Afət Məmmədəli qızı Həsənova (iqtisad elmləri nami­zədi)

ELM SƏRKƏRDƏ, TƏCRÜBƏ İSƏ ONUN ƏSGƏRİDİR

Məni tanıyanlar yaxşı bilir ki, əlim qələm tutan­dan doğma Fax­ralını vəsf etmiş, elimin-obamın lə­ya­­qətli övlad­la­rının hər uğuruna sevi­nərək barələ­rin­də məqalələr yazmışam. Kitabları­mın əksə­riy­yə­tinin məhz Faxralı və faxralı­lara həsr olunması da təsa­düfi deyil. Bu möv­zuda hər kitabım işıq üzü gör­dük­dən sonra düşünmüşəm ki, yəqin daha bəs­dir. Am­ma bu, uzun sürməyib, yenidən həm­yerlilərim­dən ya­zıb onları geniş oxucu kütləsinə daha yaxın­dan ta­nıt­maq istəmi­şəm. Borçalının ağır ellərindən olan Fax­ralı kən­di­nin yetirmələrinin sorağı dünyanın müx­təlif guşə­lərindən gəldiyi bir vaxtda mənim qələ­mim necə susa bilər?! Qələmimi ilhama gətirən bir odur ki, kəndimizin şöhrətini dünyaya yayanlar arasında elimizin ləyaqətli qızları da az deyil. İndiyədək işıq üzü görən kitablarımda onlardan bəziləri haqqında söhbət aç­mışam. Bu yazıda isə oxucularımı Faxralının daha bir alim qızı ilə tanış etmək istəyirəm.

…Afət Məmmədəli qızı Həsənova 1973-cü il sentyabrın 22-də Bolnisi rayonunun Faxralı kəndində ziyalı ailəsində anadan olub. Orta təhsilini isə Azərbaycanda – Sumqayıt şəhə­rində alıb. 1980-ci ildə Sumqayıt şəhərindəki 13 saylı orta məktəbin 1-ci sinfinə gedib, 1990-cı ildə həmin məktəbi bitirib. Ali təhsilini də Azərbaycanda alıb. Belə ki, orta məktəbi bitirən ili təhsilini davam etdirmək üçün sənədlərini Azərbaycan Döv­lət İqtisad İnstitutuna (in­diki ADİU) verib və qəbul imta­han­larından uğurla çıxaraq bu ali təhsil oca­ğının tələbəsi olub. 1995-ci ildə isə tələbəlik illəri də arxada qalıb və o, “itisadi kibernetika” ixtisası üzrə bu ali təhsil ocağını fərqlənmə dip­lomu ilə bitirib.

Artıq, ali təhsilini başa vurub müstəqil həyata atılan hamı kimi, onun da həyatının yeni mərhələsi başlanıb, əmək fəaliy­yətinə başlayıb. Amma iş yeri onun üçün yad olan yeni bir kol­lektiv yox, beş il təhsil aldığı elm ocağı olub. İnstitutun “İq­tisadi kibernetika” kafedrasında əmək fəaliy­yətinə başlayıb. Bir vaxtlar ona dərs demiş professor-müəllim kollektivi ilə bir ka­fedrada çalışmaq onun üçün rahat olsa da, həm də üzərinə bö­yük məsu­liyyət düşdüyünün fərqində idi Afət xanım. Çünki bir vaxtlar ona dərs deyən, ona tələbə gözü ilə baxan müəl­limləri ilə artıq eyni məsuliyyəti bölüşürdü və bu etimadı doğrultmalı idi. Qısa müddətdə müəllimlərinin gözündə olan bacarıqlı, çalış­qan tələbə imicini kafedranın elmi axtarışlara böyük həvə­si və potensialı olan gənc və perspektivli əməkdaşı imici ilə əvəz­ləyə bildi. Baş laborant vəzifəsinə irəli çəkildi. Ancaq bu­nunla kifayətlənmək olmazdı, arzular, istəklər sonzuz idi, nəhayətsiz idi. Qarşıda daha böyük məqsədlər vardı. Elmin çətin yollarında inamla addım­la­yan, bu yolda hər bir maneəyə sinə gərməyə hazır olan Afət xanım institutun qiyabi aspiran­turasına daxil oldu.

Nahaq deməyiblər ki, haqq əmək yerdə qalmaz. Çəkilən zəhmət gec-tez bəhrəsini verməlidir. Afət xanımın yuxusuz gecələri, gərgin elmi axtarışları da nəticəsiz qalmadı. 2007-ci ildə Bakı Dövlət Universitetinin ixtisaslaşdırılmış müdafiə şura­sında “İqtisadi tədqiqatlarda riyazi üsullar” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri nami­zədi elmi dərəcəsi aldı. 2008-ci ilin iyun ayında Azərbaycan Respublikası yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona iqtisad elmləri namizədi diplomu verildi.

Afət xanım hazırda Azərbaycan Dövlət İqtisad Univer­si­tetinin “Ek­ono­metrika” kafedrasının baş müəllimi kimi elmi-pedaqoji fəaliy­yətini da­vam etditir. Bir sıra elmi məqalələrin və elmi-texniki vəsaitlərin müəl­li­fidir.

Afət xanım öz ixtiasını dərindən bilən və onu yüksək pe­şə­karlıqla tələbələrinə öyrtəməyi bacaran mütəxəssidir. Çalış­dığı kollektivdə professor-müəllim heyətinin, tələbələrin böyük hörmətini və rəğbətini qazanıb. ADİU-nun “Ekono­metrika” ka­fedrasının müdiri, dosent Y.İ.Hacı­­zalovun Afət xanım haqda dedikləri də bunun sübutudur:

– “Mən Afət Həsənovanı tələbəlik illərindən tanıyıram. O, çalışqanlığı, elmə böyük həvəsi və təşkilatçılıq qabiliyyəti ilə fərqlənirdi. A.Həsə­novanın bir mütəxəssis kimi formalaşması mənim gözlərim önündə baş verib. Kafedrada baş laborant kimi fəaliyyətə başlayan Afət xanım verilən bütün tapşırıqları bacarıqla və yaradıcılıqla yerinə yetirməklə diqqəti cəlb edirdi. O, qısa müddət ərzində həm kafedra üzv­lərinin, həm də tələ­bələrin hörmətini qazana bilmişdir. Məhz bu səbəbdən də qısa müddətdən sonra o, kafedrada müəllim kimi fəaliyyətə başladı. Elmi axtarışlara olan böyük marağı onu aspiranturaya gətirib çıxardı. Bu elmi axtarışların yekunu kimi, o, Azərbaycan iqti­sadiyyatı üçün aktual mövzuda namizədlik dissertasiyası mü­da­fiə edərək elmlər namizədi oldu.

Afət Həsənova bir məlum həqiqəti gözəl bilir ki, Leonardo da Vinçi demişkən: “Elm sərkərdə, təcrübə isə onun əsgəridir.” İnanırıq ki, Afət xanım sərkərdəliyi və əsgərliyi ilə həmişə elimizə və xalqımıza başu­calığı gətirəcək. Afət Həsənova hazırda “Ekonometrika” kafedrasında baş müəllim vəzifəsində çalışır və yüksək ixtisaslı kadr hazırlı­ğında  öz yeri olan bir müəllim kimi diqqəti cəlb edir. Ümid edirəm ki, biz gələcəkdə də Afət müəllimənin təhsildə və elmdə böyük uğurlarının şahidi olacağıq. Bu çətin və şərəfli işdə ona uğurlar arzulayıram”.

Həmkarının dediklərinə qoşularaq biz də Afət xanıma elmi-pedaqoji fəaliyyətində və şəxsi həyatında uğurlar arzulayırıq.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur