Adil Muxtar oğlu Həsənov

KÖKÜNƏ TAPINAR DÜŞÜNƏN, QANAN

İndiyədək Faxralının işıqlı zi­ya­lılarından – təkcə bu kəndi deyil, bü­töv­lükdə Borçalını onun hüdud­ların­dan kənarlarda da ləyaqətlə təm­sil edən, onun şöhrətini daha da ucaldan oğul və qızlarından çox yaz­­mışam. On­ların arasında heç üz­­lə­­rini belə gör­mədiklərim – mən­dən çox əvvəl yaşa­yanlar da olub, mənə dərs de­yən­lər də, yaşıdlarım və cavanlar da. Və hər biri haqda bö­yük məhəbbətlə, eyni səmimiyyətlə yazmışam. Amma etiraf edim ki, bütün qə­ləm adamları kimi, mən də daha çox doğma­lardan, dostlardan, bir sözlə, yaxın­dan tanıdıqlarımdan yazanda çətinlik çəkmişəm. Bu­nun səbəbi də bəllidir: bilmirsən nədən başlayıb nədə qur­ta­rasan.

Elə bu yazını başlayanda da eyni hissləri yaşadım. Üstəlik bir az da artıq. Çünki haqqında söhbət açmaq istədiyim Adil mə­nim az-az görüşüb, çox sevdiyim dostlarımdandır. Özü də bu yaxınlığın, doğmalığın kökü bir neçə onillik keçmişə gedib çı­xır. Aramızda iki yaş fərq olsa da, hələ uşaq­lıqdan bir-biri­mi­zə bağlanmış, dost olmuşuq. Sonradan tale yolla­rımı­zın oxşar­lığı, eyni dövrdə Bakıda ali təhsil almağımız isə bu müna­si­bəti daha da möhkəmləndirdi və elə o vaxtdan sevincimiz də bir oldu, kədərimiz də. İkimiz də Bakı Dövlət Universitetində oxumuşuq – mən filologiya, o isə coğrafiya fakültəsində. Uni­versiteti bitirdikdən sonra  təyi­natla Azərbaycanın müxtəlif rayonlarına göndərilmişik…

…Adil Muxtar oğlu Həsənov 1956-cı ildə Borçalıda – Bolnisi rayo­nunun Faxralı kəndində anadan olub. Atası Muxtar kişi Həsənli nəslindən,   anası Balaxanım isə Əhmə­da­lı­lar nəslindəndir, Allah hər ikisinə rəhmət eləsin.

Hələ uşaqlıqdan Faxralının aranına, dağına vurulan Adildə böyü­dükcə bu maraq da artıb, gələcək həyat yolunu müəy­yən­ləşdirməkdə, ixtisas seçməkdə stimul olub. 1973-cü ildə orta məktəbi bitirib ali təhsil dalınca Bakıya gələrək sənədlərini Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə verib. 1978-ci ildə universiteti bitirdikdən sonra təyinatla Balakən rayo­nu­na göndərilib. Rayonun Qullar kəndində iki il çalışdıqdan sonra pedaqoji ustalığını, təşkilatçılıq qabiliyyətini nəzərə alan rəh­bərlik onu işlədiyi məktəbdə təlim-tərbiyə işləri üzrə direk­tor müavini, 1981-ci ildə isə rayon təhsil şöbəsində metodist vəzi­fəsinə irəli çəkib.

Yaxşı iş üz ağardar deyib atalar. Adil də qısa müddət ər­zin­də qabaq­cıl maarif işçisi kimi rayon ictimaiyyətinin diq­qətini cəlb edib, zəhmət­keşliyi və çalışqanlığı, işinə məsu­liy­yətlə yanaşması onu vəzifə pillə­lə­rin­də də yüksəldib. 1983-cü ildə o, rayon Təhsil şöbəsində Metodiki mər­kə­zin direktoru vəzi­fəsinə irəli çəkilib. Artıq 30 ilə yaxındır ki, bu vəzifəni daşıyır. Bu 30 ildə Balakən məktəblərinin əldə etdiyi uğurlarda Adil mü­əlli­min böyük xidməti olub. O, eyni zamanda 1998-ci ildən TQDK-nın ali məktəblərə sənəd qəbulu işində də məsul katib kimi yaxından işti­rak edib. Çəkdiyi zəhmət öz bəhrəsini verib, rayon məktəblərinin məz­un­la­rının sorağı təkcə Azərbay­canın deyil, həm də xarici ölkələrin ali təhsil ocaq­larından gə­lir. Təhsil sahəsində qazanılan uğurlar onun rayon icti­maiyyəti arasında hörmət və nüfuzunu artırıb, əməyi layiqincə qiymət­lən­dirilib. “Baş müəllim”, “Metodist müəllim”, “Ali kate­qori­yalı metodist”, “Ali dərəcəli müəllim” və “Ali kateqoriyalı müəllim” titullarına layiq görülüb, dəfələrlə Fəxri fərman və diplomlarla təltif olunub.  Rayonun ictimai-siyasi həyatında yaxından iştirak edir, YAP-ın üzvüdür.

Əlbəttə, Adilin keçdiyi ömür yolu ilə bağlı bu sadala­dıq­larımda qeyri-adi bir şey yoxdur. Ömrünü maarif işinə həsr et­miş bir ziyalının tərcümeyi-halıdır. Amma bununla belə, onu başqalarından fərqləndirən özəllikləri də az deyil. Təhsil işçisi kimi böyük hörmət və nüfuz sahibi olan Adil Həsənov həm də bir eloğlu, sadiq dost və nümunəvi ailə başçısı kimi də əvəz­sizdir. Faxralıdan uzaqda olsa da, hər zaman bu ağır elin adını uca tutur, şərəfini qoruyur.

Yuxarıda da qeyd etdiyim kimi, Adillə tez-tez görüşə bilmirik. O, Balakəndə, mən isə Bakıda yaşadığımdan hər za­man bu imkan olmayıb. Amma ürəklərimiz həmişə bir olub, əlaqələrimiz heç zaman kəsilməyib. Bir-birimizin uğuruna sevinmiş, kədərimizi bölmüşük. Hər dəfə yolu Ba­kıya düşəndə mütləq məni axtarıb tapır. Nahaq yerə deməyiblər ki, dost gəlişi bayram olar. Onunla hər görüş mənim üçün  bayrama çevrilir. Ta uşaqlıq illərindən bəri xatirələr dilə gəlir, elə bil hər şey dünən olubmuş kimi kino lenti tək yenidən gözlərimiz önündə canlanır. Məktəb illərin­dən, tələbəlikdən danışır, müəl­lim­lərimizi xatırlayırıq, xəyalən də olsa uşaqlıq illərinə qayıdır, gəncləşirik.

Görüşə bilməyəndə isə mütləq telefonla əlaqə saxlayırıq. Qəzetdə çıxan bir yazıma oxuyan kimi zəng edib münasibətini bildirir, kitabım nəşr olunanda ilk təbrik edənlərdən biri o olur.

Adil həm də nümunəvi ailə başçısıdır. Oğlu Elnur ali təh­sil­lidir, Gəncə aeroportunda çalışır. Qızı Balaxanım həkimdir. Könül isə Müəl­limlər İnstitutunu bitirib. Adil müəllimin sədaqətli könül sultanı Minayə xanım Balakən rayonu Maho­malar kənd poçtamatının rəisidir. Özü Balakəndə adlı-sanlı Dibirovlar nəslindəndir. Adil müəllimin 3  nəvəsi var. Sevimli nəvələrindən biri – Ayxan bala məkətəblidir. Məşhur Həsənli və Dibirovlar nəslinin hər bir davamçısı kökündən cücərib min budaq olsunlar.

Bu gün Balakəndə Adil Həsənovu təkcə bacarıqlı maarif işçisi kimi yox, həm də səmimi, mehriban, xeyirxah, hər kəsə tə­mənnasız yaxşılıq etməyə çalışan, dəyərli məsləhətlərini əsir­gə­məyən, daim düz yol göstə­rən bir insan kimi tanıyırlar. Rayonda elə hörmət və nüfuz sahibidir ki, bu, onun yaşında hamıya qismət olmur. Üstəlik hələ həyatın bərkində-boşunda bərkiməmiş bir gənc ikən yeni bir mühitə düşüb də bu şöhrəti qazanmaq elə də asan deyil.

Adil artıq ömrün 60 ilini arxada qoyub. Artıq ömrün bu məqa­mı­nın ləzzətini dadmış bir adam kimi, deyə bilərəm ki, insan ömrünün ən gözəl çağı, bəlkə də qızıl dövrüdür bu yaş. Çünki ömrün bu məqamında insan bir anlığa nəfəs dərib keçdiyi ömür yolunu saf-çürük edir, özü-özünə hesabat verir. Yazıq o adam­dır ki, arxaya boylananda qürur duyası bir əməlini xatırlaya bilmir. Adil isə bu mənada zənginlərin zənginidir, qazandığı mə­nəvi sərvətlə haqlı qürur duya bilər. Mən inanıram ki, bun­dan sonra bu sərvət ilbəil yox, günbəgün artacaq və onun bəh­rəsini təkcə Adil özü yox, həm də övladları, yaxınları, dostları və böyüyüb boya-başa çatdığı el-oba görəcək. O el oba ki, qeyrətli oğulları, məşhur dövlət xadimləri, işıqlı ziyalıları ilə məşhurdur. “Yerdən-göydən güc alan, igidliklə ucalan” böyük bir elin oğludu Adil Həsənov. Adil müəllim həm də yurd istək­li, Vətən istəkli, sinəsində yanar ürək gəzdirən səviyyəli bir ziyalıdır. Onunla söhbət edən adam saflaşır, durulaşır. Çünki özü təmizdi, durudu, durnanın gözü kimi. Mən Adil haqqında düşünəndə böyük şairimiz Zəlimxan Yaqubun bir məşhur  beyti könlümdən keçir.

…Əslindən uzaqdır əslini danan,
Kökünə tapınar düşünən, qanan.

Adil müəllim şərəfi kökünə tapınan eloğludur, ağzı xeyir-dualı, dili bərəkətdir.

Dilindən düşməyən duası isə Maksim Rılski mükafatı laureatı Abbas Abdullanın aşağıdakı bir bənd şeiridir:

Dörd tərəfi dağdan hasar,
Dost qarşılar, yağı basar.
At oynatmaz hər cür yasar,
Əroğlu ər Faxralıda!

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur