Səlim Nadir oğlu Həsənov

 “QIZILDAN- GÜMÜŞDƏN, ZƏRDƏN, ZİBADAN, İNSANIN BİR TƏMİZ ADI GÖZƏLDİR”

Hər kəsə öz eli-obası, doğulub boya-başa çatdığı yer doğmadır, əzizdir deyənlər nə qədər haqlıdır. İnsan dünyanın harasında yaşa­­ma­sın­dan asılı olmayaraq həmişə öz doğma yurdu ilə fəxr edir. Hətta bəzən müəyyən səbəblərdən sənə doğma olan yerlərə illərlə baş çəkə bil­məsən də, bu məhəbbət azalmır. Eldən-obadan bir xoş soraq alanda, kiminsə uğurundan xəbər tutanda qürur hissin birə-beş artır. Bu mənada, mən dünyanın ən xoş­bəxt­­­lərindənəm desəm, heç də mübaliğəyə yol vermiş olma­ram. Çünki böyüyüb boya-başa çatdığım Faxralı kəndi təkcə Bor­çalıda yox, Azərbaycanda və onun hüdudlarından kənar­lar­da da özünün məşhur elm və sənət adamları, dövlət və ictimai xadimləri ilə məş­hurdur. Bu gün Azərbaycan iqtisadiyyatının, ədəbiyyatının və incəsə­nətinin elə sahəsini tapmaq çətindir ki, orada bu kəndin yetirməsi çalış­masın. “Ağır elsən, Borçalıda adın var” adlı kitabımın indiyədək işıq üzü görmüş iki cildində onlardan bir çoxu – məşhur alimlər, ictimai-siyasi xadimlər, saz-söz adamları, adıbəlli həkimlər və mühəndislər haqqında qə­ləmimin gücünə söykənib söhbət açmışam. Və hər dəfə də ye­ni yazı yazanda bir şey məni yaxşı mənada heyrətləndirib: hə­yatda elə bir fəaliyyət sahəsi tapmaq çətindir ki, orada Faxralıdan heç olmasa bircə nəfər çalışmasın.

Yuxarıda adını çəkdiyim kitabın üçüncü cildinə hazırlıq görərkən də özüm üçün bir yeniliyin şahidi oldum: mənim kəndimdən qızılaxtaran da çıxıb. Bəli, məhz sözün əsl məna­sında qızılaxtaran. Özü də elə bir mütəxəssis ki, onun sayəsində hələ vaxtilə SSRİ kimi böyük imperiyanın iqtisa­diy­yatı böyük fayda götürüb.

…Səlim Nadir oğlu Həsənov 1952-ci il dekabrın 23-də Borçalıda – Bolnisi rayonunun Faxralı kəndində ziyalı ailəsində anadan olub. 1959-cu ildə kənddəki orta məktəbin birinci sin­finə daxil olub. 1969-cu ildə həmin məktəbi bitirərkən gələcək həyat yolunu müəyyənləşdirməkdə çox da tərəddüd etməyib. Yaşıdları kimi, ali təhsil almaq arzusu ilə Bakıya gəlib. Sənəd­lərini Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsinə verib və qəbul imtahanlarından uğurla çıxaraq tələbə adını qazanıb.

Səlim Həsənov Faxralıda məşhur bir ocağın – Molla Qur­ban ocağının övladıdır. Qonaqlı-qaralı, sazlı-sözlü bir ocağın. Türk dünyasının məşhur söz sultanları, Azərbaycanın xalq şair­ləri Səməd Vurğun, Osman Sarıvəlli, Hüseyn Arif bu ocağın qonaqları olmuşlar. Dünyamızın böyük söz fatehi Zəlimxan Yaqub “Borçalda qalan izlər” poemasında “Mola Qurban” ocağını böyük məhəbbətlə belə tərənnüm etmişdir:

Hacının anası Sənəm qarının
Bu gün qapısında toy-bayramıydı.
Evində əyləşən qonaq-qaranın
Hər biri gözündə yanan şamıydı! 

Sığışmır sevinci bir belə kəndə,
Axşamdan bəridir almır dincini.
Analar belədir, qonaq gələndə
Bölər, bölüşdürər öz sevincini. 

Ömrü boyu Borçalıda yazıb-yaradan Əli Səngərli isə S.Vurğunun Faxralıya gəlməsini tərənnüm edən şeirinin bir bəndində yazır:

Sənəm anamızın gözələri gülüb,
Başına bir dünya sevinc tökülüb….
Şəhərdən bir təzə oğlun gəlibdi,
Ana, görüşünə Vurğun gəlibdi.

Şeirlərdə adı çəkilən Sənəm ana, Səlimin nənəsi, haqqında oçerk yazdığım, Gürcüstanda məsul vəzifələrdə işləmiş Rəhim Həsənov isə əmisidir. Azərbaycanda publisistikanın inkişafında müstəsna xidməti olan Hacı Həsənov da Səlimin əmisidir. Belə ocaqda tərbiyə alıb böyü­yən Səlim Həsənov təbii ki, ləyaqətli oğlu olmalıydı, oldu da.

1974-cü ildə universitetdə  təhsilini uğurla başa vuran S.Hə­sənov o vaxtkı SSRİ Geologiya Nazirliyinin sərəncamına gön­dərilib və bu nazir­liyinin təyinatı əsasında Sverdlovsk (in­diki Yekaterinburq) şəhərindəki Ural axtarış partiyasında ilk əmək fəaliyyətinə başlayıb. Qısa müddətdə özünü savadlı bir mütəxəssis kimi göstərib, çalışdığı kollektivdə hörmət qazanıb, rəhbərliyin diqqətini çəkib. Elə bunun nəticəsidir ki, burada bir il çalşdıqdan sonra 1975-ci ildən fəaliyyətini SSRİ Geologiya Nazir­li­yi­nin Moskva şəhərində yerləşən Mərkəzi Elmi-Tədqi­qat Geoloji Kəşfiyyat İnstitutunda kiçik elmi işçi kimi davam etdirib. Burada da bacarığı və təşkilatçılıq qabilliyyəti ilə se­çilib, tezliklə partiya rəisi vəzifəsinə irəli çəkilib. Özünün elmi potensialını və bacarığını daha yaxşı göstərmək üçün yeni im­kanlar yaranıb, fəaliyyət dairəsi və coğrafiyası genişlənib. 1991-ci ilədək burada çalışaraq keçmiş SSRİ-nin cənub böl­gə­lə­rinin (Azərbaycan, Gürcüstan, Tacikistan, Özbəkistan, Qaza­xıs­tan və Türk­mənistan) dağlıq ərazilərdə (Pamir, Tyan-Şan, Kopet-Dağ, Altay və s.) bir sıra sənaye əhəmiyyəti faydalı qazıntı yataqlarının açılıb kəşf olun­masında, bu yataqların istehsalata verilməsində bilavasitə iştirak və rəh­bərlik edib. Məhz həmin ərəfədə Azərbaycan Respublikası tarixində ilk dəfə olaraq respublikamızın geoloqlarının kütləvi şəkildə ölkənin hüdud­larından kənarda (keçmiş ittifaqın müxtəlif guşlərində) fəaliyyət göstər­mələri üçün uzunmüddətli müqa­vilələr bağlanıb. Sovetlər Birliyinin cənub bölgələrinin qızıllılıq prespektivliyi elmi və təcrübi şəkildə əsaslandırılıb. Bu dövrdə güclü geoloqlar kolektivi formalaşıb ki, hazırda onlar hətta respublikamızda fəaliyyət göstərən xarici şirkətlərdə də bacarıqlı mütəxəssislər kimi işə cəlb olunublar.

1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra keç­miş ittifa­qın müxtəlif guşələrində çalışan bir çox soy­da­şı­mız respublikamıza qayıdaraq öz bacarıq və təcrübələrini əldə olunmuş müstəqilliyin möh­kəmləndirilməsinə, ölkə iqtisadiy­yatının inkişaf etdirlməsinə yönəltdilər. Uzun müddət Rusi­ya­da çalışsa da, həmişə doğma Azərbaycanın mənafe­yini hər şey­dən üstün tutan, hər addımında onun şöhrətini daha da ucalt­mağa çalışan Səlim Həsənov da 1991-ci ildə Azərbaycana dönə­rək bun­dan sonra zəngin təcrübəsini, bilik və bacarığını res­pub­likamızda iqtisa­diyyatın çiçəklənməsinə yönəldib. 1992-ci ildə “Azərqızıl” Dövlət Şirkəti yaradılarkən o, bu şirkətin tabe­liyindəki “Azərqızılkəşfiyyat” dövlət fir­ma­sının baş direktoru vəzifəsinə təyin olunub. 1992-2002-ci illər ərzində Azər­bay­canın müxtəlif regionlarında onlarca perspektivli və potensial perspektivli qızıllı strukturların, yeni köklü və səpinti qızıl ya­taq­larının, qızıl-barıt-polimetal formasiyasına aid olan Çovdar yatağının qızıllığının öyrənilməsi, Göygöl qalxımında “Buz­luq”, “Kəpəz”, “Tullar” yataqları və bri sıra qızıl təzahürləri olan sahələrin aşkar edilməsi birbaşa onun rəhbərlik etdiyi “Azər­qızılkəşfiyyat” dövlət firmasının adı ilə bağlıdır. Bu ax­tarışlar sayəsində əldə edilən nəticələrə görə də Azərbay­canın qızıl ehtiyatları yenidən qiymətləndirilib ki, bütün bunlar da Azərbaycanın potensial, irihəcmli qızıl yataqlı əyalət olduğunu deməyə imkan verib.

Bu uğurlardan böyük həvəslə danışan S.Həsənov deyir ki, Azər­baycanın qızıllığı üzrə tövsiyələr və təkliflər dəfələrlə xarici ekspertlərlə yoxlanıldıqdan sonra 9 qızıl yatağının işlən­məsi barədə Amerika şirkəti ilə kontrakt bağlanıb. Həmin kontraktın imzalanmasında ümummilli liderimiz H.Əliyev də iştirak edib.

Təcrübədə sınaqdan çıxmayan, istehsalata tətbiq olun­ma­yan elmi biliklərin faydası olmadığı kimi, praktik fəaliyyət də elmi əsaslara söy­kənmədən uğur gətirə bilməz. Bu baxımdan Səlim Həsənovun xoş­bəxtliyi və onun uğurlarının bir səbəbi də o idi ki, istehsalatdakı işini elmi fəaliyyəti ilə uzlaş­dırmağı bacarıb. Daha doğrusu, həm də elmi axtarışlarla məş­ğul olub. Dəfələrlə müxtəlif elmi simpozium və kon­franslarda (Bakı, Tbilisi, Moskva, Novosibirsk, Blaqovşensk və s. şəhərlərində) məruzələrlə çıxış edib, onlarla elmi məqalənin, hesabat və metodiki tövsiyələrin müəllifidir.

Səlim Nadir oğlu hazırda Azərbaycan Respublikası Eko­logiya və Təbii Sərvətlər Nazirliyində məsləhətçi kimi fəaliyyətini davam etdirir.

Bütün bu sadaladıqlarım şərəfli ömür yaşayan bir insanın keçdiyi həyat yolunun bir hissəsi, daha doğrusu, ancaq peşə fəaliyyəti ilə bağlı olan hissəsidir. Elə bunlar da yetər ki, faxralılar yeri düşəndə onunla öyünsün, fəxr eləsin. Amma bunlardan da önəmli olan və qürur duyuran bir şey də var ki, o da Səlim Həsənovun harda olmasından, hansı vəzifədə çalışmasından asılı olmayaraq həmişə Faxralının adını uca tutması, bu elin şöhrətinin üstünə şöhrət gətirməsidir.

Və son olaraq şair Alqayıtın təbirincə demək istəyirəm ki, qızıldan, gümüşdən, zərdən, zibadan insanın bir təmiz adı gözəldir. Səlim Həsənov ömrü boyu qızılla işləyə-işləyə öz təmiz adını hər şeydən uca tutdu.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur