Əli Mahmud oğlu Əlizadə (elmlər namizədi)

QISA MƏLUMAT

Əli Mahmud oğlu Əlizadə 1933-cü ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.
1941- 1952-ci illərdə Faxralı orta məktəbini1953 1958-ci illərdə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsin bitirmişdir.
1958  1962-ci illərdə Faxralı kəndindəki “Qələbə” kolxozunda baş baytar həkimi işləmişdir.
1962-ci ildə mərhum professor Məhəmməd Əsəd oğlu Mehtiyevin rəhbərliyi altında tədqiqat aparmış, 1965-ci ildə namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
1965-ci il Kənd Təsərrüfatı Akademiyasında assistent, 1968-ci ildə isə dosent olmuşdur. 1979 – 1984-cü illərdə “Yoluxmayan xəstəliklər və klinik diaqnostika” kafedrasının müdiri, 1984 – 1987-ciillərdə institutun hazırlıq şöbəsinin müdiri, 1987  1989-cu illərdə isə baytarlıq fakültəsinin dekanı olmuşdur.
Əli Əlizadə 60-a yaxın elmi əsərin, o cümlədən 5 dərs vəsaitinin müəllifidir.
O, 1965-ci ildən 2000-ci ilədək 20 ittifaq və respublika səviyyəli elmi konfranslarda çıxış edib, məqalələr çap etdirmişdir.

Mənbə : REDAKTORDAN.

KAMİLLİYƏ GEDƏN YOL

Kamil insan, müdrik adam ol­maq üçün insan çox  mərhə­lədən keçməlidir. Ən azından çox oxu­malı, çox öyrənməli və çox da gəzmə­li­dir. İnsanın yorulmadan ça­lışması və müba­rizə aparması bu zirvəyə gedən bir yoldur.

Nizami Gəncəvi yazır:

Ucalmaq istəsən, bir kamala çat,
Kamala ehtiram göstərir həyat.
Öz adına layiq işlər gör ki, sən,
Axırda utanma xəcalətindən.

Əli Mahmud oğlu Əlizadə bu ucalığa gedən yolda hə­mi­şə inamla addımlayıb. İnamla addımlayıb ki, kamala çatsın  və vətəninə, elinə-obasına gərəkli insan olub.

Əli Əlizadə 1933-cü ildə Borçalıda – Lüksemburq (indiki Bolnisi) rayo­nunun Faxralı kəndində anadan olub. Həyatın ilk yolu orta məktəb­dən keçdiyindən, o da  başqaları kimi  Faxra­lı­dakı orta məktəbi bitirir. Təbii ki, orta məktəbi bitirəndə hər bir şagirdin ürəyində müqəd­dəs bir arzu olur – ali məktəbə daxil olmaq. O, elə həmin məqsədlə də Azər­bay­can Kənd Təsər­rüfatı İnstitutunun baytarlıq fakültəsinə daxil olur. Kənd təsər­rüfatını və kənd həyatını yaxşı bilən və çox şeyi də öyrənməyə çalı­şan bu adam ali məktəbi bitirəndən sonra doğma kəndə qayıdaraq “Qə­ləbə” kolxozunda baş baytar işləyir. Həmin illərdə  onun elmə marağı birə-beşə artır və günlərin birində, yəni 1962-ci ildə professor Məhəm­mməd Əsəd oğlu Meh­di­yevin rəhbərliyi altında elmi-tədqiqat işi aparır. İşlədiyi mövzu tanınmış professorun xoşuna gəlir. Əlbəttə, bu mövzuda elmi iş yazmaq, onu araya-ərsəyə gətirmək və bu işi Elmi Şurada müda­fiə etmək  o qədər də asan deyildi. Amma Ə.Əlizadə gər­gin zəhməti və elmi axtarışları nəticəsində bütün çətinlikləri dəf edib arxada qoyur. Onun arxada qoyduğu həm də  yaddaqalan xoş xatirələr və izlər idi. O izlər ki, Əli Əlizadə onu elm sahəsində qoymuşdu.

1965-ci ildə biologiya elmləri namizədi  elmi dərəcəsi alan bu ziyalı insan Kənd Təsərrüfatı Akademiyasında assisent və dosent işləmiş, bir müddət ötəndən sonra isə “Yoluxmayan xəstəliklər və klinik diaqnostika” kafedrasında müdir  vəzifə­sində çalışıb. Sonralar isə ali məktəbin hazırlıq şöbəsində mü­dir və baytarlıq fakültəsinin dekanı olub.

Bu gün isə böyük alim Əli Əlizadə “Terapiya, klinik diaq­nostika və cərrahiyə” kafedrasının müdiri işləyir. Onun nə az, nə çox – 60-a yaxın elmi əsəri və 5 dərs vəsaiti var. Müxtəlif dövr­lərdə Əli müəllim ittifaq və respublika səviyyəli konfrans­lar­da çıxış edib. Elmi məqalələri ilə  çoxlarını təəccübləndirən Əli Əlizadə həmişə bir alim kimi yeni söz və fikir deməyi bacarıb.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur