Ziyəddin Mikayıl oğlu Həsənov

HALALCA ƏMƏYİN ÖZ DÖVRANI VAR

Bu günədək elmi-publisistik məqalələrimin və şeirlərimin yer aldığı bir neçə kitabım işıq üzü görüb. Amma etiraf edim ki, bu kitabların içiərisində mənim üçün daha doğma, daha əziz olanı 2017-ci ildə işıq üzü görmüş “Faxralılar” adlı kitabımdır. Təkcə ona görə yox ki, indiyədək çap olunmuş kitablarımın ən irihəcmlisidir (43,5 çap vərəqi), həm də ona görə ki, bu kitab bütövlükdə mənim doğma kəndim, Borçalının ağır ellərindən olan Faxralı və faxralılara həsr olunub. Və məni tanıyanlar yaxşı bilirlər ki, əlim qələm tutandan Faxralını vəsf etməkdən doymamışam. Son on ildə isə Faxralı və faxralılar mövzusu yradıcılığımın əsas qayəsini təşkil edib. Bu qədim türk yurdunun tanınmış şəxsiyyətləri haqqında onlarla oçerk və publisistik məqalələr yazaraq onları ictimaiyyətə təqdim etmişəm. Məqsədim ancaq o olub ki, ləyaqətli eloğlularımın xeyirxah əməllərini, həyatada qazandıqları uğurları təqdir və tərənnüm edim.

“Faxralılar” adlı qalın və düşünürəm ki, həm də “qalan kitab”ı nəşr etdirməklə özümdə bir qədər rahatlıq hiss elədim, yavaş-yavaş yaş da öz sözünü dediyindən, o zaman hesab edirdim bir övlad kimi el-oba qarşısında borcumu qismən də olsa ödəyə bildim. Kitabın redaktoru, dostum, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu təkid etdi ki, kitabın üzərində “birinci kitab” sözünü mütləq yazmaq lazımdır. Elə onun tutarlı arqumentlərindən sonra mən də razılaşmalı oldum. O kitabın nəşrindən heç bir il keşməmiş Musa Nəbioğlunun haqlı olduğunun şahidi oldum. Aşıq Şenlik demiş, “biri beş olan” Faxralının bu gün şöhrəti dünyanın müxtəlif ölkələrindən gələn sayseçmə oğul və qızları gündən-günə artdıqca mən də qələmi yerə qoymağın hələ tez olduğu qənaətinə gəldim. Və bu gün o fikirdəyəm ki, nə qədər əlim qələm, dilim söz tutursa, doğma Faxralımı, onun ləyqaətli oğul və qızlarını tərənnüm etmək də mənim borcumdur.

Bu yazımın qəhrəmanı Ziyəddin Mikayıl oğlu Həsənov da 1942-ci ildə Faxralıda anadan olub. 1958-ci ildə Faxralı orta məktəbini bitirib. Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlayıb, amma təhsilini ali məktəbdə davam etdirmək arzusundan da vaz keçməyib. İki illik iş təcrübəsi də ona çox şey öyrədib, gələcək həyat yolunu müəy¬yən-ləşdirməkdə köməyinə çatıb. 1960-cı ildə Bakıya gələrək ali təhsil almaq məqsədilə sənədlərini Azərbaycan Neft-Kimya İnstitutuna verib, bu təhsil ocağının axşam şöbəsinə daxil olub. 1962-ci ildə həqiqi hərbi xidmətə çağırılması səbəbindən təhsilini yarımçıq qoymalı olub. Ordu sıralarındakı dörd illik xidmətini başa vurduqdan sonra 1966-cı ildə yenidən Bakı şəhərinə qayıdaraq təhsilini davam etdirib, 1970-ci ildə institutda təhsilini müvəffəqiyyətlə başa vuraraq mühəndis-texnoloq ixtisasına yiyələnib. Oxumaqla yanaşı, 1966-cı ildən həm də əmək fəaliyyətini davam etdirən Ziyəddin Həsənov Bakı şəhər nəqliyyatı sahəsində çalışıb, burada adi işçidən başlayaraq 1976-cı ilə qədər müxtəlif vəzifələr daşıyıb, Avtomobil parkının rəhbəri vəzifəsinədək yüksəlib.
Aşıq Şəmşir necə də gözəl deyib:

Gözlə mətləbini halal əməkdən,
Halalca əməyin öz dövranı var.

Ziyəddin Mikayıl oğlu da hər zaman özünün halal zəhmətinə güvənib. İşində məsuliyyətli və tələbkar olması, kollektivlə işləmək təcrübəsi və təşkilatçılıq qabiliyyəti, sadəliyi və səmimiliyi onun hörmətini gündən-günə artırıb. Onun bu kimi müsbət keyfiyyətləri yuxarı təşkilatların da diqqətindən qaçmayıb, 1976-cı ildə Avtomobil yollarının tikintisi və istismarı nazirliyinin nəzdindəki “Yoltexnika” sınaq-təcrübə zavoduna baş mühəndis vəzifəsinə irəli çəkilib, sonra isə uzun müddət – 1993-cü ilədək həmin zavodun direktoru olub. Burada çalışdığı dövrdə rəhbərlik etdiyi kollektivin adı həmişə qabaqcıllar sırasında çəkilib, onun iş təcrübəsi nəinki Azərbaycanda, eyni zamanda keçmiş ittifaq miqyasında da öyrənilib, yayılıb. Hətta 1983-cü ildə iş təcrübəsini bölüşmək üçün o vaxtkı Almaniya Demokratik Respublikasının Berlin və Nordxayzen şəhərlərinə ezam olunub.

1994-cü ildə Bakı Qaz İstehsalat Birliyinin baş direktorunun müavini vəzifəsinə təyin olunub. Dörd il də burada çalışdıqdan sonra 1998-ci ildə zəngin təcrübəsini nəzərə alaraq onu indiki Müdafiə sənayesi nazirliyinin nəzdindəki Bakı şəhər Plastik zavoduna direktor vəzifəsinə irəli çəkiblər. 2003-cü ildən əmək fəaliyyətini yenidən Avtomobil yollarının tikintisi Baş İstehsalat Birliyində (indiki Avtomobil Yolları Agentliyi) davam etdirməyə başlayan Ziyəddin Həsənov hazırda da burada fəaliyyətini davam etdirməkdədir.

Bu gün ömrünün səkkizinci onilliyini yaşayan əziz eloğluma uzun və sağlam ömür, fəaliyyətində uğurlar arzulayıram.

Mənbə: Səməndər Məmmədov –  “Faxralılar və tarix yaradanlar” kitabı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur