Firəngiz xanım Hüseynova

“SEVGİ ILƏ BAŞ-BAŞA NURDU, NUR İNSAN”

Hər ömrün öz rəngi var. Bu rənglər o qə­dər çalarlı və zəngindir ki, ona baxanda insan ömrünün müx­təlif anları yada düşür. Rənglər aləmi həm də insanın dərin düşün­cəsindən, fəl­səfi duyu­mun­dan və gələcəyə nikbin baxı­şından xəbər verir. İnsanın içinə, varlığına və dünyasına hopur. İnsan bu rəngləri yaşadaraq daha gözəl və daha əsra­rəngiz bir aləmə qovuşur.

Firəngiz Hüseynqulu qızı Hü­sey­nova da özünə rənglər alə­min­dən bir dünya qurub. O dünyanın rəngləri bir-birinə bənzəmir. Sadəcə olaraq, bu rənglərin hər biri onun ömrünün bir anı deməkdir. Rənglərin ona gətirdiyi həyat yolu heç də başqalarına bənzəmir. Bir sözlə, özünü, ömrünü mədəniyyətə, incəsənətə və gözəl bir sənətə həsr edən insan zaman-zaman addımladıqca öz iç dünyasında bu əsrarəngiz gözəllikləri hiss edir və onu başqalarına da ötürür.

Firəngiz xanım Hüseynova 1953-cü ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Uşaqlığı heç də başqa yaşıd­la­rından fərqlənməyib, amma zaman ötdükcə və bir az da böyüdükcə onun həyatı və yaşayışı dəyişməyə baş­ladı. Orta təhsil almaq üçün əvvəlcə Faxralıdakı kənd məktəbində gedib və sonradan təhsilini Bakıda davam etdirib. 1970-ci ildə Bakıdakı 226 saylı ota məktəbi bitirib. O vaxtı hər bir gəncin ən böyük arzusu ali məktəbə daxil olmaq, tələbə adı qazanmaq idi. Ozü də universitet tələbəsi olmaq ikiqat xoşbəxtlik idi. Ən azından ona görə ki, universitet tələbəsi olmaqla çoxları fəxr edir və qürur hissi keçirirdi. Bir məlum-məşhur faktı da qeyd edək ki, Firəngiz xanımın atası Qorqud­şü­nas  tədqiqatçımız  Hüseynqulu Məmmədli də, qardaşları gö­zəl ziyalı alimlərimiz Elxan və Eldar Məmmədli də universiteti bi­tirmişlər. Firəngiz xanım ocaqdan gələn bu ənənəni pozmaq istəmirdi. İçindən gələn bu arzu ilə Firəngiz xanım da 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin  kitabxanaşünaslıq və biblioqrafiya fakültəsinə daxil olur. 1977-ci ildə universiteti bitirir.

Təbii ki, Firəngiz xanım özünə ali məktəbdə qazandığı ixtisasa uyğun  iş tapmalı idi.  O, bu işi də tapır və Bakıdakı 126 saylı orta məktəbdə kitabxana müdiri vəzifəsində işləyir.

İllər ötdükcə onun təcrübəsi və peşəkarlığı art­mağa başlayır. 1981-ci ildə Azərbaycan  Xalçası və Xalq Tətbiqi Sənəti  Dövlət Muzeyində  işləyir.  Muzey işində işlə­mək, çalışmaq, xalçaçılıq və tətbiqi  sənəti öyrənmək o qədər də asan iş deyil. Çünki bu sənətin özünəməxsus gözəllikləri və özəl­likləri var. Ən azından incəsənətin bir növü sayılan bu qədim sənət nümunələri haqqında kifayət qədər  bilgiyə və dün­yagörüşünə malik  olmalısan.

Universitetdə qazandığı biliklər Firəngiz xanımın kömə­yinə çatır. O, bu sahədə zaman-zaman özünü doğrultmağa başlayır. Elə ona görə də 1994-cü ildən 2006-cı ilə qədər mu­zeydə elmi işlər üzrə direktor müavini vəzifəsində işləyir. İllər ötdükcə zəngin təcrübə toplayan və biliklərini daha da artıran Firəngiz Hüseynova irəliyə doğru addımlayır. Elə buna görə də o, bir müddət Azərbaycan Respublikası Mədəniyyət Nazir­li­yi­nin “Mədəniyyət sərvətlərinin tarixi, bədii və elmi dəyərinin müəyyən­ləş­dirilməsi, xüsusi bədii ekspertiza keçirilməsi və mühafizə şəhadətnaməsi verilməsi üzrə” ekspert komissi­ya­sı­nın üzvü seçilir. Bu müddətdə də o, xalq tətbiqi sənəti ilə bağlı kataloqların, bukletlərin araya-ərsəyə gə­tiril­məsində böyük işlərə imza atır.

Əlbəttə, uzun illər muzey işində çalışması və zəngin təc­rü­­bə toplaması, bu işə dərindən bələd olması onun səriştəli bir mə­dəniyyət işçisi kimi yetişməsinə səbəb olur. Elə məhz buna görə də Firəngiz Hüseynova Mədəniyyət Nazirliyi və muzey müdriyyəti tərəfindən yaxşı işinə görə dəfələrlə mükafat­lan­dı­rı­lıb.

Firəngiz Hüseynovanın öz işinə novatorcasına yanaşması, orijinal iş metodları və Azərbaycan incəsənətini və muzey işini dərindən bilməsi bir çoxlarının diqqətini özünə cəlb edir. Elə buna görə də 2006-cı ildən etibarən Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən  Azərbaycan Mülki Aviasiya muzeyinə direktor müavini təyin olunur, son­radan onu direktor vəzifəsinə irəli çəkirlər. Bu muzeyin yara­dıl­ma­sın­da və eksponatların zənginləşməsində Firəngiz xa­nı­mın müstəsna xid­mət­ləri var. O, zəngin təcrübəsindən və incə­sənət işinə olan böyük həvə­sindən yararlanaraq Azərbaycan Mülki Aviasiyasının dünəninin, bu gününün öyrənilməsi üçün gərgin axtarışlar aparır, bu sahədə lazımı sənədlər toplayır, elmi-tarixi klassifikasyası əsasında muzeyin ekspo­zi­syasının qurulması işini orijinal bir formada həyata keçirir. O, Milli Aviasiya Akademiyasının Mülki Aviasiya muzeyində elə bir sənət ocağı yaradır ki, çoxları bu insanın qurduğu möcüzəyə təəccüblənir. Çünki həqiqətən də onun Aviasiya muzeyində ya­ratdığı sənət nümunələri böyük muzey işindən, zəngin təc­rübədən və ən nəhayət bu insanın sonsuz də­rəcədə qurub yarat­maq eşqindən xəbər verir. Elə bütün bunların nəti­cəsi olaraq Firəngiz xanım respublikanın “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülür.

Eyni zamanda Firəngiz Hüseynovanın qısa zaman kəsi­yin­də Azər­baycan Aviasiya tarixinin təbliği ilə əlaqədar “Azərbaycan aviatorları Böyük Vətən Müharibəsində”, “Azərbaycan Mülki Aviasiya muzeyi – 2005-2010. Hesabat”, “Səma cəsurları sevir” adlı bukletlər hazırlayıb, Azər­baycan Aviasiyasında müstəsna xidmətləri olan şəxslərə həsr olun­muş görüşlər, sərgilər təşkil edib və eyni zamanda davamlı olaraq dövri mətbuatda – “Xalq qəzeti”, “Respublika” qəzetlərində və  “Azər­baycan dün­yası” jurnalında Aviasiya ilə bağlı məqalələr çap etdirib.

Bütün bunlar bir daha göstərir ki, Firəngiz Hüseynova kimi ömrünü incəsənətə həsr eləmiş insanın həyat yolu müxtəlif rənglərlə zəngindir. O rənglərin ən gözəli, ən yadda qalanı isə ağ rəngdir. Ağ rəng onun yoluna ağ işıq salır və Firəngiz xanımı ağ yolla ağ günə doğru aparır. Qoy bu yol həmişə işıqlı və açıq olsun.

Firəngiz xanım bu hörmət və nüfuz zirvəsinə içindən gələn sevgi ilə çatıb. Böyük şairimiz Zəlimxan Yaqubun yazdığı kimi:

Sevgi ilə baş-başa nurdu, nur insan,
Sevgi tükənəndə qurtarır ömrü.

Arzu edək, bu nurlu insanın ömür yoluna həmişə Ay nur çiləsin.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur