Həsən Nəsib oğlu Həsənov

SƏNƏTDƏ TƏSADÜF YOXDUR

Teatr mədəniyyətin elə bir qo­ludur ki, bəlkə də bura təsa­düfən gəlib düşmək olar, ancaq heç vaxt böyük sənətdə qeyri-adi bir iz qoymaq müm­kün deyil. Yə­ni insana Allah-Təala əvvəl­cədən istedad ver­mə­sə, nə həmin insandan şair çıxar, nə rejissor olar, nə də böyük aktyor kimi formalaşa bilər. Deməli, onda məntiqi təfəkkürə söy­kənsək, belə nəticə çıxarmaq mümkündür ki, elə şeylər var, insana Allah-Təala tə­rə­findən bəxş olunur. Amma gərək Allahın verdiyi bu istedadı da illərlə içində, ürəyində və beynində saxlayıb məhv etmə­yəsən. Çünki dahi­lərdən biri deyir ki, 10 faiz istedaddırsa, 90 faiz zəhmətdir. Başqa sözlə demiş olsaq, istedadla zəhmət birləşəndə hər şey öz bəhrəsini verir.

Nasir  Xosrovun belə bir fikri var: “Şüur, düşüncə, azad fikir – təbiətin, həyatın, varlığın gizli sirlərini açacaq açar budur”. Bu sözə dərindən diqqət yetirəndə hər şeyin insanın düşüncəsindən və iste­da­dın­dan asılı olduğu bir daha dəqiqləşir. Dəqiqləşir ki, insan bir işin dalınca gedəndə və məqsədli mübarizə aparanda nə vaxtsa onun bəhrəsini görür.

Həsən Nəsib oğlu Həsənov da həmişə qarşıya qoyduğu məq­səd uğ­run­da mübarizə aparmağı özününü əsas həyat sim­voluna çevirib. O, 1950-ci il iyulun 7-də Faxralı kəndində dünyaya göz açıb. Orta məktəbi bitirib və müstəqil həyata qədəm qoyub. İlk vaxtlar Bakıdakı 1 nömrəli şəhər texniki peşə məktəbinə daxil olub və demək olar ki, oranı fərqlən­mə diplomu ilə biti­rib. Həsənin ürəyində  və qəlbində həmişə musiqiyə, teatr sənətinə və mədə­niy­yətə böyük sevgi olub. Elə bu məqsədlə də 1970-ci ildə N.K.Krupskaya adına Bakı Kitabxanaçılıq Texni­ku­munun mədəni-maarif şöbəsinə qəbul olub. Ancaq hərbi xidmətlə əla­qə­dar olaraq, onun təhsili yarımçıq qalır. O, Lelinqrad vilayə­tinin Lomonosov şəhərində ordu sıralarında xidmət edərkən də musiqiyə böyük həvəs göstərir. Elə hərbi hissədə də onun istedadı və bacarığı bir daha üzə çıxıb.

Belə ki, Həsən Həsənov Lomonosov şəhərindəki hərbi his­sədə “Arzu” vokal instrumental ansamblı yaradır və ansamblda çox maraqlı proqramlar hazırlayır. Onun konsert proqramları hər dəfə tamaşaçıların alqışları ilə qarşılanır. Festivallarda uğurlu çıxışına görə laureat adını qazanır. Eyni zamanda, onun yaratdığı ansamblın uğurları çoxlarını təəccübləndirir və bu məqsədlə onun barəsində 12 dəqiqəlik sənədli film çəkilir. Bu film qısametrajlı sənədli filmlər arasında xüsusi mükafat alır. Ordudan qayıtdıqdan sonra təhsilini davam etdirir və texni­ku­mu fərq­lənmə  diplomu ilə bitirir. O, Gürcüstan Res­pub­likasının Bolnisi rayonu mədəniyyət evində bədii təş­viqat briqadasında rəhbər vəzifəyə gətirilir. İlk gündən o, xalq çalğı alətləri ansamblı yaradır. Bununla yanaşı, həvəskarlardan ibarət teatr truppasına da xeyir-dua verir.

Yaradıcılığı günbəgün irəliyə doğru bir addım da yaxın­laşır. O, bir çox klassik Azərbaycan əsərlərini səhnəyə qoy­maq üçün də özünü sınayır və bu sınaq uğurlu alınır. Şıxəli Qur­banovun “Əcəb işə düşdük”, Məcid Şamxalovun “Qayınana” tamaşaları onun yeni quruluşunda təzə səhnə ömrü yaşayır.

Əlbəttə, Həsən müəllimin istər musiqi, istərsə də teatr sənətində uğurları heç vaxt diqqətdən kənarda qala bilməzdi. Elə ona görə də 1976-cı ildə onu Bolnisi rayonunun mədə­niyyət şöbəsində avtoklubun müdiri təyin edirlər. Bu müddətdə də yaradıcı insan özünün yeni uğurları ilə həm tamaşıçıları sevindirir, həm də sənət adamlarına böyük köməklik göstərir. O, A.S.Puşkin adına Tbilisi Pedaqoji İnstitutunda incəsənət tarixindən dərs deyir və eyni zamanda doğma kəndi Faxralıdakı orta məktəbdə nəğmə və musiqi müəllimi işləyir.

Həsən Həsənov orta ixtisas təhsili ilə razılaşmır. Elə bu məq­sədlə də Mirzağa Əliyev adına İncəsənət İnstitutuna daxil olur və 1981-ci ildə həmin ali məktəbi bitirir. Çox qəribədir ki, Həsən müəllim avtoklubun müdiri işlədiyi dövrdə də musiqi alə­mində özünəməxsus yeniliklər edir və “Könül” vokal-instrumental ansamblını yaradır. Həmin ansambl da tamaşaçı­lar qarşısında rəngarəng proqramlarla çıxış edir və dinləyicilərə xoş ovqat bəxş eləyir. 14 il fəaliyyət göstərmiş ansamblın lent yazıları hazırda Gürcüstan radiosunun fondunda saxlanılır. Hə­sən müəllim harda işləyibsə, elə orda da bir yeniliyə imza atıb. 1986-cı ildə o, Bolnisi rayonunun Cəfərli kənd mədə­niy­yət evi­nin direktoru vəzifəsinə təyin olunur. Az sonra isə Gürcüstan Respublikası Marneuli şəhər mədəniyyət evinin bədii rəhbəri vəzifəsinə irəli çəkilir.

1990-cı ildə Bakıya gəlir və burda özünə yeni bir həyat qurur. Bir müddət “Azərelektromaş” HİK-nin mədəniyyət sa­ra­yında direktor müavini işləyir. Onun istedadı burda da üzə çıxır və ona görə də onu İrəvan Azərbaycan Dram Teatrında sərən­camçı  direktor vəzifəsinə irəli çəkirlər, 1994-ci ildən 2006-cı ilə qədər isə Dövlət Gənclər Teatrında sərəncamçı direktor vəzifəsində çalışıb. Əlbəttə, ilk öncə onun istedadı və bacarığı üzə çıxır. Elə buna görə də o, yeni vəzifələrə təyin olunur.

2006-cı ildə Həsən Həsənov həmin teatra direktor təyin olu­nur. Təbii ki, teatrda işə başladığı ilk gündən sənətə gətir­diyi yenilikləri, orjinal münasibəti və ən nəhayət yeni əsərlərin uğurlu rejissor yozumu ilə çoxlarının yenidən diqqətini cəlb edir. Yeniliklər üçün isə insan gərək həmişə axtarışlar apara. Onun da axtarışları zamanından və məkanından asılı olma­ya­raq öz bəhrəsini verir.

Teatrda islahatların aparılması ilə əlaqədar iki teatr Gənc Tama­şa­çılar Teatrı ilə birləşdirildi və H.Həsənov həmin teatra direktor müavini təyin edildi. Tamaşaçını  indiki dövrdə teatra gətirmək və onu sevdirmək o qədər də sadə iş deyil. İlk növbədə indi teatra gedənlər yoxdur. Çünki teatrı tamaşaçılar əvvəlki kimi görə bilmirlər.

Amma Həsən Həsənov hansı teatra gəlirsə, müəyyən müd­dətdən sonra tamaşaçılar həmin teatra getməyə can atırlar. Çünki teatrda bu günlə, insan həyatı ilə səsləşən tamaşalar səh­nəyə qoyulur. Məhz bu qabiliyyətlərinə görə 2010-cu ilin oktyabr ayının 1-dən Həsən Həsənovu Mingəçevir Dövlət Dram Teatrına direktor təyin ediblər.

O həmişə öz sənətinə və işinə sədaqətli olub. Sadəcə olaraq, o, bu işləri səhnədə sübut edib. Məhz buna görə də Həsən Həsənov Azər-baycan Teatr Xadimləri İttifaqının üzvüdür və bu adı şərəflə daşıyır.

O, yaxşı rejissor, istedadlı sənət adamı və məsuliyyətli ailə başçı­sıdır. Belə ki, Həsən Həsənovun 2 qızı, 1 oğlu var. Yara­dıcı insan həmişə bu uğurlara görə, göydə Allaha, yerdə də öz müəllimlərinə və sənət adamlarına minnətdarlıq edir. Allahını və sənətini sevən insanları isə həmişə xalq arasında alnı açıq, üzü ağ görmək olar.

Dahilərdən biri deyib: “İnsanlar arasında qarşılıqlı məhəb­bət insan həyatının əsas qanunudur”. Həsən Nəsib oğlu Həsənov da ömrününü bütün anlarında bu qanuna söykənib və həyatını səmimiyyət üstündə qurub.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur