Əli Şaban oğlu Qurbanov

QARA TORPAĞINA  SÜRTDÜM ÜZÜMÜ

Faxralıya qonaq gəlib qalmasan,
Qohum-qonşu haray salar, el qınar.
“Misri” üstə Koroğludan çalmasan,
Sədəfli saz, şüşə barmaq, tel qınar.
Əjdər Ağayev

Əli Şaban oğlu Qurbanov 1939-cu ildə qonaqpərvər, tə­biət gözəlliyi ilə dünyaya mey­dan oxuyan bir eldə anadan ol­muş­dur. Həmin ildə Faxralı elin­də bu işıqlı aləmə gələn öv­lad­ların sayı da çox olub. Bu övlad­ların içərisində sayılıb-se­çi­lən, elinə-obasına başucalığı gə­ti­rən, xeyirxah, nəcib əməlləri ilə yadda qalan, hər zaman min­nət­darlıq hissi ilə xatırlananlar az deyil. Onlardan biri də haqqında söhbət açdığı­mız Əli Qurbanovdur. 1958-ci ildə orta məktəbi bitirən Əli bir müddət istehsalatda çalışıb. Əksər yaşıdları kimi, uni­ver­si­tet tələbəsi adına layiq görülmək arzusuna 1960-cı ildə nail olub. Həmin ildə Azərbaycan Dövlət Universitetinə (Bakı Döv­lət Universi­teti) qəbul olunan Əli 1965-ci ildə orada Əmtə­əşü­naslıq və ər­zaq malları ticarətinin təşkili ixtisası üzrə tam ali təhsil kur­su-nu fərqlənmə diplomu ilə başa vurub. Təyinatla Sumqayıta göndə­rilib və ömrünün sonuna qədər şəhərin ticarət müəssisə və təş­kilatlarında məsul vəzifələrdə işləyib. Kollektiv üzvlərinin hör­mə­tini qazanıb, böyük nüfuz sahibi olub. Nəcib, xeyirxah bir insan kimi tanınıb, çətinə düşənə həmişə kömək əli uzadıb. Məhz bu keyfiyyətləri bu gün yaddaşlarda yaşayır və daima xatırlanır.

Əli Qurbanov gözəl bir ailənin övladı idi. Atası Şaban öz alın tərinə və zəhmətinə tapınan, hamı tərəfindən sevilən gözəl bir el şairi olub. Rayon mərkəzində çayxanası var idi. Əslində adı çayxana idi. O çayxana ədəbi dərnəyi, şeir-sənət evini xatır­ladırdı. Şair Şaban həmişə xalqın içə­risində olub, xalqla nəfəs alıb. Bir məlum həqiqəti qeyd etmək istəyirəm ki, Şabanın şeirlərini ilk olaraq əziyyətini mən çəkib, toplayıb “Payız çi­çəyi” adı altında nəşr etdirmişəm. O zaman kitab haqqında res­publika mətbuatında maraqlı yazılar dərc edildi. Ən maraqlısı alim-filosof İsa Musayevin məqaləsi idi. “Payız çiçəyi” kitabı Borçalıda böyük sevinclə qarşılandı. Əli Qurbanov bax belə bir atanın övladıdı. O, sıravi işçi olan­da da, rəhbər vəzifələrdə çalışanda da həmişə içində böyük səmimiyyət olub. Eloğlu kimi həmişə bir ayağı Borçalıda idi. Qardaşlarına ata əvəzi olub: ali təhsil almalarında da, ailə qurmalarında da, əllərinin çörəyə çatmasında da. Əli Qurbanov haqqında çox danışmaq, çox yazmaq olar…

Qardaşı Məmmədəli Qurbanovun dediklərindən: – “Tale elə gətirdi ki, qardaşım Əli erkən yaşlarından ayrı-ayrı vəzi­fə­lərdə işləməli oldu. Vəzifəsi əvvəl kiçik olsa da, onun özünə­məx­sus qabiliyyətindən və dün­ya­görüşünün zənginliyindən xəbər verirdi. Əli Qurbanov böyük qar­da­şımız olsa da, bizim üçün ata əvəzi idi. Bütün qardaşlarına, o cümlədən qahumla­rına, eloğlularına xüsusi diqqət göstərirdi. Harada işlədisə, xü­susi hörmət və nüfuz qazandı. Bütün bunlar kollektivin ona olan əvəzsiz hör­mə­tindən irəli gəlirdi. O, həm də vətənpərvər bir ziyalı idi. Maksim Rılski mükafatı laureatı, şair-tərcüməçi Abbas Abdullanın bir məşhur kə­lamı var: “Qara torpağına sürtdüm üzümü, üzüm el yanında ağardı, Vətən”. Abbas Abdulla bu müdrik kəlamı sanki qardaşım Əli Qurbanov üçün demişdi. Qardaşım “Vətənin qıraqda qalan” yerini – Borçalı maha­lını canı-qanı qədər sevirdi. Borçalıya tez-tez baş çəkər, onun əsrarəngiz gözəlliyindən zövq alardı. Respublika Təhsil Şurasının sədri, pedaqoji elmləri doktoru, professor, vaxtı ilə Faxralının əziz qonağı olmuş Əjdər Ağayevin:

“ Təhməz bulaq donur dildə, dodaqda,
Bülbüldümü, cəh-cəh vurur budaqda.
Laləyə bax, nərgizə bax bu dağda,
Toplamasan, göz yorular, əl qınar”.

misraları dilindən düşməzdi.

Qardaşımızın timsalında biz bir əzizimizi, Borçalımız bir vətən­pər­vər ziyalısını, bütöv Azərbaycanımız isə bir insan oğlunu itirdi”.

Əli Qurbanovun övladları Asif hüquqşünas, Arif iqtisadçı, Afaq isə şərqşünasdır. Bu gün onlar atalarının xeyirxah əməl­lərini layiqincə da­vam etdirirlər.

1996-cı il noyabr ayının 17-də dünyasını dəyişən Əli Şaban oğlu Qurbanov doğma kəndində – Faxralıda torpağa tapşırılıb. Bu nurlu, nəcib xeyirxah insanın xatirəsi onu tanıyanların qəlbində yaşayır və yaşa­yacaqdır.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur