Teymuraz Muxtar oğlu Hüseynov

XATİRƏYƏ DÖNƏN ÖMÜR

Bu yazını başlamazdan öncə xə­yal mə­ni bir neçə on illik əvvələ apar­­dı. Doğ­ma Fax­ralı, qay­ğısız uşaq­­­­lıq illə­ri­miz və bir də o illərin dostları yenidən gözlərim önündən keçdi. Aman Allah, illər necə də tez ke­çi­rmiş. İndi ömrün altıncı onil­li­yindən o illərə boylananda adam bir az uşaq­laşır, bir az  kövrəlir, bir az da… Yaxşı ki, könlümüzü ovun­du­ran, bizə təsəlli olan xatirələri qalıb o illərin. O xatirə­lərdən biri də Teymurazla bağlıdır. O Teymurazla ki, bizi çox şey bir­ləşdirib, bir-birimizə bağlayıb – eyni ildə, eyni kənddə dünyaya gəlmiş, eyni məktəbdə oxumuşuq. Və bu bağlılığı daha da möh­­kəm­ləndirən həm də atalarımızın dost olması idi. İkimizin də atamız briqadir işləyirdi, dost idilər. Bu səbəbdən də biz bir-birimizə əmioğlu deyə müraciət edərdik.

…Teymuraz Muxtar oğlu Hüseynov 1954-cü il iyun ayının 12-də Borçalıda – Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1971-ci ildə bu kənddə orta məktəbi bitirib.

1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnsti­tutuna (indiki Azər­bay­can Dövlət İqtisad Universiteti) daxil olub. Sonradan göndərişlə təh­si­lini Moskvada davam etdirib. O zamanlar tələ­bələr arasından seçilib təh­silini davam etdirmək Moskvaya gön­dərilmək hər tələbəyə nəsib olan şey deyildi. Gərək yaxşıların yaxşısı olaydın ki, bu xoşbəxtlik nəsibin olaydı.

Teymuraz 1978-ci ildə Moskva İqtisad-Statistika İnstitutu­nu bitirib. İnstitutu bitirdikdən sonra – 1978-ci ilin avqust ayın­dan Azərbaycan SSR Statistika Komitəsində böyük mühəndis kimi əmək fəaliyyətinə başlayıb və 1982-ci ilin may ayı­nadək bu vəzifədə çalışıb. 1982-ci ilin may ayında onun bi­lik və bacarığını, işdə tələbkarlığını və prinsipiallığını nəzərə alaraq daha məsul vəzifəyə – Bakı şəhərinin Oktyabr (indiki Yasamal) rayon Xalq Nəzarəti Komitəsində inspektor vəzifəsinə irəli çəkiblər. Yaşlı və orta nəslin nümayəndələri sovet ha­kimiyyəti za­manı bu vəzi­fə­nin nə demək olduğunu yaxşı bi­lir­lər. O za­man­lar hər ada­mı bu sistemdə işə qəbul etməzdilər. Savad və zən­gin təcrübə ilə yanaşı, həm də mənəvi cəhətdən zən­­gin, tə­miz adamlar cəlb olunurdular bu sahədə vəzi­fələrə. Axı, adın­dan da göründüyü kimi, bu komitədə çalışanlar xalq tə­sər­rü­fa­tının (iqtisadiyyatın) bütün sahələrinə, eləcə də, qeyri-istehsal sahələrində (təhsil, mədəniyyət, səhiyyə və s.) çalı­şan­ların fə­aliy­yətinə nəzarət edir, nöqsanları aşkar edib tez bir za­manda aradan qaldırılmasına nail olur­du­lar. Xidməti vəzifəsi başqa­la­rı­nın işinə nəzarət etmək olan bir adamın özünün isə bü­tün para­metr­lərlə qüsursuz olması vacib şərtdir. Axı, elin gözü tərəzidir. Şəxsi mənəvi keyfiyyətləri bu tələblərə cavab vermə­yəni belə bir məsul vəzifəyə nəyin və yaxud kimin xətrinə təyin etsələr də, belələri uzun müddət çalışa bilməzdi. Teymuraz isə bu vəzi­fə­də doqquz il çalışdı, yəni 1991-ci ildə SSRİ-nin süqu­tu ilə əlaqədar bu komitənin ləğv olunmasına qədər. Özü də ləyaqətlə ça­lışdı, kişi kimi çalışdı. Burada çalış­dığı müddətdə eyni za­manda Azərbaycan KP MK yanında Marksizm-Leni­nizm uni­versitetini də bitirdi ki, bu da o zaman üçün böyük üstünlük sayılırdı.

Sıradan bir işçi olmadı Teymuraz – savadı və zəngin həyat təcrübəsi, işdə tələbkarlığı ilə yanaşı, kollektivdə səmimiyyəti ilə özünə böyük hörmət və nüfuz qazandı. Hər zaman onu eşitdilər, dəyərli məslə­hət­lə­rin­dən faydalandılar. Onun qazandığı bu hörmət və nüfuzdan qürur duyan təkcə ailəsi və ya­xınları yox, həm də böyüyüb boya-başa çatdığı Faxralı kəndi və faxralılar oldu. Vaxtilə orta məktəbdə ona dərs demiş müəl-limlər isə zəhmətlərinin hədər getmədiyini görüb yetirmələri ilə həmişə öyündülər, fəxr etdilər.

SSRİ-nin dağılması ilə ölkədə yeni iqtisadi münasibətlər for­malaş­mağa başladı, bazar iqtisadiyyatına keçid hər sahədə öz diq­təsini etməyə başladı. Yeni sistemə keçid həm də yeni ida­rə­etmə formalarının yaran­ması, sovet dönəmində alışdığı­mız­dan fərqli strukturların yaranmasını da zəruri edirdi. Bu­nun­la belə, sistem yenilənsə də, adamlar həmin adamlar idi. Yeni tə­ləb­lərə, yeni qaydalara uyğunlaşmaq, yeni şərtlər altında ça­lış­maq la­zım gəlirdi. Bu yenilik bəzən hətta bəzilərini çaşbaş salır, işdə mü­əyyən çətinliklər yaradırdı. Ancaq biliyə zaval yox­dur de­yib­lər. Keçmiş ittifaqın hər yerində olduğu kimi, Azərbaycanda da yeni iqtisadi münasi­bət­lərin formalaşması, ye­ni idaretmə me­xanizmlərinin və strukturlarının yaranması Tey­muraz üçün heç bir problem yaratmadı. Əksinə, bilik və təcrübəsini daha geniş miqyasda tətbiq etmək üçün yeni imkanlar yaran­dı. 1991-ci ilin iyun ayından əmək fəaliyyətini Bakı birjasında qrup rəh­bəri kimi davam etdirməyə başladı və iki il bu vəzifədə çalışdı. 1993-cü ildə isə Amerika Birləşmiş Ştatlarının Bakıda akkre­ditə olunmuş “Makvel mühəndis trey­ginq” firmasında baş di­rektorun iqtisadi məsələlər üzrə mü­avini vəzifəsinə təyin olun­du və dörd il də bu vəzifədə çalış­dı. Sonra isə biznes fəaliyyəti ilə məşğul olmağa başladı. Dərin savadı və zəngin təcrübəsi, və­ziyyəti vaxtında qiymətlən­dirə bilməsi və iqtisadi təh­liletmə qabiliyyəti ona bu sahədə də uğur gətirdi. Qa­zandığı hər uğur onu daha böyük işlərə həvəsləndirir və o, gələcək üçün yeni-yeni planlar cızır, daha böyük arzularla ya­şayırdı. Amma nə ya­zıqlar ki, insanın ömrü də arzuları kimi tükən­məz deyil. Bəzən qəfil əsən acı yellər bu arzuları yarı­yol­da qoyur. Qapını vaxtsız kəsən əcəl heç nəyə baxmadan hər şeyi alt-üst edir. Sən demə böyük arzularla ya­şayan Teymurazın qismətinə də belə bir tale yazılıbmış. Aman­sız ölüm Teymuraz Mux­tar oğlu Hüsey­novu 2004-cü il noyabr ayının 9-da yaxaladı.

Bu fani dünyadan belə vaxtsız köçəcəyini sanki bilirmiş kimi, xati­rə­yə dönən bir ömür yaşadı – bu qısa ömründə istər işində, istərsə də dost­ları, doğmaları və yaxınları üçün bu gün hər an minnətdarlıqla xatır­lanan çox işlər gördü Teymuraz. Gözəl bir ailə başçısı kimi, övladları üçün də mümkün olan hər şeyi etdi: onların ali təhsil almasına nail oldu, gün-güzəran yaratdı. Həyatdan nakam getsə də, nigaran getmədi.

Yazının əvvəlində olduğu kimi, sonunda da yenə xəyal məni bir neçə il əvvələ – Teymurazlı günlərimizə apardı. Onun 50 illik yubileyini qeyd etdiyimiz o xoşbəxt günü xatırladım. Və qarşıdan gələn növbəti yubi­leylərini özü olmadan keçirəcəyimizi düşündükcə içimdən bir göynərti keçdi. Eyni zamanda düşün­düm ki, doğrudan da, olacağa çarə yoxmuş və bir də yaşanan hər ömür xatirəyə çevrilmir. Teymuraz isə elə bir ömür yaşadı ki, bu gün hər an yeri görünür, minnətdarlıqla yad edilir.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur