Musa Eyvaz oğlu Məmmədov

ÖLÜM YALAN SÖZDÜ…

Əli Kəlbəcərlinin (Əli Qurbanovun) gözəl bir şeiri var:

Kim qurban eylməz dosta yağını,
Yedirtməz bağrının dosta yağını?
Qoysun gözüm üstə dost ayağını,
Dolaşım ellərdə ay şişə-şişə.

Haqqında söz açdığım Musa Məmmədov da həqiqətən ca­nında yağı olan dost idi, etibarlı, sədaqətli yoldaş idi. Biz onun­la həddindən artıq yaxın olmuşuq. 10 il bir sinifdə oxumuşuq…

Məmmədov Musa Eyvaz oğlu 1954-cü il aprel ayının 1-də Faxralı kəndində anadan ol­muş, 1961-ci ildə Faxralı orta məktəbinin I sinfinə getmiş, 1971-ci ildə həmin mək­təbin X sinfini bitirmiş və elə həmin ildə Sumqayıt Çörək Zavodunda əmək fəaliyyətinə başlamış­dır.

1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “İc­ti­mai iaşə­nin texnologiyası və təşkili” fakültəsinin axşam şöbə­sinə daxil olmuş, həmin institutu 1980-ci ildə bitirmişdir. 1974-1976-cı illərdə ordu sırala­rında xidmət etmişdir. Ömrünün so­nunadək Sumqayıt Çörək Zavodunda fəhlə, aparatçı, sex rəisi­nin müavini, təchizat şöbəsinin müdiri vəzifə­lərində çalış­mış­dır.

Faxralı orta məktəbinin 1971-ci il Xc sinfinin məzunları bir-biriylə gözəl münasibətləri ilə həmişə seçiliblər. Bizim sinifdə bir neçə yoldaş vardır ki, bunlar ayrı-ayrı fənlərə daha çox meyil göstərirdilər. Deyək ki, Səməndər ədəbiyyata, tarixə, Sənəm və Məmmədəli riyaziy­yata, Musa kimya fənninə üstünlük verirdi. Gözəl bir sinif rəhbərimiz var idi – İslam Göyüşov. O qədər şirin, mehriban olmuşuq ki, birimizin problemi olanda hamımız qayğılanır, dərhal o yoldaşın başının üstünü alardıq. İstəmirdik ki, o adam çətinliklə üz-üzə qalsın. Çalışardıq ki, problemi birgə həll edək.

Xalq şairi Zəlimxan Yaqub demişkən, alnıma nə yazılıbsa, Allahım bilir. Ramiz Rövşən deyir: Kimini tale səsləyir, kimi bəxtə-bəxt doğulur. Biz də taleyin hökmünə, alnımıza yazılana uyğun olaraq, hərəmiz bir yolu seçdik. Mən Bakı Dövlət Uni­ver­sitetinə,  Musa Xalq Təsərrüfatı İnstitutuna qəbul olunduq. Bütün bu illər ərzində bir-birimizi daim axtardıq-aradıq. Bir tikə çörəyimizi yarı böldük. Bir-birimizin sevincinə, kədərinə şərik olduq.

Maraqlı məqamdı ki, mənim böyük qardaşım Musanın bö­yük qardaşı Almazla qardaşlıq idi. Həm də bir sinifdə oxu­muşdular. Musa ilə də mən qardaşdan artıq dost olduq. Fami­lyamız da eyni idi, atalarımızın adı da.

Beləliklə, hərəmiz bir sahəni seçməli olduq. Musa da tale­yini Sum­qa­yıtla bağladı. Yaxşı insanların əhatəsində, yaxşı və­zifələrdə işlədi. Sayılıb-seçilən, hallalığa tapınan iş adamı oldu. Vəzifələrinin ləyaqətli icraçısı olmaqla bərabər, özünün alicə­nab­lığını, səxavətini, insanpər­vər­liyini də hər yerdə, hər zaman göstərdi. Elin xeyir-şərində həmişə tapılar, öz yardım əlini uza­dardı. Dost-yoldaş arasında, cəmiyyət içində görünən adamdı, həmişə özünün mədəniyyətilə, mərifətiylə seçilərdi.

Qazi Bürhanəddinin bir sözü var:

Gələn birdi, gedən birdi, qalan bir,
Gedən gəlməz, gələn qalmaz – əcəb sirr!
Bir əvvəl var, bir axır var, deyirlər,
Yalan sözdü, nə əvvəl var, nə axır.

Musa üçün əvvəl də insanlıq idi, axır da. Hər şeyin föv­qündə insanlığı görürdü həqiqi mənada.

Bir də, bizim taleyimizdə bir növ yaxınlıq var idi. Borçalının Faxralı kəndində bizim Alməmmədlinin ata-baba yurdu “Qızıl Qaya” deyilən yer dağın sağ tərəfində qərar tutur­du. Dağın sol-arxa tərəfinə isə Tənəhli deyilir, Musagilin binə­siydi. Xatırlayıram, babası arı saxlayırdı. Musa o doğma yer­ləri vaxtaşırı ziyarət edərdi. Vaxtsız ölümündən azca qabaq da elə bil ürəyinə dammışdı. Anasını Sumqayıtdan götürüb apa­rıb. Böyük qardaşı Almaza təklif edib ki, Tənəhli meşəsinin əsra­rən­giz bir guşəsində oturub çörək yesinlər. Musa elə ordaca qə­rar qəbul edir ki, uşaq vaxtı qarışbaqarış gəzdiyi bu dağları bir daha dolaşsın. Deyir ki, cığır-cığır, cəhlim-cəhlim, iz-iz ta­nı­dığım bu yerləri istəyirəm bir də gəzəm. Elə də edir. Qayıdıb gələndə isə özünü yaxşı hiss eləmədiyini deyir. Onun vəziy­yətinin doğrudan da ağır olduğunu görüb təcili tibbi yardım çağı­rırlar. Lakin onu həyatda saxlamaq cəhdləri uğursuz olur. Musa elə ordaca haqqa qovuşur. Təbiətin möcüzəsiydi sanki. Təbi­ətin bir parçası olan İnsan oğlu uşaqlığında boylandığı yal­çın, sıl­dırımlı qayalardan bir daha halallıq alıb bu dünyaya vida edir.

Eyvaz Borçalının sözüdür:

Ölüm yalan sözdü, oğullar ölmür,
Torpağa qarışıb Vətən olurlar.

Musa özünün insanlığıyla, mərifətiylə, mənsub olduğu nə­silə, öz yaxınlarına, doğmalarına münasibətiylə, el-obaya qarşı həssaslığıyla həmişə yaxşı insanların qəlbindədi. Həmişə xeyir­xah­lıqla xatırlanacaqdır. Faxralı orta məktəbinin 1971-ci il mə­zunlarının qəlbini Musanın vaxtsız vəfatı çox göynətdi, çox ağ­rıtdı. Bizim sinfin hazırda yaşayan “uşaqları” Musanın ölüm xəbərindən sonra xeyli müddət özlərinə gələ bilmədilər. Musa, mən və əmioğlu Tofiq Bədəlov – biz üçümüz daha yaxın ol­muşuq. O və Qurban Zamanov həmin o müdhiş hadisə baş ve­rəndən sonrakı ilk üç günü bir yerdə olduq. Heç cür bu gerçəkliklə barışmaq istəmirdik, amma buna məcbur idik.

Dostlarının, qohumlarının rəhmətlik Musa Məmmədov haq­qında söylədiklərini qeydə almaq, ürək sözlərinə işıq tut­maq vəzifəsini də mən öz üzərimə götürməli oldum. Daha doğrusu, onlar bu işi mənə etibar etdilər.

Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının  baş  redaktoru, Əməkdar Mədəniyət İşçisi Musa Nəbioğlu deyir ki, Musa Məmmədov sözə, saza dəyər verən adam olub: “Musa Məmmədov gözəl insan idi. Əsl insanın xarakterik cizgi­lə­rin­dən biri də onun sözə dəyər verməsi, poeziyaya vurğunluğu, yüksək estetik zövqə malik olmasıdır. Musa Eyvaz oğlu təbi­ətlə təması çox sevirdi ki, bu da onun incə ruhundan doğan tə­zahür idi. Düzlük onun həmişə yol yoldaşı olub. Bəzən xırda bir yalan insanı etibardan salır. Musanın dünyasında isə yalana yer yox idi. Onu ətrafındakılara sevdirən də məhz bu cəhəti idi.

Müəyyən anlayışların, davranışların məcmusundan ibarət dəyərlər sistemi vardır ki, cəmiyyətdə əksəriyyət tərəfindən qəbul edilir və tətbiq olunur. Bu qaydaların haradan meydana gəldiyi, nə dərəcədə doğru olduğu isə müzakirə edilmir və yan­lışları mühakimə olunmur. Çünki oturuşmuş bu sistemi sor­ğu­lamaq və ona zidd olmaq geniş bir kütlənin hədəfi olmaq təh­lükəsi deməkdir. Musa Məmmədov bütün bunları gözəl bilsə də, özünün müəyyən etdiyi sistem vardı. O, yamanlığa yax­şılıqla cavab verə bilən böyük qəlbə malik bir insan idi”.

Neft Şirkətində məsul vəzifə daşıyan Tahir Qasımov rəh­mətlik Musa müəllimlə Sum­­qayıta birlikdə gəliblər. Ömür­lərinin mənalı hissəsini o vaxtlar “gənclər şəhəri”, “səna­ye şəhəri” deyilən Sumqayıtla bağlayıblar. Onun dedik­lə­rin­dən: “Mu­sa­­nın qəfləti ölüm xəbəri hamımızı sarsıtdı. Tale elə gətir­mişdi ki, onunla həyat yolumuz paralel alınmışdı. Tez-tez tə­masda olduğu­muz­dan, ayrılığı təsəvvürümüzə belə gə­tir­mirdik. Ömrü boyu bir kollektivdə işləməsi bir tərəfdən onun qazandığı xətir-hörmətin, digər tərəfdən qüsursuz  işlə­məsinin  göstərici­siy­disə, üçün­cü yandan, dəyişməz xarakte­rindən irəli gəlirdi. Nə özünə verilən vəzifələr görə öyünər, nə də rastlaş­dığı mü­vəq­qəti çətin­liyə görə ümidsizliyə qapılardı. Çörək Zavo­dun­dan ayrılmaması onun daim xeyir-bərəkət, ruzili yaşa­masını təmin etmişdi. Çox artıqda isə gözü yox idi”.

Sinif yoldaşı Tofiq Bədəlov isə Musa Məmmədovun xe­yir­xahlığının altını cızır: “Xeyirxah olmaq üçün insan ilk növ­bədə mənən zəngin, böyük  ürək sahibi olmalıdır ki, bunlar da rəhmətlik Musa Məmmədovda var idi. Elədiyi yaxşılığı ogey-doğ­malıq qoymadan, təmənna-minnət göz­ləmədən, Allah rıza­sına eləyəndi. Bu, hər bəndəyə qismət olmayan ilahi  bir qabi­liy­yətdir. İmkanlı kəslər  var ki, Tanrı onu xeyirxah  olmaq sə­adə­tindən məhrum edib. Çörəyi yeyilmir, suyu boğazdan keç­mir, əməlinin urvatı, parasının bərəkəti bilinmir. Xeyirxahlıq pul kisəsinin qalınlığı ilə deyil, ürəyin genişliyi ilə ölçülən bir jestdir, kəmiyyət göstəricisidir. “Əl tutmaq Əlidən qalıb”, “Allah min əvəzini versin!” – kimi kəlmələr xalqımızın milli-əxlaqi keyfiyyətlərindən süzülüb gələn şükranlıq, alqış nidala­rıdır. İslam peyğəmbərindən insanların ən sevimlisi  kimdir? – de­yə soruşduqda belə cavab vermişdi: “İnsanlara fayda  verən xal­­qın ən sevimlisidir”. Bu mənada, xeyirxah əməlləri ilə zən­gin olan Musa müəllim də əbədiyaşarlıq və ehtiram qazan­mış­dır”.

Sumqayıt sakini, ağsaqqal Abdulla Bədəlov isə rəh­mət­liyin fəzil xüsusiyyətləri sırasında ilk növbədə alicənablığını qeyd edir: “Ta qədim­dən peyğəmbərlər, mütəfəkkirlər, filo­sof­lar, imamlar, övliyalar deyiblər ki, alicənab, davranışca  gözəl adam dünyanın  ən gözəl adamıdır. Əgər bir adam zahirən gö­zəl deyilsə belə, incə və zərif  davranışı onu hamının gözündə gö­zəl­ləşdirər. Bəziləri gözəl davranışa zahiri əlamət kimi baxır, davranış gözəlliyini mənəvi aləmin ayrılmaz, ülvi bir hissəsi  ki­mi özlə­rində yaşada bilmirlər. Bax, kobud rəftar, qaba dav­ra­nış kimi alicənablıqdan uzaq xüsusiyyətlər də bu səbəbdən ya­ra­­nır.

Alicənab insan yalnız özünü sevməklə kifayətlənməz. O, bü­tün in­san­larla həssas rəftar edər, hamını insan olaraq sevər. Musa Məmmədov davranışı ilə, əməlləri ilə alicənablıq nümu­nəsi idi. Özündən kiçiyə qayğı göstərmək, özündən böyüyə eh­ti­ram etmək, qıza, qadına qarşı son dərəcə diqqətli olmaq, valideyn məhəbbətini uca tutmaq, qarşı tərəfin fikrinə  hörmət et­mək alicənablığın əbədi təzahürləridir. Bu xüsusiyyət Musanı uşaqlığında da, gəncliyində də, yarıyaşında da müşayiət elədi. Heyif ki, qocalığa qədər yaşamadı Musa! Allah rəhmət eləsin”.

Musa Məmmədovun qudası, kəlbəcərli Məmmədhəsənov Vəli İbra­him oğlu rəhmətliyin gözəl qohum olduğunu təqdir edir: “Qurani-Kərimdə dəfələrlə qohumlar barədə tapşırıqlar verilib. Qohumluq münasi­­bətlərinin kəsilməsi qətiyyətlə rədd edilir. Valideyn-övlad, bacı-qardaş ən yaxın qohum sayılırlar. Həyat yoldaşının yaxınları da qohumlar çərçivəsinə aiddir. On­la­rın arasındakı ictimai əlaqələr təbii və başqa əlaqələrdən daha möhkəm və köklüdür. Qohumlar mümkün qədər bir-birinə yar­dım etməyə və qayğı göstərməyə borcludur. Ehtiyac zama­nı bir-biririnin əlindən tutmalıdırlar. Musa müəllim qohum­luq­da bütün bu tələbləri artıqlaması ilə yerinə yetirən kamil insan idi. Bu mənada ondan nümunə götürülməli şeylər çox idi, ələl­xü­sus da cavanlar üçün. Allah rəhmət eləsin, qəbri nurla dolsun”.

Qohumu, həm də qonşusu İsa Namazlı deyir ki, Musa mü­əl­lim qohumluq, qonşuluq haqqını yerli-yerində bilən çox həs­sas adam idi: “Qurani-Kərim”də qohum olan və ya olma­yan, ya­­xın və ya uzaq qonşu­lara yaxşılıq etmək əmr olunmuş, qon­şuluq haq­qları diqqətə çatdırıl­mış­dır. Qonşulara yaxşılıq etmək kamil möminliyin bir şərti kimi göstə­ril­mişdir. Allah Rəsulu xə­­­bərdarlıq edir: “Qonşusu ac ola-ola tox yatan həqiqi mömin deyildir” (Əl Həkim, Əl-Müstədrək), “Qonşun səndən zərər gəl­­məyəcəyinə arxayın deyilsə, Cənnətə girə bilməzsən” (Bu­xa­rı, “Ədəb”, 29; Müslim. “İman”, 73). Bəli, Allaha inanan in­san əlində olan bütün gözəllikləri qonşuları ilə bölüşməyi ba­ca­rır. Musa müəllim qohum­ları və qonşuları arasında etibar və eti­mad mühiti yaradan yüksək əxlaq sahibi idi. Təəssüf ki, bu gün qon­şu­luq münasibətləri ciddi zədələnmiş, dəyərlərimizə xə­ləl gəl­miş­dir.

Bu gün qutu kimi mənzillərdə, binalarda yalnız özünü  dü­şü­nən, öz dünyasını yaşayan toplumlar var. Allah Rəsulu mö­min­lərin münasibətini kərpicləri bir-birinə pərçimlənmiş möh­kəm bir binaya bənzədir ki, belə bir toplumun təşəkkülündə də ana-ata haqqına riayət, möhkəm qohum­luq bağları, yoxsul­lara arxa durmaq və qonşuluq hüququna əməl etmək ki­mi əməl­lər mühüm rol oynayır. Musa müəllim cəmiyyətdə belə mü­na­sibətlərin tərəfdarı idi ki, fərdlər bir-birinə təmannasız dəs­tək olsunlar, biri yıxılanda digəri əlindən tutsun, bir-birinə yaxşılıq etməkdə yarış­sın­lar. Ziddiyətsiz, ideal bir cəmiyyət qurulsun. Yəqin, həmin ideal cəmiy­yət yalnız haqq dünyasında mövcuddur. Musa da o dünyaya qovuşdu”.

Sədar Məmmədov da Musa müəllimlə bağlı kövrək xati­rə­lərini bölüşür. “Həm şəxsi, həm ailəvi münasibətlərimiz olub. Mən onun qar­daşıyla, o da mənim qardaşımla dostluq müna­sibə­tində olmuşuq. Haqqım var ki, deyəm, Musanı çox gözəl tanıyırdım.

Hər bir insanın daxili və xaric cazibəsi, təmizlik və gö­zəl­liyi onun təkcə şəxsi işi deyil, başqa insanlar və ümumiyyətlə cəmiyyət qarşısında borcun yerinə yetirilməsidir. Musa müəl­lim ailə qarşısında, qohum-əqrəba qarşısında, dost-tanış qarşı­sın­da məsulliyyətini dərindən dərk edən, zahiri və mənəvi gö­zəlliyə çatmış kamil bir insan idi. Ömür vəfa etsəydi, zaman onun portretinə daha da fəzil cizgilər əlavə edəcəkdi”.

Ömər Xəyyam rübaisində deyib: 

Yaşasan da beş yüz il, min il,
Bu köhnə dünyadan gedəcəksən, bil.
İstər dilənçi ol, istərsə  şah ol,
Məzarda qiymət birdi, iki cür deyil.

Əzizim, Musa! Sən özünün haqq dünyandasan. Allah sənə qəni-qəni rəhmət eləsin. Sənin dostların, yoldaşlarının hamısı sə­ni  hər zaman, hər saat xatırlayır və xatırlayacaqlar. Bundan son­ra da nə qədər Allah verən ömrümüz var, yaşadıqca sən bi­zim qəlbimizin ən isti guşəsində qala­caqsan. Cənnətməkan ru­hu­na rəhmət diləyi ilə bu məqaləni sənin həmişə­yaşar xatirə­si­nə həsr etdiyim “Eldə haqqa qovuşdu” adlı şeirimlə yekunlaş­dırı­ram:

Lap əzəldən qardaşımız
Yaxşıları yaxşı gördü.
Dostlarıydı sərvət, varı,
Sərvət, vardan bina hördü. 

Keçdi neçə çətin yolu,
Kürəyini yelə verdi.
Məhəbbəti Vətən oldu,
Ürəyini ələ verdi. 

Ocaq kimi, işıq kimi,
O, baxırdı bu həyata.
Dünyanı fani bilirdi,
Əl tutardı dosta, yada.

Yaxşı qohum, ata idi,
Hamıya sağlıq dilərdi.
Kəlmələri bal dadırdı,
Ətrafını çox sevərdi. 

Fələk qıydı vaxtsız ona,
O, bir kəsə oxşamadı.
Yurdum dedi, yuvam dedi,
Ömrü hədər yaşamadı. 

Elnən yatdı, elnən durdu,
Vurulmuşdu obasına.
Ürəklərdə yuva qurdu,
Bir dünyaydı anasına. 

Yaradan verən ömürdə,
Çox xatalardan sovuşdu.
Elim-obam deyə-deyə,
Yurdunda haqqa qovuşdu.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur