Əli Məhərrəm oğlu Hüseynov (biologiya elmləri doktoru, professor)

QISA MƏLUMAT

Əli Məhərrəm oğlu Hüseynov 1935-ci il dekabrın 5-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1941- 1952-ci illərdə Faxralı orta məktəbini bitirmişdir. 1952-1953-cü illərdə kolxoz təsərrüfatlarında işləmiş, 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) biologiya fakültəsinə daxil olmuşdur. 1959-cu ildə universiteti bitirmiş və bioloq ixtisasına yiyələnmişdir. Həmin il Faxralı orta məktəbində kimya və biologiya müəllimi, sonra isə direktor müavini təyin edilmişdir. 1965-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinin nəzdində biokimya ixtisası üzrə aspiranturaya daxil olmuşdur. O, “Müxtəlif nisbətlərdə makro və mikrogübrələrin pambıq bitkisinin toxumlarında yağın miqdarına və keyfiyyətinə tə’siri” mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. Tədqiqat işini keçmiş Leninqrad şəhərində aparmış və müvəffəqiyyətlə dissertasiya müdafiə etmişdir. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki ADİU-da) saathesabı müəllim, Azərbaycan EA Botanika İnstitutunda kiçik elmi işçi işləmişdir. 1971-ci ildən 1982-ci ilə kimi Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. 1982-ci ildə hazırkı Azərbaycan Dövlət Pedaqoji Universitetində dosent vəzifəsini tutmuşdur. 1995-ci ildə Bakıda “Naxçıvan” özəl Universitetində biologiya kafedrasında professor yerini tutmuşdur. Hal-hazırda ADPU-nun biologiya tədrisi metodikası kafedrasının müdiridir.Ə.Hüseynov 1998-ci ildə “Orta məktəbdə biologiya tədrisinin nəzəri və metodiki əsasları” mövzusunda doktorluq dissertasiyası yazmış və AAK-ya təqdim etmişdir.Ə.Hüseynov elmi-pedaqoji fəaliyyəti ilə əlaqədar olaraq ADPU-da müdafiə şurasının, universitetin elmi şurasının, Təhsil Nazirliyinin elmi-metodik şurasının üzvü seçilmişdir. Əli Hüsyenov 150-dən çox elmi və elmi metodik məqalə, kitab, dərslik və monoqrafiyaların müəllifidir. Orta və ali məktəblər üçün 2 dərslik və dərs vəsaiti, 10 proqram yazıb çap etdirmişdir.”Təbiətşünaslıq” orijinal dərsliklərinə görə 1990 və 1993-cü illərdə Azərbaycan Təhsil Nazirliyinin və akademik Xudu Məmmədov adına respublika mükafatına layiq görülmüşdür.1998-ci ildə Beynəlxalq Biologiya Cəmiyyətinin diplomunu almışdır. İngiltərənin Kembric Universitetində dünyanın 500 məşhur alimləri içərisində onun ingiliscə tərcümeyi-halı verilmişdir. Beynəlxalq Biologiya cəmiyyətinin “Qızıl” medalına, “Qızıl ulduz” medalına layiq görülmüşdür. Amerika Bioqrafiya İnstitutu Kembric Universitetindən aldığı mə’lumata əsasən onu Amerika Bioqrafiya İnstitutunun üzvü seçmişdir. Elmi fəaliyyətinə görə ABİ-nin “Qızıl heykəl” və “Honor” medalına layiq görülmüşdür.Əli Hüseynovun “Təbiətşünaslıq” dərslikləri rus dilinə, V sinif üçün dərsliyi həm də ingilis dilinə tərcümə olunmuşdur. Əli Hüseynov ADPU-da kafedra müdiri vəzifəsinə kimi yüksəlmişdir.

Mənbə : REDAKTORDAN

AY ƏLİ MÜƏLLİM, YÜZ YAŞAYIN SİZ!

Hər dəfə məktəb və müəllim haqda söz düşəndə böyük dövlət xadimi, Türkiyəni azadlığa çıxarmış Mustafa Kamal Atatürkün cəha­lətin, geriliyin aradan qaldırılmasında müəllimin öhdəsinə böyük vəzifələr düşdüyünü göstərərək dediyi bu fikri xatırlayıram: “…Millətləri azad edən­lər yalnız və yalnız müəl­lim­lərdir. Müəl­lim­dən, maarifdən məhrum bir millət hələ millət adını daşımağa layiq de­yildir. Ona adi kütlə deyirlər. Bir kütlənin millət ola bilməsi üçün müt­ləq yaxşı müəllimlərə möhtacdır”.

Bu müdrik kəlamların işığında  bir daha əmin olursan ki, sevimli Xalq şairimiz Zəlimxan Yaqub “Məktəb Məkkə, müəllim peyğəmbər, qələm Allahın danışan dilidir”, – deyəndə nə qədər haqlıymış.

Bu kəlamları təsadüfən xatırlamadım. Qiymətli sözlər an­caq qiymətli insanlardan söz düşəndə xatırlanır. Və mən də hər dəfə Əli müəllimlə görüşəndə, ya da ki, hansısa bir məc­lisdə ondan söz düşəndə dahilərin müəllim haqda dedikləri fikirləri yada salıram. Çoxdan tanımağıma baxmayaraq hər dəfə görüşəndə onu özüm­çün sanki yenidən kəşf edirəm. Axı, müəllimlik təkcə sinfə girib-çıxmaqla bitmir. Müəllim təkcə məktəbdə – iş yerində de­yil, cəmiyyət arasında digər peşə sahib­lərindən daha çox diqqət mər­kəzində olur. Bəzən onun bir kəlməsi, hərəkəti, adicə bir jesti də ətrafdakılara nümunə olur.  Əli müəllim də məhz belə örnək ola biləcək müəllimlərdəndir.

… Əli Məhərrəm oğlu Hüseynov 1935-ci il dekabrın 5-də Borçalıda – Azərbaycan elminə bir çox görkəmli alimlər bəxş etmiş Faxralı kəndində anadan olub. Yaşıdları kimi, uşaqlığı ikinci dünya müharibəsinin ağrılı-acılı illərinə təsadüf edib. O illəri Əli müəllim belə xatırlayır: “1941-ci ildə Faxralı orta məktəbinin birinci sinfinə daxil oldum. İlk müəllimim Mürsəl Budaqov oldu. Sonradan Mürsəl müəllim müharibəyə getdiyi üçün onu Gədəbəy rayonundan olan Muxtar Əliyev əvəz etdi. Müharibə illərinin çətinlikləri istər-istəməz özünü təhsildə də göstərirdi. Və məlum səbəblərdən səkkizinci sinfə kimi mən o qədər də yaxşı oxumadım. Amma səkkizinci sinifdən başla­ya­raq öz üzərimdə çalışdım və əlaçı oldum, şəklimi məktəbin “Şərəf lövhəsi”nə vurdular“.

1952-ci ildə orta məktəbi bitirən Ə.Hüseynov iki il kənddə əmək fəaliyyəti ilə məşğul olduqdan sonra 1954-cü ildə Azər­baycan Dövlət Universitetinin (indiki BDU) biologiya fakül­təsinə daxil olub. 1959-cu ildə ali təhsilli müəllim kimi doğ­ma Faxralıya dönən Əli Hüseynov buradakı orta məktəbdə bir vaxtlar ona dərs demiş Nəbi Gülməmmədov, Hüseynqulu Məm­­mədli, İlyas Hü­sey­nov, Qurban Hüseynov, Hacı Həsənov, Polad Poladov, İs­ma­yıl Qazaxlı və digər müəllimlərlə çiyin-çiyinə pe­da­qoji fəaliyyət göstərib.  Kimya, biologiya və bitki­çilik fənnlə­rin­dən dərs deyib, kimya laboratoriyasının yaradıl­ma­sına nail olub. İstedadı və ba­ca­rığı, gənc olmasına bax­ma­yaraq yüksək pedaqoji ustalığı diq­qət­dən yayınmayıb və bir ildən sonra onu dərs hissə müdiri və­zi­fə­si­nə irəli çəkiblər. Ancaq gənc və perspektivli bir müəllim kimi kol­lektivə qay­nayıb qarışan Əli müəllimin qəlbində daha böyük arzular vardı. Aspiranturaya daxil olub, təhsilini davam etdirmək istəyirdi. O illəri özü belə xatırlayır: “İki il pedaqoji stajım ol­duqdan sonra aspiranturaya daxil olmaq üçün Bakıya gəlmək istədim. Rəhmətlik anam ağlayaraq mənə dedi: “Əli, səni gö­züm­dən qoya bilmərəm, heç yerə getmə”. Mən nə qədər təkid etsəm də, anam 6 il mənə icazə vermədi. Evləndirmək istədilər, razı ol­ma­dım. Mənim inadımı görən anam bir gün ağlayaraq dedi: “Oğul, daha sənə icazə verirəm, Bakıya get”… 1965-ci ilin sentyabrında Bakıya gəldim, ADU-nun biologiya fakültəsində biokimya ixtisası üzrə aspiranturaya daxil oldum”.

Bəli, böyük elmin çətin yollarında atılan ilk addımlar be­lə­cə başlayıb. Və bu yol nə qədər çətin və əzablı olsa da, Əli mü­əllim möhkəm iradəsi ilə hər çətinliyə sinə gərərək cəfakeş bir alim ömrü yaşayıb. Artıq Bakıya qayıtdıqdan 4 il sonra – 1969-cu ildə o, biologiya elmləri namizədi idi. Elə həmin ilin fev­ra­lında Xalq Təsərrüfatı İnstitutunda (indik İqtisad Universiteti) saathesabı müəllim kimi pedaqoji fəaliyyətə başlayib, eyni zamanda Azərbaycan EA-nın Botanika İnstitunda kiçik elmi işçi vəzi­fə­si­nə təyin olunub.  1971-ci ildə Azərbaycan Elmi-Tədqiqat Peda­qoji Elmlər İnstitutunda (indiki Təhsil Problemləri İnstitutu) kiçik elmi işçi vəzifəsinə keçirilib. 1980-ci ildə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin ideologiya fa­kültəsini fərq­lən­mə diplomu ilə bitirərək ikinci ali təhsil alıb.   1982-ci ildə  isə  müsabiqə yolu ilə Azərbaycan Dövlət Peda­qoji İnstitutunda ­ – indiki Pedaqoji Universitetdə dosent vəzi­fə­sinə işə götürülüb. 1998-ci ildə həmin universitetdə Biolo­gi­yanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə irəli çəkilib və hazırda da həmin vəzifədə çalışır. 1995-2001-ci illərdə eyni zamanda Bakıda fə­aliy­yət göstərən Naxçıvan özəl Universitetində əvəzçiliklə professor olub.

Yeri gəlmişkən bir şeyi də qeyd etmək lazımdır ki, Azər­bay­canda ilk dəfə olaraq “Biologiya tədrisinin nəzəri və me­to­dik əsasları” movzusunda doktorluq dissertasiyası müdafiə edən alim də məhz Əli Hüseynovdur və 2004-cü ildə müsabiqə yolu ilə ADPU-nun Biologiyanın tədrisi metodikası kafed­ra­sının professoru seçilib.

İlk baxışda adicə bioqrafik statistika kimi görünə biləcək bu məlumatlar əslində gərgin elmi axtarışlardan, böyük zəhmətdən xəbər verir. Təsadüfi deyildir ki, Əli Hüseynov bu gün Azər­bay­can­da biologiyanın tədrisi metodikası üzrə doktorluq disser­ta­siyası müdafiə etmiş ilk alimdir, professordur. Elmi fəaliyyəti dövründə 10 aspirant və dissertanta elmi rəhbərlik etmiş, onlar­dan üç nəfəri elmlər namizədi adını almışlar. Üç nəfərin isə op­ponenti olub. Apardığı elmi tədqiqat işlərinin nəticəsi kimi bitki fiziologiyası və biokimyasına aid 8 elmi əsərin, 5 mo­noqrafiya, 27 dərslik və dərs vəsaitinin, 20 proqram, 17 meto­diki vəsait və elmi jurnallarda dərc olunmuş 150 məqalənin mü­əlifidir. Kiyevdə (1973), Daşkənddə (1976), Moskvada (1978), 1990-1993-cü illərdə Türkiyədə, 2007-2008-ci illərdə isə Bakıda və Türkiyədə keçirilən Beynəlxalq elmi konf­rans­larda məruzə ilə çıxış edib. Ə.Hüseynov orta məktəblərin III, IV, V və VI sinifləri üçün “Təbiətşünaslıq”, III-IV siniflər üçün “Həyat bilgisi” (1985-2008-ci illərdə), X-XI siniflər üçün “Ümu­mi biologiya”, ali məktəb tələbələri üçün “Təbiət­şü­nas­lığın tədrisi metodikası” (2001), “Biologiya təd­ri­si­nin ümumi metodikası” (2003), “Biologiya tədrisindən mü­ha­zi­rə­lər” (1998), “Biologiya tədrisinin ümumi və xüsusi metodikası” (2008), “Təbiətşünaslığın əsasları” (2001), magistrlər üçün “Bi­olo­giya tədrisi metodikasının elmi əsasları” (2009) kimi orijinal dərs­liklərin və 30 qəzet məqaləsinin müəllifidir. Tele­vi­ziyada (29 dəfə) və radioda (34 dəfə) təhsillə bağlı çıxışlar edib, ictimai fəaliyyətinə görə beş dəfə Fəxri fərmanla təltif olunub. Onun elmi-metodik fəaliyyəti xarici ölkələrdə də yük­sək qiymət­lən­di­ri­lir. 2005-ci ildə Amerika bioqrafiya İnsti­tu­tunda Beynəlxalq Nobel mükafatı müsabiqəsində iştirak etmək üçün ona dəvətnamə göndərilib (S.M.Evans, prezident. 22 aprel 2005).

Bu gün professor Əli Hüseynovun keçdiyi ömür yoluna nəzər salanda bir daha gö­rürük ki, əsl müəllimin əməyi həmişə layiqincə qiymətlən­diril­mişdir.  1998-ci ildə Kembric universitetinin ingilis dilində buraxdığı “Who is he” Beynəlxalq ensiklopediyasında tərcümeyi-halı verilib və “Beynəlxalq Biologiya Cəmiyyəti”nin diplomu, 2004-cü ildə “XXI əsrin ziyalıları” kitabında tərcümeyi-halı ve­rilib və “Beynəlxalq diplom”u ilə təltif olunub. Elm və təhsildəki xidmətlərinə görə 1981-ci ildə Azərbaycan SSR-nin “Qabaqcıl maarif xadimi” döş nişanına, 1993-cü ildə akademik X.Məmmədov adına mükafata və 1996-cı ildə Azərbaycan Təhsil Nazirliyinin mükafatına layiq görülüb. 1999-cu ildə isə ona Amerika Bi­oqrafiya institutunun “Qızıl heykəl” mükafatı verilib. 2006-cı ildə Əli müəllimə “Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəx­ri adı verilib, 2007-ci ildə “İlin müəllimi”, 2008-ci ildə isə “İlin alimi” müsabiqəsinin qalibi olub. Üç “Beynəlxalq diplom”a layiq görülüb.

Rəsmi təltif və mükafatların sayını uzatmaq da olardı. Am­ma buna ehtiyac görmədik. Çünki hər cür rəsmi təltifdən, mükafatdan yüksəkdə duran bir mükafat da var: ona olan xalq sevgisi – eloğ­lu­la­rının, həmkarlarının, dostlarının, yaxınlarının və səsi bu gün Azər­baycanın hüdudlarından çox-çox uzaq­lar­dan gələn ye­tir­mə­lə­rinin məhəbbəti. Bunu o, özü qazanıb. Gərgin əməyi, halal zəhməti ilə.

Əli müəllim haqqında hələ çox deyiləcək, çox yazılacaq. Alim Əli müəllim, Vətəndaş Əli müəllim, dost Əli müəllim, qeyrətli eloğlu Əli müəllim… Bunların hər biri ayrıca söhbətin mövzusu olduğundan biz hələlik bu yazını  onun tələbəsi olmuş Günel Budaqovanın şeirindən bir hissə ilə tamamlayırıq:

Çağlayan bir bulaq, dinən simli saz,
Bir insan ömrünü xoş yazan olsun.
Yaşayıb-yaratmaq eşqilə ürək,
Hər zaman beləcə qoy cavan olsun!
Adların içində adınız əziz,
Ay Əli müəllim, yüz yaşayın Siz!

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.

 

İNSANLIĞI, ALİMLİYİ VƏ VƏTƏNPƏRVƏRLİYİ VƏHDƏT TƏŞKİL EDƏN ZİYALI

Əli Hüseynov – 80

Haqqında söz açdığım Əli müəllimin – professor Əli Mə­hərrəm oğlu Hüseynovun şəxsiyyətinə böyük hörmətim var. O da mənim xətrimi çox istəyir. Elmin zirvələrini fəth etsə də, ilk növbədə gözəl insan olan Əli müəllim həmişə həyatda təva­zökarlığı, sadəliyi ilə seçilib. Sadəlikdən yüksək alilik yoxdur. Bəzək-düzək kamil insanı həmişə gözdən salıb. Əli müəllim isə sadəliyinə bir az da yumor hissi qataraq, necə deyərlər, uşaqla uşaq, böyüklə böyük kimi davranır. Mən, həkim Səməd və Əli müəllimin başqa yetir­mə­ləri dəfələrlə şahidi olmuşuq ki, o, bizimlə əlaqə saxla­mağa, zəng etmək­də qabağa düşməyə önəm verib. Qətiyyən bunu öz böyüklüyünə xələl gəti­rəcək hal say­mayıb. Həmişə hal-əhval tutanda yerində işlətdiyi baməzə söz­ləri ilə ovqatımızı oxşayır, “hardasan, ay etibarsız?” – deyə sual verir.

Əli Hüseynov bizim Faxralı yurdunun, Borçalı elinin, Azər­baycan adlı Vətənimizin çox dəyərli, hər şeyin fövqündə in­sanlığı görən, işıq ömrü yaşayan ziyalılarındandır. Göydə Allahın qüdrə­tini təqdis edən, Yerdə bəndənin qədrini-qiymə­tini biləndir. Zəlimxan Yaqub demişkən, Haqdan gəlib Haqqa gedən yolun  yolçusudu.

Yolçuluqdan söz düşmüşkən, Əli müəllimin çox gözəl yol­daşlığı var. Bu barədə bir az sonra. İndi isə hələlik Əli müəllimin zəngin və şərəfli bioqrafiyasına nəzər salaq:

Əli Məhərrəm oğlu Hüseynov 1935-ci il dekabrın 5-də Gür­cüstanın Lüksemburq (indiki Bolnisi) rayonunun Faxralı kəndin­də anadan olub. 1941-ci ildə Faxralıda ibtidai məktəbin birinci sinifinə gedib, sonra təhsilini orta məktəbdə davam etdirib. Orta məktəbi başa vurduqdan sonra ilk əvvəl kolxozda əmək fəaliy­yə­tinə başlayıb, lakin ali təhsilə yi­yələnmək qərarından da vaz keç­mə­yib. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) biologiya fakültəsinə daxil olub, 1959-cu ildə ali təh­si­lini müvəffəqiyyətlə bitirərək, doğ­ma Faxralıya dönüb. Bura­da­kı orta məktəbdə kimya-biologiya müəllimi kimi pedaqoji fə­aliy­yətə başlayıb, eyni zamanda dərs hissə müdiri vəzifəsində çalışıb.

Elmi işlə məşğul olmağa qərar verən Əli müəllim 1965-ci il­də Bakı Dövlət Universitetinin biologiya fakültəsinin nəz­din­də biokimya ixtisası üzrə aspiranturaya daxil olub, elmi-tədqi­qat iş­lərini Leninqrad (indiki Sankt-Peterburq) şəhərində apa­raraq uğurla namizədlik dissertasiyası müdafiə edib, biologiya elmləri na­mizədi alimlik dərəcəsinə yiyələnib. 1969-cu ildən D.Bün­yadzadə adına Xalq Təsərrüfatı İnstitutunda (indiki İqti­sad Universiteti) saathesabı dərs deməklə yanaşı, həm də AMEA-nın Botanika İnstitutunda kiçik elmi işçi kimi fəaliyyət göstərib.

Elmin zirvəsinə doğru pillə-pillə irəliləyən Əli müəllim 1971-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnsti­tu­tunda (indiki Təhsil Problemləri İnstitutu) baş elmi işçi vəzi­fəsinə keçib. 1980-ci ildə isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm Universitetinin ideologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək, ikinci ali təhsil alıb.

Əli Hüseynov 1982-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitunda (indiki ADPU) dosent vəzifəsində çalışaraq, həm də pedaqoji fəaliyyətlə məşğul olub. Daha sonra Bakıda fəaliyyət göstərən Naxçıvan Özəl Universitetinin biologiya kafedrasında professor vəzifəsinə dəvət olunub. 1995-2001-ci illərdə Bakıda Naxçıvan Universitetində əvəzçiliklə pro­fes-sor olub. 1998-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində Bi­olo­giyanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə təyin olunub.

Əli Hüseynov 2003-cü ildə “Orta məktəbdə biologiya təd­risinin nəzəri və metodik əsasları” mövzusunda doktorluq disser­tasiyası müdafiə edib. Xatırlatmağa dəyər ki, bu, müvafiq sahədə ilk doktorluq disser­ta­siyasıdır. 2004-cü ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində Biologi­ya­nın tədrisi metodikası kafedrasının professoru seçilən Əli müəllim 150-dən çox elmi və elmi-metodik məqalənin, kitabın və dərsliyin müəl­li­fidir. Orta və ali məktəblər üçün 37 dərslik və dərs vəsaiti, 32 proq­ram yazıb hazırlamışdır.

Əli müəllimin elmi-pedaqoji sahədə xidmətləri layiqincə qiymətlən­di­rilib. Belə ki, o, 1990 və 1993-cü illərdə “Təbiət­şü­naslıq” orjinal dərs­liyinə görə Təhsil Nazirliyinin mükafatına  və aka­de­mik Xudu Məm­mə­dov adına mükafata layiq görülüb. O, 1998-ci ildə Beynəlxalq Biologiya Cəmiyyətinin diplomuna layiq görülüb. Elə həmin ildə İngil­tərənin Kembric Univer­si­tetinin nəşr etdirdiyi “Whois who” (Kim kimdir) Bey­nəlxalq Ensiklope­di­yasında dünyanın 500 məşhur alimləri içərisində pro­fessor Əli Hüseynovun da tərcümeyi-halı vardır. Daha əvvəl isə o, 1981-ci ildə Azərbaycan SSR-nin “Qabaqcıl maarif xadimi” döş nişanına layiq görülmüşdü. 1996-cı ildə Azərbay­can Respublikası Təhsil Nazir­liyinin mükafatı ilə təltif olunub. 1999-cu ildə isə Amerika Bioqrafiya İnsti­tutunun “Qızıl heykəl” mükafatını qazanaraq, hə­min instituta üzv seçilib.

Professor Əli Hüseynov 2006-cı ildə Azərbaycan Respub­li­kası Pre­zi­dentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. 2007, 2008 və 2009-cu illərdə “İlin mü­əl­limi”, 2008 və 2009-cu illərdə isə həm də “İlin alimi” müsa­bi­qə­si­nin qalibi olub.

Elmi fəaliyyəti dövründə 10 aspirant və dissertantın elmi rəhbəri olub, onlardan 3 nəfəri biologiya elmləri namizədi alimlik dərəcəsi alıb.

Bitki fiziologiyası və biokimyasına aid 8 elmi əsərin, bi­olo­giya üzrə 5 monoqrafiyanın, 27 dərslik və dərs vəsaitinin, 20 proqramın, 17 meto­dik vəsaitin və müxtəlif elmi jurnallarda dərc olunmuş 150-dən çox mə­qa­lənin müəllifi olan professor Əli Hüseynov Kiyevdə (1973), Daş­kənddə (1978), Moskvada (1978), Türkiyədə (2007, 2008, 2010) və digər yerlərdə beynəlxalq elmi simpoziumlarda məruzə ilə çıxış edib. Eyni zamanda, orta məktəblərin  III-VI sinifləri üçün “Təbiətşünaslıq”, III və IV si­nif­ləri üçün “Həyat bilgisi” (2005-2008), X-XI siniflər üçün “Ümu­mi biologiya”, ali məktəb tələbələri üçün “Təbiətşünaslığın tədrisi meto­dikası” (2001), “Biologiya tədrisinin ümumi meto­di­kası” (2003), “Biolo­giya tədrisindən mühazirələr” (1998), “Bi­ologiya tədrisinin ümumi və xüsusi metodikası” (2008), “Təbiət­şü­naslığın əsasları” (2001), magistrlər üçün “Biologiya tədrisi me­to­dikasının elmi əsasları” (2009) kimi orjinal dərs­lik­lərin, 30-dan çox qəzet mə­qa­ləsinin müəllifidir. Dəfələrlə tele­viziyada, ra­di­oda təhsillə bağlı çıxışları olub. İctimai fəaliyyətinə görə 9 dəfə fəxri fər­manla təltif olunub. 3 beynəlxalq diploma, 2012-ci ildə isə “Qızıl qələm” mükafatına və “Bizim lider” fəxri diplomuna layiq görülüb.

Elmi-metodik fəaliyyəti xarici ölkələrdə də yüksək qiymət­lən­dirilən Ə.Hüseynov 2005-ci ildə Amerika Bioqrafiya İnsti­tutunda Beynəlxalq Nobel mükafatı müsabiqəsində də iştirak etmək üçün  dəvət olunub. (S.M.Evans, prezident, 22 aprel 2005).

Fəal vətəndaşlıq mövqeyinə malik ziyalı olan professor Əli Hüsey­nov siyasi orientasiyasını da düzgün müəyyənləşdirib, 1993-cü ildən Ye­ni Azərbaycan Partiyasının üzvüdür. 1993-cü ildə Ümumilli lider Heydər Əliyev Bakıya gələrkən onu qarşı­layanlardan olan Əli müəllim Ulu Ön­də­rin yaratmış olduğu par­tiyanın uğrunda M.Əsgərov, Z.Bün­ya­dov, N.Xudiyev, Z.Qaralov, Ş.Mikayılov və başqa vətənpərvər ziyalılarla birgə fəaliyyət göstərib. Siyasi fəaliyyətinə görə Yeni Azərbaycan Par­tiyasının Səbail rayon təşkilatı tərəfindən “Fəxri Fərman”a layiq görülüb.

Professor Əli Hüseynov son dərəcə istedadlı, işgüzar, əmək­sevər, təvəzökar, xeyirxah alimlərdən, nadir şəxsiyyətlər­dəndir. Bəşəri duy­ğu­lara malik əsl insandır. Elmi-pedaqoji fəaliyyəti döv­ründə öz xeyirxahlığı və yüksək səviyyəli xid­məti ilə xalqın hörmət və rəğbətini qazanıb. Onun kimi mütəxəssislərə heç də hər yerdə, hər vaxt rast gəlinmir. O, elm aləmində, praktik müəl­limlikdə, eləcə də ictimai həyatda nadir incidir. Gərgin və mün­təzəm çalışır. İşinə o qədər böyük sevgi və şövqlə yanaşır ki, nəticədə bütün araşdırmaları səmərəli olur. Əsas məziyyət­lə­rindən biri və bəlkə də birincisi məhz alimliyi ilə insanlığının vəhdət təşkil etmə­si­dir. Bu səbəbdən də hamı onu sevir, hör­mə­tini saxlayır, ehtiram göstərir. Həyatının bütün dövrlərində ama­lını, məqsədini, məramını xeyirxahlıq üstə kökləmiş bu nəcib in­san, böyük alim haqqında alim və pe­da­qoqlar, müqtədir qələm sahibləri yazmış və yazacaqlar. İllər keç­dikcə biz Əli müəl­limin böyüklüyünü, kamilliyini və zən­gin­liyini daha yaxşı duyur, daha dərindən dərk edirik. Onun hansı cəhətini daha qabarıq vermək, hansı məziyyətini ön plana çəkmək müşkül məsələdir. Çünki Əli müəl­lim­dəki bu cəhətlər bir-biri ilə elə möhkəm çuğlaşır ki, on­ları ayırmaq qeyri-mümkündür. İstər-istəməz ona hərtərəfli ya­naş­­­malı, ondan hər­tə­rəfli bəhs etməli olursan. Yüksək vəzifələr, elmi titullar, icti­mai hə­yatda fəallıq onu malik olduğu ümdə in­sani keyfiy­yət­lərdən əsla məhrum edə bilməmişdir. İnanılmaz zəka, zəhmət­keşlik, qayğıkeşlik, həssaslıq, dost­can­lıq, səmi­miy­yət, yüksək əxlaq –  bütün bunlar Əli müəllimə xas olan keyfiyyətlərdir.

Əli Hüseynovu yaxşı tanıyanlar onun son dərəcə zəhmət­keş və özünə qarşı həddindən artıq tələbkar bir alim olduğunu yaxşı bilirlər. Onun qələmindən çıxan hər bir əsər gərgin, bö­yük bir zəh­mətin nəticəsidir. Pro­fessorun bütün yaradıcılığı onun müasir­ləri olan bizlərə və gələcək nəsillərə öz həyat anla­yışımızı və mə­nəvi dünyamızı zənginləşdirməyi­mizdə böyük əhəmiyyət kəsb edir və edəcəkdir. Əli müəllimin bütün elmi-pedaqoji və ictimai fəaliyyəti bütövlüyə, vəhdətə can atan xarakterin ifadəsidir. Onun indiyədək keçdiyi 80 illik ömür yolu, həyatın, varlığın əsasında duran mənəvi bağları qurmağa, tamlığa, vəhdətə can atan bir in­san idrakının, bir kişi ruhunun təcəssümüdür. Əli Hüseynov həqiqət, düz­lük, səmimiyyət amilini, ailəsini, övladlarını sevən, qoruyan səxsiyyətdir.

Əli müəllimlə yaxından ünsiyyətdə olmaq, onun əsərlərini oxumaq, elmi söhbətlərini dinləmək, gözəl əxlaqının, mənə­viy­yatının, davranış və rəftarının şahidi olmaq belə qənaətə gəlmə­yə əsas verir ki, o, İslam pey­ğəmbərinin nəsihət və vəsiy­yət­lərini nəzərə alaraq “elmi eşitmək, onu öy­rənmək, yaymaq və ona əməl etmək”lə məşğuldur. Əli müəllim alimliyin və in­sanlığın zirvə­si­nə gərgin, yorulmaz zəhməti, təmkini, çətin­lik­lərə mətanətlə sinə gərməsi sayəsində çatıb. Bu yolda gecəsini gündüzünə qatıb və əziyyəti hədər getməyib. Pillə-pillə ucalıb, hörməti, nüfuzu, şöh­rəti artıb. Gözəl əxlaq sahibi Əli Hüseynov işləmiş olduğu kollektivlərdə həmkarlarının qayğıları ilə yaşa­yıb, çiyindaşlarının sevincinə və kədərinə şərik olub. Həssasdır, obyektivdir. Alim, müəllim və ləyaqətli insan adlarını şərəflə daşıyıb və bu gün də daşımaqdadır.

Həqiqətən də insanlar səfərdə, yol yoldaşı olduqda, bir-birlərini daha yaxşı tanıyırlar. Əli müəllimlə birgə keçirdiyim gün­lər, hesab edirəm ki, sözün həqiqi mənasında ömrümün ən gö­zəl günlərindəndir. İki il bundan qabaq biz onunla Naftalan­dakı sanatoriyada bir yerdə olduq. Şəxsi maşı­nımla getmişdim. Sevin­cimin həddi-hüdudu yox idi. Əli müəllimlə birlik­də ən görməli yerləri gördük, ən gəzməli yerləri gəzdik, ən əsrarəngiz mənzə­rə­ləri seyr etdik. O yerlərin təbiəti biz tərəfin –  Borça­lı­nın, Baş­ke­çi­din mənzərəsinə oxşayır. Sərhəd kəndimiz Tapqaraqo­yun­luda dəfələrlə olduq. Düşmənlə üz-üzə olan mövqedə qərar tutan bu kənddə qonaq olan­lar əslində özlərini bir növ nişangahda hiss edirlər. Amma Əli mü­əllimdə əksinə, vətənpərvərlik ruhunun gücləndiyini hiss etdim: “Ay Səmən­dər, gəlsənə, adama bir silah götürək, dığaların dərsini verək!”…

O yerlərdə çox gəzdik, şəhidlərin məzarını ziyarət etdik, ruhlarına rəhmət oxuduq. Sonra Qaşaltıda, Dost qapısında otu­rub çay dəsgahı ar­xasında söhbət elədik. Orada çox yaxşı göl düzəl­diblər, kənarında əyləşib istirahət eləmişik, Allah verən ruzidən yemişik. Əli müəllimin çox gözəl, dərin söhbətlərini dinləmişəm.

Əli müəllimin sadəliyinə, səmimiliyinə, insaniliyinə dəlalət eləyən daha bir hadisəni xatırlayıram: Bir gün həyat yoldaşım Şahpəri xanımın ad gününü qeyd edirdik. Həyat yoldaşıma nə­nəsinin adını qoyublar. Əli müəllim də onlarla qonşu olduğun­dan, qonşu qızı Şahpərini necə çağı­rıb-sa, nəvəsinə də eləcə cavanlıq şövqüylə müraciət edir, adını ərklə çəkir. Baxmayaraq ki, elmlər doktorudu, əməkdar müəllimdi, daha başqa neçə-neçə titulların, fəxri adların sahibidi, bizim tarixi məhrəm məclisdə necə oxuyub-oynamağı, deyib-gülməyi ailəmizin xatirəsində silinməz izlər buraxıb.

Bir dəfə də elə oldu ki, qərara gəldik yığışaq gedək Ağca­kəndə. Kəl­bəcərin sərhəddidi, gözəl təbiəti var. Dağ çaylarının şırıltısı, oxuduğu nəğmə adama ləzzət eləyir, mənəvi zövq alır insan. Orda gözəl, amma dağın o üzündə, keçilməsi çətin bir yer də var ki, cənnətməkan istirahət guşəsidi. Təklif elədim Əli müəllimə ora getməyi.

Dumduru bulaq suyundan içdik. O səfərə ailəvi çıxmışdıq. Özümüzə də, ailəmizə də xüsusi ləzzət elədi. Bizimlə bərabər ge­dən İlham müəllim də, həyat yoldaşı da  çox məmun qaldı. Belə ziyalılarla ünsiyyətdə, yol-yoldaş olanda adamın ruhu qanadlanır.

İndi Əli müəllim ömrünün elə bir zirvəsinə çatıb ki, o zirvədən Yer kürəsi görünür. Şair yaxşı deyib:

Bəzən əlli də yorur insanı,
Bəzən bilinməyir yüzü dünyada.  

Səksən yaş nə yaşdı ki, Əli müəllim?! Ömrünün, ahıllı­ğı­nın çiçək­lənən vaxtıdı, müdrikliyindən həmvətənlərinə, gənc­lərə pay verən vaxt­ların hələ qabaqdadı. Yaşa, yarat, bizlərə göstərdiyin gözəl nümunələrin sayını artır, örnək olduğunu, öndər oduğunu təkrar-təkrar sübuta yetir. Necə ki, bizim el şairi İsmayıl Güllər demişdir:

Ondu – dondu,
İyirmidi – dəyirmidi,
Otuzdu – toppuzdu,
Qırxdı – nırxdı,
Əllidi – bəllidi,
Altmışdı – çatmışdı,
Yetmişdi – bitmişdi,
Səksəndi – sərsəmdi,
Doxsandı – nöqsandı,
Yüzdü – düzdü!

Allah qoysa, sənnən yüzdə – düzdə görüşəcəyik, inşallah!

Əli müəl­lim, sizə uzunömürlülüyün də zirvəsini fəth etməyi arzulayıram. Allah sizi qorusun!

 Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur