Hüseyn Dünyamalı oğlu Qurbanov

EL SEVƏNİ ALƏM SEVƏR

İlhamıdı  coşqun çaylar, dənizlər,
Saflığıdı  müqəddəslər, təmizlər.
El  sevəni,  aləm  sevər,  əzizlər,
Zaval yoxdu qiymətinə bu xalqın.
Zəlimxan  Yaqub

İnsanın ömrünü yaşadığı illərlə deyil, onun əməl­ləri ilə he­sab­layanlar nə qədər haqlıdırlar. Kim Tan­rının ona bəxş etdiyi ömür payını ləyaqətlə, kişi kimi yaşayaraq hələ sağlığında ikən könüllərdə özünə yuva qura bilirsə, o, ölməzlik qazanır. Özü cis­mən bu dünyada olmayanda da xeyirxah əməlləri, şirin xa­ti­rələri ilə yaşayır. Belə ləyaqətli ömür yaşayıb bu gün şirin xa­ti­rəyə çevrilənlər­dən biri də Hüseyn dayıdır.

…Hüseyn Dünyamalı oğlu Qurbanov 1932-ci ilin av­qus­tun­da dün­ya­ya gəlib. 1939-cu ildə 1-ci sinfə gedib və 1946-cı ildə yeddiillik məktəbi bitirdikdən sonra rayon mərkəzindəki peşə məktəbində (o zamanlar bu məktəblər FEZO adıyla məşhur idi) birillik mexanizatorluq kursunda oxuyub. Erkən yaşlarından əmək fəaliyyətinə başlayıb, 13-14 yaşlarından sürücü yanında kö­məkçi olub, sonra  isə mexanizator kimi traktor və kombayn idarə edib. Qısa müddət ərzində zəhmətsevərliyi, bacarığı və iş təcrübəsi ilə təsərrüfatda hamının diqqətini çəkib. Ona böyük etimad gös­tərərək o vaxtlar Faxralıda yaradılmış MTS-in (Maşın-traktor stansiyası) 1№-li Traktor parkında briqadir və­zi­fəsinə irəli çəkiblər və o, təsərrüfat dağılana – Sovet hökumə­tinin sonuna kimi bu vəzifədə ləyaqətlə çalışıb.

Hüseyn Dünyamalı oğlu sadəcə olaraq adicə bir əmək ada­mı ol­ma­yıb, faxralılar onu həm də fəal ictimaiyyətçi kimi ta­nı­yıb. İstər çalışdığı təsərrüfatın, istərsə də yaşadığı kəndin ic­ti­ami həyatında həmişə yaxından iştirak edib. O vaxtlar çoxları üçün əlçatmaz olan Kommunist Partiyasına üzv olması isə onun üçün bu sahədə əlavə imkanlar açıb. Dəfələrlə Bolnisi rayon və Faxralı kənd Sovetinin deputatı seçilib, kənd soveti şurasının, yerli partiya təşkilatının və rayon partiya komitəsinin büro üzvü olub.

Sovet hökuməti dağıldıqdan sonra yeni iqtisadi müna­si­bət­lərin forma­laşması təbii ki, onun çalışdığı sahədə də yenilik tə­ləb edirdi. Artıq kol­xoz və sovxozlar dağılmışdı. Torpaq isə əkilməli, becərilməli idi. Hüseyn Dünyamalı oğlu kimi kənd tə­sərrüfatını dərindən bilən, bu sahədə uzun­müddətli zəngin təc­rü­bəyə və bacarığa malik olan insanlara belə məqamda daha çox ehtiyac duyulurdu. H.Qurbanov  da  özünün bilik və baca­rı­ğına, zəngin həyat təcrübəsinə söykənərək fermer təsərrüfatına  rəhbərlik etdi və böyük uğurlar qazandı.

Əmək fəaliyyəti bütövlükdə doğma kəndindəki təsərrüfatla bağlı olsa da, o, daim təhsilə yüksək qiymət verib, Azərbaycan Dövlət Univer­si­tetinin (indiki BDU) hüquqşünaslıq fakül­tə­sin­də qiyabi təhsil alaraq bilik və bacarığını elinin-obasının ri­fahı naminə səmərəli şəkildə sərf edib, bundan mənəvi zövq alıb.

Olduqca qohumcanlı idi Hüseyn dayı. Kim bilir, bəlkə də bu­nun bir səbəbi də o idi ki, hələ gənclik illərindən ata-anasını itirdiyindən ailənin bütün yükü onun çiyinlərinə düşmüşdü. Uşaqlıq və gəncliyinin ölkənin çətin dövrünə düşdüyü o illərdə özündən kiçik iki qardaşının ali təhsil almaları üçün gecəli-gündüzlü çalışırdı. Bu işdə ona böyük qardaşı Həsən də dəstək ve­rirdi. İki qardaş əl-ələ verərək kiçik qardaşları Şamil və Oru­cun Bakıda ali təhsil almaları, sonra isə Şamilin təhsilini as­piranturada davam etdirməsi üçün sözün əsl mənasında böyük fə­dakarlıq göstərdilər. Lazım gəldikdə qardaşlarının yükünü öz çiyinlərində daşımağa necə ha­zır olduğunu təkcə qohumlar, qonşular deyil, bütün faxralılar yaxşı bilir.

Gül kimi, lətif bir ömür sürdü Hüseyn dayı. Həyatın föv­qündə insan­lığı görərdi həmişə. Sözün həqiqi mənasında beş övladına nümunəvi ata idi. Hüseyn dayının medalları, müka­fatları çoxdu. Ən böyük mükafatı isə hamı tərəfindən sevilən ali təhsilli, ləyaqətli, nəzakətli övladlarıdır. Hər övladı bir tərbiyə məktəbidi Hüseyn dayının. Hamısı da elə bağlı, elnən nəfəs alan ziyalılardır. Və onu da qeyd etməliyəm ki, Hüseyn dayı qar­­daşı övladlarını öz övladlarından heç vaxt seçməyib. Qar­da­şı övladları  da  Hüseyn dayını öz övladlarından az sevməyib­lər. Bü­tün bu əxlaqi fəzi­lətlər kökdən, ocaqdan gələn dəyərlərin sü­butudur.

Elinə-obasına, doğma yurduna çox bağlı idi. Doğma Fax­ra­lıdan ayrı bircə günüm də olmasın, deyirdi. Yaxşı yadımdadır, ötən əsrin doxsanın­cı illərində Gürcüstanda soydaşlarımıza qar­şı yeridilən ayrı-seçkilik siya­səti nəticəsində çoxları öz dədə-ba­­ba yurdundan köçmək məcburiyyə­tində qalaraq Azərbaycana üz tutmalı oldular. O çətin illərdə Hüseyn Dün­yamalı oğlu el-obaya, doğma yurda əsl sədaqət nümunəsi göstərdi, hətta qar­da­şı Həsənin ona rahatlığı üçün Bakıya köçmək təklifini də qə­bul etmədi. Ata yurdunu boşaltmadı, onun çırağını daha da gur yandırdı, ocağının istisini azalmağa qoymadı.

Onu tanıyanlar, ünsiyyətdə olanlar yaxşı bilir ki, çox da­nış­mağı sev­məzdi. Sözünün qiymətini, məqamını yaxşı bilirdi. Da­nışanda elə danı­şar­dı ki, hər kəlməsi onun nüfuzunu, hör­mətini daha da artırardı. Sözünü üzə deyərdi, şax deyərdi. Mü­bahisəli anlarda kəskin mövqeyini ortaya qoymağı da bacarırdı. Belə məqamlarda deyərdi: “O qədər sözdən anlamayanlar var ki…”

Dilindən nalayiq söz çıxmazdı. Dostluqda isə olduqca sə­daqətli, əsl sirdaş idi. Elə bu səbəbdəndir ki, bu gün Faxralıda on­dan söhbət düşəndə istər yaşlı nəslin nümayəndələri olsun, istərsə də gənclər – onu minnət­dar­lıqla xatırlayır, haqqında an­caq xoş sözlər deyirlər. Alimləri, igidləri, ictimai-siyasi xadim­ləri, cəsur oğulları ilə məşhur olan Faxralı kəndi həm də sadə, alicənab insanları ilə məşhurdur. Belə sadə, alicənab insanların arasında Hüseyn dayı həmişə sevilib.

Onun barəsində saatlarla, günlərlə danışmaq olar. Hüseyn Qur­banovun keçdiyi ömür yolu sanki bir dastan, özü isə bu das­tanın həm qəhrəmanı, həm də ozanıdır. Yaxşı yadımdadır, bir də­fə xəstə olarkən demişdi: siz məni yetmişə çatdırın, 100-ə özüm çatacam. Amma 100-ə çatmasa da, 80-i haqladı.

Hüseyn dayının keçdiyi şərəfli həyat yollarında onunla çiyin-çiyinə addımlayan, ona sözün əsl mənasında “çətin gün­də, ağır anda arxa olan, el içində tanıdan da, ucaldan da şirin sözlü, düz ilqarlı, özünün də son günlərdə “analar anası” ad­lan­dırdığı ömür-gün yoldaşı Yetər xanımın xidməti danılmazdır.

Ömər Xəyyam demişkən:

Yaşasan beş yüz il, min il,
Bu köhnə dünyadan gedəcəksən, bil.

Bir nağıl ömrü yaşayan Hüseyn dayının haqqa qovuşmağı da nağılvari oldu – 2011-ci ilin 11-ci ayının 11-də, hətta  saat  1100-da şair Zəlimxan Yaqub deyən kimi, “elini sevən Hüseyn dayı elin sevgisini” görə-görə dünyamıza əlvida dedi. Həmin gün Faxralı eli “dünyadan nə gözəl bir insan köçdüyünün” şahidi oldu.

Təəssüflənirəm ki, mən bu yazını niyə onun sağlığında yaz­madım. Yaza bilərdim. Amma onun tərifdən xoşlanmaması mə­ni bu işdən çəkindirmişdi. Yenə də gec deyil. Aqillər demiş­kən: “Böyüklük odur ki, elin dərdini çəkə biləsən, sınıq könülləri tikə biləsən”.

Yazdım ki, gələcək nəsillər “el yükü çəkənlərdən, sınıq könülləri tikənlərdən” öyrənsinlər, ibrət dərsi alsınlar.

Böyük nəğməkar şairimiz Məmməd Rahim aşağıdakı beyti sanki Hüseyn Qurbanov üçün yazmışdır:

Yarat! Sən köçəndə ellər söyləsin,
Dünyadan nə gözəl bir insan gedir.

Bu yazını hələ sağlığında – 70 illik yubileyində qızı Şahpəri xanımın atasına həsr elədiyi şeirlə tamamlayıram.

ATAM

Həyatda çox bərkdən-boşdan çıxıbdı,
Alovdan keçibdi, oddan  çıxıbdı,
Çörəyi dəmirdən, daşdan çıxıbdı,
Əlləri zəhmətdən qabarlı atam. 

Vəfalı qardaşdı, qayğıkeş ata,
Ləyaqətli oğullar verib həyata.
Dözümdə, səbirdə ona kim çata,
Hörmətli, izzətli, vüqarlı atam.

Yaxşılığı özünə edibdi peşə,
Yaxşı adla ucalıbdı həmişə.
Halalca haqqıyla yetib yetmişə,
Yaşasın yüz qışlı, baharlı atam.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur