Elmira Aslan qızı Əliyeva

MAVİ GÖLLƏR SONASI

İndiyədək neçə-neçə portret oçerklər yaz­mışam. Hər birini də böyük şövqlə, məhəb­bətlə. Mənim üçün Azərbaycanımın hər guşəsi əziz olsa da, yazılarımın qəhrəmanları əsasən Borçalının ləyaqətli övladları olub. Bu, təkcə ondan irəli gəlmir ki, özüm də Borçalıdanam. Əlbəttə, müəy­yən qədər bunun da təsiri var, amma bu səpgili yazıları yazanda istəmişəm ki, Vətənin qıraqda qalan yerlərində yaşayıb ləyaqətlə ömür-gün sürən soydaşlarımız diq­qət­dən kənarda qalmasın, onlara layiq olduq­ları qiymət verilsin. Kimdən yazmışamsa, bö­yük məhəbbətlə yazmışam, eloğlularımın hər uğurundan qürur duy­mu­şam. Sevinmişəm ki, Borçalımın yetirmələrinin səsi dün­yanın müxtəlif guşələrindən gəlir, elmin müxətlif sahələrində yeni-yeni uğurlara imza atır­lar, mədəniyyətimizin inkişafına öz töhfələrini verirlər. Ötən əsrin 90-cı illərində Gürcüstanda soydaşlarımıza qarşı ayrı-seçkilik siyasətindən belə çəkinməyərək, Barçalıda doğma ata-baba yurdundan ayrılmayanlar haqqında yazanda isə bu qürur və sevinc hissləri ikiqat artıb. Amma bu yazını yazmaqda çox çətinlik çəkmişəm. Dəfələrlə əlimə qələm alıb, yazı masasının arxasına keçsəm də, heç nə yaza bilməmişəm. Ona görə yox ki, yazmağa söz tapmamışam. Əksinə, onun haqqında çox, özü də lap çox danışa bilərəm. Özü də təkcə ona görə yox ki, o, mənim qohumumdur. Həm də ona görə ki, onun ciyərparası mənim ailəmin ən sevimli üzvlərindən biri – nəvələrimin anasıdır. Elə nəvəmin birinin adını Elmira qoymağım da məhz onun xatirəsini əziz tutmaq istəyimdən irəli gəlib.  Və bu gün hər dəfə istəkli nəvəmi quca­ğı­ma alıb boyunu oxşayanda bir daha Elmiranı xatırlayıram. Onun dün­ya­sını vaxtsız dəyiş­məsin­dən qəhərlənəndə təsəllimi nəvə Elmirada tapır­am.

Elmira Aslan qızı Əliyeva 1960-cı il avqustun 24-də Gürcüstanda – Bolnisi rayonunun Faxralı kəndində ziyalı ailəsində anadan olub. 1967-ci ilin sentyabrında Faxralı orta məktəbinin I sinfinə daxil olub. Orta təhsil illərində müəllimlə­rinin, sinif yoldaşlarının sevimlisinə çevrilib. Sinif yoldaşları onu əzizləyərək “şokalatım” deyə müraciət ediblər. İbtidai sinif müəllimi Sənəm Mahmudova üçün isə Elmiranın ayrıca bir yeri vardı. Hətta bir dəfə onu evinə qonaq aparıb, öz  əlləri ilə əyninə paltar da tikib geydirib. Sinifdə ən yaxın dostu, rəfiqəsi qonşu qızı Roza olub. Onları həm məhəllədə, həm də evdə cüt bacı adlandırırdılar. Onları bir-birinə yaxı­nlaşdıran başqa bir səbəb də hər iksinin gözəl rəsm çəkmək qabiliyyətinin olması idi. Rəfiqələr həm də o dövrün dəbdə olan nəğmələrini sevə-sevə oxuyurdular. Çəkdikləri rəsmləri bir-birinə hədiy­yə edir­dilər. Hansı bir sirli qüvvənin təsiri iləsə Elmira Rozaya verdiyi rəsmlərin altında “əziz bacıma yadigar” sözünü yazırdı.

Elmira 1977-ci ildə orta məktəbi bitirib. Elə həmin ildə Bakıya gələrək sənədlərini o vaxtkı V.İ.Lenin adına Pedaqoji İnstitutun (indiki ADPU) İbtidai təhsilin metodikası və pedaqoqikası fakültəsinə verib. Qəbul imtahanlarından uğurla çıxaraq tələbə adını qazanıb. Tələbəlik illərində də özünün ağır təbiəti, tələbə yoldaşlarına qarşı mehribançılığı,  səmimiliyi və  təmkinliliyi ilə seçilib, kollektivdə hörmət qazanıb. Hər hansı bir tədbir keçirərkən həmişə onun məsləhətləri nəzərə alınıb.

1981-ci ildə ali təhsilini başa vurub gələcək həyat yoldaşı Söhbəddin Məmmədovla bərabər təyinatla İsmayıllı rayonunun Gəraybəyli kənd orta məktəbinə göndərilir. 1984-cü ilədək Gəraybəyli kəndində şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. İşlədiyi kollektivin, qəribsevən, qonaq­pər­vər Gəraybəyli sakin­lə­­rinin dərin hörmətini qazanır. Məktəbdə isə ən yaxın rəfiqəsi tə­yinatla məktəbdə müəllim işləyən Nəzakət müəllimə idi. Bəlkə də onları bir-birinə doğmalaşdıran hər ikisinin doğmalarından uzaq­da olması idi. Nəzakət müəllimə onu sevə-sevə “Ema” deyə çağırırdı.

Elmira 1983-cü ildə ailə həyatı qurur və  1984-cü ildə doğma Vətənə – Gürcüstana qayıdırlar. Elə həmin il Faxralıda təzə açılmış uşaq bağçası-körpələr evində tərbiyəçi-müəllim kimi fəaliyyətə başlayır. 1985-ci il oktyabrın 2-də ailənin ilk sevinci – övladı Sahilə dünyaya gəlir.

1987-ci ildən başlayaraq əmək fəaliyyətini Faxralı nata­mam orta məktəbində davam etdirən Elmira Aslan qızı  öm­rünün sonuna qədər həmin məktəbdə uşaqların təlim-tərbiyəsi ilə məşğul olur.  Burada Əhvə­dinin bir məşhur kəlamı yada düşür: “Hər kimin yol göstərən ağıl çırağı olsa, o, qaranlıq gecədə də yolunu azmaz”. Əvvəla, Elmiranın atası Aslan da­yım, qardaşı Arif (zamanında Borçalının hörmətli söz adam­larından biri) və həyat yoldaşı Söhbəddin müəllim hər biri­si onun yol göstərən çırağı idi. Elmira həmişə haqq adamı oldu, yolunu düz getdi. Hamının hörmətini qazandı, nəslimizin əzizinə və sevimlisinə çevrildi. Həm sevdi. Bacısı Fatma Aslan qızının dediyi kimi, “mavi göllər” sonası idi.

Elmiranın yaxın qohumu Sərdar Məmmədov onu belə xatırlayır: “Anam Gülgəz xanım elə bilirdi ki, dünya bir ya­nadı, Elmira bir yana. Həmişə, “anam, sonam, ağrın alem”, – deyərdi. Biz hamımız onu özü­müzə doğma bacı bilirdik. Bütün varlığı ilə elinə-obasına, doğmalarına bağlı insan idi. Qardaş­larım Səməndər, Alməmməd, ailəmiz  kəndə gedən­də elə bilir­di dünya onundur. Bizi görəndə uçmağa qanadı olmazdı. Elmira ürəyimizdədi və həmişə minnətdarlıqla xatırlanacaq”.

1987-ci ilin aprelin 28-də ailənin ikinci övladı Ramilə dünyaya göz açır. 1990-cı ildə isə əkizlər – Tovuza və Tünzalə doğulur. Balaca Tünzalə cəmi 45 gün yaşayıb, qəflətən dün­yasını dəyişir. 1993-cü ildə ailənin sonbeşiyi Taleh doğulur və  onun da ömrü cəmi beşcə gün olur. İki körpəsini torpağa verməsi Elmira xanım üçün ağır mənəvi zərbə olur. Səhhətində problemlər yaranır və ona beyin xərçəngi diaqnozu qoyulur. Həkimlərin və ailəsinin köməyi ilə bu ağır xəstəliklə mübarizə aparır. Ailəsi, ata-anası, bacı-qardaşı çox üzüntülər yaşayır. Bu  ağır  xəstəliyin nəticəsinin nə olduğunu hər kəs bilirdi. Atası Aslan kişi qızının ağır xəs­tə­liyinə dözə bilməyib, Allahdan arzu edir ki, ona övlad dağı göstər­məsin. Sanki Allah da onun diləyini eşidir və o, 1994-cü ilin yanvarında qəflətən vəfat edir.

1997-ci ilin aprel ayının 19-da, nəhayət, həkimlərin müalicə imkan­ları tükənir, Elmira xanım üç qız balasını həyat yoldaşının, nənələrinin, xalasının himayəsinə verib dünyasını dəyişib qohum-əqrəbanı, doğma­larını gözüyaşlı, ciyərparalarını isə anasız qoydu.

İqbalım çiçəkli, güllü yaz idi,
Ömrüm çən-dumana döndü, nə döndü.
Üç gülüm, çiçəyim qaldı anasız,
Çırağım vədəsiz söndü, nə söndü.

Qızları böyüdülər, təhsil aldılar, ailə qurdular, övlad sahibi oldular. Övladlarının bu gözəl həyatlarını görmək isə Elmira xanıma qismət olmadı. Bu gün əziz xatirəsi doğma­la­rının qəlbində, adı nəvəsinin adında yaşayır. Və mən inanıram ki, övladlarının hər xoş sorağı ona əyan olur. Allah onun ruhunu şad eləsin.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur