura imza ataraq bizləri sevindirəcəkdir. Ona tutduğu bu müqəddəs yolda uğurlar arzulayıram.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur