Əli Əliyev

“YALANA İNANMAZ İDRAKI OLAN”

Allah–Təala Hədsi-Qudsidə buyu­rur: “Mən bir gizli xəzinə idim, istədim ki, tanınam, insanları yaratdım ki, məni tanı­sınlar”.

Doğurdan da, Tanrı əqil-kamal və şüur sahibi olan insanı elə yaratdı ki, gözəlliyi, kamilliyi yalnız insan dərk edə bilər. Həm də yaradanımız bu dünyanı ədalətli imtahan və araşdırıcı keçid meydanı kimi yaradıb. Keçid meydanında məxluqlar özləri öz xüsusiyyətlərinə görə yaxşı əməl qazanırlar. Buna isə insanlıq deyilir. Bir ömür yaşayır insan. Gərək o ömrü elə yaşayasan ki, sonra günlər keçdikcə ona təəssüflənib ömrümü boş, mənasız yerə keçirdim deməyəsən. Həyatın özünün də bir axarı var. Dolub-boşaldıqca gedən nəsillər onu yenisiylə əvəz edir. Am­ma zamanı, vaxtı saxlayan, onu dolduran nəcib əməllər sahibi­nin heykəlinə çevrilir, onun adını tarixin əbədi yaddaşına həkk edir.

Məhəbbət, sədaqət, mərifət, dəyanət insanlığın ən yüksək əxlaqi fəzilətləridir. Biz bunu Əli Əliyev kimi şəxslərin timsa­lın­da görmüşük. Həqiqətən də Əli müəllim belə bir ömür sü­rüb, nəcib əməlləri ilə təmasda olduğu insanların qəlbinə yol tapıb, onların sonsuz məhəbbətini qazanıb.

Ə.Əliyevin doğum günü İkinci Dünya müharibəsinin ağrılı-acılı günlərinə təsadüf edib. 1943-cü ildə qədim Borçalı mahalının Faxralı kəndində dünyaya göz açıb, böyüyüb ərsəyə gəlib. 1959-cu ildə orta məktəbi bitirib. 1960-cı ildə Azərbay­can Dövlət Universitetinin İqtisad fakültəsinə daxil olub, 1965-ci ildə oranı bitirib. İki il Sovet ordusunda xidmət edib. Və 1967-1989-cu illərdə “Azərittifaq”ın ticarət aparatında müxtə­lif vəzifələrdə çalışıb.

1989-1990-cı illərə kimi Ticarət Nazirliyinin “Azərbaqqa­li­yə” topdansatış idarəsində böyük əmtəəşünas və plan-iqtisad şöbəsinin rəisi, 1990-1991-ci illərdə “Azərbkontrayd” xarici iq­ti­sadi əlaqə firmasının baş direktorunun müavini vəzifəsində çalışıb. Bir sözlə, ömrünün 31 ilini ticarət sistemində keçirib. Həmişə gördüyü işə məsuliyyətlə yanaşıb, vicdanla, alnıaçıq işləyib. Həyatda xeyirxahlığa çalışıb, yaxşı nəcib əməlləri onu qəlbi məhəbbətlə dolu adamların gözündə ucaldıb. Bu məhəb­bət başqalarının yoluna da işıq salıb. Ə.Əliyevin xəmiri düzlük­dən yoğrulub. Doğulduğu torpağa, Vətənə, valideynlərinə, iş yoldaşlarına, ana təbiətə sevgi, onun həyatının məramını, qayə­sini təşkil edərdi. Əli müəllim bütün gözəlliklərə qəlbində yer saxlamağı bacaran adam idi. Onun keçdiyi həyat yoluna nəzər salanda adam bir az kamilləşir, müdrikləşir, ətrafındakı gözəl­lik­ləri, yaxşılıqları daha da yaxından duya bilir. Həqiqətən də Ə.Əliyev sadiqliyi ilə əsl insan ömrü yaşayıb. Bir ömür ki, hər adama nəsib olmur. Təbiətcə həlim olub, olduğu kimi görünər­di Əli müəllim. Elə həyatının sonuna kimi belə yaşadı. Əli öm­rünü, bir Tanrı ömrünü… Allah sevgisinə çevirildi. Yaradanın dərgahına sığındı. O sevgi hər adama nəsib olmur, o sadəlik ki, hər kəsə qismət olmur. Gərək elə yaşayasan, elə sevəsən ki, öləndən sonra da yaşaya sevə biləsən. Əli müəllim vaxtdan səmərəli istifadə edirdi.

Əli müəllim Vətənə vətəndaş idi. Hətta Vətənin bir parça daşını da doğma bilirdi, əzizləyirdi. Uzaqgörənliyi ilə, tam var­lı­ğı ilə duyurdu ki, özü də vətənin bir zərrəsi, xırda bir daşıdır. Elə bu sevgini yaşaya-yaşaya sonsuz Vətən, torpaq sevgisi qəl­bində sönməz bir alova çevrilmişdi, hər an yandırırdı onu. Xal­qı­mıza qarşı edilən haqsızlıqlara dözməzdi Əli müəl­lim. O, dövrün sərt rejimindən qorxmayaraq səsini daha da ucaldaraq, xalqımızın həqq səsinə qatmışdı. Bir Vətən oğlu kimi “20 Yan­var” faciəsini, Qarabağ ağrılarını yaşadı. Hikmət sahiblərindən biri deyib ki: İnsanın ömrünün saniyələri dəqiqə­lə­rindən, dəqi­qə­ləri saatlarından və saatları günlərindən, gün­lə­ri həftələrin­dən və ayı illərindən hesab olunur. Buna görə insan heç bir vax­tını bihudə keçirməsin gərək. Və Əli müəllim onu da bilirdi ki, ömür keçir, yaman keçir. Görüləsi işlərisə çoxdur. Bu hadisədən sonra Gürcüstanda da eyni vəziyyət yaşandı, oradakı həmyerlilərimizə qarşı təxribat güclənəndə soydaşlarını yalqız buraxmadı.

Nəslin ağırlığı onun çiyinlərinə düşmüşdü. Bakı şəhərindəki iki otaqlı mənzili onu tanıyanların üzünə açıq idi.

Əli müəllim el adamı idi, nuraniliyi ilə seçilirdi. Üzündən xoş təbəssüm çəkilməzdi. Şəxsiyyətinə hörmət edən adam idi. əyri yolda olanları həmişə doğru yola çağırardı. Ağıllı məslə­həti ilə çirkin əməl sahiblərini yolundan uzaqlaşdırar və onu cə­miyyətimizin ən yaxşı, xeyrxah simalarından birinə çevirər­di. Son dövrün hadisələri onu çox sıxırdı. Özünə rahatlıq tapa bilmirdi. Ə.X.Dəhləvinin sözlərini tez-tez təkrar edirdi:

Yalana inanmaz idrakı olan,
Şübhəsiz, yeriməz dünyada yalan.

Əli müəllim çox gözəl bilirdi ki, ermənilər yalanı necə yeri­dir. Və ermənilərə havadarlıq edən dövlətlərə də necə sırıyırlar. Təbii ki, belə haqsızlıqlara dözə bilmirdi Əli müəllim. Ermə­nilər həmişə ölməz qüvvəni həqiqətdə yox, yalanda axtarıblar. Erməni lobbisinin əsirinə çevrilmiş dövlətlər isə bunu çox gö­zəl bilirlər. Sinəsində yanar ürək gəzdirən bir insan belə alçaq­lığa dözə bilərdimi?

Əli müəllim üç övlad böyüdüb boya-başa çatdırıb. Allah­yar Müdafiə Nazirliyi sistmində çalışır. Kiçik oğlu Vüqar Sankt-Peterburq şəhərində beyin cərrahiyyəsi üzrə  güclü mütəxəssis kimi çalışır. Qızı Şəlalə xanım isə Bakı şəhərində Diaqnostik analiz üzrə lobaratoriyasının müdiridir.

Əli müəllim zəngin bir həyat yolu keçib, el-oba arasında şöhrət qazanıb. Yaşadığı bir ömür məkanında ləyaqətlə çalışıb, xalqına vicdanla xidmət göstərib. Hamının ağrılarına ortaq olmaq istəyən bir insan yaddaşlarda da belə qalacaq.

Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur