Ələddin Nəsib oğlu Həsənov

Təqribən 20-ci əsrin 70-80-ci illərində Gürcüstan radiosunda “Danışır Tbilisi!” kəlməsi Faxralının dəyərli oğlu Ələddin Nəsib oğlu Həsənovun səsi ilə aləmə yayılırdı. Bu,  Gürcüstan azərbaycanlıları üçün doğma, əziz, sehirli bir səs idi. İnsanlar hər gün bu ecəzkar səsi eşitmək üçün səbirsizliklə gözləyir,  radionun qabağına toplaşaraq respublikada və dünyada baş verən proseslərə, paeziya nümunələrinə və digər maraqlı hadisələr barədə verlişlərə böyük sevgi, məhəbbət ilə qulaq asardılar. Ələddin Həsənov ümumxalq sevgisi qazanmışdı. Təəssüflər olsun ki, bu gün o, həyatda yoxdur! Lakin, Ələddin Həsənov bizlərin qəlbində həmişə yaşayacaqdır! Allah rəhmət eləsin!

REDAKTORDAN

Ələddin Həsənovu xatırlayırlar:

Ələddin Həsənov, ömrünü 30 ilindən çox dövrünü Gürcüstan radiosunun diktoru işləmişdir. İşlədiyi vaxtlarda demək olar ki, hər gün özünün məlahətli, cəlbediçi səsi ilə soydaşlarımızın ürəyinə asanlıqla yol tapa bilmişdir. Həmin vaxtlar bir redaktor kimi inamla deyə bilərəm ki, Gürcüstan radiosu deyəndə Ələddin Həsənli, Ələddin Həsənli deyəndə Gürcüstan radiosu yada düşürdü.

O, bu gün artıq aramızda yoxdur, lakin onun əziz xatirəsi onu tanıyanların, eləcə də sənətsevərlərin ürəyində daim yaşayacaqdır. Mən də öz növbəmdə onun xatirəsini yad etmək məqsədilə ifasında şəxsi arxivimdə saxladığım bir ədəbi verilişi Yutuba yükləyirəm. Allah rəhmət eləsin, yeri behişt olsun! Amin!

Hörmətlə: Mirzə Məmmədoğlu

 

Zəlimxan Yaqubun Saz poeması Ələddin Həsənlinin ifasında:

 

Səməndər Məmmədov :  İLLƏRİN İZLƏRİ…

Bəzən aylar, illər və günlər bir göz qırpı­mında gəlib keçir. İnsan hiss eləmir ki, həmin ayları, illəri və günləri necə yaşadı. Bircə onu hiss edir ki, bu illərin arasında o, bir az da yaşa dol­du, bu illərdə bir az da təcrübə topladı və bu illərdə ömrün müəy­yən hissəsi arxada qaldı.

Dünya dərk ediləndən ta bu günə qədər tarixdə və insan­ların yaddaşında həmişə yaxşı insanlar qalıb. Düzdür, qədddar, amansız və cəllad adamlar da olub. Onlar hakimiyyətdə, vəzi­fədə olarkən xətir-hörmət sahibi kimi tanınıblar. Ancaq haki­miyyətə və taxt-taca son qoyu­landan sonra həmin insanların həyatı və taleyi çox acınacaqlı olub. Çünki yaşadıqları dövr­lərdə padşah olsalar da, taxt-tacda əyləşsələr də, böyük var-dövlət sahibi olsalar da, insanların ürə­yində  özü­nə yuva tapa bilməyiblər. Elə taxt-tac sona çatan­dan bir az ötməmiş onların içi üzü açılıb və el-oba yanında hörmətləri olmayıb.

Amma adi bir insan, adi bir vətəndaş elə bir  ömür yaşayır, elə bir iz qoyur ki, onu həmişə yaxşı əməllərinə görə yada salırlar. Belə insanlrdan biri də Ələddin Nəsib oğlu Həsənov­dur. O, 1941-ci il dekabrın 31-də Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Dünyanın hər üzündən xəbər tutan, başqa sözlə demiş olsaq, hər şeyi dərindən dərk edən Ələddin Həsənov özünəməxsus bir ömür və həyat yolu seçib. Düzdür, o yolun enişi, yoxuşu çox olub amma enişli-yoxuşlu yolarda necə və nə cür hərəkət eləməyi çox yaxşı bilib. Nizami Gəncəvinin gözəl bir kəlamı var:

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı.

Həqiqətən də insan özünə inananda və ən nəhayət, dünyada elmə, bi­liyə, savada yiyələnəndə çox yolu rahat gedə bilir. Ələddin Həsənov belə bir yolla gedib və istəyinə də nail olub. İndi biz bu yazıda onun həmin yolu necə getməyini bir daha oxucuların nəzərinə çatdırmaq istəyirik.

Belə ki, Ələddin Həsənov 1958-ci ildə M. Əliyev adına Te­atr İnis­tutuna  (indiki Mədəniyyət və  İncəsənət Universite­ti­nə) sənəd versə də, mü­sabiqədən keçə bilməyib. Amma  bu, onu ruhdan salmır. Ordu sıra­la­rına  yollanır və üçillik hərbi xid­mət­dən sonra yenidən sənədlərini həmin instituta verir  və mədəni-maarif  fakültəsinə daxil olur.

Ələddin Həsənov yaradıcı və istedadlı adam olub. Sadəcə olaraq, instituta qəbul olmaqla bu istedadı bir qədər də cilala­maq və inkişaf  elətdirmək istəyib. İnstitutu bitirəndən sonra təyinatla  Daşkəsən şəhə­rinə gəlib və orda mədəniyyət evinin xalq teatrında rejissor vəzifəsində işləyib. Həmin illərdə o, bir cox tamaşalara və pyeslərə yeni quruluş verib və səhnə həyatı bəxş edib. Sonradan isə o, Gürcüstan radiosunun  Azərbaycan redaksiyasında diktor işləyib.

Təbii ki, yaradıcı adamın bütün sahələrdə istedadı nə vaxt­sa üzə çıxmalıdı. Ələddin Həsənov da Gürcüstanda Tbilisi Dövlət Azərbaycan Teatrının yenidən bərpa olunmasında bö­yük əziyyətlər çəkib. Eyni zamanda teatrda yeni tamaşaların səh­nəyə qoyulması üçün həm rejissor, həm də direktor kimi böyük addımlar atıb. Düzdür, o, həmin teatrda direktor işləsə də, səhnəyə çıxan hər bir tamaşada Ələddin müəllimin dəsti-xətini, ruhunu və nəfsini hiss etmək olurdu. Onun içində həmi­şə bir öyrətmək həvəsi vardı. Yəni o, bildiyini, öyrən­di­yi­ni və əxz etdiyini kimlərəsə ötürməkdə paxıllıq etməyib. Te­atr­da işlədiyi dövrdə Faxralı kənd orta məktəbində nəğmə və musiqi dərsləri deyib, eyni zamanda Tbilisi Pedaqoji İnsti­tu­tu­nun Azərbaycan fakültəsində öz bildiklərini tələbələrə öyrədib.

O da maraqlıdır ki, hər hansı adam çox savadlı olur, ancaq bildiyini və öyrəndiyini kimlərəsə öyrədə bilmir. Amma bayaq dediyimiz kimi, Ələddin Həsənov bu qabiliyyətə də malik olub və Tbilisi Teatrının truppasının əsasını qoyub. Yəni bu kişi mil­li mədəniyyətimizin və teatr sənətimizin inkişafı üçün əlindən gələni əsirgəməyib. Eyni zamanda, bu cür istedadlı adamın əmə­yi də diqqətdən kənarda qalmayıb. Vaxtı ilə Gürcüstan hö­ku­məti onun zəhmətini yüksək qiymətləndirərək «Şöhrət» ordeni ilə mükafatlandırıb.

Abbasqulu ağa Bakıxanov yazır: «Elmini, təhsilini fürsət varkən əldən buraxma». Sanki Ələddin Həsənov üçün deyilib. Çünki o, yaşadığı ömrü öyrənmək və öyrətməklə keçirib. Mədəniyyətin, teatrın, incəsənətin və musiqimizin çiçəklənmə­si, inkişafı üçün bu gözəl insan heç vaxt zəhmətini əsirgə­mə­yib. Əksinə, gecə-gündüz çalışıb ki, özündən sonra insanların yaddaşında xoş duyğular qoysun, izlər yaratsın.

Ələddin Nəsib oğlu Həsənov 2007-ci il aprelin 13-də dün­yasını dəyişib. Bu gün o, cismən dostların, tanışların arasında yoxdur. Mənən isə Ələddin Həsənov həmişə qurub-yaratdığı və böyük iz qoyduğu sənət aləmində və dostların arasında özünə böyük bir məkan tapıb. Belə insanlar heç vaxt ölmürlər. Onla­rın yaratdıqları mədəni nümunələr və sənət zaman-zaman digərlərinə ötürülür və onu yaşadır.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur