Oruc Abbas oğlu  Şərifov

ZƏHMƏTDİ TƏRƏQQİNİN YOLU ƏZƏLDƏN

Böyük Azərbaycan şairi Şəh­riyarın belə bir misrası var:

Zəhmətə arxalan, işə güvən sən,
Budur tərəqqinin yolu əzəldən…

Həqiqətən, zəhmətə qatlaşan, əziy­yət çə­kən və gecə-gündüz yu­xu­suna haram qatan adam nə vaxt­sa həyatında bir inkişaf hiss edə­cək. Hiss edəcək ki, günlərin birin­də çəkdiyi zəhmət yer­də qal­mayıb və arzuladığı məqama doğru bir ad­dım da yaxınlaşıb.

Həyat heç də bəzilərinin düşündüyü kimi rahat və sakit keç­mir. Yəni insanın çox şeydən xəbəri olduğu kimi, bəzən elə məqamlar var ki, onun haqqında az bilgiyə malik olur. Amma məsələnin o tərəfi də var ki, insan hər şeyə əziyyət çəkməklə, oxumaqla və işləməklə çata bilir.

Bu mənada, Oruc Abbas oğlu  Şərifov da özünəməxsus və qeyri-adi bir ömür yaşayıb. O, 1939-cu ilin aprelin 25-də Borçalıda – o vaxtkı Lüksemburq (indiki Bolnisi) rayonunun Faxralı kəndində anadan olub. Onun anadan olduğu ailə kənddə çox əməksevər və halal bir ailə sayılıb. Daha doğrusu, bu ailənin mayası halallıqdan yoğrulub.

Ömür yolu onu 1947-ci ildə Faxralı kənd orta məktəbinin 1-ci sinifinə aparır. Amma başqa birincilərdən fərqli olaraq, o istedadı, zəkası və qabiliyyəti ilə müəllimlərini təəccübləndirir. Dəqiq elmlərdən riya­ziy­yata böyük maraq göstərir. Riyaziyyat onun həyatında bir önəmli rol oynayır. Orta məktəbi bitirib, 1958-ci ildə Azərbaycan Politexnik İnsti­tu­tunun avtomobil nəqliyyatının istismarı fakültəsinə daxil olur.

Təbii ki, ali məktəbin özünün yazılmamış qanunları və həyat tərzi var. Axı, hamı bilir ki, tələbəlik illərində xüsusən də rayonlardan, kənd­lərdən oxumağa gələn gənclər daha çox əziyyətlə üzləşirlər. Yəni onların bir çoxu yataqxana hə­yatı yaşayır, isti xörək yemir və özləri müxtəlif xörəklər bişirməyə məcbur olurlar. İstər məişət qayğıları, istərsə də oxu­maqla bağlı məsələləri bu cür həyat tərzi yaşayan insanlar daha asanlıqla həll edə bilirlər. Çünki onlar nə əmilərinə, nə dayı­larına, nə də xalalarına arxayın olurlar. Sadəcə olaraq hər şeyi özləri yoluna qoyur və  özləri də müəyyən zaman kəsiyindən son­ra rahat bir yola çıxırlar. Ona görə rahat yol deyirik ki, na­ra­hat bir yolu gedən adam sonradan mütləq rahat və işıqlı yola çıxır. Onun üçün narahat yolda hərəkət eləmək də asan olur, işıqlı yolda da. Bilirsiniz niyə? Ona görə ki, onlar həyatın bərkinə-boşuna, isti­sinə-soyuğuna dözürlər və günlərin birində rahat yola doğru irəliləyirlər.

O, ali məktəbi bitirəndən sonra müxtəlif vəzifələrdə çalı­şır. Hələ tələbəlik illərində ali məktəbin ictimai həyatında yaxından iştirak edir. Ali məktəbi bitirdikdən sonra onu  təyinatla Özbə­kistana göndərirlər. Elə həmin ili də ordu sıralarına yollanır. Hərbi xidməti başa vurandan sonra 1965-ci il dekabrın 1-də vətəninə dönür. Cəmi bir ay sonra Marneuli rayonunda mühəndis vəzifəsində işləməyə başlayır. Bu müddətdə də o, mühəndis olaraq, işinə yaradıcı yanaşır.

Ali məktəbdə qazandığı biliklər və elm onun köməyinə çatır. Mühən­dis olaraq ilk fikirlərini irəli sürür. Bu məqsədlə o, Faxralı-Marneuli, Faxralı-Tbilisi marşrutu üzrə avtobus xətti açdırır. Bununla yanaşı, gənc mühəndis həmişə öz üzərində çalışır, axtarışlar aparır, nə isə bir şey əldə etmək istəyir. Çox fikirləşəndən sonra belə bir təşəbbüslə çıxış edir: Faxralı-Marneuli-Bakı marşrutu üzrə avtobus reysi açmaq. Təəssüf ki, gənc mühəndisin bu arzusu gözündə qalır. Çünki o, bir cinayətin qurbanına çevrilir və 1972-ci ildə dünyasını dəyişir.

Hər bir insan dünyasını dəyişə bilər. O, Allah-Təalanın in­sa­nın alnı­na yazdığı bir qismətdir. Kimi tez, kimi gec bu dün­yadan köçür. Amma sadəcə olaraq, elə insanlar var ki, onlar dünyadan köçəndə tək bir evin, bir ailənin adamları deyil, bir kəndin, bir elin, bir oymağın insanları göz yaşı tökür, ağlayır və kədərlənir. Oruc Abbas oğlu Şərifov da dünyasını dəyişəndə bax, beləcə, el-oba onun üçün heyifslənir və təəssüf hissi keçirir. Camaat deyir ki, bu oğul bir evdən deyil, bir eldən gedib.

Onun həyat yoldaşı Zərifə xanım ailəsinə çox sədaqətli olub. Amma ömür-gün yoldaşının vaxtından tez dünyasını də­yiş­məsi onun ürəyinə sağalmaz bir yara vurub. Daha doğrusu, Zərifə xanım Orucun yoxluğuna dözə bilməyib və günlərin birində dünyasını dəyişib. İki körpə uşaqlarını ana qayğısından, ana nəvazışındən də məhrum edir.

Bəzən qəmli bir tale, qəmli bir ömür digər insanlara çox bö­yük nisgil gətirir və fikirləşirsən ki, bu cür gözəl insanlar nə üçün qısa zaman kəsi­yində dünyasını dəyişir?!.. Amma bir qədər fikirləşəndən sonra bir rəyə gəlirsən: Yaxşı insanları Allah da çox sevir və görür ki, yaxşı insanların qədrini bəndə­lər bilmir, bax onda onu götürüb aparır öz dərgahına.

İndi Oruc bəy də, Zərifə xanım da Allahın dərgahın­da­dırlar. Allahın  dərgahında olan bu insanları bu dünyada yaşa­dan isə onların əməlləri və insanların ürəklərində qoyduqları xoş duyğulardır. O xoş duyğular ki, tez-tez çoxlarına onları xatırladır. Onları xatırladır ki, yaxşı əməl sahiblərini heç vaxt unutmaq olmaz.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur