Eyvaz İsmayıl oğlu Məmmədov

ŞEİRƏ SIĞIŞMAYAN DASTANI QALDI

Bu günlərdə elimizin ləyaqətli oğlu, şəx­siyyətinə və ya­ra­dıcılığına həmişə bö­­yük hörmət bəslədiyim mərhum mü­əllimim, şeirlərini hər za­man sevə-sevə oxuduğum Əli Səngərlinin “Şair ürəyi” kitabını növbəti dəfə oxuyurdum. Hər mis­rasından Bor­ça­lı ətri, Vətən qoxusu gələn şeir­lərinin birindən digərinə keç­dikcə sanki aranlı-dağlı Borçalını, Fax­ra­lının yaylaq yerlərini bir də gəzirdim, xə­yal məni ötən illərə aparırdı. O il­lərə ki, valideynlərim sağ idi və mən də qayğılardan çox-çox uzaq idim. Bir anlığa ötüb-keçənlər, atalı-analı günlərim kino lenti kimi göz­lərim önündə canlandı. Həyatda qazan­dığı bütün uğurlara gö­rə ancaq əllərinin qabarına, alnının tərinə borclu olan və hə­mi­­şə Allahın verdiyi qismətə şükür edən atamı xatırla­yanda özü­­mü bir az qınadım da. İndiyədək ondan artıq kitabım işıq üzü görüb, özü də bu kitabların əksəriyyəti böyüyüb boya-başa çatdığım Faxralıya – bu kəndin yetirmələri olan, şöhrəti çoxdan Borçalının hüdud­larını aşan elm adamları, təhsil işçiləri, saz-söz adamları, bir sözlə, kəndi­mi­zin şöhrətini ucaldanlara həsr olunub, amma doğmaca atam haqqında bircə kəlmə də yaz­ma­mışam. Bəlkə də bunun əsas səbəbini bizim mental xüsusiy­yət­lə­rimizdə axtarmaq lazımdır: atamdan yazsam, eldə-obada mə­nə necə baxarlar? Digər tərəfdən də, sənə doğma olan adam haq­­qında nəsə yazmaq həmişə çətindir. Doğma ata haqqında yaz­maq isə daha da çətindir. Övlad ataya necə qiymət verə bi­lər?! Axı, ata hər zaman atadır.

Beləcə, atamla bağlı bu düşün­cələr içərisində götür-qoy edər­kən də köməyimə Əli mü­əllimin kitabı çatdı. Və qərara aldım ki, atamla bağlı heç ol­masa Əli müəllimin düşüncələrini yazıya alım. Onun yazdıqlarına keçməzdən öncə isə Məmməd Sarvan və Musa Nəbioğlunun 2003-cü ildə Bakıda işıq üzü gör­müş “Borçalı” kitabında atam haqqında yazılan avto­bioqrafik məlumatı oxu­cuların nəzərinə çatdırmaq istəyirəm:

Eyvaz İsmayıl oğlu Məmmədov 1927-ci ildə anadan olub. Burada or­ta məktəbdə oxuduqdan son­ra Tif­lis­də birillik kurs bitirərək inşaatçı peşə­sinə yiyələnib.

Hələ erkən yaşlarından əmək fə­aliy­yətinə başlayan E.Məm­mədov kənd­­dəki “Qələbə” kolxozunda ağac emalı sexinə baş­çılıq edib. 1949-1952-ci illərdə gürcü diviziyasında hərbi xid­mətdə olub.

1960-cı ildə “Qələbə” kolxo­zun­da briqadir kimi fəaliyyətə başlayan Eyvaz İsmayıl oğlu sonralar Faxralı üzüm­çülük sov­xozunda fəaliyyətini da­vam etdirərək 1988-ci ilədək bu və­zifədə çalışıb. 1988-1994-cü illər­də isə həmin sovxozda an­bar müdiri olub.

E.Məmmədov təsərrüfatda çalışdığı müddətdə yüksək nəti­cələrə nail olmuş, adı həmişə qabaqcıllar sırasında çəkilmişdir. Qazandığı uğurlara görə medallarla təltif olunmuş, ona o dövr üçün əlamətdar hadisə olan növbədənkənar “Jiquli” markalı minik maşını verilmişdir. O, 1964-cü ildə Moskvada Gür­cüs­tan kommunistlərini təmsil edən nümayəndə heyətinin tər­ki­bində yeganə azərbaycanlı olmuşdur.

E.Məmmədov halal zəhməti ilə eldə-obada böyük hörmət qazanmış, cəmiyyətdə özlərinə layiqli yer tutmuş övladlar böyütmüşdür.

E.Məmmədov 1999-cu il sentyabrın 23-də vəfat etmişdir.”

Borçalımızın nəğməkar şairi Məmmədəli Əlləzov  o qəmli anlarda atama həsr etdiyi şeirdə deyirdi:

Oğuzlardan yadigardı,
Faxralı tək oba, dağlar.
Səngər qəmli, pərişandı,
Bilsin Qoşqar, Baba dağlar.

“Ceyran” şeiri dodağında,
Gözü zümrüd bulağında.
Gəzdi ceyran sorağında,
Çiynində göy əba, dağlar.

Quru yanar, yaş axıdar,
Dələveri  daş axıdar.
Qoşabulaq yaş axıdar,
Qardı abı-səba, dağlar.

Yusif, şirin xəyal kimi,
Eldə əhli-əyal kimi,
Zirvələrdə qartal kimi,
Qalacaqdı Aba, dağlar.

Atam təhsilə həmişə önəm verən çox maarifpərvər kişi idi. Qohumum, folklorşünas alim Elxan Məmmədlinin və Bəhlul Ab­dullanın  redaktoru olduğu “Azərbaycan aşıqları və el şair­ləri” kitabına bu sözləri yazaraq mənə bağışlamışdı: “Könlünü bu kitablara ver, ay oğul! Kitabı sev, atanı sevdiyin tək.”

Faxralı ziyalılarına həmişə hörmətlə yanaşardı. Elimizin gö­zəl alim ziyalıları, həm də öz qohumları Hüseynqulu Məm­məd­li, Şamil Qurbanov, Namaz Bədəlov, Məmməd Məm­mədov, Şamil Orucov, Sabir Xəlilov və başqaları ilə fəxr edər, onlarla bir yerdə olmasını həyatının ən gözəl anlarından sanar­dı. On­la­ra qonaqlıq verəndə elə bilərdi dünya onundu.

İxtisasca mühəndis olan qardaşım Alməm­mədin dedik­lə­rin­dən: “İki “5”-lə (o vaxtlar ali məktəbə dörd fəndən qəbul imtahanı olurdu. İlk iki imtahandan “5” alanlar sonrakı imtahanları vermədən eks­pe­rimentlə yolu ilə ali məktəbə qəbul olunardı) Texniki Uni­versitetə qəbul oldum. Atam Eyvaz Məm­mə­dovun sevinci yerə-göyə sığmırdı. O, məni təbrik edib dostları ilə birlikdə əsra­rən­giz və fü­sunkar gözəlliyi ilə dünyamıza meydan oxu­yan Dağ Borçalıya gəzməyə apardı. O tək­rarolunmaz gəzinti – atalı gün­lə­rim heç vaxt yadımdan çıxmır. Atamın o sevincli anları təhsil aldığım illər boyu zərrəcə azalmadı…”

…El arasında hamının “Aba” deyə müraciət etdiyi atamla Əli Sən­gərlinin qohumluğunu və dostluğunu Faxralıda, demək olar ki, bilməyən yoxdur. Yaxşı xatırlayıram, atam dünyasını də­yi­şəndə Əli müəllim dünyada ən əziz adamını itiribmiş kimi, özünə gələ bilmirdi. Sonralar əziz qohumunun xatirəsinə şeirlər həsr etməklə sanki özünü ovundururdu.

Sağlığında el içində sayılıb-seçilən, hörmət-izzət sahibi olan, dünya­sını dəyişdikdən sonra isə xatirəyə dönərək yaddaşlara ho­pan, elin xeyir-şərində adı həmişə hörmətlə anılan və gənc­lər­də iftixar doğuran bir insan kimi, ömrünü elinə-obasına xid­mə­tə həsr edən əmək veteranı Eyvaz Məmmədovun əziz xati­rəsinə “Möylə bulağı” adlı poema həsr edib Əli Səngərli. Əlli il sonra yenidən “Möylə bulağı”nın görüşünə gələn Əli müəllim “biçənəkləri yetim, cığırları fağır” görüb bir az köv­rəlir, “burda Hümmət kişi tütək çalanda heyrət eyləyərdi o tay-bu tay da”, –  deyir, “hanı Çərçi qızı, İsmayıl dayı”, –  deyə ha­ray qoparır və təbii ki, Eyvaz Məmmədovu xatırlayır:

Dönüb xatirəyə elim, elatım,
Oğlanların ərki, qızların nazı.
İllərdən bəridir “Möylə bulağı”
Həsrətlə gözləyir Dəli Eyvazı…

Cavanlıq çağları beyni dolu qan,
Gah xəncər gəzdirdi, gah zağlı tüfəng.
Zəhmət fədaisi oldu sonralar,
Dəydi qədəmləri lap Kremlədək.

Kolxozda, sovxozda bağı-bağatı,
Zəmisi, tarlası, bostanı qaldı.
Bulaqlar başında, kef yerlərində
Şeirə sığışmayan dastanı qaldı.

Əli müəllim atam haqqında niyə bu qədər sevgiylə, məhəbbətlə, eyni zamanda bir qohum yanğısıyla danışır? Bunun cavabını da poemada tapırıq:

Gülümsər qarşılar məni həmişə,
Məndən ürəkaçan söz umardı o.
Özümdən özümə əzbər deyərdi,
Sözdən məntiq, məna, köz umardı o.

Şeirim dilndəydi, adım dilində,
Deyib güldürərdi, deyib gülərdi.
“Hünərin varsa da, dayan, deyişək,
Mənim də ilhamım gəlib”, – deyərdi.

“Bu kimsəsiz bulaq başında” xəyala dalan, “bilmirəm qa­ya­yam, kötüyəm, daşam”, – deyib dərdini sulara danışan Əli mü­əl­lim xəyalən ötən illərə qayıdır: “Tarixlər yazmışdıq dostlarla burda”.

Əli müəllimin qohumuna sədaqəti, “Aba”sız günlərin nis­gi­li, onunla keçirdiyi günlərin həsrətini çəkməsi “İtirdiyimiz yer­lər” poemasında da öz əksini tapıb:

Qızılqayanın üstü, Alməmmədlinin yurdu…
Bu yay ora getmişdim, bulaqlar səni sordu,
Oylaqlar səni sordu,Yaxınlar səni sordu,
Uzaqlar səni sordu…

Soruşdu Almalıqda qoca armud ağacı,
Soruşdu ağcaqayın – biçənəklərin tacı…
“Möylə bulağı” üstə meşələr də soruşdu,
Qoynunda gəzdiyimiz guşələr də soruşdu.


Hara ayaq basdımsa, cığırlar dilə gəldi,
Təpələr dilə gəldi, yamaclar dilə gəldi,
Dağlar üstümə gəldi, dərələr zilə gəldi,
Aba hanı? – dedilər, niyə tərk edib yurdu?

Dağ da, daş da, dərə də, təpə də, yamac da, çəhlim də, yol da, cığır da Əli müəllimdən Abanı soruşur, sanki tək gəldiyinə görə onu qınayırlar və şair könlü qubarlanır:

Susub nəğməkar quşlar mat-mat baxdı üzümə,
Dağlar çiynimə endi, şeh sarmaşdı dizimə.
Keçid keçirdi məni, cığır sarvanım oldu,
Qayıtdım yurd yerinə, kədər karvanım oldu.

Azərbaycanın xalq şairi Hüseyn Arif yazır: “Mən qor­xar­dım ölümdən, dünyaya məndən sonra gələnlər olmasaydı!” Həyat davam edir. Və inanırıq ki, kökünüz üstə pərvəriş tapmış budaqlar da  adınızı uca tutub babaları – Dəli Eyvazı zaman-zaman minnətdarlıqla xatırlayacaqlar. Bu yolu gediblər, biz də gedirik. Axı, bu yol Tanrı yoludur. Çox yolçuları yoracaq hələ bu yollar. İnşallah.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur