Almas Abdu oğlu Mikayılov (elmlər namizədi)

DAMLADAN ÜMMANA

Hər millət özünün dahiləri – alim­ləri, yazı­çı­ları, şairləri, sərkər­də­ləri və digər məş­hurları ilə ta­nı­nır. Xalq özü­nün tanın­mışları, ona şöhrət gətirən­ləri ilə fəxr edir. Və­tənə başucalığı olan belə insan­larla onların kiçik və­tən­lərində – do­ğu­lub boya-başa çat­dıqları kənd­də öyü­nənlər isə daha çox olur. Mənim boya-başa çatdığım Fax­­ralı kən­dində də el-obaya hər zaman başu­ca­lığı gətirənlər çoxdur. İndi­yə­dək onlar haqqında çox yazılıb. Elə mən özüm bu mövzuya iki kitab həsr etmişəm. Amma hər uğurundan qürur duyduğum eloğlularım o qədər çoxdur ki, onların hamısından yazmağa bir ömür də çatmaz.

…Faxralının yetirməsi olan şöhrətli alimlərdən biri də Al­mas Abdu oğlu Mikayılovdur. O, 1936-cı ildə Borçalıda –  o vaxt­kı Lüksemburq (indiki Bolnisi) rayonunun Faxralı kən­dində anadan olub. Uşaqlığı ikinci dünya müharibəsinin qanlı-qadalı illərinə təsadüf edib. 1946-cı ildə Faxralı orta məktə­bi­nin birinci sinfinə gedib. Məktəb illərində yaxşı oxu­ması, nü­mu­nəvi davranışı ilə seçilib, müəllimlərinin rəğbətini qazanıb. Onu tanıyan hər kəs gələcəyinə böyük ümid bəsləyib. C.Lon­don “Martin İden” əsərindəki bir fikri sanki onu nəzərə alaraq deyib: “Həyat sübut edir ki, inadkar və iradəli adam tay-tuşlarından çox yüksəklərə qalxa bilər”. Almas Mikayılovun gələcəyinə ümid bəsləyənlər də məhz onun möhkəm iradəsinə, inadkarlığına, əzmkarlığına, qarşısına qoyduğu məq­sədə çat­maq yolunda dönməzliyinə güvənirdilər.

O, 1957-ci ildə Faxralı orta məktəbinin XI sinfini bitirib və ali təhsil almaq arzusu onun da yolunu Bakıya salıb. Sənəd­lərini Azərbaycan Döv­lət Universitetinin geologiya-coğrafiya fakültəsinə verib. İlk cəhdi uğurlu olub, qəbul imtahanlarını müvəffəqiyyətlə verərək tələbə adını qazanıb.

1962-ci ildə həmin fakültədə təhsilini fiziki-coğrafiya ixti­sası üzrə bitirərək təyinatla Azərbaycan EA-nın Coğrafiya İnstitutuna göndərilib. Burada geomorfologiya ixtisası üzrə əyani aspiranturaya daxil olub.

1967-ci ildə aspiranturanı bitirən A.Mikayılov 1968-ci ilin yanvar ayında Coğrafiya İnstitutunun “Landşaftşünaslıq” şöbə­sində kiçik elmi  işçi kimi fəaliyyətə başlayıb. 1971-ci ildən isə Azərbaycan EA-nın “Landşaftşünaslıq” şöbəsində baş elmi iş­çi, laboratoriya müdiri, aparıcı elmi elmi işçi vəzifəsində çalı­şa­raq landşaftşünaslıq və geomorfologiya elmi sahələri üzrə tədqiqat işləri aparıb.

“Qabusnamədə” deyilir ki, “Elmi olub, ağlı olmayan ada­ma elm əziyyət verir”.  A.Şmoklin isə yazır ki: “İnsana çox az vaxt verilmişdir. Bütün bir ömür mühüm bir iş görmək üçün çatmır. Bir halda ki, bu belədir, insan öz qiymətli günlərini boş şeylərə nə cür sərf edə bilər!” Bu baxımdan A.Mikayılov vaxt­dan səmərəli istifadə edən, elmdəki uğur­larının tətbiqi yönündə həm də ağıllı təkliflər verən bir alim kimi tanınır. Məhsuldar elmi-tədqiat işləri ilə yanaşı, o, eyni zamanda gənc alimlərin yetişməsində də böyük əmək sərf edib. Onun elmi rəhbərliyi altında bir neçə nəfər namizədlik dissertasiyası müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsi alıb.

O, həmçinin son iyirmi ildən artıq müddətdə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun nəzdində fə­aliyyət göstərən ixtisaslaşdırılmış müdafiə şurasının elmi katibi olub. 100-dən çox elmi əsərin, o cümlədən iki monoqrafiyanın, 20-dən artıq elmi hesabatın müəllifidir. Hələ 1978-ci ildə nəşr olunmuş “Qusar maili düzənliyinin geomorfologiyası” və “Yeni tektonik hərəkətlərlə əlaqədar Cənub-Şərqi Qafqaz landşaftının formalaşması və inkişafı” əsərləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

Bu sadaladıqlarım Almas Mikayılovun bir alim kimi zəh­mə­tinin bəhrəsidir. Yuxusuz gecələr, gərgin zəhmət, elmi ki­tab­xanalarda və laboratoriyalarda keçən günlər hesabına əldə olunan və bu gün onun özü ilə yanaşı doğma el-obasına da başucalığı qazandıran uğurlar. Və mən hesab edirəm ki, onun həyatdakı ən böyük uğuru, ən böyük qazancı və mükafatı həm­yer­lilərinin sevgisi, el-obanın məhəbbətidir. Zərrə-zərrə, damla-damla qazanılıb böyük bir ümmana çevrilən məhəbbət. Bu mə­qam­da nə vaxtsa oxuduğum bir fikir yadıma düşdü: “Qazanmaq asandır, qazancı saxlamaq çətin. Yüz il əllə­şib-vu­ru­şub qazandığını bir kərə ağılsız hərəkət üzündən itirmək müm­­kündür”.

Almas müəllimin xoşbəxtliyi isə ondadır ki, həm alim, zi­yalı, həm də bir eloğlu kimi qazandıqlarının bünövrəsində ha­lal­lıq durur, yəni hamısı halal haqqıdır, ona görə də təməli möh­kəmdir və deməli bundan sonra itirilməsi mümkün deyildir.

P.S. Bu Yazı Almas müəllimin sağlığında yazılıb. Artıq o, dünyasını dəyişib. Allah rəhmət eləsin!

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur