Mehrəli Qulu oğlu Əhmədov

ZİRVƏYƏ  GEDƏN YOL

İnsanın hər addımı, hər yerişi və hər gedişi sanki bir qeyri-adi hadisəyə bənzəyir. Yəni heç kimin xasiyyəti bir-birinə bən­zə­mədiyi kimi, heç kimin də yerişi və gördüyü iş başqa birinə oxşamır. Daha doğrusu, insan dünyaya gələndə onun içində, ürə­yində  və qəlbində qeyri-adi hisslər və duyğular olur. Adam var ki, bu duyğuya ötəri və ani bir hiss kimi baxır. Adam da var ki, əsən küləyə, yağan yağışa, çıxan günəşə biganə qalmadığı kimi, içindəki duyğularına da laqeyid yanaşmır. Və bu duy­ğu­lar zaman-zaman onu harasa aparır. İnsan onun izinə düşəndə, onun ardınca gedəndə bir də görür ki, ürəyində arzuladığı xoşbəxtliyə bir az da yaxınlaşıb.

Mehrəli Qulu oğlu Əhmədov da məhz ömrünün bütün çağlarında içindəki bu odlu-alovlu istəyi duyub. Elə duyduğuna görə də, zaman-zaman əməlinə və arzusuna bir addım da ya­xın­laşıb. Mehrəli Əhmədov 1935-ci ildə Borçalı mahalının Faxralı kəndində anadan olub. Aydındır ki, doğma kəndinin hər qarış torpağını ürəkdən sevən bu insan özünəməxsus və qeyri-adi bir yol tutub. Bu yolun hara getdiyini və harda başa çata­cağını özü də hiss eləməyib. Bircə onu hiss edib ki, 1943-cü ildə günlərin birində kəndlərindəki 1-ci sinifə gedib və parta arxasında əyləşib. Müəllimlərinin nəsihətlərini, məsləhətlərini və tövsiyələrini heç vaxt yaddan çıxartmayıb. Başqa yaşıdla­rın­dan fərqli olaraq, ancaq başı oxumağa, yazıb-pozmağa və ki­tab­lara qarışıb. Təbii ki, heç də nahaq yerdən deməyiblər ki, ki­tab bilik mənbəyidir. Onun dostu da, qardaşı da və ən yaxın sir­daşı da kitab olub. Kitaba sevgisi Mehrəli Əhmədovun dünya­gö­rüşünü daha da zənginləşdirib. Orta məktəbi  medalla qurta­rıb ki, bu da heç də hər gəncə nəsib olmur. Bu, onun ürəyində tutduğu arzusuna bir addım da yaxınlaşmasına kömək edir və Mehrəli Əhmədov 1954-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun mexanika fakultəsinə daxil olur. İste­dad­lı tələbə artıq o illərdə ilk ixtiralarını və kəşflərini yaradır. Onun ixtiraları metaltökmə zavodunda istehsalata tətbiq edilir və böyük gəlir gətirir. Çox maraqlıdır ki, Mehrəli Əhmədovun ixtiraları tək Sovet İttifaqında deyil, hətta xaricdə də böyük maraq doğurur. Qonşu İran dövlətindən onun ixtirası ilə maraq­lananlar olub. Onun lazer şüalarından istifadə ixtirası 1957-ci ildə İran istehsalatına tətbiq edilir və böyük səmərə verir.

Ali məktəbi fərqlənmə diplomu ilə bitirən Mehrəli 1958-ci ildə İnstitutun metalşünaslıq kafedrasında fəaliyyətə başlayır. Az müddətdə öz ixtiraları və yenilikləri ilə çoxlarının diqqətini cəlb eləyir. Hətta, o, İnstitutun Tələbə Elmi Cəmiyyətinin sədri olur. 1961-ci ildə Metalların Emalı İxtisası üzrə Moskva şəhərində aspiranturaya daxil olur. Elmin yolllarında zirvəyə doğru zaman-zaman irəliləyən bu istedadlı gənci ölüm vaxtsız yaxalayır. O, 1962-ci ildə dünyasını dəyişir. Xalq onun ölümü ilə heç cür razılaşa bilmirmiş. Deyilənə görə Faxralıda belə izdihamlı matəm olmayıbmış. Bu, az vaxt ərzində özünün qazandığı hörmətin nəticəsi idi. Ancaq qısa zaman kəsiyində zirvəyə gedən yolda Mehrəli Əhmədov öz istedadını, ixtirasını və kəşflərini ortaya qoya bilir.

Daha doğrusu, yaratdığı ixtiralarla nəinki sovet alimlərini, hətta xarici ölkələrin tanınmış professorlarını təəcübləndirir. Sadəcə olaraq, ömür vəfa etməyib ki, o, öz istedadını üzə çıxara bilsin və sözünü desin. Amma gördüyü işlər xalqımızın tarixində qalmasına bəs edir. Sözün həqiqi mənasında Mehrəli Qulu oğlu Əhmədov elmin zirvəyə gedən yolunda öz sözünü deyə bilib və çox alimləri ixtiraları ilə təəcübləndirib.

Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur